Məhkəmə qərarları › İş №2-1(118)-1090/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1090/2021

17.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1090/2021 17.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 07.06.2021-ci il tarixli **********094500 nömrəli qərarının ləğv edilməsi tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia qaldıraraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 09.03.2021-ci il tarixli **********844500 nömrəli qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 07.06.2021-ci il tarixli **********094500 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-yə "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 09.03.2021-ci il tarixli **********844500 nömrəli Qərara əsasən 2019-cu ilin mənfəət vergisi üzrə 96804,32 manat əlavə vergi məbləği hesablanmışdır. Həmin qərarda hesablamaya əsas kimi cəmiyyət tələtindən 2019-cu il ərzində 3744704,91 manat mallar idxal edilməsinə baxmayaraq təqdim edilmiş Mənfəət vergisi bəyannaməsinin İ nömrəli Əlavəsində "Əsas vəsaitlər" və "Ehtiyatlar" başlıqlı sətirlərinin dövr ərzində daxil olmuşdur sütununda 443424.91 manat az (3301280,0 manat) məbləğ əks etdirilməsi olmuşdur. Cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" (09.03.2021-ci il tarixli **********844500 nömrəli) 07.06.2021-ci il tarixli **********094500 nömrəli qərarını qanunsuz va əsassız hesab edir. Tərəflərindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsində il ərzində malların təqdim edilməsindən gəlir 3239042,52 manat, gəlirdən çıxılan xərclər 3047051,32 manat, o cümlədən əmək haqqı 10889,83 manat, sosial sığorta haqları 2310,21 manat, malın dəyəri 3023293,89 manat, icarə haqqı 2400 manat, bank xidməti üzrə xərclər 6510,2 manat, bilavasitə malların təqdim edilməsi ilə bağlı digər xərclər 1554,24 manat, ödənilmiş sığorta haqları 92,95 manat, nəticədə vergitutma məqsədləri üçün mənfəət 191991,20 manat, mənfəət vergisi isə 38398,24 manat bəyan edilmişdir. Bəyannamənin 1 nömrəli Əlavəsinin "1.3 Ehtiyatlar" sətrində dövr ərzində daxil olan ehtiyatların (malların) həcmi isə 3301280,0 manat əks etdirilmişdir. Göründüyü kimi, cavabdeh vergi orqanının dəlili odur ki, tərəflərindən 2019-cu ildə cəmi 3744704,91 manat mallar idxal edildiyi halda, vergi bəyannaməsində həmin göstərici 3301280,0 manat əks etdirilmişdir. Halbuki, cəmiyyət tərəfindən il ərzində idxal edilmiş malların invoys dəyəri 3289319,88 manat təşkil etmişdir. Eyni zamanda qeyd edilir ki, 2019-cu ilin yanvar-dekabr ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində öz əksini tapan vergiyə cəlb edilən ümumi dövriyyə ilə mənfəət vergisi bəyannaməsində öz əksini tapan göstəricilər eynilik təşkil edir və həmin ƏDV bəyannamələri üzrə vergi orqanı tərəfindən kameral və ya səyyar vergi yoxlaması ilə hər hansı kənarlaşma aşkar edilməmişdir. Bundan başqa, Mənfəət vergisi, vergi ödəyicisinin il ərzində malların təqdim edilməsindən (xidmətlərin göstərilməsindən, işlərin görülməsindən) əldə edilmiş gəliri ilə, həmin gəlirin əldə edilməsi ilə bağlı çəkdiyi xərclər arasındakı fərqə müvafiq vergi dərəcəsinin tətbiqi nəticəsində hesablanan vergi növüdür. Hazırkı kameral vergi yoxlaması zamanı vergi orqanı tərəflərindən təqdim edilmiş Mənfəət vergisi bəyannaməsində öz əksini tapan gəlir və xərclərlə bağlı sətirlərində hər hansı kənarlaşma aşkar etməmiş, yalnızca bəyannamənin 1 nömrəli Əlavəsinin dövr ərzində daxil olan mallar ilə bağlı sətirdə öz əksini tapan göstəricilərdə kənarlaşma aşkar etmişdir. Bu halda sual yaranır: Bəyannamənin gəlir və xərclərlə bağlı sətirlərində hər hansı kənarlaşma aşkar edilmədiyi halda, cəmiyyətə hansı əsasla əlavə vergi məbləği hesablanmışdır? Göründüyü kimi, cavabdeh vergi orqanı hər hansı hüquqi və faktiki əsas və vergi bəyannaməsində gəlir və xərclərlə bağlı hər hansı kənarlaşma olmadığı halda, cəmiyyətə əsassız olaraq 2019-cu ilin Mənfəət vergisi üzrə əlavə vergi məbləği hesablamışdır. İnzibati orqan inzibati icraat zamanı düzgün, obyektiv və ədalətli qərar qəbul edilməsi üçün bütün faktiki halları, o cümlədən inzibati aktın doğruluğunu şübhə altına ala biləcək hər bir halı hərtərəfli, tam və obyektiv araşdırmağa, təqdim olunmuş sübutlar yetərli olmadıqda isə, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur və bu zaman maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edilə bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, “Xəzərtürk LTD" MMC-yə (VÖEN:**********) 2019-cu mənfəət vergi bəyannaməsi üzrə 135202.56 manat analoji qaydada əlavə vergi məbləği hesablanmışdır. Belə ki, iddiaçının təqdim etdiyi bəyannamənin 200-cü (Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir) sətri üzrə 4056076.76 manat + 201-ci (Amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir) sətri üzrə 0 manat + 202-ci (Amortizasiya olunmayan aktivlərin təqdim edilməsindən gəlir) sətri üzrə 0 manat + 203-cü (Daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) sətri üzrə 0 manat + 206-cı (Əvəzsiz əsasla təqdim edilmiş aktivlərin dəyəri) sətri üzrə 0 manat + 217-ci (Yuxarıdakı bəndlərdə nəzərdə tutulmayan digər gəlirlər (o cümlədən mənfəət vergisindən azad edilən gəlirlər) sətri üzrə 0 manat + bəyannamənin 1 №-li Əlavəsinin 2.2.1,2-ci (Alınmış avanslar) sətrinin “Hesabat dövrünün sonuna” olan 57002.74 manat avans məbləği ilə “Hesabat dövrünün əvvəlinə” olan 0.00 manat avans məbləğinin fərqi 57002.74 manat, cəmi 4113079.50 manat məbləğində hesabat dövrü üzrə gəlirlər (ƏDV və aksiz nəzərə alınmadan) göstərilməsinə baxmayaraq, bəyannamənin aid olduğu hesabat ili üzrə təqdim edilmiş “Əlavə dəyər vergisinin bəyannamələrinin 305-ci (Əməliyyatlar üzrə CƏMİ) sətirlərinin "Dövriyyə məbləği ƏDV nəzərə alınmadan" sütunlarında (dəqiqləşdirilən dövriyyələr nəzərə alınmaqla) 3239040.21 manat məbləğində dövriyyə əks etdirilmişdir ki, nəticədə də 874039.29 manat məbləğində fərq müəyyən edilmişdir. Həmçinin, iddiaçı tərəfindən dövr ərzində 3513578.27 manat məbləğində idxal və 231126.64 manat məbləğində e-qaimə ilə alış olmuşdur. Ödəyici tərəfindən təqdim edilmiş 2019-cu il mənfəət vergisi bəyannaməsinin əlavə 1-də isə ödəyici ilin əvvəlinə 190892.90 manat dövr ərzində daxil olmuşdur sütünunda 3744704.91 manat məbləğinin sonuna isə 575 244.08 manat mal qalığı əks etdirməsinə baxmayaraq, bəyannamədə xərc kimi malların dəyəri 2704624.95 manat əks etdirildiyi üçün uyğunsuzluq yaranmışdır. Eyni zamanda müvafiq bəyannamə üzrə xərclər 10889.83 manat əmək haqqı xərci, 2310.21 manat sosial sığorta xərci, 6510.2 manat bank xərcləri üzrərində uyğunsuzluq aşkar edilməmiş, lakin 2400 manat icrarə xərci ÖMV bəyannamələrində əksini tapmadığı üçün uyğunsuzluq yaranmışdır. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Yuxarıda qeyd olunanlara əsasən 02.02.2021ci il tarixli **********412400 nömrəli nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında" məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Beləliklə, 2019cu ilin mənfəət vergisi bəyannaməsi üzrə cəmi xərclər 3380063.97 manat (10889.83+2310.21+3129227.09+6510.2+231126.64) üzrə 135202.56 manat (3380 063.97/5*0,2) vergi məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarına uyğun olaraq xərcə görə rentabellik əsasında analoji qaydada hesablanmış və vergi ödəyicisinə 09.03.2021-ci il tarixli, **********844500 nömrəli “Vergilər, sosial sığorta və işsizlik sosial sığorta haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Cavabdeh vergi orqanına məxsus “Vəsatətlə bağlı rəy və sübutların təqdim edilməsi barədə” məktubda qeyd edilmişdir ki, “İddiaçı MMC tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin xərclər hissəsində malın dəyəri sətrində 2.704.624,95 manat əks etdirilmişdir. Araşdırma zamanı iddiaçı tərəfindən 2019-cu il ərzində idxal əməliyyatlarına əsasən 3.513.578,27 manat (ƏDV-siz) mal alışı olmuş və e-qaimə fakturalara görə 231.126,64 manat digər xərclər olmaqla, ümumilikdə 3.744.704,91 manat əldə edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamənin 1 nömrəli əlavəsinin 1.3.2-ci “Mallar” sətrində 3.289.319,90 manat və həmin sətir üzrə dövrün sonuna 575.244,08 manat göstərildiyindən 455.385,01 manat fərq yaranmışdır. Beləliklə, mənfəət vergisi bəyannaməsində xərclər hissəsində formalaşan əmək haqqı xərcləri 10.889,83 manat, sosial sığorta xərci 2.310,21 manat, xammal və material 2.575,8 manat, malın dəyəri 3.126.651,29 manat, bank xidməti üzrə xərclər 6.510,2 manat və sair xərclər 231.126,64 manat olmaqla, cəmi 3.380.063,97 manat xərclər üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə müəyyən edilmiş şərti rentabellik normasına əsasən (3.380.063,97 /5 = 676.012,79 * 20%) 135.202,56 manat vergi məbləği hesablanmışdır. Həmçinin vergi ödəyicisində 2019-cu il üzrə gəlirdən çıxılan xərclər (əmək haqqı xərcləri 10.889,83 manat, sosial sığorta xərci 2.310,21 manat, xammal və material 2.575,8 manat, malın dəyəri 3.126.651,29 manat, bank xidməti üzrə xərclər 6.510,2 manat və sair xərclər 231.126,64 manat) ümumilikdə 3.380.063,97 manat olmuşdur. Vergi ödəyicisi tərəfindən 2019-cu il ərzində təqdim edilmiş e-qaimə fakturanın ümumi dəyəri 3.196.202,53 manat olmuş, online kassa üzrə əməliyyat aparılmamışdır.” - İş materiallarına əlavə edilmiş 2019-cu il kameral vergi yoxlamasının nəticəsinə dair mənfəət vergisi bəyannaməsindən görünür ki, vergi orqanı tərəfindən cəmiyyətin 2019-cu il üzrə ümumi gəlirləri 4 056 076.76 manat, gəlirdən çıxılan xərcləri 3 380 03.97 manat (o cümlədən əmək haqqı 10889,83 manat, sosial sığorta haqları 2 310.21 manat, xammal və materiallar 2 575.80 manat, malın dəyəri 3 126 651,29 manat, bank xidməti üzrə xərclər 6 510,20 manat, bilavasitə malların təqdim edilməsi ilə bağlı sair xərclər 231 126.64 manat), vergiyə cəlb edilən mənfəəti 676 012.79 manat (4 056 076.76 – 3 380 03.97), ödənilməli mənfəət vergisi isə 135 202.56 manat müəyyən edilmişdir. - İş materiallarına əsasən müəyyən edilir ki, 2019-cu il üzrə təqdim edilmiş Mənfəət vergisi bəyannaməsində öz əksini tapmış və vergi orqanının qəbul etmədiyi 3.239.042,52 manat ümumi gəlirin 3.196.202,52 manat hissəsi cəmiyyət tərəfindən təqdim edilmiş və elektron qaimə-faktura ilə rəsmiləşdirilmiş, 42 840,0 manat hissəsi isə ixrac edilmiş və yük gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş malların dəyərindən ibarət olmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı MMC-yə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 07.06.2021-ci il tarixli **********094500 nömrəli Qərara əsasən 2019-cu ilin mənfəət vergisi üzrə 96804.32 manat əlavə vergi məbləği hesablanmışdır. İş materiallarına əlavə edilmiş cavabdeh vergi orqanına məxsus “Vəsatətlə bağlı rəy və sübutların təqdim edilməsi barədə” məktubda qeyd edilir ki, “İddiaçı MMC tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin xərclər hissəsində malın dəyəri sətrində 2.704.624,95 manat əks etdirilmişdir. Araşdırma zamanı iddiaçı tərəfindən 2019-cu il ərzində idxal əməliyyatlarına əsasən 3.513.578,27 manat (ƏDV-siz) mal alışı olmuş və eqaimə fakturalara görə 231.126,64 manat digər xərclər olmaqla, ümumilikdə 3.744.704,91 manat əldə edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamənin 1 nömrəli əlavəsinin 1.3.2-ci “Mallar” sətrində 3.289.319,90 manat və həmin sətir üzrə dövrün sonuna 575.244,08 manat göstərildiyindən 455.385,01 manat fərq yaranmışdır. Beləliklə, mənfəət vergisi bəyannaməsində xərclər hissəsində formalaşan əmək haqqı xərcləri 10.889,83 manat, sosial sığorta xərci 2.310,21 manat, xammal və material 2.575,8 manat, malın dəyəri 3.126.651,29 manat, bank xidməti üzrə xərclər 6.510,2 manat və sair xərclər 231.126,64 manat olmaqla, cəmi 3.380.063,97 manat xərclər üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə müəyyən edilmiş şərti rentabellik normasına əsasən (3.380.063,97 /5 = 676.012,79 * 20%) 135.202,56 manat vergi məbləği hesablanmışdır. Həmçinin vergi ödəyicisində 2019-cu il üzrə gəlirdən çıxılan xərclər (əmək haqqı xərcləri 10.889,83 manat, sosial sığorta xərci 2.310,21 manat, xammal və material 2.575,8 manat, malın dəyəri 3.126.651,29 manat, bank xidməti üzrə xərclər 6.510,2 manat və sair xərclər 231.126,64 manat) ümumilikdə 3.380.063,97 manat olmuşdur. Vergi ödəyicisi tərəfindən 2019-cu il ərzində təqdim edilmiş e-qaimə fakturanın ümumi dəyəri 3.196.202,53 manat olmuş, online kassa üzrə əməliyyat aparılmamışdır.” Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən 2019-cu il ərzində 3.513.578,27 manat dəyərində mallar idxal edildiyi və 231.126,64 manat manat dəyərində mallar elektron qaimə-faktura əsasında alındığı halda, həmin il üzrə təqdim edilmiş Mənfəət vergisi bəyannaməsində satılmış malların dəyəri 2.704.624,95 manat, malların təqdim edilməsindən əldə edilmiş ümumi gəlir isə 2.904.968,72 manat əks etdirilmişdir ki, bu da vergi orqanı tərəfindən kənarlaşma kimi qiymətləndirilmiş və vergi orqanının baza məlumatlarına əsasən müəyyən edilmiş 3.380.063,97 manat xərclər əsas götürülməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6.1.2-ci bəndinə müvafiq olaraq iddiaçıya 135.202,56 manat əlavə vergi məbləği hesablanmışdır: M1 = X1 : 100 x R Mənfəət = 3 380 063.97 / 100 * 20 = 676 012.79 Mənfəət vergisi = 676 012.79 * 20% = 135 202.56 Aşağıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh vergi orqanının İddiaçı MMC-yə yuxarıda göstərilən əsasla əlavə vergi məbləği hesablaması qanunvericiliyin tələblərinə zidd olmuşdur. Kameral vergi yoxlaması üzrə əlavə vergi məbləğinin hesablanmasına dair vergi orqanının dəlillərinə münasibətdə məhkəmə ilk öncə qeyd edir ki, cavabdeh vergi orqanı kameral vergi yoxlaması zamanı İddiaçı MMC-nin 2019-cu il ərzində idxal etdiyi və aldığı malların dəyərini ümumilikdə 3.744.704,91 manat müəyyən edərkən səhvə yol vermişdir. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən idxal edilmiş mallar barədə məlumatdan görünür ki, iddiaçının 2019-cu il ərzində idxal etdiyi malların invoys (faktura) dəyəri 3.289.319,90 manat, gömrük (statistika) dəyəri isə 3.501.618,27 manat olmuş və cavabdeh vergi orqanı vergilərin hesablanması zamanı əsas olaraq malların gömrük dəyərini götürmüşdür. Bununla bağlı məhkəmə qeyd edir ki, malların gömrük dəyəri vergilərin deyil, məhz gömrük rüsumlarının hesablanması məqsədilə müəyyən edilən göstərici olduğundan vergi orqanı iddiaçıya münasibətdə vergilərin hesablanması zamanı gömrük dəyərindən istifadə etməklə qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, Vergi Məcəlləsinin 139-cu və 143-cü maddələrində vergi ödəyicisinin mülkiyyətində olan aktivlərin uçota alınma qaydası və forması tənzimlənmişdir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Həmin Məcəllənin 143-cü maddəsinə əsasən aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər və aktivlərin dəyərini artıran digər xərclər (vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin yenidən qiymətləndirilməsindən yaranan artım istisna edilməklə) daxil edilir. Sadalanan normalardan belə nəticə əldə edilir ki, vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malın uçotunu istehsal etdiyi mallara münasibətdə istehsal xərclərinə əsasən, satın aldığı mallara münasibətdə isə faktiki satınalma qiymətlərinə, eləcə də malların gətirilməsinə (nəql olunmasına), saxlanılmasına, quraşdırılmasına və digər gəlirdən çıxmaq hüququna malik olmadığı kapital xarakterli xərclərə əsasən həyata keçirir. Bundan başqa, “Gömrük tarifi haqqında” AR Qanununun 1.1.5-ci maddəsinə əsasən malların gömrük dəyəri - advalor gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədi ilə malların dəyərinin müəyyən edilməsidir. Həmin Qanunun 4.1 və 4.1.1-ci maddələrinə əsasən advalor - malların Azərbaycan Respublikasında gömrük dəyərinə nisbətən faizlə hesablandığı gömrük rüsumu dərəcələrinin növlərindən biridir. Həmin Qanunun 3.5-ci maddəsinə əsasən gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. Həmin Qanunun 12-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Sadalanan normalardan aydın olur ki, gömrük dəyəri gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədilə “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində təsbit edilmiş üsullardan biri ilə müəyyən edilən göstəricidir. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə qeyd edir ki, gömrük orqanı tərəfindən gömrük rüsumlarının hesablanması zamanı gömrük dəyərinin hansı üsulla hesablanmasından asılı olmayaraq, vergi ödəyicisi mülkiyyətində və istifadəsində olan malların uçotunu malların gətirilməsinə (nəql olunmasına), saxlanılmasına, quraşdırılmasına və digər gəlirdən çıxmaq hüququna malik olmadığı kapital xarakterli xərcləri nəzərə almaqla, satın alma qiymətinə əsasən həyata keçirir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı MMC haqlı olaraq mallarını 2019-cu il üzrə təqdim edilmiş Mənfəət vergisi bəyannaməsində faktiki satın alma (invoys) dəyəri ilə əks etdirdiyi halda, vergi orqanı qanunvericiliyin tələblərini pozaraq həmin malların dəyərini gömrük dəyərinə əsasən hesablamışdır. Bundan başqa, cavabdeh vergi orqanı iddiaçı tərəfindən alınmış malların dəyərini hesablayan zaman 231.126,64 manat dəyərində elektron qaimə-fakturaları da nəzərə almışdır. İş materiallarına əlavə edilmiş 01.01.2019-cu il tarixdən 31.12.2019-cu il tarixədək əldə edilmiş elektron qaimə fakturalar barədə məlumatlardan görünür ki, cavabdeh vergi orqanının istinad etdiyi 231.126,64 manat dəyərində elektron qaimə-fakturalar malların alışına dair deyil, məhz göstərilən xidmətlər ilə bağlı olmuşdur. Belə ki, həmin qaiməfakturalar Azərbaycan Qida Təhlükəsizliyi X3 Şəxsi tərəfindən ekspertiza xidmətləri, "Azərbaycan Dəmir Yolları” QSC və "xxxx" MMC tərəfindən nəqliyyat xidmətləri, "xxxx" Sığorta Şirkəti ASC tərəfindən sığorta xidmətləri, "X5 Azərbaycan” QSC tərəfindən bank xidmətləri ilə bağlı göndərilmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdeh vergi orqanı kameral vergi yoxlaması zamanı iddiaçı tərəfindən idxal edilmiş malların dəyərini gömrük dəyərinə, alınmış malların dəyərini isə xidmətlərə dair elektron qaimə-fakturalar əsasənda müəyyən etmişdir ki, bu da yekunda iddiaçıya əsassız əlavə vergi məbləğinin hesablanması ilə nəticələnmişdir. Bundan əlavə, iş materiallarına əsasən müəyyən edilir ki, cavabdeh vergi orqanı iddiaçının 2019-cu il üzrə ümumi gəlirini müəyyən edə bilmədiyinə (və ya razılaşmadığına) görə, cəmiyyətin uçot baza məlumatları ilə müəyyən edilən xərclərinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6.1.2-ci bəndinə müvafiq olaraq iddiaçıya mənfəət vergisi üzrə əlavə vergi məbləği hesablamışdır. Məhkəmə hesab edir ki, cavabdeh vergi orqanının iddiaçının 2019-cu il üzrə ödəməli olduğu mənfəət vergisini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablamaq hüququ mövcud olmamışdır. Belə ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini 67.1.1-67.1.9-cu maddələrdə göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün 67.2.1-67.2.3-cü maddələrdə göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. Həmin Məcəllənin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Sadalanan normalardan aydın olduğu kimi, kameral və ya səyyar vergi yoxlaması zamanı vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda və s.) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini VM-nin 67.1.1-67.1.9-cu maddələrdə göstərilən əlaqəli məlumatlardan istifadə etməklə, bu mümkün olmadıqda VM-nin 67.2.1-67.2.3-cü maddələrində göstərilən meyarlara cavab verən analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Hər iki üsul nəticəsində vergi ödəyicisinin gəlir və ya xərclərindən hər hansı birini müəyyən etmək mümkün olmadıqda, vergi orqanı vergi ödəyicisinin mənfəətini (gəlirini) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablayır. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş Mənfəət vergisi bəyannaməsindən görünür ki, cəmiyyətin 2019-cu il üzrə ümumi gəlirləri 3 239 042,52 manat, gəlirdən çıxılan xərcləri 3 047 051.32 manat (o cümlədən əmək haqqı 10889,83 manat, sosial sığorta haqları 2 310.21 manat, malın dəyəri 3 023 293,89 manat, icarə haqqı 2 400 manat, bank xidməti üzrə xərclər 6 510,20 manat, bilavasitə malların təqdim edilməsi ilə bağlı sair xərclər 1 554.24 manat, sığorta xərcləri 92.95 manat), vergiyə cəlb edilən mənfəəti 191 991.20 manat (3 239 042.52 – 3 047 051.32), ödənilməli mənfəət vergisi isə 38 398.24 manat bəyan edilmişdir. İş materiallarına əlavə edilmiş 2019-cu il kameral vergi yoxlamasının nəticəsinə dair mənfəət vergisi bəyannaməsindən görünür ki, vergi orqanı tərəfindən cəmiyyətin 2019-cu il üzrə ümumi gəlirləri 4 056 076.76 manat, gəlirdən çıxılan xərcləri 3 380 03.97 manat (o cümlədən əmək haqqı 10889,83 manat, sosial sığorta haqları 2 310.21 manat, xammal və materiallar 2 575.80 manat, malın dəyəri 3 126 651,29 manat, bank xidməti üzrə xərclər 6 510,20 manat, bilavasitə malların təqdim edilməsi ilə bağlı sair xərclər 231 126.64 manat), vergiyə cəlb edilən mənfəəti 676 012.79 manat (4 056 076.76 – 3 380 03.97), ödənilməli mənfəət vergisi isə 135 202.56 manat müəyyən edilmişdir. İş materiallarına əsasən müəyyən edilir ki, 2019-cu il üzrə təqdim edilmiş Mənfəət vergisi bəyannaməsində öz əksini tapmış və vergi orqanının qəbul etmədiyi 3.239.042,52 manat ümumi gəlirin 3.196.202,52 manat hissəsi cəmiyyət tərəfindən təqdim edilmiş və elektron qaimə-faktura ilə rəsmiləşdirilmiş, 42 840,0 manat hissəsi isə ixrac edilmiş və yük gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş malların dəyərindən ibarət olmuşdur. Göründüyü kimi, vergi ödəyicisinin gəlir və xərclərinə dair təsdiqedici sənədləri (elektron qaimə-fakturalar və yük gömrük bəyannamələri) mövcud olmuş və onların mötəbərliyini (həqiqliyini) şübhə altına ala biləcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, iş materiallarına əlavə edilmiş cavabdeh vergi orqanına məxsus “Dövriyyə barədə məlumatın verilməsi” haqqında arayışdan da görünür ki, İddiaçı MMCnin 2019-cu il ərzində ƏDV üzrə 18% dərəcə ilə vergiyə cəlb edilən 3.181.564,21 manat dövriyyəsi cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlamaları ilə təsdiqini tapmışdır. Bu isə o deməkdir ki, ixrac edilmiş və 0 dərəcə ilə ƏDV-yə cəlb edilmiş 42.840,0 manat dövriyyəni də nəzərə alsaq, iddiaçının 2019-cu il üzrə ƏDV məqsədləri üçün vergiyə cəlb edilən və cavabdeh vergi orqanı tərəfindən kənarlaşma aşkar edilməyən dövriyyəsi ümumilikdə 3.239.042,52 manat olmuşdur ki, bu da Mənfəət vergisi bəyannaməsində bəyan edilmiş 3.239.042,52 manat ümumi gəlirlə eynilik təşkil edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının Mənfəət vergisi bəyannaməsində bəyan etdiyi 3.239.042,52 manat ümumi gəlirə və 3.047.051,32 manat gəlirdən çıxılan xərclərə dair təsdiqedici sənədlər mövcud olduğundan, həmin sənədlərin həqiqiliyini təkzib edəcək hər hansı sübut mövcud olmadığından və iddiaçının vergiyə cəlb edilən dövriyyəsi (ümumi gəliri) vergi orqanı tərəfindən verilmiş arayışla da təsdiqini tapdığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın tətbiqi üçün Vergi Məcəlləsinin 67-ci və 83.9-cü maddələrində nəzərdə tutulan əsaslar mövcud olmamışdır. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, vergi ödəyicisinin 2019-cu il üzrə Mənfəət vergisi bəyannaməsində öz əksini tapmış gəlir və xərclərinə dair təsdiqedici sənədlər mövcud olduğu, onların mötəbərliyini (həqiqliyini) təkzib edəcək hər hansı sübut olmadığı, eləcə də malların uçotu iddiaçı tərəfindən qanunvericiliyə uyğun olaraq faktiki alış (invoys) dəyəri əsasında aparıldığı halda, cavabdeh vergi orqanı qanunvericiliyin tələblərini pozaraq malların gömrük dəyərini və malların alışına aid olmayan digər xərclər barədə elektron qaimə-fakturaları əsas götürərək, cəmiyyətə hüququ olmadığı halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən əlavə vergi məbləği hesablamaqla qanunvericiliyin tələblərini və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. “İnzibati icraat haqqında” AR Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 07.06.2021-ci il tarixli **********094500 nömrəli Qərar ləğv edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 07.06.2021-ci il tarixli **********094500 nömrəli Qərar ləğv edillsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar