Məhkəmə qərarları › İş №2-1(118)-110/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-110/2023

02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-110/2023 02.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı X5 X2 sovxozunun xx.xx.1988-ci il tarixli 91 saylı əmri ilə ona ayrılmış Abşeron rayonu Novxanı kəndində yerləşən 0.08 ha torpaq sahəsi üzərinə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Abşeron rayonu, Novxanı Kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınması ilə bağlı inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək X5 X2 sovxozunun xx.xx.1988-ci il tarixli 91 saylı əmri ilə ona ayrılmış Abşeron rayonu Novxanı kəndində yerləşən 0.08 ha torpaq sahəsi üzərinə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 X2 sovxozunun 01 avqust 1988-ci il tarixli 91 nömrəli əmri ilə Abşeron rayonu, Novxanı kəndində 0,08 ha torpaq sahəsi İddiaçı ayrılmışdır. Həmin torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün o, müvafiq olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh orqan həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqdan imtina etmişdir. Həmin imtinanı əsassız və qanunazidd hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etdi, iddia ərizəsinin dəlillərinə əlavə olaraq izah etdi ki, torpaq sahəsi ayılandan sonra heç vaxt həmin torpaqdan istifaə etməmişdir. Belə ki, həmin ərazidə idman kompleksi, gah da məktəb inşa ediləcəyi bildirilmişdir. Daha sonra isə həmin torpaq başqa adamlar tərəfindən zəbt edilmişdir. Hazırda ona tanıdılan torpaq sahəsinin təxminən 130 kv m hissəsi zəbt edilmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, aparılan araşdırma zamanı X5 X2 sovxozunun 01 avqust 1988-ci il tarixli, 91 nömrəli əmri ilə vətəndaşa ayrılmış 0.08 ha torpaq sahəsinin baqçılıq-bostançılıq üçün ayrılmış ərazinin hüdudlarından kənarda yerləşdiyi, arxiv baza məlumatlarında aşkarlanmadığı müəyyən edilmişdir. Bundan başqa həmin əmrə dair xx.xx.2020-ci il tarixli, F-833 nömrəli arxiv çıxarışında həmkarlar komitəsinin xx.xx.1988-ci il tarixli qərarına istinad olunmuşdur. Həmçinin sözügedən torpaq sahəsinin sənəd üzrə (qanunamüvafiq qaydada təsdiqlənməmiş müvafiq bələdiyyənin yerquruluşu planından çıxarış) yerləşməsi ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluq olduğu, başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmişdir, lakin nümayəndəsi səbəbini bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan : - X5 X2 sovxozunun xx.xx.1988-ci il tarixli 91 saylı əmrindən görünür ki, İddiaçı Abşeron rayonu Novxanı kəndində 0.08 ha torpaq sahəsi ayrılmışdır. - Novxanı bələdiyyəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışdan görünür ki, həmin sənəd İddiaçı verilən torpaq sahəsinə dair tərtib edilmişdir. - Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş F 833 saylı xx.xx.2020-ci il tarixli arxiv arayışından görünür ki, sovxoz fəhlə həmkarlar komitəsinin 29.Vİİİ.1988-ci il tarixli (protokol N 3) qərarını nəzərə alaraq adları adları qeyd olunan işçilərə, o cümlədən İddiaçı fərdi ev tikmək üçün istifadəsiz torpaq sahəsindən hər biri üçün 0,08 ha ayrılmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən iş üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, X5 X2 sovxozunun 01 avqust 1988-ci iltarixli əmri ilə ayrılmış 0.08 ha torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları) təqdim edilmədiyindən bağçılıq-bostançılıq üçün ayrılmış ərazinin hüdudları daxilində yerləşibyerləşməməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə tərəfindən təqdim olunmuş iş materialında Abşeron rayon Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən 0,08 ha torpaq sahəsinin döngə nöqtələrini koordinatları daxilinə İddiaçı tərəfindən naturada tanıdılan 0,08 ha torpaq sahəsinin 0,0176 ha (176 kv m) hissəsi üst-üstə düşür. Elektron məlumat bazasına əsasən İddiaçı tərəfindən naturada göstərdiyi 0,08 ha torpaq sahəsinin koordinatları daxilində başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri üst-üstə düşmür. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasəlar sadalanmışdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən həmin əsaslardan biri kimi qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (8.0.5); 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış (8.0.7) nəzərdə tutulmuşdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 1999-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 23cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yerquruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Həmin Məcəllənin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. Torpaq məsələlərinə baxmaq və onlara dair qərar hazırlamaq üçün xalq deputatları Soveti torpaq komissiyası yaradır. Beləliklə, göstərilən normaların məzmunundan göründüyü kimi, qanunverici hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi şərtlərini, torpaq sahəsi üzərində hüquqların yaranmasının ümumi əsaslarını və digər məsələləri dəqiq müəyyənləşdirmişdir. İddiaçının mübahisəli torpaq sahəsi üzərində hüququnun müəyyən edilməsi üçün əsaslardan biri, yəni torpağın ayrılmasına dair xx.xx.1988-ci il tarixli qərar mövcud olsa da, həmin qərarda xx.xx.1988-ci il tarixli qərara istinad edilmişdir ki, bu da əvvəlki qərarın mötəbərliyinə şübhə yaradır. Bundan başqa torpağın ayrılmasına dair qərara sxem-cizgi və ya plan əlavə edilməmişdir. Halbuki, torpaq sahəsinin mövcudluğunu müəyyən etmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və s.əks olunmalıdır. İş üzrə alınmış mütəxəssis rəyinə görə hazırda iddiaçının naturada tanıtdığı torpaq sahəsinin koordinatları bələdiyyə tərəfindən verilmiş yerquruluşu planından çıxarışda göstərdiyi koordinatlarla tam üst-üstə düşmür, həmin koordinatlar yalnız 176 kv m hissədə uyğunluq təşkil edir. Mütəxəssis rəyinə əlavə edilmiş torpaq sahəsinin yerləşmə vəziyyətinə görə sxemindən də görünür ki, iddiaçının tanıtdığı torpaq sahəsi ilə yerquruluşu planından çıxarışda göstərilən torpaq sahəsi yalnız cüzi bir hissədə üst-üstə düşür. Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3). Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçı X1 verdiyi imtina cavabı mahiyyətcə qanuna zidd olmamışdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar