Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1103/2020 14.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin N saylı Hərbi Hissəsinə qarşı “Dövlət Sərhəd Xidmətinin rəis müavini X4 xx.xx.2019-cu il tarixli 135 nömrəli əmrinin ləğv edilməsi (xidməti uyğunsuzluğa görə) və xidməti bağlaşma ilə xidmətinin bitməsinə qalan 6 aylıq müddətin kompensasiyasının birdəfəlik ödənilməsi tələbinə” dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı bildirirdi ki, xx.xx.1991-ci ildə anadan olmuş, xx.xx.2010-cu ildə həqiqi xidmətə getmiş, xx.xx.2011-ci ildə Silahlı Qüvvəllərdən ehtiyata buraxılmışdır. Sonradan xx.xx.2016-cı il tarixində Dövlət Sərhəd xidmətinin N saylı hərbi hissəsinə bağlaşma ilə (3 illik müqavilə) müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlamış, xidmət müddətində nümunəvi xidmət göstərmişdir. Sonradan xidməti qulluğunun bitməsinə 6 ay qalmış ona bildirmişlər ki, onu xidmətdən kənarlaşdırırıq. Halbuki, müqaviləmin bitməsinə 6 ay qalmış və o buna etiraz etmədi. Daha sonra Əmək kitabçasını geri götürəndə baxmış ki, haqsız və qeyri-qanuni olaraq kitabçasında xidməti uyğunsuzluq maddəsinin yapışdırmışlar (Dövlət Sərhəd Xidmətinin rəis müavini X4 xx.xx.2019-cu il tarixli 135 nömrəli əmri). Xidməti uyğunsuzla bağlı heç bir hərəkəti olmamışdır. Bu hərəkət haqlı olaraq narazılığına səbəb olmuş və cavabdehə həmin əmrin surətinin verilməsini bir neçə dəfə şifahi və yazılı olaraq (xx.xx.2020 və xx.xx.2020-ci il tarixli ərizələri və xəbərnamə iş materiallarına əlavə olunur) tələb etsədə cavabdeh bununla bağlı heç bir hərəkət etməmişdir. Çünki, özünün haqsız qərar qəbul etdiklərini daha yaxşı bilirlər. Qanunda nəzərdə tutulur ki, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən məhkəmə qaydasında şikayət vermək olar. Hesab edir ki, cavabdeh Dövlət Sərhəd Xidmətinin rəis müavini X4 xx.xx.2019-cu il tarixli 135 nömrəli əmri qanunsuz olduğundan ləğv edilməli, eyni zamanda digər cavabdeh N saylı hərbi hissə müvafiq ərizələrinə cavab vermədiyindən və bağlaşmasında nəzərdə tutulan 6 aylıq qalan müddətin kompensasiyasını ona vermədiyindən hüquqları ciddi şəkildə pozulmuş və ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bildirdi ki, “Hərbi xidmət və hərbi vəzifə haqqında” Azərbaycan Respublikası qanunun 38.1.2-ci maddəsinə əsasən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün: müddətli həqiqi hərbi xidmət-dən daxil olanlar, ehtiyatdan daxil olanlar və qadınlar – 3 il. Bu müddət qurtardıqda müddətdən artıq həqiqi hərbi xidmət tərəflərin razılığı ilə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanadək hər dəfə 5 ilədək müddətə uzadılır. Həmin qanunun 41-maddəsinə görə həqiqi hərbi xidmətdən bir çox hallarda ehtiyata buraxılma qaydası təsbit olunmuşdur. Belə ki, cavabdeh haqsız olaraq bu maddənin 41.0.6-cı bəndinə əsasən xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); məni xidmətdən kənarlaşdırmışdır. Halbuki şəxsi işinə və əmək kitabçasına bu qeyri-qanuni rəyi yazmaq əsas hüquq və azadlığını kobud şəkildə pozmuşdur. Belə ki, bir sıra iş yerlərinə müraciət etmiş ancaq son anda əmək kitabçasına baxaraq cavabdehin məsuliyyətsiz və qeyri-qanuni rəyini irad kimi bildirərək işə götürməkdən imtina etmişlər. Cavabdehin digər bir qanunsuz hərəkəti də xidməti bağlaşma müddəti 3 illik olmasına baxmayaraq, əsassız yerə müddətinin başa çatmasına 6 ay qalmış işdən kənarlaşdırmasıdır. Yəni müqaviləni təktərəfli olaraq pozmasıdır. Mülki qanunvericilikdə və Əmək qanunvericiliyində müqavilənin təktərəfli pozulması qaydası olmadığından cavabdehin bu addımı da qanunsuzdur. Əmək müqaviləsi hər iki tərəfin birgə imzalanması ilə pozulur. Yəni işəgötürən işçinin hər hansı çatışmazlığını və ya intizamsızlığını işçiyə əvvəlcə xəbərdar edir sonra isə işçi çatışmazlıqlarını aradan qaldırmadıqda onun əmək müqaviləsinə xitam verilə bilər. Halbuki, cavabdeh bununla bağlı onu məlumatlandırmamış və bununla bağlı heç bir xəbərdarlıq da etməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştrak edən iddiaçı eyni məzmunlu ifadə verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərərk bildirmişdir ki, DSX-nin sabiq hərbi qulluqçusu İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır.Belə ki, sabiq hərbi qulluqçu İddiaçı xx.xx.2016-cı il tarixdə Dövlət Sərhəd Xidmətində 3 (üç) il müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilərək müvafiq kursu bitirdikdən sonra Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsində çevik hərəkət taboru 3-cü çevik hərəkət bölüyünün 1-ci taqımının 3-cü manqasının komandiri vəzifəsinə təyin edilmişdir. 2019-cu ilin fevral ayında İddiaçı narkotik maddə qəbul etməsinə dair Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin İİ idarənin Vİİİ Sərhəd Dəstəsi üzrə şöbəsindən N nömrəli hərbi hissəyə daxil olmuş məktuba əsasən Dövlət Sərhəd Xidmətinin Daxili Təhlükəsizlik İdarəsində araşdırma aparılmışdır.Araşdırma zamanı İddiaçı izahat verərək xx.xx.2019-cu il tarixdə dostları ilə birlikdə Şəmkir rayon Dəllər qəsəbəsində kirayədə yaşadığı mənzildə spirtli içki qəbul etdikdən sonranarkotik maddə olan marixuana qəbul etdiyini bildirmişdir. Bu səbəbdənmn İddiaçıxx.xx.2019-cu il tarixdə sidik nümunəsi götürülərək müayinə üçün Dövlət Sərhəd Xidmətinin hərbi hospitalına göndərilmişdir. Labarator müayinələr zamanı İddiaçı götürülmüş sidik nümunəsində narkotik maddə olan “Marixuana” aşakar olunduğundan götürülmüş sidik nümunəsi əlavə və ətraflı müayinə üçün xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 təqdim edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2019-cu il tarixli 622/k saylı məhkəmə-kimyəvi rəyinə əsasən İddiaçı götürülmüş sidik nümunəsinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” adlı kimyəvi maddənin izləri aşkar edilmişdir. Baş çavuş İddiaçı narkotik maddə qəbul etməsi faktı öz əksini tapdığından o, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidməti rəisinin müavini-X4xx.xx.2019-cu il tarixli 135 ş/h nömrəli əmri ilə Dövlət Sərhəd Xidmətində hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır.Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsini məhkəmədən xahiş edilir. Məhkəmə iclasında iştrak edən cavabdehin nümayəndəsi eyni məzmunlu ifadə verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası barəsində digər cavabdeh inzibati orqan lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, ona görə də məhkəmə qanunvericiliyə əsasən digər cavabdehin nümayəndəsinin iştirakı olmadan prosesə baxılmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin müavini-X4xx.xx.2019cu il tarixli 135 ş/h nömrəli əmrinin surəti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 xx.xx.2019-cu il tarixli 622/k saylı rəyi, cavabdehin etirazıvə digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsassızdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin müavini-X4xx.xx.2019-cu il tarixli 135 ş/h nömrəli əmrinə əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə müvafiq olaraq, əsgər İddiaçı Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İş materiallarına əlavə edilmiş əsgər İddiaçı xx.xx.2019-cu il tarixli izahatından görünür ki, əsgər İddiaçı narkotik vasitələrdən istifadə etdiyini və müvafiq hərəkətinə görə peşiman olduğunu bildirmişdir. İzahatında qeyd etdiklərini şəxsən imza etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 xx.xx.2019-cu il tarixli 622/k saylı rəyindən görünür ki, İddiaçı sidik nümunəsinin tərkibində çətənə bitkisindən alınan və təbbi mənşəli narkotik vasitə hesab edilən “Kannabionoid” adlı kimyəvi maddənin işləri aşkar edilmişdir. «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 37.1.2-ci maddəsinə əsasən bağlaşma əsasında hərbi xidmətə könüllü daxil olanlar üçün – bağlaşmanın imzalandığı gün hərbi xidmətə başladığı gün hesab edilir. Həmin Qanunun 37.2-ci maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Həmin Qanunun 40.3-cü madəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Həmin Qanunun 40.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Həmin Qanunun 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları «Hərbi xidmətkeçmə haqqında» Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Həmin Qanunun 41.0-cı maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: (41.0.1.) xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); (41.0.2.) yaşa görə — həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; (41.0.3.) xəstəliyə görə — hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; (41.0.4.) ştatların ixtisarına görə — ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); (41.0.5.) ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları — «Hərbi xidmətkeçmə haqqında» Əsasnamədə müəyyən edilmiş əsaslara görə; (41.0.6.) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); (41.0.7.) məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və «Azərbaycan Respublikası Silahlı X3»nin 61-ci bəndinin «z)» yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); (41.0.8.) törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzalara məhkum edildikdə (bu Qanunun 42.0.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla); (41.0.9.) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; (41.0.10.) Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli qərarı ilə təstiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 2.10.3-cü bəndinə əsasən gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olullar. Həmin Qaydadaların 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə fərdi qaydada könüllü daxil olmaq istəyən həqiqi hərbi xidmət hərbi qulluqçularının, hərbi vəzifəlilərin və hərbi qeydiyyatda olmayan qadınların, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin seçilməsini, sənədlərin toplanılmasını və şəxsi işlərin tərtib edilməsini həmin dövlət orqanlarının kadr aparatları həyata keçirirlər. Həmin Qaydaların 3.23-cü bəndinə əsasən hərbi qulluqçular “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci və 42-ci maddələrinə əsasən ehtiyata və ya istefaya buraxıldıqda, həmçinin həlak olması, ölməsi, itkin düşməsi və məhkəmənin qərarı ilə ölmüş elan edilməsi ilə əlaqədar şəxsi heyətin siyahısından çıxarıldıqda, bağlaşma ləğv olunmuş hesab edilir. Yuxarıda sadalanan normalarda hərbi qulluqçuların hansı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaları müəyyən edilmişdir ki, onlardan biri də hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törətməsi, törətdiyi cinayətlə əlaqədar məhkum olunması, səhətinin xidmətə yol verməməsi, attestasiyanın nəticələrinin mənfi olması və qanunvericiliklə müəyyən olunmuş digər səbəblərlə əlaqədar xidməti uyğunsuzluqla bağlıdır. Nəzərə alınmalıdır ki,Azərbaycan Respublikasının xx xxxxxxxx 1994-cü il tarixli, 885 nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Silahlı X1 1-ci maddəsinə əsasən hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikasının qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməlidir.İntizam Nizamnaməsinin 43-cü maddəsinə əsasən hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir. İddiaçıhərbi xidmətlə bir araya sığmayan əməllərinə görə həmin nizamnamənin 50-ci maddəsinin “i” bəndinə (sülh dövründə çavuş hərbi rütbəsindən məhrum edilməklə ehtiyata buraxılma cəzaları verilə bilər) müvafiq olaraq hərbi rütbədən məhrum edilməklə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Qeyd olunan bağlaşmanın ləğvi qaydası “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci və 42-ci maddələri ilə tənzimlənir. Hesab olunur ki, qeyd olunan Qanunun 41-ci maddəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün nəzərdə tutulmuş hər hansı digər halın İddiaçı mübasibətdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən tətbiq edilməsi düzgün olmazdı. İşin müəyyən edilən hallarından da göründüyü kimi iddiaçının mübahisələndirdiyi əmrin verilməsinə əsas kimi onun məhz xidmətə uyğun olmadığı qeyd olunmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt—inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə qeyd edir ki, mübahisələndirmə haqqında iddianın səciyyəvi xüsusiyyətlərindən biri odur ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Bu zaman iddia o halda əsaslı sayılır ki, mübahisələndirilən inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqları pozulsun. Bununla yanaşı İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Hazırkı halda Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin müavini- X4xx.xx.2019-cu il tarixli 135 ş/h nömrəli əmrinin qəbul edilməsi zamanı «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin və «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulmasını təsdiq edən hallar iş üzrə təsdiq edilmədiyindən iddia əsassızdır və təmin oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin N saylı Hərbi Hissəsinə qarşı “Dövlət Sərhəd Xidmətinin rəis müavini X4 xx.xx.2019-cu il tarixli 135 nömrəli əmrinin ləğv edilməsi (xidməti uyğunsuzluğa görə) və xidməti bağlaşma ilə xidmətinin bitməsinə qalan 6 aylıq müddətin kompensasiyasının birdəfəlik ödənilməsi tələbinə” dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1103/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1103/2020
14.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver