Məhkəmə qərarları › İş №2-1(118)-1091/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1091/2025

26.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1091/2025 26.08.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Abşeron rayonu Masazır bələdiyyəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinin ayrılmasına dair prosesin başa çatdırılması və alqısatqı müqaviləsinin bağlanılması) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Abşeron rayonu Masazır bələdiyyəsinə qarşı “torpaq sahəsinin ayrılmasına dair prosesin başa çatdırılması və alqı-satqı müqaviləsinin bağlanılması” tələbinə dair iddiası üzrə inzibati işə 26 avqust 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında inzibati icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Azərbaycan Respublikası Masazır bələdiyyəsinin İddiaçı adına verilmiş “Yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamə”.

2. 23 fevral 2021-ci il tarixli, X2 ilə İddiaçı arasında bağlanılmış “Podrat müqaviləsi”.

3. Abşeron rayonu Masazır bələdiyyəsinin 30 iyun 2022-ci il tarixli iclasın 16 saylı protokolunun 10 saylı qərarından çıxarışdan görünür ki, Abşeron rayon Masazır bələdiyyəsinin alqı-satqı predmeti olan 0,0232 ha torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağına və şürüşmə zonasında yerləşmədiyindən, həmin torpaq sahəsinin satılması ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılması qərara alınmışdır.

4. 26 aprel 2023-cü il tarixli, 47102419 nömrəli, İddiaçı ilə "xxxx" ASC arasında bağlanılmış “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilə”.

5. 22 may 2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Masazır bələdiyyəsinin hesabına 4,17 manat məbləğində “bələdiyyə torpaq vergisi” təyinatlı ödəniş köçürmüşdür.

6. İddiaçı adına tərtib edilmiş ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin “Yerləşmə planı”.

7. Abşeron rayonu Masazır bələdiyyəsinin 5 oktyabr 2023-cü il tarixli, 01/xx-xx/1020 nömrəli məktubundan görünür ki, Masazır bələdiyyəsinin inzibati ərazi vahidində yerləşən 0,0232 ha torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən müayinə (baxış) aktının hazırlanması barədə bələdiyyənin 01/01-06/614 saylı, 8 iyun 2023-cü il tarixli müraciətinə cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi idarəsinin 7 iyul 2023-cü il tarixli müraciətindən bəlli olunmuşdur ki, elektron kadastr məlumat bazasına əsasən nəzərdə tutulan torpaq sahəsinin mübahisəli Masazır kənd və Binəqədi şəhər inzibati ərazi dairəsinin hüdudları daxilində yerləşdiyindən müayinə aktının hazırlanmasından imtina edilmişdir.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin 21 noyabr 2023-cü il tarixli, 3-21-3-32/2-13973/23 nömrəli mətubundan görünür ki, aparılan araşdırma zamanı sözügedən torpaq sahəsinə dair tələb olunan əsaslar üzrə hüquq müəyyənedici sənədlərin hazırkı müraciətinə əlavə olunmadığı müəyyən edilmişdir. Bundan başqa müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Masazır bələdiyyəsinin 30 iyun 2022-ci il tarixli, 10 saylı qərarından çıxarış bələdiyyənin müraciət etməsi üçün əsas hesab olunur. Nəzərə çatdırılmışdır ki, digər şəxslər tərəfindən zəbt olunduğundan sözügedən daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün texniki baxışın keçirilməsinə şərait yaradılmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilməsi məqsədə müvafiq hesab edilmişdir.

9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Regional Ədliyyə İdarəsinin 13 fevral 2024-cü il tarixli, 06/224 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, Abşeron rayonu Masazır bələdiyyəsi tərəfindən təqdim edilmiş arayışda bildirilmişdir ki, istifadəsində olan 0,0232 ha torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı 4 iyul 2022-ci il tarixdə bələdiyyəyə müraciət edilmiş, Masazır bələdiyyəsi tərəfindən ilkin olaraq torpaq sahəsinə dair yerquruluşu planından çıxarış hazırlanmış və 30 iyun 2022-ci il tarixli, 16/10 saylı qərarı ilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılmışdır. Qeyd olunan 0,0232 ha torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən müayinə (baxış) aktının hazırlanması üçün bələdiyyə tərəfindən 8 iyun 2023-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edilmişdir. Sözügedən qurumun 7 iyul 2023-cü il tarixli məktubundan məlum olmuşdur ki, elektron kadastr məlumat bazasına əsasən torpaq sahəsi Masazır kəndi və Bakı şəhəri Binəqədi rayon inzibati ərazi dairəsinin hüdudları daxilində yerləşdiyindən müayinə aktının hazırlanmasından imtina edilmişdir. Odur ki, istifadəsində olan torpaq sahəsinin sənədləşdirilməsi mümkün olmamışdır.

Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

10. 6 noyabr 2023-cü il tarixli İddiaçı adına tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan görünür ki, torpaq sahəsinin hüquq müəyyənedici sənəd üzrə ölçüsü 0,0232 ha təşkil edir. Qeyd edilmişdir ki, torpaq sahəsi digər şəxs tərəfindən zəbt olunduğu üçün torpaq sahəsinə daxil olmağa şərait yaradılmamış, ölçü işlərin aparılması mümkün olmamışdır.

11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 5 avqust 2025-ci il tarixli, 3-21-3-32/2-12879/2025 nömrəli məktubundan görünür ki, elektron məlumat bazasına əsasən yerquruluşu planından çıxarışda göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsi digər şəxslərin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmür. Abşeron rayonu Masazır bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsi TEKUİS (X1 X4) məlumatlarında bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələri kateqoriyalı torpaqlara (KPİ) aid olduğu aşkar edilmişdir. Bu səbəbdən torpaq sahəsinin qonşuluğunda yerləşən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar təqdim edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, müayinə aktına və elektron məlumat bazasına əsasən mübahisəli torpaq sahəsinin üzərindən yüksək gərginlikli elektrik və digər kommunikasiya xətlərinin çəkilməsi ilə bağlı məlumat yoxdur. Həmçinin DWJ və DBF vahid elektron baza məlumatlarında mübahisə predmeti olan torpaq sahəsi barədə məlumat aşkarlanmamışdır.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri

12. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdehlər Abşeron rayonu Xırdalan bələdiyyəsinə (bundan sonra - “cavabdeh”) və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masazır bələdiyyəsinin 30 iyun 2022-ci il tarixli iclasının 16 saylı protokolunun 10 saylı qərarından çıxarışa əsasən istifadəsində olan 0,0232 torpaq sahəsinə dair açıq müsabiqənin keçirilməsi üçün bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması prosedurunun başa çatdırılması və həmin torpaq sahəsinə dair iddiaçı ilə alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin Abşeron rayon Masazır bələdiyyəsinin üzərinə qoyulması, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən iddiaçının adına çıxarışın verilməsi öhdəliyinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi işin hallarına (§1-9) istinad edilərək onunla əsaslandırılmışdır ki, Masazır kəndi ərazisində yerləşən və üzərində iddiaçı tərəfindən fərdi yaşayış evi inşa etdirdiyi 0,0232 ha-dan ibarət torpaq sahəsinin iddiaçının adına bələdiyyə tərəfindən alqı-satqı edilməsi və bu barədə müqavilənin verilməsi məqsədilə 2022-ci ilin iyul ayında bələdiyyənin sədr müavini İlham adlı şəxsə 2000 manat məbləğində pul vermişdir. Lakin qeyd edilən torpaq sahəsi üzərində 30 iyun 2022-ci il tarixli, 16/10 saylı qərarla bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanıldığı bildirilsə də, uzun müddət keçməsinə baxmayaraq bu istiqamətdə bələdiyyə tərəfindən heç bir sənədləşdirilmə işi həyata keçməmişdir. Sözügedən məsələ ilə bağlı cavabdehə və Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə ünvanlanmış çoxsaylı ərizə və müraciətlərinə bu və ya digər şəkildə bir-birinə zidd məzmunlu məktublarla formal xarakterli cavab göndərilmiş, 4 saylı Abşeron Ərazi İdarəsi ilə cavabdehin cavab məktubunda istifadəsində olan torpaq sahəsinə dair tələb olunan hüquq müəyyənedici sənədlərin hazırlanmasından imtinanın bir halda bu, digər halda başqa səbəblə bağlı olduğu bildirilmişdir. Masazır bələdiyyəsinin 5 oktyabr 2023-cü il tarixli məktubunda istifadəsində olan torpaq sahəsinin mübahisəli Mazasır kənd və Binəqədi şəhər inzibati ərazi dairəsinin hüdudları daxilində yerləşdiyindən müayinə aktının verilməsindən imtina edildiyi göstərilsə də, 4 saylı Abşeron Ərazi İdarəsinin 21 noyabr 2023-cü il tarixli məktubunda imtinanın başqa səbəblə bağlı olduğunu, yəni sözügedən torpaq sahəsinə dair tələb olunan əsaslar üzrə hüquq müəyyənedici sənədlərin ərizəyə əlavə edilmədiyi və texniki baxışın keçirilməsinə şərait yaradılmadığı qeyd edilmiş və Masazır bələdiyyəsinin 30 iyun 2022-ci il tarixli, 10 saylı qərarından çıxarışın bələdiyyənin müraciət etməsi üçün əsas hesab olunduğu göstərilmişdir. Belə ki, “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununun, “Bələdiyyə torpaqlarına ayrılması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin və “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”nin tələbələrinə zidd şəkildə cavabdeh və 4 saylı Abşeron Ərazi İdarəsi iddiaçının haqlı müraciətilə bağlı üzərlərinə düşən vəzifələri yerinə yetirməkdən imtina etmişlər.

14. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə, “Bələdiyyə torpaqlarına ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 22-ci bəndinə, prosessual hüquqi əsası kimi isə İPM-in 2.2.2, 73-cü maddələrinə istinad olunmuşdur.

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə (bundan sonra – “İPM”) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

16. Məhkəmənin 15 iyul 2025-ci il tarixli, 2-1(118)-1091/2025 nömrəli qərardadı ilə hazırkı iddia tələbi “Abşeron rayonu Masazır bələdiyyəsinin 30 iyun 2022-ci il tarixli, 16 saylı protokolunun 10 saylı qərarına əsasən iddiaçının istifadəsində olan 0,0232 ha torpaq sahəsi ilə əlaqədar prosesin başa çatdırılması və iddiaçı ilə alqı-satqı müqaviləsinin bağlanması vəzifəsi cavabdeh Abşeron rayonu Masazır bələdiyyəsinin üzərinə qoyulması” olaraq icraata qəbul edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin iş üzrə cavabdeh qismində iştirakına xitam verilmiş, məhkəmənin eyni tarixli qərardadı ilə üçüncü şəxs qismində (adi cəlbetmə) məhkəmə icraatına cəlb edilmişdir.

17. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

18. Cavabdeh tərəfindən etiraz daxil olunmamışdır.

19. Üçüncü şəxs iddia tələbinə qarşı etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etirazın əsası kimi qeyd olunmuşdur ki, torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici sənədlər müraciət ərizəsinə əlavə edilməmiş, müraciət üzrə əlavə edilmiş Abşeron rayon Masazır bələdiyyəsinin 30 iyun 2022-ci il tarixli, 10 saylı qərarından çıxarışın bələdiyyənin öz adına mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı müraciət etməsi üçün nəzərdə tutulduğu müəyyən edilmişdir.

c) Tərəflərin iştirakları və izahatları:

20. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmiş, əlavə olaraq xəstəliyi ilə əlaqədar əməliyyatdan çıxdıqdan bir müddət sonra evinə baxmağa gedərək, evinin tanımadığı şəxs tərəfindən zəbt olunmasını, torpaq sahəsinin bələdiyyəyə məxsus olduğunu və bələdiyyə tərəfindən ona göstərildiyini bildirmişdir.

21. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmiş, əlavə olaraq torpaq sahəsinin səlahiyyəti olmayan şəxs tərəfindən zəbt edildiyini, iddiaçının sağlamlıq vəziyyəti ilə bağlı evə nəzarət edə bilmədiyini, bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılmasına dair prosesin başlanılmasını, lakin tamamlamamasını, alqı-satqı müqaviləsinin mövcud olmadığını, iddiaçının həmin torpaq sahəsi üzərində inşa etdirdiyi 4 otaqdan ibarət bir mərtəbəli fərdi yaşayış evinin tikintisi və kommunal xidmət sahəsinin, yəni su, elektrik xətti, kanalizasiya xətti və küçənin asfaltlaşdırılması işlərinə ümumilikdə 50.000 manat şəxsi vəsaitin xərclədiyini, torpaq sahəsinin bələdiyyənin mülkiyyətində və qeydiyyatda olduğunu bildirmişdir.

22. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs öz səlahiyyətli nümayəndələri ilə məhkəmə iclasında təmsil edilməmişdirlər.

23. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

24. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.

25. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin və üçüncü şəxsin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

26. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

27. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

28. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

29. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul

30. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

31. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

32. Belə ki, iddiaçı hazırkı tələbi onunla əsaslandırır ki, mübahisələndirilən torpaq sahəsinə dair iddiaçı ilə bələdiyyə arasında alqı-satqı müqaviləsinin bağlanması üçün müraciət edilmiş, lakin 30 iyun 2022-ci il tarixli, 16/10 saylı qərarla bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanıldığı bildirilsə də, uzun müddət keçməsinə baxmayaraq bu istiqamətdə bələdiyyə tərəfindən heç bir sənədləşdirilmə işi həyata keçirilməmişdir. Eyni zamanda, torpaq sahəsi iddiaçının faktiki istifadəsində olmuş, üzərində fərdi yaşayış evi inşa edilmiş, lakin səhhəti ilə əlaqədar həmin evdə olmadığı üçün əmlakı digər şəxs tərəfindən zəbt olunmuş, bu səbəbdən də sənədləşmə işi yekunlaşmamışdır.

33. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Abşeron rayonu Masazır bələdiyyəsinin 30 iyun 2022-ci il tarixli iclasın 16 saylı protokolunun 10 saylı qərarı ilə Abşeron rayon Masazır bələdiyyəsinin alqı-satqı predmeti olan 0,0232 ha torpaq sahəsinin satılması ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılması qərara alınmışdır.

34. Qeyd olunan 0,0232 ha torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən müayinə (baxış) aktının hazırlanması üçün bələdiyyə tərəfindən üçüncü şəxsə müraciət edilmiş, üçüncü şəxsin cavab məktubundan isə məlum olmuşdur ki, elektron kadastr məlumat bazasına əsasən torpaq sahəsi Masazır kəndi və Bakı şəhəri Binəqədi rayon inzibati ərazi dairəsinin hüdudları daxilində yerləşdiyindən müayinə aktının hazırlanmasından imtina edilmiş, bu səbəbdən torpaq sahəsinin sənədləşdirilməsi mümkün olmamışdır.

35. Bundan əlavə, üçüncü şəxs tərəfindən qeyd edilmişdir ki, torpaq sahəsi digər şəxs tərəfindən zəbt olunduğu üçün torpaq sahəsinə daxil olmağa şərait yaradılmamış, ölçü işlərin aparılması mümkün olmamışdır.

36. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinə əsasən, torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır.

37. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununu ilə bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinin ümumi qaydaları müəyyənləşdirilmiş, istifadə, mühafizə sahəsində hüquq münasibətləri tənzimlənmişdir.

38. Həmin qanunun 4.0.1-ci maddəsi bələdiyyələrə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək hüququ vermişdir.

39. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur.

40. Həmin qanunun 6.1-ci maddəsinə əsasən, Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir.

41. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

42. Hazırkı iddia tələbi iki hissədən ibarətdir: - torpaq sahəsi ilə əlaqədar prosesin başa çatdırılması; - torpaq sahəsinə dair iddiaçı ilə alqı-satqı müqaviləsinin bağlanması.

43. Tələbin birinci hissəsi ilə əlaqədar qeyd edilməlidir ki, İPM-in 74-cü maddəsinə əsasən, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.

44. Belə ki, qanunvericiliyə əsasən, diskresion səlahiyyət qanunla müxtəlif cür nəzərdə tutula bilər. Qanun müəyyən hərəkəti etməyi inzibati orqan üçün vəzifə kimi müəyyən edə, lakin hərəkətin formaları arasında seçim qoya bilər. Həmçinin, qanun inzibati orqan üçün müəyyən hüquqi nəticəni əldə etməyi vəzifə kimi müəyyənləşdirə və bu nəticənin əldə edilməsi üçün istifadə edilən vasitələr arasında seçim etməyi nəzərdə tuta bilər. Hər bir şəxsin inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqan diskresion səlahiyyətdən qanunla müəyyən olunmuş qaydada istifadə etməlidir. İnzibati orqanın diskresion səlahiyyətləri həyata keçirməsi zamanı iki cür qüsurun ola bilməsi ehtimalını göstərir; inzibati orqanın diskresion səlahiyyətlərin həddini aşması və inzibati orqanın diskresion səlahiyyətdən onun qanunla müəyyən olunmuş məqsədinə uyğun istifadə etməməsi.

45. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə müəyyən edir ki, torpaq sahəsinin alqı-satqısının həyata keçirilməsi üçün hərracın və ya müsabiqənin elan edilməsi inzibati orqanın diskresion səlahiyyətlərinə aid edilmişdir.

46. Bundan əlavə, məhkəmə tərəfindən hazırkı işlə bağlı göndərilmiş sorğular və iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş sənədlərdən mübahisələndirilən torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün müraciət edilməsi, lakin yuxarıda göstərilən müxtəlif səbəblərə görə sənədləşmə prosesinin yekunlaşmadığı müəyyən edilmişdir.

47. Qeyd edilməlidir ki, qanunverici bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirməyi bələdiyyələrin müstəsna hüququ kimi müəyyən etsə də, bu hüququn həyata keçirilməsinin konkret mexanizmlərini müəyyən etmişdir. Qanunvericilikdən göründüyü kimi bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

48. Məhkəmə bildirməyi zəruri hesab edir ki, mübahisələndirilən torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqları qeydiyyata alındığı təqdirdə, keçiriləcək hərrac və ya müsabiqə nəticəsində iddiaçıdan başqa müraciət edən digər şəxslərin həmin torpaq sahəsinə dair hüquqları bərabər olacaqdır. Bu səbəbdən də hərrac və ya müsabiqə nəticəsində alqı-satqı müqaviləsinin məhz iddiaçı ilə bağlanılması tələbi təmin edilə bilməz.

49. Qeyd olunmalıdır ki, qanunvericilikdə torpaq sahəsinin birbaşa vətəndaşların mülkiyyətinə ayrılması ilə bağlı istisna hallar da nəzərdə tutulmuşdur. Bu hallara torpaq sahəsinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə ayrılması, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, habelə torpaq sahəsinin geri qaytarılmasının mümkün olmadığı hallar daxildir.

50. İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək izah olunur ki, mübahisə predmeti olan torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alınmasından sonra iddiaçı qeyd edilən istisna halların mövcud olduğunu əsaslandıraraq, torpaq sahəsinin ona satılması ilə bağlı cavabdehə müraciət etməli, əgər onun müraciəti müsbət həll olunmazsa və ya hərəkətsizlik edilərsə, iddiaçı məhkəməyə müraciət edə bilər.

51. Beləliklə, məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. İmtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz.

NƏTİCƏVİ HİSSƏ

52. Şərh edilənlərə əsasən və İPM-in 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar