Məhkəmə qərarları › İş №2-1(118)-110/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-110/2020

11.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-110/2020 11.06.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı iştrakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsinə qarşı “təqaüdlərin hesablanıb ödənilməsi” tələbinə dairiddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək 1998-ci ildən bu günə qədər SSRİ Silahlı Qüvvələrinin tərkibində Əfqanıstan Respublikasında döyüşdüyünə görə ölkə Prezidentinin ayırdığı təqaüdlərin hesablanıb ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, xx.xx.1979-cu ildə Şamaxı rayon Hərbi komissarlığından keçmiş SSRİ Silahlı Qüvvələrinə hərbi xidmətə çağırılmış, SSRİ Silahlı Qüvvələrinin tərkibində Əfqanıstan Respublikası döyüşlərində xidmət etmişdir. Əfqanıstan Respublikasında SSRİ Silahlı Qüvvələrinin tərkibində Əfqanıstanda döyüşlərdə iştirak etməsini təsdiq edən hərbi sənədlər, qramotalar və kifayət qədər sübutlar vardır. 1998-ci ildən Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə SSRİ Silahlı Qüvvələrinin tərkibində Əfqanıstan Respublikasında vuruşmuş döyüşçülərə təqaüd təyin edilmişdir. O, bu barədə bir neçə dəfə Qobustan rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və DSMF-nin Qobustan rayon şöbəsinə müraciət etsə də ona süni maneələr yaradılaraq təqaüd verməkdən imtina edilmişdir. Yalnız 2019-cu ilin aprel ayında ölkə Prezidentinə və Azərbaycan Respublikasının Birinci Vitse Prezidentinə yazdığı şikayət ərizələrindən sonra Qobustan rayon DSMF şöbəsi onun 3 aylıq (aprel, may, iyun) müavinətini ödəmiş və yerdə qalan keçmiş illəri ödəməkdən imtina etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli **********3 nömrəli imtina məktubuna qeyd etmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşmüş döyüşçülərə və onlara bərabər tutulan beynəlmiləl döyüşçülərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü tədim olunmuş “Müharibə veteranı vəsiqəsinə” əsasən verilir. İddiaçıya Şamaxı rayon hərbi komisarlığından verilmiş güzəştlər nəzərdə tutan A 458746 nömrəli vəsiqə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Qobustan Rayon bölməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli №20 saylı arayışla təsdiqini tapdığından ərizədə göstərilən 1998-ci ildən müavinətin verilməsi mümkün deyildir. İş materiallarında olan DSMF Qobustan rayon şöbəsinin Məhkəmənin sərəncamına cavab olaraq təqdim edilmiş **********5 nömrəli xx.xx.2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı xx.xx.2001-ci il tarixdən ümumi səbəbdən əlilliyə görə Fondun Qobustan rayon şöbəsindən 172.91 manat əmək pensiyası, xx.xx.2019-cu il tarixdən müharibə veteranlarına verilən 80 manat sosial müavinət alır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşmüş döyüşçülərə və onlara bərabər tutulan Beynəlmiləl döyüşçülərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təqdim olunmuş “Müharibə veteranı vəsiqəsin”nə əsasən verilir. İddiaçı Şamaxı Rayon Hərbi Komissarlığından verilmiş güzəştlər nəzərdə tutan A №458746 saylı vəsiqə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan Rayon Bölməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli №20 saylı arayışla təsdiqini tapdığından ona keçmiş dövrə müavinətin verilməsi mümkün deyildir. Cavabdeh xx.xx.2019-cu il tarixli məktubunda bildirmişdir ki, "Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanına əsasən iddiaçının müraciəti əsasında ona xx.xx.2019-cu il tarixdən ödənilmişdir. Cavabdeh təşkilata məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştrakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehiniddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı, iddia tələbi isə əsassız olduğundan iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Cavabdehin xx.xx.2019-cu il tarixli **********3 nömrəli, xx.xx.2019-cu il tarixli **********5 nömrəli və xx.xx.2019-cu il tarixli məktublarına əsasən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixli №20 saylı arayışla təsdiqini tapmış A №458746 saylı müharibə veteranı vəsiqəsi əsasında xx.xx.2019-cu il tarixdən müharibə veteranlarına verilən 80 manat sosial müavinət təyin edilmiş və ödənilmişdir. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli 55-İİİQ nömrəli Qanununun 9.1.5-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək müddətə təyin edilir. "Veteranlar haqqında" Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə görə Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Məhkəmə araşdırması zamanı, iş materiallarına əlavə edilmiş Azırbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2019-cu il tarixli T/1789 nömrəli arayışına əsasən iddiaçının keçmiş SSRİ Silahlı qüvvələrinin tərkibində Əfqanıstan Respublikasının ərazisində gedən döyüş əməliyyatlarında iştirak etməsi barədə Şamaxı rayon şöbəsində və Qobustan rayon bölməsinin arxiv-uçot sənədlərində məlumat olması, cavabdehin xx.xx.2019-cu il tarixli imtinası ilə isə iddiaçıya Şamaxı rayon hərbi kommisarlığından güzəştlər nəzərdə tutan A 458746 nömrəli vəsiqənin verilməsinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 20 nömrəli arayışla təsdiqini tapması müəyyən edilmişdir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanının 1-ci bəndinə əsasən “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş və onun aylıq məbləği 80 manat müəyyən olunmuşdur. Həmin Fərmanın 2.1.1-ci yarım bəndinə əsasən 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavə - “Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısı”nın 2.33.1-ci yarımbəndinə əsasən müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surətinin təqdim edilməsi tələb olunur. Qaydaların 1.3-cü bəndinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla) müraciət edilmə vaxtından asılı olmayaraq, onu almaq hüququ yaranan gündən təyin edilir. İş materiallarından da aydın olduğu kimi, iddiaçı xx.xx.2001-ci ildən ümumi əsaslarla əlilliyə görə əmək pensiyası almaqdadır. Cavabdeh tərəfindən isə, iddiaçının müraciətinə əsasən ona müvafiq müavinət müraciət etdiyi gündən təyin edilmişdir. Məhkəmə, müavinətin hüququn yarandığı gündən təyin edilməli olmasını nəzərə alaraq, hesab edir ki, iddiaçının Əfqanıstan Respublikasında hərbi əməliyyatlarda iştirak etməsi faktı iş materialları ilə təkzib olunmasa da, onun belə bir hüququ məhz xx.xx.2019-cu il tarixli №20 saylı arayışla təsdiqini tapmış A №458746 saylı müharibə veteranı vəsiqəsini aldığı tarixdən yaranmışdır. Bu səbəbdən də cavabdehin imtinası əsaslı və qanuni olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon Şöbəsinə qarşı onun 1998-ci ildən bu günə qədər SSRİ Silahlı Qüvvələrinin tərkibində Əfqanıstan Respublikasında döyüşdüyünə görə ölkə Prezidentinin ayırdığı təqaüdün hesablanıb ona ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsinə qarşı “1998ci ildən bu günə qədər SSRİ Silahlı Qüvvələrinin tərkibində Əfqanıstan Respublikasında döyüşdüyünə görə ölkə Prezidentinin ayırdığı təqaüdün hesablanıb ona ödənilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar