Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1103/2021 09.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin 23.04.2018-ci il tarixli, **********146267 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi xidmətinin 2 saylı Ərazi Baş İdarəsinin 23.04.2021 -ci il tarixli, **********146267 N-li “səyyar vergi yoxlaması keçirilməsi haqqında qərara ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən oktyabr 2015- fevral 2021 vergi dövrü üzrə “X5” MMC tərəfindən vergilərin və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsinin vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə yuxarıda sözügedən vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi qərara alınmaqla, həmin yoxlamanın müddəti 30 (otuz)iş günü müəyyən edilmişdir. Aşağıda göstərilən əsaslara görə hesab edirlər ki, 23.04.2021-ci il tarixli, **********146267 N-li "səyyar vergi yoxlaması keçirilməsi haqqında qərarı” ləğv edilməlidir. Belə ki, səyyar vergi yoxlamasının keçirilməsinə əsas kimi istinad edilən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinin tələbinə görə cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda səyyar vergi yoxlaması həyata keçirilə bilər. Hazırki səyyar vergi yoxlamasına əsas olan Vergi Məcəlləsinin 38.3.6cı maddəsində təsbit edilən hüquqi əsas mövcud deyildir. Odur ki, sözügedən maddəyə istinadən səyyar vergi yoxlamasının təyin edilməsi qanuni və əsaslı sayıla bilməz. 04 sentyabr 2020-ci il tarixdə ünvanlarına daxil olmuş Azərbaycan Respublikasının Baş Prokurorluğu İstintaq İdarəsinin xüsusi ilə mühüm işlər üzrə müstəntiqi, kiçik ədliyyə müşaviri Elvin Hüseynovun 02 sentyabr 2020-ci il tarixli məktubundan onlara məlum olmuşdur ki, sözügedən istintaq idarəsində müəssisənin istehsal etdiyi süd məhsullarının tərkibinin saxtalaşdırılması faktı ilə bağlı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş material üzrə araşdırılma aparılır. Qeyd olunan məktubda aparılan araşdırma ilə əlaqədar yaranmış zərurətə istinad olunaraq “xxxx” MMC-də işləyən bütün işçilərin, o cümlədən müəssisənin direktorunun əmək müqavilələri, işçilərin işə götürülməsi barədə bütün əmrlər, bütün işçilərin vəzifə təlimatları, bütün işçilərin sağlamlığı haqqında arayışlar və sair sənədlərin istintaq idarəsinə təqdim edilməsi xahiş olunmuşdur. Aparılan araşdırma ilə əlaqədar olmayan sənədlərin də tələb edilməsinə baxmayaraq, tərəflərindən yuxarıda sözügedən məktubda göstərilən bütün sənədlər istintaq orqanına təqdim edilmişdir. Bildirmişdir ki, barələrində yuxarıda göstərilən araşdırmaya əsas olan “xxxx” MMC tərəfindən istehsal olunmuş adları hazırkı iddia ərizəsinə qoşma ilə Məhkəməyə təqdim olunan Azərbaycan Respublikasının X2nin “Malların (məhsulların) zərərsizləşdirilməsi və ya ləğv edilməsi haqqında” 01.02.2020-ci il tarixli, 001 nömrəli qərarda göstərilən süd və süd məhsullarının bəzilərində bağırsaq çöpləri qrupu bakteriyalarının miqdarının normativ sənədlərin tələblərinə cavab verməməsinin iddia edilməsi olmuşdur. İstinad edilən qərarla sözügedən qərarda adları göstərilən məhsullar bu məhsulların tərkibində bağırsaq çöpləri qrupu bakteriyalarınm miqdarı laboratoriya sınaqlarının nəticələrinə əsasən normativ sənədlərin tələblərinə cavab verməməsi əsası ilə xüsusi ayrılmış yerdə ləğv edilməsi qərara alınmışdır. Hazırki iddia ərizəsinə əlavə etdikləri Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən, sözügedən cəmiyyətin layihələr üzrə meneceri C.O.Mehdiyevin, X2 Bakı regional bölməsinin böyük məsləhətçisi Q.C.Zakirovun və “xxxx” MMC-nin sex rəisi M.B.Ağayevin iştirakı ilə tərtib və təsdiq edilən 21 sentyabr 2020-ci il tarixli “Tullantıların təhvil-təslim edilməsi haqqında akt’ının surətindən görünür ki, sözügedən cəmiyyətlə “xxxx” MMC arasında bağlanmış 21 sentyabr 2020-ci il tarixli, 30/60 saylı müqaviləyə əsasən, ümumi sayı 705 ədəd, həcmi 2 m3 olan, “RB” əmtəə nişanlı müxtəlif çeşiddə olan süd məhsulları istifadəyə yararsız olduğundan zərərsizləşdirilmişdir. Qeyd edilməsi zəruridir ki, istehsal etdikləri yuxarıda sözügedən məhsullarda aşkar olunan "bağırsaq çöpünə” görə xüsusi ilə mühüm işlər üzrə müstəntiq Elvin Hüseynov tərəfindən artıq 8 (səkkiz) aydan çox müddətdir ki, onlarla ən qatı cinayətkar kimi rəftar edilir. Belə eyni işçilərimiz dəfələrlə istintaq orqanına çağırılır, koridorlarda saatlarla gözlədildikdən sonra heç bir izahat alınmadan geri qaytarılır, sonradan həmin işçi təkrar istintaqa çağırılır, yenə heç bir izahat alınmır və ya izahat alındıqdan sonra təkrarən çağırılır və beləliklə də müəssisənin normal iş ahəngi pozulur. Əsassız süründürməçiliyə məruz qalırlar. Vəziyyət elə həddə çatdırılır ki, artıq işçilərimizi kütləvi şəkildə işdən çıxarıb, müəssisənin fəaliyyətini dayandırmağa məcburlar. Müstəntiq iş vaxtı bitdikdən sonra müəssisəyə əməkdaş göndərir. Müəssisənin sənədlərini istəyir. Gecə vaxtı işdə gözətçilərdən başqa işçilərin olmadığı bildirildikdə, dərhal işə gəlməyi, onların göstərişlərini icra etməyi tələb edirlər. Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair tələblər Azərbaycan Respublikasının Qida X1 03 noyabr 2020-ci il tarixli, 19 nömrəli qərarı ilə 6 saylı əlavə kimi təsdiq olunmuş “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları” ilə tənzimlənir. Sözügedən Qaydaların 2.0.2-ci yarımbəndində mikrobioloji göstəricinin, 2.0.3-cü yarımbəndində mikrobioloji göstəricilərə uyğunluğun, 2.0.6-cı yarımbəndində qida təhlükəsizliyi göstəricilərinin və s. anlayışlar ehtiva olunmuşdur. Eyni zamanda sözügedən Qaydaların 6-cı bəndində mikrobioloji çirklənmə üzrə uyğun olmayan nəticələr tənzimlənmişdir. İstinad olunan Qaydaların 6.1-ci bəndində göstərilmişdir ki, müayinə nəticələri bu Qaydaların 1 və 2 nömrəli əlavələrində qeyd edilən göstəricilərə uyğun olmadıqda bu Qaydaların 6.2-ci, 6.3cü və 6.4-cü bəndlərində qeyd edilən tədbirlər həyata keçirilməlidir. Sözügedən Qaydaların 6.2-6.6-cı yarımbəndlərində isə göstərilmişdir ki, mikrobioloji çirklənmənin təkrarlanmasının qarşısını almaq və uyğun olmayan nəticələrin səbəbini müəyyən etmək məqsədilə qida subyektləri qabaqcıl gigiyena təcrübələrini tətbiqini təmin edir. Müayinə nəticələri bu Qaydaların 1 nömrəli əlavəsində qeyd edilən qida təhlükəsizliyi göstəricilərinə uyğun olmadığı halda həmin məhsul partiyası qida subyektləri tərəfindən ticarət şəbəkələrindən yığışdırılmalı və ya geri çağırılmalı, həmin məhsulların utilizasiyası və ya məhv edilməsi təmin edilməlidir. Parakəndə satışa təqdim edilməmiş, topdan satış ticarət şəbəkələrində qida təhlükəsizliyi göstəricilərinə dair normalara uyğun olmayan qida məhsulları təhlükəni aradan qaldırmaq məqsədilə müvafiq emal prosesinə cəlb edilir. Mikrobioloji göstəricilərə görə birbaşa təyinatı üçün yararsız olan, lakin insan və heyvan sağlamlığı üçün risk təşkil etməyən məhsul partiyası HACCP prinsiplərinə və qabaqcıl gigiyena normalarına əsaslanan prosedurlardan istifadə etməklə, həmçinin qida təhlükəsizliyi sahəsində səlahiyyətli orqanın qərarı ilə təyinatını dəyişməklə digər məqsədlərlə istifadə edilə bilər. Qida məhsullarının təhlükəsizliyi sahəsində səlahiyyətli orqanın nümayəndəsi qeyri-kafı müayinə nəticələrini ciddi təhlil etməlidir. Sınaq nəticələri zamanı uyğunsuzluqlar aşkar edildikdə, mikrobioloji risklərin qarşısını almaq, təhlükə yaradan vəziyyəti aradan qaldırmaq üçün qanunvericiliyə müvafiq tədbirlər görülməlidir. Nəzərə alınmalıdır ki, istehsal prosesi zamanı qida məhsullarının, xüsusən də süd və süd məhsullarının mikrobioloji çirklənməyə məruz qalması, həmin məhsullarda bağırsaq çöpləri qrupuna aid bakteriyalarm miqdarının normativlərdən artıq olmasının aşkarlanması təbiidir və bu hal hər hansı bir cinayət məsuliyyətinə əsas yaratmır. Həmçinin nəzərə alınmalıdır ki, müəssisə tərəfindən istehsal olunmuş süd məhsullarının tərkibinin saxtalaşdırılıması hallarına yol verilməmişdir və hətta belə bir saxtalaşdırma mümkünsüzdür. Eyni zamanda nəzərə alınmalıdır ki, hətta bu hal təsdiqini tapdığı halda, əməlləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 220-ci maddəsi ilə qiymətləndirilməlidir. İnzibati xəta üzrə işlə əlaqədar xüsusi ilə mühüm işlər üzrə müstəntiqin 8 aydan çox araşdırma aparmasına nə lüzum vardır. Sözsüz ki, bu araşdırmada qeyri-prosessual maraqlar vardır. Onu da bildirdi, bu barədə müstəntiqə hüquqi mövqeyimizi ifadə edərək, məsələ üzrə Azərbaycan Respublikasının İXM-nin 220.2-ci maddəsində 400 (dörd yüz) manat məbləğində cərimə cəzasının müəyyənləşdirildiyini bildirdikdə müstəntiq onlara bildirmiş ki, hər bir halda onlarla razılıq əldə etməliyik. Bunun əsasını isə barələrində olan materiala ********* saylı cinayət işi nömrəsi verilməsi ilə izah edir. Bildirilir ki, artıq onların “bağırsaq çöpü ilə” əlaqədar işə Baş Prokuror tərəfindən cinayət işi üzrə nömrə verilmişdir və müəssisə onunla razılıq əldə etdikdən sonra bu nömrə bağlanacaqdır. Əks halda bildirilir ki, nəinki müəssisənin direktoru, texnoloqu və laborotoriya müdiri, hətta müəssisənin təsisçiləri də həbs ediləcəkdir. Yuxarıda sadalanan xüsusatlardan görünür ki, “xxxx” MMC-də səyyar vergi yoxlamasmın keçirilməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinin tələblərinə uyğun olmamaqla yanaşı, bu yoxlama prokurorluq orqanının müstəntiqinin qərəzli hərəkətlərinə əsaslanır ki, bu da qanunvericiliyin tələblərinə uyğun deyildir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin sonuncu iclası barədə lazımi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddia tələbinə dair etiraz təqdim edərək bildirmişdir ki, aşağıda göstərilənləra görə iddia ərizəsinin dəlilərini əsassız hesab edilir. Azərbaycan Respublikası Baş Prokurorluğunun 13.03.2021-ci il tarixli Qərarında ********* N-li cinayət işi üzrə İbtidai istintaqın tam, hərtərəfli, obyektiv aparılmasının təmin edilməsi məqsədi ilə “xxxx” MMCnin bütün fəaliyyət dövrü üzrə gəlir mənbələri, fəaliyyəti barədə dövlət orqanlarına hesabatlar təqdim edib-etməməsi, vergi qanunvericiliyinin tələblərinə riayət edilibedilməməsi, cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin leqallaşdırmasında iştirakı, pul vəsaitlərinin dövriyyəsi, sair daxilolmaların təyinatının qanuniliyinin və başqa xüsusatların Dövlət Vergi Xidmətinin əməkdaşları mütəxəsis qismində cəlb edilməklə yoxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Baş Prokurorluğunun 13.03.2021-ci il tarixli Qərarına və Vergi Məcəlləsinin 38.3.6 maddəsinə əsasən Baş İdarənin 23.04.2021-ci il tarixli **********146267 saylı Qərarına əsasən “xxxx" MMC-də (VÖEN **********) 01.10.2015-ci il tarixdən 28.02.2021-ci il tarixədək olan dövr əhatə edilməklə növbədənkənar səyyar vergi yoxlaması təyin olunmuşdur. Vergi ödəyicisinə 26.04.2021-ci il tarixli **********146294 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə” təqdim edilmişdir. Tələbnamədə göstərilən bazada olmayan ilkin mühasibat sənədləri, xammal və materialların alış-satış qaimələri, görülmüş iş və xidmətlərin təsdiq edən sənədlər, (Forma 2-lər və aktlar), müvafiq fəaliyyət üzrə lisenziya(lar), müqavilələr (podrat, əmək, icarə və alqı-satqı müqavilələri) yoxlanılan dövr üzrə bank sənədləri, kassa mədaxil və məxaric sənədləri, əmək haqqı cədvəlləri, vergi hesab fakturaları, qaimə fakturalar, (elektorn qaimələr), yük gömrük bəyannamələri (invoislər), gəlir və xərclərlə bağlı digər sənədələr, Nəzarət kitabçası, nəqliyyat, qaz, su, işıq xərc sənədləri (həmçinin elektron fayllarda) və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər və digər xərc sənədlərinin 19.05.2021-ci il tarixədək yoxlamaya təqdim edilməsi bildirilmişdir. Vergi Məcəlləsinin 38.1 -ci Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsinə növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. Verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təh rif olunmuş məlumatlar aşkar edildikdə. 38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə, 38.3.6. cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; 38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə, 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; 38.3.9. Vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə. Bu halda növbədənkənar səyyar vergi yoxlaması vergi orqanlarının əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri tərəfindən keçirilə bilməz. Vergi Məcəlləsinin 49.1 -ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında. Aşağıda qeyd olunan səbəblərdən cavabdeh 2 saylı Ərazi Vergilər Baş idarəsi iddia tələbini mümkünsüz hesab edir: İddia tələbindən göründüyü kimi iddiaçı tərəfindən səyyar vergi yoxlaması aktı mübahisələndirilmişdir. Bununla bağlı qeyd etmək lazımdır ki, “Səyyar vergi yoxlamasının keçrilməsi haqqında” 23.04.2021-ci il tarixli **********146267 saylı Qərar “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri baxımından inzibati akt hesab edilə və həmin aktın ləğvi məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növlərini müəyyən edən 2.2-ci maddəsi hər hansı aktların yox, yalnız inzibati aktların mübahisələndirilməsini nəzərdə tutur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göründüyü kimi, iddiaçı tərəfindən mübahisələndirilən səyyar vergi yoxlamasının keçrilməsi haqqında qərar yuxarıda sadalan əlamətlərin hamısına malik deyil və “hüquqi və ya fiziki şəxslərə ünvanlanma”, “həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratma” əlamətlərindən məhrumdur. Sözügedən akt birbaşa vergi ödəyicisinə ünvanlanmamış, onun üçün özü-özlüyündə hüquqi qüvvəyə malik, yaxud gələcəkdə hüquqi qüvvəyə minəcək hər hansı müəyyən nəticə yaratmamışdır. Əksinə, həmin akt məzmunu etibarilə səlahiyyətli vergi orqanına ünvanlanmaqla, sonuncuya vergi ödəyicisinə əlavə vergilərin hesablanması və maliyyə sanksiyasının tətbiq edilməsi ilə bağlı təklifləri ehtiva etmişdir. Başqa sözlə, mübahisələndirilən akt vergi hüquq pozuntusunun olub-olmaması faktının təsdiqi üçün tərtib olunan və vergi ödəyicisinin hüquqi məsuliyyətinin həllində əsas götürülə biləcək sübut növüdür. Vergi ödəyicisi üçün hüquqi nəticələr isə məhz “vergi məsuliyyətinə cəlb etmə”, yaxud “vergi məsuliyyətinə cəlb etməkdən imtina” barədə qərarın qəbulu ilə yaradılır. Təsadüfi deyil ki, səlahiyyətli vergi orqanı adı çəkilən qərarlardan birini qəbul edərkən sübut kimi həmin akta və digər sənədlərə istinad edir və həmin qərar qəbul edilməyənədək, vergi ödəyicisi üçün müəyyən (konkret) hüquqi nəticə yaranmır. Yuxarıda qeyd olunanlardan belə nəticə əldə olunur ki, səyyar vergi yoxlamasının keçrilməsi haqqında qərar inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsi mümkün sayıla və həmin iddiaya baxıla bilməz. Qeyd olunanlara əsasən iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmədə cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda qeyd olunanlara əsasən təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 61.1-ci maddəsinə əsasən vergi orqanlarının hüquqa zidd hərəkətləri (qərarları) və ya hərəkətsizliyi, habelə vergi orqanlarının vəzifəli şəxslərinin və digər işçilərinin öz vəzifələrini icra etdikdə, onların hüquqa zidd hərəkətləri (qərarları) və ya hərəkətsizliyinə, həmçinin bunların nəticəsində vergi ödəyicilərinə dəymiş zərərə görə vergi orqanları və vergi orqanlarının vəzifəli şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən vergi ödəyicilərinə bu Məcəllənin 61.1-ci maddəsində göstərilən hərəkətlər (qərarlar) və ya hərəkətsizlik nəticəsində dəymiş zərər məhkəmənin qərarına əsasən ödənilir. Vergi orqanları tərəfindən düzgün tutulmayan vergi, maliyyə sanksiyaları, faizlər və inzibati cərimələrin məbləğləri, vergilər üzrə borclar olmadıqda, bu Məcəllədə başqa hallar nəzərdə tutulmadıqda vergi ödəyicisinin müraciətinə əsasən 45 gün müddətində geri qaytarılmalıdır və ya gələcək ödənişlərin hesabına aid edilə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən vergi öhdəliyinin yaranması, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar, həmçinin vergi öhdəliyinin yerinə yetirilməsi qaydası və şərtləri yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 77.4-cü maddəsinə əsasən vergi öhdəliyinə aşağıdakı hallarda xitam verilmiş hesab olunur: 1) verginin ödənilməsi; 2) verginin ödənilməsi öhdəliyinin xitam verilməsi vergilər haqqında qanunvericiliyə müvafiq olaraq ortaya çıxan hallarda, habelə qanun əsasında vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar silindikdə; 3) vergi ödəyicisi vəfat etmiş və ya Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölmüş hesab edildikdə. Vəfat etmiş və ya ölmüş hesab edilmiş şəxsin əmlak vergiləri üzrə borcları vərəsəlik əmlakının dəyəri hədlərində ödənilir; 4) bu Məcəlləyə müvafiq olaraq ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) tərəfindən büdcə ilə (büdcədənkənar fondlarla) bütün hesablaşmalar aparıldıqdan sonra vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə; 5). Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müflis olması nəticəsində ləğv edilmiş borclu vergi ödəyicisinin məhkəmənin qərarı ilə ödənilməsindən imtina edilmiş tələblər ləğv edilmiş sayıldıqda. Həmin Məcəllənin 36.4-cü maddəsinə əsasən bu Məcəllənin 38.3-cü maddəsində göstərilən hallarda keçirilən yoxlamalar istisna olmaqla, vergi orqanı tərəfindən yoxlanılmış vergi dövrü üçün vergi ödəyicisinin ödədiyi və ya ödəməli olduğu vergilər üzrə səyyar vergi yoxlamalarının keçirilməsi qadağandır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər.Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Həmin Məcəllənin 38.3.6-cı maddəsinə əsasən cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda növbədənkənar vergi yoxlaması həyata keçirilə bilər. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin 13 mart 2021-ci il tarixli qərarı ilə “xxxx” MMCnin gəlir mənbələrini, vergi qanunvericiliyinin tələblərinə riayət edib-etməməsini, pul vəsaitlərinin dövriyyəsi və başqa xüsusatları müəyyən edilməsi məqsədi ilə Vergi Xidmətinin əməkdaşları tərəfindən MMC-nin bütün fəaliyyət dövrləri üzrə yoxlamanın aparılması təyin edilmişdir. Vergi Xidməti isə öz üzərinə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən növbədən kənar vergi yoxlamasının aparılması hüququndan istifadə edərək, növbədənkənar vergi yoxlamasının aparılmasına başlanması haqqında qərar qəbul etmişdir. Vergi Məcəlləsinin 36.4-cü maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlamasından başqa vergi orqanı tərəfindən yoxlanılmış illər üzrə yenidən səyyar vergi yoxlamasının aparılması qadağandır. Göründüyü kimi hazırki yoxlama səyyar deyil, növbədənkənardır və həmin yoxlamanın aparılması vergi orqanının diskression səlahiyyətidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə, inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə və inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz . Beləliklə iddianın təmin olunması üçün hər hansı bir əsas müəyyən olunmur və iddia əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin 23.04.2018-ci il tarixli, **********146267 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1103/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1103/2021
09.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver