Məhkəmə qərarları › İş №2-1(118)-1095/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1095/2022

16.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1095/2022 16.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızınınsədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə (işləməyən, ünvan 1 ünvanında yaşayan), Cavabdehin nümayəndəsi X1 (ƏMDX-nin yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Hüquq şöbəsində hüquq məsləhətçisi işləyən, Bakı şəhəri, Z.Xəlilov küçəsi ev 4-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 124 saylı qərarı ilə ayrılmış 600 kv m torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq,aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab etməklə Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində yerləşən və hazırda onun istifadəsində olan 600 kv m torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyatına alınması çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Sumqayıt bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 124 saylı qərarı ilə ayrılmış 600 kv m torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Bələdiyyə Şurasının 22 iyul 2004-cü il tarixli 124 saylı protokol-qərarı əsasında Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində fərdi yaşayış evi tikintisi məqsədi üçün iddiaçıya 600 kv m torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinə görə iddiaçı tərəfindən 1,500,000 manat məbləğində ödəniş aparılmış və iddiaçıya bu barədə qəbz verilmişdir. Qeyd edilən torpaq sahəsinin inşaat pasportu hazırlanmış, torpağın sxemi, eskiz layihəsi çəkilərək iddiaçıya təqdim edilmişdir. Həmin torpaq sahəsində iddiaçı tərəfindən yaşayış evi tikilmiş, artıq 18 ildir ki, bu sahə iddiaçının faktiki istifadəsindədir. O, həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırmaq məqsədilə cavabdeh idarəyə müraciət etmiş və ona izah olunmuşdur ki, onunla Sumqayıt şəhər Bələdiyyəsi arasında torpaq sahəsinin alqısatqısı barədə akt bağlanmadığından və memarlıq və şəhərsalma idarəsinin rəyi alınmadığından mülkiyyət hüqiqlarının qeydə alınması mümkün deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Qüdrətli iddianı qəbul etmədi və izah etdi ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qayda arı"nın müddəalarına zidd olaraq bələdiyyənin qərarının xx.xx.2004-cü il tarixli, 124 nömrəli olmasına baxmayaraq, torpaq sahəsi ayrılarkən rayon icra hakimiyyəti orqanının memarlıq və şəhərsalma idarəsinin rəyi alınmamış, Sumqayıt Bələdiyyəsi və ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən qeydiyyata alınmalı olan torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilməmişdir. Bununla bağlı cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina cavabı verilmişdir. İş materiallarında olan : - -Sumqayıt bələdiyyəsinin 22 iyul 2004-cü il tarixli 124 saylı qərarından görünür ki, şəhər bələdiyyəsi torpaq komissiyasının 22 iyul 2004-cü il tarixli 23 saylı protokoluna əsaslanaraq X2 fərdi yaşayış evi tikmək üçün 600 kv m torpaq sahəsi ayrılması qərara alınmışdır. -DTXK-nin Sumqayıt şəhər Şöbəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli 02/456 saylı rəyindən görünür ki, Dövlət Torpaq və Xərıtəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsində Sumqayıt şəhər bələdiyyəsinin 21-ci mikrorayon ərazisində fərdi cv tikmək üçün baş pbn əsasında ауп mış sahədən X2 torpaq sahəsinin ayrılması barədə müraciətinə baxılmışdır.Sumqayıt şəhər şöbəsinin mütəxəssisi tərəfindən 21-cı mikrorayon ərazisində baş plan əsasında ayrılmış torpaq sahəsinin sənədləşdirilməsi üçün sahəyə baxış keçirilmişdir. Ərazinin cizgi planı hazırlanmışdır. Torpaq sahəsi İİİ qiymət zonasında yerləşir və olçusu «Torpaq İslahatı haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasənfərdi ev tikmək üçün torpaq sahəsi vətəndaşın mülkiyyətinə satılmalıdır.Sumqayıt şəhərinin Baş planına əsasən fərdi ev tikmək uçun 21-cı mikrorayon ərazisindən X2 600m2 torpaq sahəsinin alqı-satqı qaydasında sənədləşdirilməsinə Sumqayıt şəhər şöbəsi etiraz etmir.Torpaq sahəsinin ayrılması barədə müvafiq qərar verildikdən sonra vətəndaş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» alaraq X4 və Dövlət Torpaq Reyestrində qeydiyyatdan keçməlidir.Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların mudafiəsınə və toxunulmazlığına dövlət təminat vermir. - -xx.xx.2004–cü il tarixli qəbzədn görünür ki, İddiaçı tərəfindən Sumqayıt bələdiyyəsinin hesabına bağ sahəsinin alqı-satqısı üçün ******* manat ödənilmişdir. - Məhkəmənin sorğusuna əsasən Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş cavab xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhər Bələdiyyəsinin 22 iyul 2004cu ıl tarixli qərarı ilə (protokol № 124) iddiaçı X2 Sumqayıt şəhəri 21-ci mikrorayon ərazisində ayrılmış 600 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən etiraz edilmir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 23 oktyabr 2007-ci il tarixli 466-lllQD saylı qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, ““Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi)” Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, ”Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” Məhkəmə hesab edir ki, torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyənin qərarı qüvvədədir, qanunvericiliklə müəyyən edilmiş qaydada ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı iddiaçının 2004-cü ildə torpaq sahəsinin dəyəri kimi bələdiyyənin hesabına 1.500.000 manat ödədiyi öz təsdiqini tapdı. Yerli icra hakimiyyəti orqanını memarlıq şöbəsinin rəyinin olmaması və ya alqı-satqı aktının tərtib olunmaması iddiaçının əldə etdiyi torpaq sahəsi üzərində hüququnun qeydə alınmasından imtina üçün əsas ola bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Sumqayıt bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 124 saylı qərarı ilə ayrılmış 600 kvm torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 124 saylı qərarı ilə ayrılmış 600 kv m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar