Məhkəmə qərarları › İş №2-1(118)-1091/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1091/2021

03.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1091/2021 03.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Şəmşir qızının katibliyi, İddiaçının mümayəndəsi X6 (Abşeron rayon Vəkil Bürosunun vəkili, ünvan 1 ünvanında yaşayan) İddiaçı cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı 12.10.1973-cü il təvəllüdlü X3, 15.01.2008-ci il təvəllüdlü X7 və 20.04.1994-cü il təvəllüdlü X4 iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək 12.10.1973-cü il təvəllüdlü X3, 15.01.2008-ci il təvəllüdlü X7 və 20.04.1994- cü il təvəllüdlü X4 iddiaçının mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 4 ünvanda yerləşən mənzili alqısatqı yolu ilə almışdır. 13 avqust 2011-ci il tarixdə Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən həmin mənzil üzərində mülkiyyət hüquqları təsdiq edilmişdir. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra mənzil boşaldılaraq ona təhvil verilmişdir və həmin tarixdən ailə üzvləri ilə birlikdə orada yaşayır. Bu yaxınlarda ona məlum olmuşdur ki, onun məlumatı olmadan mənzilə tanımadığı adamlar daimi qeydiyyata salınmışdır. Belə ki, ASAN-Sumqayıt tərəfindən verilmiş 27 yanvar 2021-ci il tarixli ******* N-li arayışdan görünür ki, 09 yanvar 2012-ci il tarixdən iddiaçının mülkiyyətində olan ünvan 5 ünvanda olan evdə X3, X7, X8 daimi qeydydiyyata salınmışlar. Həmin şəxslərin mülkiyyətində olan mənzildə daimi qeydiyyatda qalması onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. Mənzili özgəninkiləşdirəcəyi təqdirdə onların razılığının alınması, həmin şəxslərə ünvanlanan poçt göndərişlərinin mənzilə gəlməsi və.s. kimi hallar onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. İddia ərizəsinə əlavə etdiyi arayışdan da görünür ki, qeyd edilən şəxslər 09 yanvar 2012-cü il tarixdə mənzilə qeydiyyata alınmışdır. Yəni həmin tarixdə ev iddiaçının mülkiyyətində olmuşdur. İddiaçı Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək X1, X2 və X4 qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir. Lakin ona imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh və üçüncü şəxslər şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Abşeron rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak edə bilmədiyi və cavabdehin məhkəmənin çıxardığı qanuni qərarla razılaşdığı bildirilmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan : - RX №0233791 seriyalı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Q.Xalıqov küçəsi , 35 nömrəli mənzil 13.08.2011-ci il tarixdən xüsusi mülkiyyətindədir. -Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş 26.10.2021-ci il tarixli cavab məktubundan görünür ki, 12.10.1973-ci il təvəllüdlü X3 30.06.2004-cü il tarixdən 16.05.2008-ci il tarixədək Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 130, mənzil 50, 16.05.2008-ci il tarixdən isə Abşeron rayonu, Xırdalanan şəhəri, Quşçuluq y/m, Q.Xalıqov küçəsi, ev 35; 15.01.2008-ci il təvəllüdlü X7 09.08.2016-cı il tarixdən Abşeron rayonu, Xırdalanan şəhəri, Quşçuluq y/m, Q.Xalıqov küçəsi, ev 35; 20.04.1994-cü il təvəllüdlü X8 18.07.2004-cü il tarixdən 01.07.2008-ci il tarixədək Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 130, mənzil 50, 01.07.2008-ci il tarixdən isə ünvan 7 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması üçün cavabdeh Abşeron rayon Polis İdarəsinə müraciət etmiş, lakin cavabdeh inzibati orqan imtina məktubunda bildirmişdir ki, vətəndaşın qeydiyyatdan çıxarılması üçün Azərbaycan Respublikası DİN-nin 550 saylı əmrinin 5-ci maddəsinin “a” bəndinə əsasən yaşayış yerini dəyişdikdə yeni yaşayış üzrə qeydiyyata alınması barədə müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin 10 nömrəli arayışına və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında çıxarıla bilər.. Bununla bağlı iddiaçıya məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzildən üçüncü şəxslərin qeydyiyatdan çıxarılması üçün tələb hüququnun mövcudluğu müəyyən olunur. Cavabdeh inzibati orqan imtinanın əsası kimi, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmamasını göstərmişdir. Məhkəmə imtina cavabının dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, qanun yaşayış yeri üzrə qeydiyyatın məqsədini müəyyən etmişdir və bu məqsəd üçün hər bir şəxs yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. Şəxsin uzun müddət qeydiyyatda olduğu ünvanda yaşamaması qeyd edilən qanunun məqsədlərinə ziddir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarının 3cü bəndində göstərilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İş materiallarından göründüyü kimi qeyd olunan mənzil 2011-ci ildə iddiaçı tərəfindən əldə edilmişdir. Faktiki olaraq həmin mənzildə yaşamayan üçüncü şəxslərin qeydiyyatı üzündən iddiaçı mülkiyyətində olan mənzil üzərində sərəncam vermək hüququnu həyata keçirə bilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, X1, 15.01.2008-ci il təvəllüdlü X7 və 20.04.1994- cü il təvəllüdlü X4 iddiaçının mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən mənzildən daimi qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X1, 15.01.2008-ci il təvəllüdlü X7 və 20.04.1994- cü il təvəllüdlü X4 İddiaçı mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən mənzildən daimi qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 8 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar