Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-11/2021 13.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X9 Ramiz qızının katibliyi, İddiaçı İbadulla oğlunun ( hərbi hissədə mühəndis işləyən, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, F.Qayıbov küçəsi, ev 21, mənzil 16 yaşayan), Cavabdehin nümayəndəsi X4 (DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Hüquq şöbəsində hüquq məsləhətçisi işləyən, ünvan 1 ünvanında yaşayan), Üçüncü şəxsin nümayəndəsi X3 (“Çinar” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin sədri işləyən, Sumqayıt şəhəri, yat-14, Bakı küçəsi məhəllə 41-də yaşayan) iştirakı ilə, İddiaçı İbadulla oğlunun cavabdeh DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı 1988-ci ildə “Çinar” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin verdiyi 120 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı İbadulla oğlu cavabdeh DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1988-ci ildə “Çinar” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin verdiyi 120 saylı bağ sahəsinin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 1988-ci ildə “Çinar” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin verdiyi 120 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 02.09.1988-ci il tarixdən “Çinar” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin üzvüdür. Elə həmin ildə 120 saylı bağ sahəsi ona verilmişdir. O, bağ sahəsini çəpərləmiş və sahədə müxtəlif meyvə ağacları əkmiş, bu günə qədər bağ sahəsindən istifadə edir. Bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. İmtinanın səbəbi kimi göstərilmişdri ki, “ərazinin sxematik xəritəsində 120 saylı bağ sahəsi aşkar olunmamış, torpaq sahəsinin faktiki yerləşdiyi yer isə sxematik xəritədə 112 saylı bağ sahəsi kimi qeyd olunmuşdur”. 120 saylı bağ sahəsinin cavabdehin sxematik xəritəsində hansı səbəbdən 112 saylı bağ sahəsi kimi qeydə alınması ona aydın deyildir. Cavabdeh iddiaçının istifadəsində olan 120 saylı bağ sahəsini dövlət qeydiyyatından keçirməkdən imtina etdiyinə görə məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı İbadulla oğlu iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Tural Qüdrətli iddianı qəbul etməyərək izah etdi ki, idarənin mütəxəssisləri tərəfindən ərazidə çöl-ölçmə işləri aparılarkən müəyyən olunmuşdur ki, torpaq sahəsinin 0.0252 ha hissəsi ərazidən keçən yüksək gərginlikli elektrik xəttinin mühafizə zoiağına düşür. Bundan əlavə “Çinar” bağçılıq yoldaşlığı tərəfindən idarəyə təqdim olunmuş ərazinin xəritəsində 120 nömrəli bağ sahəsi aşkar olunmamış, torpaq sahəsinin faktiki yerləşdiyi yer isə sxematik xəritədə 112 nömrəli bağ sahəsi kimi qeyd olunmuşdur. Bu səbəbdən iddiaçıya imtina cavabı verilmişdir. Üçüncü şəxs “Çinar” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin sədri X5 iddia tələbini müdafiə edərək izah etdi ki, həqiqətən iddiaçı X6 1988-ci ildən cəmiyyətin üzvlüyünə qəbul edilmişdir və həmin vaxt ona 600 kv m sahəsi olan 120 saylı bağ sahəsi ayrılmışdır. Sxematik xəritədə həmin sahə 120 nömrəsi altında qeyd edilmişdir. 112 saylı bağ sahəsi tamamilə başqa tərəfdə əks istiqamətdə yerləşir və iddiaçıya ayrılmış sahəyə 112 nömrəsi verilə bilməzdi. İş materiallarında olan : - “Çinar” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin 28 dekabr 1988-ci il tarixli 3 saylı protokolundan çıxarışdan görünür ki, İddiaçı Çinar” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin üzvlüyünə qəbul edilmişdir. - N nömrəli hərbi hissə tərəfindən verilmiş 06.10.2017-ci il tarixli arayışından görünür ki, İddiaçı 02.09.1988-ci il tarixli 01 saylı protokola əsasən “Çinar” Bağçılıq təsərrüfatı bağ sahəsinin siyahısında 60 saylı sıra nömrəsi ilə ona 120 nömrəli (600 kv m) sahə ayrılmışdır. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən verilmiş 06.10.2017-ci il tarixli arayışdan görünür ki, İddiaçı İbadulla oğluna “Çinar” Bağçılıq təsərrüfatı bağ sahəsinin siyahısında 60 saylı sıra nömrəsi ilə 120 saylı 600 kv m sahə ayrılmışdır. -məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC X13 Təchizatı və Satışı İdarəsi tərəfindən verilmiş 08 aprel 2019-cu il tarixli məktubdan görünür ki, Sumqayıt şəhəri, Yaşma Bağlar ərazisi “Çinar” Bağçılıq Yoldaşlıq 120 ünvanında yerləşən bağ torpaq sahəsinin yerləşdiyi küçənin kənarı ilə 2016-2017-ci illərdə 40 və 41 saylı KTM-ni qidalandıran 10 kVtluq hava veriliş xətti çəkilmişdir. -cavabdehin verdiyi 23.11.2018-ci il tarixli imtina bildirişindən görünür ki, mübahisəli torpaq sahəsinin 0.0252 ha hissəsi ərazidən keçən yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşür. Bundan əlavə “Çinar” bağçılıq yoldaşlıq cəmiyyəti tərəfinfən idarəyə təqdim edilən sxematik xəritədə 120 saylı bağ sahəsi aşkar olunmamış, torpaq sahəsinin faktiki yerləşdiyi yerin isə xəritədə 112 saylı bağ sahəsi kimi qeyd olunduğu müəyyən edilmişdir. İş üzrə ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisinin iştirakı ilə keçirilmiş məhkəmə-texniki-tikinti ekspertizasının 24.05.2021-ci il tarixlli 10/2084 saylı rəyindən görünür ki, mübahisəli daşınmaz əmlaka dair hüquqmüəyyənedici (dövlət aktı,şəhadətnamə, çıxarış) və texniki sənədlər (texniki pasport, plan və ölçü sənədi və s.təqdim edilməməsi səbəbindən iddiaçının faktiki istəfadəsində olan torpaq sahəsinin 120 və 112 saylı bağ sahəsi olub-olmaması və 120 və 112 saylı bağ sahələrinin təşkil edib-etməməsi suallarının cavablandırılması mümkün olmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Bakı Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən iddiaçını faktiki istifadəsində olan 0.0617 ha torpaq sahəsinin 0.0264 ha hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşür və qoşma sxemdə göstərilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar sadalanmışdır. Həmin normanın tərkb hissəsi olan 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış həmin əsaslardan biri hesab olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının qanuni surətdə bağçılıq yoldaşlıq cəmiyyətinin üzvlüyünə qəbul edilməsi və ona 600 kv m torpaq sahəsinin ayrılması iş materialları ilə təsdiq edilir. Məhkəmə cavabdehin bağ nömrələri arasında ziddiyyətin olması, yəni iddiaçının faktiki istifadəsində olan sahənin 120 deyil, 112 nömrəli bağ olmasını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Məhkəməyə təqdim edilən sxematik xəritədən də həmin sahələrin (120 və 112) ayrı-ayrı istiqamətlərdə yerləşdiyi açıq aşkar görünür, həmin sahələrin üst-üst düşməsi və ya nömrələrin yanlış qeyd edilməsini məhkəmə ağlabatan hesab etmir. Məhkəmə cavabdehin mübahisəli torpaq sahəsinin bir hissəsinin yüksık gərginlikli elektrik xəttnini mühafizə zolağına düşməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 62-ci maddəsinə əsasən elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 22-ci maddəsinin 2-ci bəndinə görə əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. [20] Torpaq Məcəlləsinin 22-ci maddəsinni 3-cü bəndinə görə zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 5-ci bəndinin a) yarımbəndinə görə haba elektrik ötürücü xətləri biyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi 110 kV-luq xəttin gərginliyi üzrə məsafə 20 m-dir. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər (6-cı bənd). Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxid mülkiyyətçilərinin rəsmi razılığı olmadan binaların və qurğuların tikintisi, quraşdırılması,təmiri, yenidən qurulması və sökülməsi qadağandır (12-ci bəndin a) yarımbəndi) Beləliklə,məhkəmə hesab edir ki, cavabdeh müvafiq əsasla qismən, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını mühafizə zonasına düşən hissədə qeydiyyata almaqdan imtina etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı və “Çinar” Bağçılıq Yoldaşlıq cəmiyyəti tərəfindən ayrılmış 120 saylı bağ torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşməyən 336 kv m hissəsi (600-264) üzərində İddiaçı İbadulla oğlunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. “Çinar” Bağçılıq Yoldaşlıq cəmiyyəti tərəfindən ayrılmış 120 saylı bağ torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşməyən 336 kv m hissəsi (600-264) üzərində İddiaçı İbadulla oğlunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Mütəxəssis rəyinin hazırlanması ilə bağlı sərf edilmiş 190 manatın 70 manatı İddiaçı İbadulla oğlundan, 120 manatı isə cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsindən tutularaq Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin "xxxx" ASC-nin Xətai filialında yerləşən AZ23AllB**********3701778 saylı hesabına ödənilsin. Ekspertiza rəyinin verilməsi ilə bağlı sərf edilmiş 50 manatın 20 manatı İddiaçı İbadulla oğlundan, 30 manatı isə cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertiza X1 AZ34CTRE******************** saylı hesabına ödənilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 4 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-11/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-11/2021
13.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver