Məhkəmə qərarları › İş №2-1(118)-1101/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1101/2022

22.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1101/2022 22.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi ilə, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı “60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu “57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunmasının cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, “60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına 25 avqust 2021-ci il və 23 noyabr 2021-ci il tarixlərində ərizə ilə müraciət edərək güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. Müraciətinə cavabdeh təşkilat tərəfindən 01 dekabr 2021-ci il tarixdə **********1 saylı məktubla cavab verilmişdir. Həmin cavabda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların : kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə aınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Daha sonra qeyd olunur ki, güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr (35) bölməsində təhlükəliliyi üçüncü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar vəzifəsi nəzərdə tutulmuşdur. Daha sonra qeyd olunmuşdur ki, “Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə xx.xx.2001-xx.xx.2016cı il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin "xxxx" müəssisəsinin 3 nömrəli tikinti quraşdırma sahəsində rəngsaz vəzifəsində işlədiyiniz qeyd edilmişdir. Lakin adıçəkilən müəssisənin sizə dair xx.xx.2021-ci il tarixli 09 nömrəli arayışında rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğunuz zaman tətbiq etdiyiniz maddələrin təhlükəlilik sinfi və həmin sinfin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır. Qeyd olunan məlumatlar müvafiq arayışda əks olunaraq tərəfinizdən Mərkəzi Filiala təqdim edildikdən sonra sizə güzşətli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı məsələsinə baxılacaqdır.” Cavabdehin verdiyi imtinası qeyri-müəyyən və konkret deyildir. Cavabdeh təşkilatın nümayəndəsi ona verilən cavab məktubunda qeyd edir ki, “adıçəkilən müəssisənin sizə dair xx.xx.2021-ci il tarixli 09 nömrəli arayışında rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğunuz zaman tətbiq etdiyiniz maddələrin təhlükəlilik sinfi və həmin sinfin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır.” Amma işlədiyi "xxxx" ASC tərəfindən ona verilmiş xx.xx.2021-ci il tarixli 09 nömrəli arayışında qeyd olunur ki, "xxxx" ASC-nin "xxxx" müəssisəsinin 3 nömrəli tikinti quraşdırma sahəsində xx.xx.2001-ci il tarixdən xx.xx.2016-cı il tarixədək tərkibində təhlükəliliyi üçüncü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə beşinci dərəcə ilə rəngsaz peşəsində çalışmışdır. Güzəştli şərtlərlə yaşa görə əmək pesiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə onun pensiya hüququ vardır” göstərildiyi halda, cavabdehin nümayəndəsi cavab məktubunda qeyd edir ki, “arayışında rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğunuz zaman tətbiq etdiyiniz maddələrin təhlükəlilik sinfi və həmin sinfin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır.” Çalışdığı rəngsaz işi üzrə qarışığın kodu belədir – XXXİİ kod – 23200000-13450. Amma bu kodu ona verməmişdilər. Beləliklə, təkcə "xxxx" ASC-də işlədiyi və zərərli sahə hesab edilib yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı xx.xx.2001-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək 15 il 11 ay 03 gün təşkil edir. Göründüyü kimi, onun 12 il 6 ay stajı sənədlərlə təsdiqini tapmışdır. Beləliklə, cavabdeh təşkilat ona güzəştli pensiya təyinatının təxirə salınmasında haqlı deyildir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı və onun nümayəndəsi həmçinin vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh 01.122021-ci il tarixli **********1 nömrəli məktubla bildirmişdir ki, iddiaçının xx.xx.2001-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin Sutikinti müəssisəsinin 3 nömrəli tikinti quraşdırma sahəsində rəngsaz vəzifəsində işlədiyi qeyd edilmişdir. Lakin adıçəkilən müəssisənin iddiaçıya dair xx.xx.2021-ci il tarixli 09 nömrəli arayışında rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd edilməmişdir. Qeyd olunan məlumatlar müvafiq arayışda əks olunaraq filiala təqdim edildikdən sonra filial tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı məsələsinə baxılacağı bildirilmişdir. Cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi təmin edilməməlidir. Əmək pensiyaları haqqında Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İş üzrə icraat materiallarına əlavə edilmiş Azərbaycan Respublikası "xxxx" ASC-nin "xxxx" müəssisəsinin xx.xx.2021-ci il tarixli 09 nömrəli arayışında İddiaçı xx.xx.2001xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr tətbiq etməklə 5-ci dərəcə rəngsaz peşəsində, xx.xx.2016-cı il tarixdən arayış verilən günədək, yəni xx.xx.2021-ci il tarixədək 6-cı dərəcə ilə təmirçiçilingər peşəsində işlədiyi, həmin vəzifələrin “Güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə güzəştli şərtlərlə pensiya hüququna əsas olduğu göstərilmişdir. Göründüyü kimi müəssisə tərəfindən verilən arayışda iddiaçının işlədiyi vəzifələrin Nazilər Kabinetinin 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısında hansı bölmə və bənddə əks olunması barədə məlumatlar qeyd olunmamışdır. Fondun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını Fondun İdarə heyətinin qərarlarını, X3 sərəncam və əmrlərini rəhbər tutur. Belə ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli Əlavənin 2.4.1-ci bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyn edilməsi üçün güzəşti şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşlərə uyğunluğu dürüstləşdirməkdədir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniəşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubunda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əməkşəaitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli. İddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyatı kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPMnin 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmmunu diqqətlə tədqiq edilməli və qiymətləndirilməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və.s) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə çalışmasını müəyyən etməyə imkan verməlidir. Yuxarıda istinad edilmiş qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi iddiaçı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığını, bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia etsədə işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının təqdim etdiyi arayışda müvafiq məlumatlar göstərilmədiyi üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir və cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 iddia ərizəsinə etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə olunmuşdur: - AZE seriyalı, 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1961-ci ildə anadan olmuşdur. - İddiaçıya məxsus, xx.xx.1981-ci ildə açılmış ИТ-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilədək, xx.xx.1983-cü ildən xx.xx.1987-ci ilədək, xx.xx.1987-ci ildən xx.xx.1993-cü ilədək, xx.xx.1995-ci ildən xx.xx.1996-cı ilədək, xx.xx.1996-cı ildən xx.xx.2001-ci ilədək, xx.xx.2001-ci ildən hal-hazıradək əmək fəaliyyəti ilə məşğuldur. - НЗ ******* saylı hərbi biletdən görünür ki, iddiaçı 18 oktyabr 1979-cu ildən 29 oktyabr 1981-ci ilə qədər hərbi xidmətdə olmuşdur. - "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Müəssisəsi tərəfindən verilmiş 09 saylı, xx.xx.2021-ci il tarixli arayışında qeyd olunmuşdur ki, iddiaçı "xxxx" ASC-nin "xxxx" müəssisəsinin 3 №-li tikinti quraşdırma sahəsində xx.xx.2001-ci il tarixdən xx.xx.2016-cı il tarixədək tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə 5-ci dərəcə ilə rəngsaz peşəsində çalışmışdır. xx.xx.2016-cı il tarixdən halhazırkı tarixədək 6-cı dərəcə ilə təmirçi çilingər peşəsində çalışır. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 qərarları ilə ona pensiya hüququ verilir. - "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Müəssisəsi tərəfindən verilmiş 07 saylı, xx.xx.2021-ci il tarixli arayışında qeyd olunmuşdur ki, iddiaçı "xxxx" ASC-nin işçilərinin əmək şəraiti ağır və zərərlilik səviyyəsindən asılı olaraq tarif (vəzifə) maaşlarına artımları (faizlər) tətbiq etmək hüququ verən iş yerlərinin attestasiyasının aparılması "xxxx" MMC tərəfindən müəyyən olunmuşdur. Həqiqətəndə o, "xxxx" ASC-nin "xxxx" müəssisəsinin 3 nömrəli tikinti quraşdırma sahəsində xx.xx.2001-ci il tarixdən xx.xx.2016-cı il tarixədək tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə 5-ci dərəcə ilə rəngsaz peşəsində çalışmışdır. xx.xx.2016-cı il tarixdən hal-hazırki tarixədək 6cı dərəcə ilə təmirçi çilingər peşəsində çalışır. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrinə göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 saylı qərarı ilə ona pensiya hüququ verilir. - Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının iddiaçıya ünvanladığı 01 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddia tələbi pensiyanın təyin edilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla bərabər, həm də əsaslıdır. İş materialları ilə müəyyən olunur ki, iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışı təqdim etməməsi qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə ilk öncə güzəştli şərtlərlə əmək pensiyasının hansı dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq təyin edilməli olmasını müəyyən etmək zəruridir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir -Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-cı il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idiyaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. Hazırda qüvvədə olan qanunvericiliyə görə axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud olmalıdır: yaş; iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) mövcudluğu. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur. Hazırki işdə iş materiallarına əlavə olunmuş əmək kitabçasından görünür ki, iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün tələb olunan 25 ildən artıq ümumi stajı vardır. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən iş stajına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində güzəştli şərtlərlə pensiya hüququ verən vəzifədə işlədiyi qeyd olunmuşdur. Cavabdeh orqanın iddiaçının işlədiyi vəzifənin güzəştli pensiya hüququ verən vəzifəyə aid olması ilə bağlı kodun, şifrənin qeyd edilməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, kodun və şifrənin qeyd edilməməsi, hətta məhkəmənin sorğularına cavab olaraq məhkəməyə təqdim edilməməsi iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz. Belə ki, oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahıda hansı koda və şifrəyə uyğunluğunun yuxarıda qeyd edilən arayışda göstərilməməsi iddiaçıya pensiya təyin edilməsi üçün mane deyildir. Belə ki, iddiaçının işlədiyi rəngsaz peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarında (KOD XXXİİİ-23200000-13540) öz əksini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həm ümumi, həm də xüsusi iş stajına malik oduğundan ona hüququnun yarandığı 29 may 2021-ci il tarixdən, yəni 60 yaşdan əmək pensiyası təyin edilməlidir. İddiaçıya da pensiya təyini ilə bağlı sözügedən Qanun tətbiq edilməli olduğundan cavabdehin imtinası əsassızdır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı 29 may 2021-ci il tarixdən, 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalın üzərinə vəzifə olaraq qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2021-ci ildən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar