Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1089/2024 16.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müadfiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsə qarşı “onun ünvan 1 ünvanda yerləşən 47 saylı evin 51 nömrəli mənzilə pasport qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə təklif göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar İddiaçı2 və İddiaçı1 məhkəməyə ilkin olaraq müraciət edib onları ünvan 1 ünvanda yerləşən 47 saylı evin 51 nömrəli mənzilə pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı2 iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Həmçinin, məhkəmənin ötən prosesində cavabdehin nümayəndəsi məktub təqdim edərək, İddiaçı1 mübahisəli mənzilə pasport qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə təklif göndərilməsi öz təsdiqini tapmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı1 iddiaçılar sırasından çıxarılmalı və digər İddiaçı2 münasibətdə mahiyyəti üzrə baxıb qərar qəbul edilməsini məqsədəmüvafiq hesab etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar uzun müddət evsiz vətəndaş kimi polisin inzibati binasında pasport qeydiyyatında olmuş və dəfələrlə pasport qeydiyyatı probleminə görə çətinliklərlə üzləşmişlər. ünvan 1 ünvanda yerləşən 47 saylı evin 51 nömrəli mənzil İddiaçı1 xüsusi təyinatlı mənzil kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müadfiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən təhkim edilmişdir. Onlar istifadəsində olan mənzilə pasport qeydiyyatına alınması üçün cavabdehdən köməklik edilməsini xaiş etsələr də onların müraciəti nəticəsiz qalmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar.Qeyd olunanlara əsasən iddiaçılar iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən İddiaçı2 eyniməzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, icraatınızda olan 2-1 (118)-1089/2024 saylı iş üzrə iddia qanunvericilik baxımından tam əsassızdır və təmin olunmamalıdır. Belə ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən valideyn himayəsindən məhrum olmuş uşaqlar - hər iki valideyni aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan: məlum olmayan; valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan; xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən; cəzaçəkmə müəssisələrində cəzasını çəkən; uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən; uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən; qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir. Bir valideyni vəfat etmiş və o biri valideyni orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər; Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin sosial müdafiəsi mövcud qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən təmin olunur və qorunur. Sözügedən Qanunun 7-ci maddəsinə əsasən əvvəllər mənzil sahəsi olmayan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə qəyyumluqda (himayədə) olan uşaqlar bütün tipdən olan təhsil müəssisələrini bitirməyə, əhaliyə sosial xidmət müəssisələrindən və Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarından buraxılmağa, cəzaçəkmə müəssisələrindən azad olunmağa üç ay qalmış müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən olunmuş sosial normalardan az olmayan yaşayış yeri ilə növbədənkənar təmin olunurlar. Sosial xidmət müəssisələrində yaşayan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqların növbədənkənar mənzil almaq hüququ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 32.3-cü maddəsinə uyğun olaraq müəyyən edilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş yetkinlik yaşına çatmayanların yaşayış sahəsi olmadıqda, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən internat məktəblərinə göndərilir və tam dövlət təminatına götürülürlər. Bildirilir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli 2-1(81)-4740/19 saylı Qərarının icrası çərçivəsində İddiaçı1 valideyn himayəsindən məhrum olunmuş şəxs olduğu üçün ünvan 1 ünvanda yerləşən 47 saylı evin 51 nömrəli mənzillə təmin olunmuş və daha sonra həmin mənzildə daimi yaşayış yeri üzrə pasport qeydiyyatına götürülməsi ilə bağlı tərəfimizdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət edilmişdir. Qeyd olunanlara əsasən İddiaçı2 iddia tələbi İddiaçı1 valideyn himayəsindən məhrum olunmuş şəxs olduğundan,digər İddiaçı1 isə iddia tələbi ilə bağlı tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət edildiyindən iddia ərizəsinin rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin iddiaçıya ünvanladığı elektron imtina məktubunun surəti, xx.xx.2021-ci il tarixli mənzilin imtiyazlı şəxsə təhvil verilməsi haqqında Aktının surəti, cavabdehin 3-17- 3/2-V-18643/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubu, cavabdehin 3-17-3/2- 37251/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubun surəti, doğum haqqında şəhadətnamələrin surəti, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi tərəfindən verilmiş elektron arayışın surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ imtiyazlı mənzilin onun övladına verildiyi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsi iddia tələbi üzrə həmin iddiaya cavab veribverməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Agentlik hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, müvafiq imtiyazlı mənzillə bağlı hüquqi hərəkətlərin edilməsi proseduru Agentliyin səlahiyyətlərinə aiddir. Ona görə də məhkəmə hesab edir ki, Sosial Xidmətlər Agentliyi hazırkı iddia tələbi üzrə cavab verməli olan orqandır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Agentliyə məhkəmə icraatın ərəfəsində müraciət etmiş, inzibati orqan elektron imtina məktubla onun müraciətinə müsbət cavab verməmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən digəri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Abşeron rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. İş materiallarından görünür ki, ünvan 1 ünvanda yerləşən 47 saylı evin 51 nömrəli mənzili Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxs tərəfindən məhkəmə qərarı əsasında iddiaçının övladı İddiaçı1 ayrılmışdır.Mənzil xüsusi təyinatlı mənzildir və iddiaçı oğlu İddiaçı1 ilə birlikdə həmin mənzildə yaşayır. Nəzərə alınmalıdır ki, ünvan 1 ünvanda yerləşən 47 saylı evin 51 nömrəli mənzilə iddiaçının pasport qeydiyyatına alınması üçün mütləq şəkildə mənzilin balansaxlayıcıyı olan cavabdehin razılığını şərtləndirir. Lakin, müvafiq razılığın cavabdeh təşkilat tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə göndərilməsi qanunsuz olaraq yubadılır və nəticədə iddiaçının konstitusion hüquqları pozulur. Belə ki, mənzilə pasport qeydiyyatına alınması şəxsin həmin mənzilə istifadə və ya mülkiyyət hüququnun yaranması üçün əsas sayılmır. İş materiallarına əlavə edilmiş cavabdehin təqdim etdiyi 3-17-3/2-V-18643/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubun məzmununa baxdıqda cavabdeh təşkilat imtiyazlı şəxslərin və onların ailə üzvlərinin həmin mənzilə yaşayış yeri üzrə pasport qeydiyyatına alınması məsləsinin həll edilməsi istiqamətində işlərin gedilməsini etiraf etmişdir. Göründüyü kimi iddiaçıya münasibətdə bu qəbildən müraciətlərin uzun müddət yubadılması hüququ olan şəxslərin narazılığına səbəb olmuşdur. Odur ki, iddiaçının yaşayış sahəsinə pasport qeydiyyatına alınması üçün müvafiq icra hakimiyyəti orqanına təklifin göndərilməsində heç bir maneə yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı2 ünvan 1 ünvanda yerləşən 47 saylı evin 51 nömrəli mənzilə pasport qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə təklif göndərilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1089/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1089/2024
16.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver