Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-11/2024 19.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Kamal qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı xx.xx.2005- ci il tarixli alqı-satqı müqaviləsi əsasında aldığı daşınmaz əmlak üzərində mülkiyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında aldığı daşınmaz əmlak üzərində mülkiyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı notariat qaydasında təsdiq edilmiş xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 0.12 ha torpaq sahəsini X4 almışdır. Sözügedən torpaq sahəsi üzərində uzun illərdir ictimai iaşə obyekti fəaliyyət göstərir, həmin obyekt torpaq islahatından öncədən də mövcud olmuşdur. Lakin baza məlumatlarında torpaq sahəsinin kateqoriyası texniki səhv nəticəsində əkin sahəsi kimi qeyd edilmişdir. O, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Ərazi İdarəsinə müraciət edərək torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Lakin cavabdeh alqı-satqı müqaviləsi ilə dövlət aktı arasında uyğunsuzluq olduğunu əsas gətirərək, əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Ş.Ehdibarov iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə göndərdiyi etiraz məktubunda bildirmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən notarial qaydada xx.xx.2005-ci il tarixdə təsdiq olunmuş alqı-satqı müqviləsi əsasında əldə olunmuş 0,12 ha torpaq sahəsinə dair JN-0243, 41013018 nömrəli Dövlət aktının sertifikat hissəsində torpaq sahəsi sair sahələr kimi göstərilmişdir, lakin alqı-satqı müqaviləsində torpaq sahəsi əkinə aid olduğu qeyd olunur. Torpaq sahəsinin faktiki yerləşdiyi ərazi baza xəritəsində tarlaqoruyucu sahə kimi qeyd olunur. Torpaq sahəsinin sənəd üzrə məlumatları dövlət reyestrində saxlanılan məlumatlara uyğun olmadığı üçün və torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı kimi qeydiyyata alınmasına iddiaçı tərəfindən razılıq verilmədiyinə görə onun ərizənizin icrasından imtina olunmuşdur. İş materiallarında olan : - -JN 0243 nömrəli KOD 41013018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Şamaxı rayon Mirikənd bələdiyyəsinin 30 may 2005-ci il tarixli, 05 nömrəli qərarına əsasən 0,12 ha torpaq sahəsi X5 mülkiyyətinə verilmişdir. - -Şamaxı rayon Dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2005-ci il tarixli 4Ə/4/1007 reyestr nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X7 0,12 ha əkin təyinatlı torpaq sahəsini İddiaçı satmışdır. - Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən həmin alqı-satqı müqaviləsi üzrə notariat işinin surəti məhkəməyə təqdim edilmişdir. - "xxxx" MMC tərəfindən verilmiş 26 oktyabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, JN-243 saylı Dövlət aktında göstərilən torpaq sahəsi DJW məlumatlarına (torpaq islahatının nəticələrini əks etdirən kompleks yerquruluşu layihəsinə) əsasən kənd təsərrüfatı təyinatlı (meşə zolağı) torpaqlarda yerləşir. İddiaçının alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi 0.12 ha torpaq sahəsi Torpaqların elektrin uçotu informasiya sisteminə (TEKUİS) əsasən 3-cü keyfiyyət qrupuna (60 bonitet balı) aid olmaqla yararlı torpaq sahəsidir. İddiaçının alqı-satqı müqaviləsi əsasında əldə etdiyi torpaq sahəsi onun naturada göstərdiyi və istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşmür. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 21 noyabr 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı alqı-satqı müqaviləsi əsasında əldə etdiyi və faktiki istifadəsində olan 0,12 ha torpaq sahəsinin ölçüləri və koordinatları müəyyən edilmişdir. Elektron məlumat bazasına əsasən İddiaçı alqı-satqı müqaviləsi əsasında əldə etdiyi və faktiki istifadəsində olan 0,12 ha torpaq sahəsinin koordinatları başqa şəxslərə məxsus torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. İddiaçı alqı-satqı müqaviləsi əsasında əldə etdiyi və faktiki istifadəsində olan 0,12 ha torpaq sahəsi DWJ məlumatlarına (torpaq islahatını nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) əsasən meşə zolağı kimi qeyd edilmişdir. Lakin naturada faktiki olara tikili altındadır. Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə hazırlanmış torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə məlumatlarında İddiaçı alqı-satqı müqaviləsi əsasında əldə etdiyi və faktiki istifadəsində olan 0,12 ha torpaq sahəsi faktiki istifadəçiliyə uyğun olaraq onun öz adına işlənmişdir və yaşayış məntəqələri torpaqları kateqoriyası kimi qeyd edilmişdir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları JN-243 kod 41013018 saylı Dövlət Aktında göstərilən koordinatlara uyğun deyildir. Rəyə əlavə olumuş yerquruluşu planından göründüyü kimi JN-243 kod 41013018 saylı X11- İsmayıllı şosse yolundan Mirikənd kəndinə gedən yolun qərb tərəfində yerləşdiyi halda faktiki istifadə olunan torpaq sahəsi yolun şərq tərəfində yerləşir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Həmin Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab ounur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmillədirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin : -13.1-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. -56.2-ci maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.https://e-qanun.az/framework/46942 -56.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. -86.2-ci maddəsinə görə bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. “Bələdiyyə torpaqlarının idarə edilmısi haqqında” Azərbaycan Respublikası Qanununun 7.1.2-ci maddəsinə əsasən Azırbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər. Göstərilən normaların məzmunundan aydın olur ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələri yalnız icarəyə verilə bilər. Bu növ torpaqlar alqı-satqı obyekti ola bilməz. Məhkəmə qeyd edir ki, Şamaxı rayon Mirikəınd bələdiyyəsinin 30 may 2005-ci il tarixli 05 saylı qərarına əsasən 0.12 ha torpaq sahəsi X1. Daha sonra sonuncu həmin torpaq sahəsini alqı-satqı müqaviləsinə əsasən İddiaçı satmışdır. Məhkəmə araşdırması zamanı alınmış mütəxəssis rəyləri ilə müəyyən edilmişdir ki, iddiaçının alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi 0.12 ha torpaq sahəsi (əvvlki sahibə verilmiş Dövlət aktında göstərilən koordinatlara görə) kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Bundan başqa iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları torpaq sahəsini əvvəlki sahibi S.Abdullayevə verilmiş Dövlət aktında göstərilən koordnatlardan fərqlənir. Belə ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi Şamaxı- İsmayıllı yolundan Mirikənd kəndinə gedən yolun şərq tərəfində, JN-243 kod 41013018 saylı dövlət aktında göstərilən torpaq sahəsi həmin yolun qərb tərəfində yerləşir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin verdiyi imtina cavabı qanuna zidd deyildir. İddiaçı alqı-satqı müqaviləsi əsasında əldə etdiyi torpaq sahəsi faktiki olaraq onun istifadəsində olan torpaq sahəsindən fərqlənir. Mütəxəssis rəyinə əlavə edilmiş sxemdən də görünür ki, sözügedən torpaq sahələri arasında yol keçir və konfiqurasiyası ciddi şəkildə birbirində fərqlənir. Dövlət aktında göstərilən torpaq sahəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin torpaq sahəsi kənd təsərrüfatına yararlı torpaq sahəsi olduğuna görə yuxarıda sadalanan qanunvericilik normalarına əsasən alqı-satqı predmeti ola bilməzdi, yəni ilkin olaraq bələdiyyə tərəfindən vətəndaşa satılması qanunauyğun olmamışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM- 14.3). NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-11/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-11/2024
19.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver