Məhkəmə qərarları › İş №2-1(118)-1090/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1090/2022

14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1090/2022 14.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “**********26 reyestr nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Quba şəhərində yerləşən 80 m2 həyətyanı torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi olunla əsaslandırılmışdır ki, Quba şəhərində yerləşən sahəsi 80 kvadrat metr olan həyətyanı torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsini o qanunvericiliklə müəyyən edilmiş qaydada Quba Bələdiyyəsindən almışdır. Belə ki, sözügedən torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid edilməklə Quba Bələdiyyəsinin mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilmiş və bələdiyyənin müvafiq qərarı, həmçinin onunla Quba Bələdiyyəsi arasında bağlanılmış və Qusar rayon notariat ofisi tərəfindən təsdiq edilmiş 23 iyul 2021-ci il tarixli AN-İ N-0955200 saylı “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında fərdi ev tikintisi üçün həyətyanı torpaq sahəsi kimi onun mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 06 avqust 2021-ci il olmaqla onun xüsusi mülkiyyəti kimi daşınmaz əmalkın dövlət reyestrində dövlət qeydiyyatından keçirilərək bu barədə ona reyestr nömrəsi **********26 olan çıxarış verilmişdir. Adı çəkilən hüquqi sənəddə mülkiyyətinə verilmiş torpaq sahəsinin məqsədli təyinatının yaşayış məntəqələrinin torpaqları olduğu göstərilmişdir. Bundan sonra o torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinin layihələndirilməsini həyata keçirərək həmin layihənin memarlıqplanlaşdırma bölməsini qanunvericiliyə uyğun olaraq məlumatlandırma icraatı qaydasında Quba Rayon İcra Hakimiyyətinə göndərmiş, təqdim etdiyi fərdi yaşayış evinin layihəsinin memarlıq-planlaşdırma bölməsi Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsində təsdiqləndikdən sonra o sözügedən fərdi yaşayış evinin onun mülkiyyəti kimi dövlət qeydiyyatına alınması məqsədi ilə DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etdikdə, cavabdeh onun tikili üzərində hüququnun dövlət qeydiyyatının aparılmasından imtina etmişdir. Belə ki, cavabdeh tərəfindən onun müraciətinə verilmiş 10 yanvar 2022-ci il tarixli,**********42 saylı cavab məktubunda müraciət etdiyi tikilinin faktiki olaraq qeyri-yaşayış tipli olduğu və fərdi yaşayış evi kimi nəzərdə tutulmadığı, həmçinin tikilinin tikintialtı hissəsinin 3,0 kvadrat metr hissəsinin sənəd üzrə göstərilən 80 kvadrat metr torpaq sahəsinin cizgisindən kənarda yerləşdiyi bildirilərək ərizəmin icrasında imtina olunmuşdur. Cavabdehin fərdi yaşayış evi üzərində hüququnun dövlət qeydiyyatının aparılmasından imtinası tamamilə əsassız və qərəzli sayır. Belə ki, sözügedən torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid edilməklə fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmuş həyətyanı torpaq sahəsidir. Bu hal torpaq sahəsinin Quba Bələdiyyəsinin mülkiyyəti kimi dövlət qeydiyyatından keçirilməsi zamanı aidiyyəti icra hakimiyyəti orqanları tərəfindən verilmiş müvafiq rəylərdən və digər texniki sənədlərdən aşkar surətdə görülür. Sözügedən torpaq sahəsi Quba Bələdiyyəsinin mülkiyyəti olaraq dövlət qeydiyyatından keçirilməmişdən əvvəl Quba Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və tikinti şöbəsi tərəfindən 15 mart 2021-ci il tarixli, 249 saylı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Xaçmaz Ərazi şöbəsi tərəfindən də 21 iyun 2021-ci il tarixli, 441 saylı rəylər verilmiş, həmçinin "xxxx" MMC Layihə Tədqiqat İdarəsi tərəfindən torpaq sahəsinin Yerquruluşu Planı hazırlanaraq Quba Bələdiyyəsinə təqdim olunmuşdur. Bütün bu sənədlərdə qeyd edilən 80 kvadrat metr torpaq sahəsinin məhz fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş həyətyanı torpaq sahəsi olduğu göstərilmişdir. Nəzərə alınsa ki, onun mülkiyyətinə verilmiş 80 kvadrat metr torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqlarına aiddir və həmin torpaq sahəsində inşa edilmiş tikilinin layihəsinin memarlıq-planlaşdırma bölməsi də məhz fərdi yaşayış evinin layihəsinin memarlıq-planlaşdırma bölməsi kimi Quba Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və tikinti şöbəsində təsdiqlənmişdir, aydm olur ki, cavabdehin tikilinin guya fərdi yaşayış evinə uyğun olmaması barədə bildirdikləri tamamilə əsassızdır. Həmçinin, cavabdehin tikilinin sahəsinin 3 kvadrat metr hissəsinin sənəd üzrə göstərilən 80 kvadrat metr torpaq sahəsinin cizgisindən kənarda yerləşdiyi barədə fikirləri də tamamilə əsassızdır və müvafiq texniki sənədlərlə təkbiz olunur. Göründüyü kimi, bütün bu sadalananlardan cavabdehin mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində hüququnun dövlət qeydiyyatından imtina etməsinin əsaslarının səhv olduğu anlaşılır. Hesab edir ki, cavabdehin hər hansı hüquqi əsasa söykənmədən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasından imtinası üçün cavab məktubunda bildirdikləri bəhanədən başqa bir şey deyildir. Bu səbəbdən də mövcud tələblə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, fərdi yaşayış evi kimi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət etdiyiniz tikili faktiki olaraq qeyri-yaşayış tiplidir və fərdi yaşayış evi kimi nəzərdə tutulmamışdır. Bildirilir ki, tikilinin tikintialtı sahəsinin 3.0 kv.m hissəsi sənəd üzrə göstərilən 0.008 ha torpaq sahəsinin cizgisindən kənarda yerləşir. Qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından xx.xx.2022-ci il tarixli **********42 nömrəli məktubla imtina olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.2-ci maddəsində göstərilir ki, torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-ci maddəsində göstərilir ki, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.Göründüyü kimi, bu normada məhdudiyyət və yüklülüklərə riayət olunmasının vacibliyi vurğulanır (“Torpaq sahəsi mülkiyyətdə olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.”)Göründüyü kimi, tikilinin bir hissəsi sənəd üzrə olan torpaq sahəsindən kənarda yerləşir və həmin torpaq sahəsinin hissəsi iddiaçının mülkiyyətində deyildir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1 -ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Həmin Qanunun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırkı mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin **********42 nömrəli, xx.xx.2022-ci il tarixli imtina məktubu, etirazı, **********26 reyestr nömrəli çıxarışın surəti, fərdi yaşayış evin eskiz layihəsinin surəti, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1967 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyi və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan fərdi yaşayış sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRXin 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 4 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRXin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın **********42 nömrəli, xx.xx.2022-ci il tarixli imtina məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Quba rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Quba şəhərində yerləşən sahəsi 80 kvadrat metr olan həyətyanı torpaq sahəsi **********26 reyestr nömrəli çıxarış əsasında iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinin layihələndirilməsini həyata keçirərək həmin layihənin memarlıqplanlaşdırma bölməsini qanunvericiliyə uyğun olaraq məlumatlandırma icraatı qaydasında Quba Rayon İcra Hakimiyyətinə göndərmiş, təqdim etdiyi fərdi yaşayış evinin layihəsinin memarlıq-planlaşdırma bölməsi Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsində təsdiqlənmişdir. İddiaçı sözügedən fərdi yaşayış evinin onun mülkiyyəti kimi dövlət qeydiyyatına alınması məqsədi ilə DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etdikdə, cavabdeh onun tikili üzərində hüququnun dövlət qeydiyyatının aparılmasından imtina etmişdir. Cavabdeh təşkilatın imtinasında və etirazında gətirdiyi arqumentlər sözügedən fərdi yaşayış evinin faktiki olaraq qeyri-yaşayış tipli olduğu, fərdi yaşayış evi kimi nəzərdə tutulmadığı və tikilinin tikintialtı hissəsinin 3,0 kvadrat metr hissəsinin sənəd üzrə göstərilən 80 kvadrat metr torpaq sahəsinin cizgisindən kənarda yerləşdiyi bildirirlərək iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmamışdır. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə cavabdeh təşkilat tərəfindən gətirilən arqumenti araşdıraraq hesab edir ki, fərdi yaşayış evinin qeydiyyata alınmasından imtina üçün cavabdeh təşkilat tərəfindən gətirilən arqument əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən cavabdehin gətirdiyi arqumentləri araşdırmaq məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1967 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, mübahisə edilən tikilinin fərdi yaşayış evi olduğu və həmin tikilinin "xxxx" MMC Layihə Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin Yerquruluşu Planında göstərilmiş 0.008 ha torpaq sahəsindən kənarda yerləşmədiyi təsdiq olunmuşdur. Belə olan halda cavabdehin gətirdiyi arqumentlər əsassız olmuş olur. Nəzərə alınmalıdır ki, mübahisə predmeti olan fərdi yaşayış evi memarlıqplanlaşdırma bölməsində göstərilən ölçülərə əsasən inşa edilib və fərdi yaşayış evinin altında olan torpaq sahəsi rəsmiləşdirildikdən sonra iddiaçının sahibliyinə verilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, yerli icra nümayəndəliklərinin fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Yəni qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati prosessual Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsindən 50 (əlli) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. **********26 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Quba şəhərində yerləşən 80 m2 həyətyanı torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə olunsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsindən 50 (əlli) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar