Məhkəmə qərarları › İş №2-1(118)-1104/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1104/2021

30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1104/2021 30.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 67 ünvanında yerləşən “xxxx” MMC tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasında yerləşən 53 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 67 ünvanında yerləşən “xxxx” MMC tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasında yerləşən 53 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, 31.03.2021-ci ildə o, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsinə ərizə ilə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 67 ünvanında yerləşəm “xxxx” MMC tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasında yerləşən 53 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh ona əsassız olaraq imtina cavabı verərək göstərilən mənzilin yerləşdiyi çoxmərtəbəli yaşayış binası üzərində “xxxx” MMC-nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığını və bu səbəbdən mənzil üzərində onun hüquqlarının qeydə alınmasının qeyrimümkün olduğunu bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 iddianı qəbul etməyərək izah etmişdir ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş sənədlərdə göstərilən mənzilin yerləşdiyi çoxmərtəbəli yaşayış binası üzərində “xxxx” MMCnin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı aşkar edilmişdir. İş materiallarında olan : - "xxxx” MMC-nin 23.05.2012-ci ilin 173/1 saylı arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev prospekti, 67 ünvanında inşa olunan yüksəkmərtəbəli yaşayış binası "xxxx" MMC-yə məxsusdur. 1-ci giriş, Y/16-ci mərtəbəsi, 124,70 m2, 3 (üç) otaqlı, 173 -№li mənzilin X4 tərəfindən 37410 manat müqavilə dəyəri tam ödənilmişdir. - payın mülkiyyətçisinin dəyişdirilməsi haqqında müqavilədən görünür ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 19.10.2007-ci ili tarixli, 810 saylı sərəncamı ilə Xırdalan şəhəri, H.Əliyev prospekti 67 ünvanda “xxxx” MMC-nin tikilməkdə olan çoxmərtəbəli yaşayış evinin 16/16 mərtəbə, ümumi sahəsi 124.70 kv.m. olan, 3 otaqdan ibarət, 1-ci blok, 173 nömrəli mənzili üzrə payçı olan “Satıcı” X4 həmin mənzil üzrə payını “Alıcı” İddiaçı satmağı, “Alıcı” isə payın razılaşdırılmış tam dəyərini “Satıcıya” ödəməyi, “3-cü tərəf” isə “Satıcı” ilə “Alıcı” arasında olan bu müqaviləni təsdiq etməyi öhdəsinə götürmüşdür. - “xxxx” MMC-nin 25.01.2019-cu ilin 1/53 saylı arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev prospekti, 67 ünvanında inşa edilən 4 bloklu yüksəkmərtəbəli yaşayış kompleksi "xxxx" MMC tikinti şirkətinə məxsusdur. (30.10.2010-cu il müqaviləsinə əsasən, müqavilə dəyəri 37410 manat X4 tərəfindən ödənilmiş (yerli kommunal xərcləri v.s istisna olmaqla). 1-ci giriş,Y/16-ci mərtəbəsi, 124,70 m2, 3 (üç) otaqlı, 53 -№li mənzil, bundan sonra İddiaçın mülkü sayılır. - “xxxx” MMC-nin 30.03.2021-ci ilin maliyyə arayışından görünür ki, İddiaçı Xırdalan şəhəri, H.Əliyev prospekti, 67 ünvanında yerləşən yaşayış binasının 16 mərtəbədə, ümumi sahəsi 124.7 kv.m. olan, 3 otaqlı, 53 saylı mənzilin dəyəri tam ödənilmişdir. - 30.03.2021-ci il tarixli “xxxx” MMC üzvlərinin ümumi iclasının 10 №li protokolundan çıxarışından görünür ki, İddiaçı kooperativin üzvü qəbul olunmaqla, MMC-nin Xırdalan şəhəri, H.Əliyev prospekti, 67 ünvanında yerləşən yaşayış binasının 16 mərtəbədə, ümumi sahəsi 124,70 kv.m. olan, 3 otaqlı, 53 saylı mənzilin sahibi olması təsdiq edilmişdir. - DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin 16.04.2021-ci il tarixli **********24 saylı məktubundan görünür ki, İddiaçı ərizəsi üzrə aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş sənədlərdə göstərilən mənzilin yerləşdiyi çoxmərtəbəli yaşayış binası üzərində “xxxx” MMC-nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı aşkar edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan həm iddiaçının ərizəsinə verdiyi imtina məktubunda, həm də iddia ərizəsinə etirazında ona istinad etmişdir ki, iddiaçının aldığı mənzilin yerləşdiyi bina üzərində mülkiyyət hüququ qeydə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Göstərilən Məcəllənin 407.2-ci maddəsinə görə sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respubikası Mülki Məcəlləsinin 144-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq tikintisinə icazə alınmış, lakin həmin Məcəlləyə uyğun olaraq istismarına icazə verilməmiş binalar tikintisi başa çatmayan binalar hesab edilir (144-1.1). Mülkiyyətindəki torpaq sahəsində tərkib hissələrdən ibarət binanın tikintisinə icazə almış mülkiyyətçi tikiləcək binanın tərkib hissələrinin sayına və sahəsinə mütənasib olaraq həmin torpaq sahəsini bu Məcəllənin 144.5-ci maddəsində nəzərdə tutulmuş qaydada bölünmə planı əsasında paylara bölə bilər və bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququnun qeydə alınmasını tələb edə bilər. Tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra sərəncam verə bilər (144-1.2). Bölünmə planına əsasən mülkiyyətindəki torpaq sahəsində yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməli və tərkib hissələri əldə edən şəxslərin xeyrinə bu Məcəllənin 147-ci maddəsinə uyğun olaraq təminat qeydi aparılmalıdır (144-1.4). Həmin Məcəllənin 144-1.5-ci maddəsinə görə bu Məcəllənin 144-1,4-cü maddəsində nəzərdə tutulan müqavilədə digər müddəalarla yanaşı, tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissələrin bağlı olduğu payların alqı-satqı şərtləri, təminat qeydinin aparılmasına dair torpaq sahəsi mülkiyyətçisinin və torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxsin bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəlikləri və 147.2-ci maddəsində nəzərdə tutulan razılıqları, habelə bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsindən sonra torpaq sahəsində müvafiq paya və tərkib hissəyə mülkiyyət hüququnun xeyrinə təminat qeydi aparılmış şəxsə keçməsinə dair torpaq sahəsi mülkiyyətçisinin razılığı açıq- aydın ifadə edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu Qanundan və digər normativ hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur ...8.0.9 Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1dək) inşa edilmiş tikililərə dair:…8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə-torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına, o cümlədən 101-ci maddəsinin tələbinə görə tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 31.08.2009-cu il tarixli 47 saylı əmri ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzırindı hüquqların qeydiyyatı, texniki sənədlərin tərtib edilməsi və dövlət reyestrindən arayışlar üçün tələb olunan sənədlərin qəbulu, dövriyyəsi, ekspertizası və verilməsi Qaydaları”na 2 nömrəli Əlavənin 43-cü bəndində isə göstərilir ki, dövlət torpaqlarında, özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrində fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş (və ya qanuni yolla əldə edilmiş) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün ərizə, torpaq sahəsinin qanuni istifadədə olduğunu təsdiq edən sənəd (müvafiq icra hakimiyyəti orqanının sərəncamı, icarə müqaviləsi və s.), obyektin inşaat pasportu, obyektin layihə sənədləri, obyektin istismara qəbul aktı, obyektin texniki pasportu, dövlət rüsumunun ödənilməsi barədə qəbz təqdim edilməsi tələb olunur. Beləliklə, qanunvericiliyin müəyyən etdiyi qaydalar onu tələb edir ki, tikintisi başa çatmış yaşayış evinin istismara qəbul edilməsini təsdiq edən istismara qəbul aktı və bina üzərində hüquqlar qeydə alınmalıdır ki, həmin binada yerləşən mənzillərin dövlət reyestrindən ilkin qeydiyyatının aparılması mümkün olsun. Lakin, iddiaçıya məxsus mənzilin yerləşdiyi yaşayış binası daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3). Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin İddiaçı verdiyi imtina cavabı mahiyyətcə qanuna zidd olmamışdır. NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 5 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar