Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1107/2021 28.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndə və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı “cavabdehin 0232 nömrəli, 21.04.2021-ci il tarixli qərarının ləğv edilməsi və cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyana görə 5 000 manat kompensasiyanın ödənilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, notariat qaydada təsdiq olunmuş, AN-İ 0817979, 29.01.2020-ci il tarixli Alqı-satqı müqaviləsinə əsasən, ünvan 1i ünvanında yerləşən, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 1 (bir) hektar torpaq sahəsini əvəzi ödənilməklə almış və torpaq sahəsi üzərində mülkiyyət hüququ Dövlət reyestrində qeydə alınaraq, ona 04.02.2020-ci il tarixli Dövlət reyestrindən Çıxarış təqdim olunmuşdur. Odur ki, həmin torpaq sahəsi əvvəlki mülkiyyətçidən satın alınmaqla əldə edilən zaman qanunvericiliyə zidd hərəkətlərə yol verilməmişdir. Torpaq Məcəlləsinin 14-cü maddəsinin 1 -ci bəndinə əsasən- Azərbaycan Respublikasının vətəndaşları kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini, vətəndaşların mülkiyyətində olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada satın alınması ilə əldə edirlər. Bundan sonra, həmin torpaq sahəsində kənd təsərrüfatı məhsulları, yəni kənd üsulu ilə quşların (əsasən qırqovul, kəklik, turac və s. bu kimi quşların) yetişdirilməsi və emalı üçün müvafiq ərazilərin hazırlanması, eləcə də lazımi obyektlərin tikintisinə görə TFM SMART PROJECT MMC tərəfindən işçi layihəsi sifariş olundu. Həmin işçi layihəsi və maddi hüquq normasında nəzərdə tutulmuş digər sənədlər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə müvafiq olaraq 3-cü şəxs-Abşeron rayon icra Hakimiyyətinə 09,06.2020-ci il tarixdə təqdim olunmuşdu. Abşeron rayon icra Hakimiyyətinin 996N-li, 11.06.2020-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, “mülkiyyətinizdə olan 1 hektar torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olduğu üçıirı əsaslı tikinti işlərinin aparılması qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun deyildir. Odur ki, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq torpaq sahəsinin təymatının dəyişdirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət etməyiniz tövsiyə edirik”. Xüsusi olaraq qeyd edir ki, TFM SMART PROJECT MMC tərəfindən hazırlanmış işçi layihəsinədə kənd üsulu ilə quşların yetişdirilməsi və emalı üçün hündürlüyü 5 metrə qədər, sahəsi 100 kvadratmetrə qədər bir mərtəbəli obyektlərin inşa olunacağı nəzərdə tutulmuşdur. Yenidən, Həmin işçi layihəsi və maddi hüquq normasında nəzərdə tutulmuş digər sənədlər 30.06.2020-ci il tarixli ərizə ilə birlikdə 3-cü şəxs-Abşeron rayon İcra Hakimiyyətinə göndərilsə də, həmin ərizəyə cavab verilməmişdir. Qüvvədə olan maddi hüquq normasının tələbinə görə, bu cür obyektlərin inşa olunması üçün icazə tələb olunmadığından, həmin işçi layihəsinə uyğun olaraq tikinti işlərinə başlanılmışdır. Lakin, Abşeron rayon İcra Hakimiyyətinin bəzi vəzifəli şəxsləri müxtəlif vaxtlarda onun mülkiyyətində olan əraziyə daxil olaraq, heç bir rəsmi sənəd təqdim etmədən, bilə-bilə qanunsuz hərəktlərə yol verərək, heç bir hüquqi əsas olmadan ərazidə aparılan tikinti işlərinin dayandırılmasını tələb etmişlər. Eyni zamanda, torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğu üçün həmin ərazidə ümumiyyətlə hər hansı bir obyektin tikintisinin aparılmasının qadağan olunduğunu qeyd edərək, inşa olunmuş yarımçıq tikintinin sökülməsinə cəhtlər etmişlər. Onunla Abşeron rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri arasında yaranmış sonuncu mübahisədən sonra, cavabdeh 03.03.2021-ci il tarixdə, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlarda naməlum şəxsin özbaşına tikinti işlərinin aparılması barədə şikayətlə Abşeron rayon Rolis İdarəsinə müraciət etmişdir. Abşeron rayon Rolis İdarəsinin İŞ-nin müstəntiqi X5 tərəfindən qəbul edilmiş “Cinayət təqibinin başlanmasının rədd ndilməsi barədə» 25.03.2021-ci il tarixli Qərarda göstərilmişdir ki, Toplanmış material üzrə İddiaçı barəsində cinayət işinin başlanması rədd edilsin və tərəflərə həmin xüsusatla bağlı məhkəməyə müraciət etmək hüququ izah edilsin. Abşeron rayon İcra Hakimiyyəti tərəfindən torpaq sahəsi üzərindəki onun mülkiyyət hüququna əsassız olaraq müdaxilələr edildiyinə görə və həmin torpaq sahəsi üzərindəki hüquqlarına edilən müdaxilələrin qarşısının alınması üçün məcbur qalıb məhkəməyə müraciət etmişdir. Hal-hazırda həmin iş üzrə məhkəmə icraatı davam edir. Həmin iş üzrə , Sumqayıt İnzibati Məhkəməsinin 06.04.2021-ci il tarixli Qərardadı ilə məhkəmə mübahisəsi başa çatanadək, ünvan 1i ünvanında yerləşən 1 (bir) hektar torpaq sahəsində sənaye tipli olmayan, kənd üsulu ilə quşlaın yetişdirilməsi və emalı üçün tikinti işlərinin aparılmasına maneələrin törədilməsi və tikintinin dayandırılması Abşeron rayon icra Hakimiyyətinə və onun vəzifəli şəxslərinə qadağan edilmişdir. Məhz, bundan sonra Abşeron rayon icra Hakimiyyəti tərəfindən cavabdeh Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinə müraciət edilmiş və tikintinin dayandırılmasına nail olmağa cəht edilmişdir. 3-cü şəxs Abşeron rayon İcra Hakimiyyəti, ona qarşı olan qanunsuz hərəkətlərini davam etdirmək üçün artıq cavabdeh vasitəsilə ona təsir göstərməyə başlamışdır. Belə ki, 27.04.2021-ci il tarixdə özünü təqdim etməyən cavabdehin vəzifəli şəxsi onun mülkiyyətində olan torpaq sahəsinə gəlmiş, torpaq sahəsinin sahibi olaraq onu soruşmadan, orada fəhlə işləyən imdad Quliyevə yaxınlaşmış, tikinti işlərinin dayandırılmasını tələb edərək, «Tikinti işlərinin dayandırılması barədə» 0232 nömrəli 21.04.2021-ci il tarixli Qərarı ona təqdim etmiş və imzalamağı xahiş etmişdir. Sonradan, onunla 077 *** ** ** telefon əlaqəsi saxlamış; o yuxarıda qeyd olunan sənədləri ona təqdim etməyim üçün müraciət etməyini bildirsə də, buna məhəl qoymamış və bildirmişdir ki, qeyd etdiyiniz sənədlər yalnız icra Hakimiyyəti vasitəsilə Bizə təqdim olunsa, Sizin tikintinin davam etdirib-etdirməməsi məsələsinə baxılacaqdır. Açıq-aşkardır ki, cavabdehin vəzifəli şəxsi tərəfindən təqdim olunmuş «Tikinti islərinin dayandırılması barədə» 0232 nömrəli 21.04.2021-ci il tarixli Qərar özü- özlüyündə qanunsuz aktdır. Belə ki, ümumiyyətlə Kənd təsərrüfatının mənası- bitki və heyvan mənşəli məhsulların istehsal olunmasını, bunların keyfiyyət və səmərələrinin yüksəldilməsini, bu məhsulların uyğun şərtlərdə mühafizəsini, işlənib qiymətləndirilməsini və satışa çıxarılmasını, həmçinin iqtisadi dəyəri olan hər cür bitki-heyvan mənşəli məhsulun baxım, bəsləmə, yetişdirmə, qoruma və mexanikiləşdirmə fəaliyyətlərini əhatə edir. Ümumiyyətlə, «Tikinti islərinin dayandırılması barədə» 0232 nömrəli, 21.04.2021-ci il tarixli Qərarın tərtibatına nəzər salsaq, Tikinti obyektinin ünvanı, təyinatı, Tikinti obyektinin sifarişçisi və onun üvanından başqa, yalnız «YOXDUR» sözündən istifadə edilərək, əsassız bir nəticəyə gəlinmişdir. Bundan başqa, Tikinti obyekti barəsində tərtib olunmuş Texniki baxış atı 5 göstərilsə də, həmin akt ümumiyyətlə onlara verilməmişdir. Eləcə də, həmin aktın nə vaxt və kimin tərəfindən tərtib olunması barədə də onda məlumat yoxdur. Həmçinin, Qərar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsinə əsaslandırılsa da, həmin tikintiyə icazənin hansı maddi hüquq normasının tələbinə əsasən alınması, eləcə də icazənin alınmamasını müəyyən edən maddi hüquq normasının tələbinin ümumiyyətlə inkar edilməsi səbəbləri açıqlanmır. Belə olan halda, həmin qərarın cavabdehin və 3-cü şəxsin istək və arzusu əsasında tərtib olunması müəyyən edilir. Bu cür Qərar isə qanuni hesab edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13-cü maddəsinin 1-ci bəndinin tələbinə görə- Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədləri üçün istifadə edilməsini nəzərədə tutduğundan və həmin Məcəllənin 58-ci maddəsinin 1-ci bəndinə əsasən - mülkiyyətimdə olan torpaq sahəsində maddi hüquq normasının tələbinə müvafiq qaydada tikinti işləri aparmaq mənim qanunla qorunan hüququm olduğu üçün, mənim hüquqlarıma qarşı edilən hazırkı hərəkətlər əsassız, və qanunsuzdur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1-ci maddəsinə əsasən- Mülkiyyətdə olan torpaq sahəsindəhündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələb olunmur. Qərarın özündə də açıq-aşkar etiraf edilir ki, bünövrədə betonlama və hörgü işləri aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 58-ci maddəsinin 1-ci bəndinə əsasən- Torpaq mülkiyyətçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Göründüyü kimi, mülkiyyətimdə olan ünvan 2i ünvanında yerləşən 1 (bir) hektar torpaq sahəsində, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədləri üçün normativ hüquqi aktların tələbinə uyğun müvafiq sənədləşmə işləri aparıldıqdan sonra tikinti işlərinə başlanılmışdır. Lakin, cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan mənim torpaq sahəsi üzərində olan hüquqlarıma qarşı qanunsuz hərəkətlərə yol verilmş və bunun nəticəsində mənim əmlak hüquqlarım əsassız məhdudlaşdırılmaqla, qeyd olunan Qərarı qəbul etmişdir. Hesab edir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 83-cü maddəsinin 1-ci bəndinə görə - Hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. Eləcə də, həmin qanunun 84-cü maddəsinə əsasən- Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Zərərin ödənilməsinə dair mübahisələrə müvafiq məhkəmədə baxılır. Bundan başqa, qeyd edir ki, Tikinti materiallarından istifadə edə bilmədiyinə görə, həmin materialların xarab olması və işçi qüvvəsinin boşdayanmalarına görə onlara ödənilən əmək haqqları miqdarında onu külli miqdarada ziyan dəyməsini müəyyən edir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndə və vəkili Vəkil iddia tələbinə dəqiqləşdirmə verərək cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin qəbul etdiyi 21.04.2021-ci il tarixli 0232 nömrəli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndə və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74-cü maddəsinə əsasən Məcəllənin 79- 80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Agentlik tərəfindən tikintiyə dövlət nəzarəti həyata keçirilən zaman ünvan 1ində tikintiyə icazə sənədi olmadan özbaşına tikinti işlərinin aparılması aşkar edilmişdir. Tikinti obyektinin təyinatı quşçuluq fermasıdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, yuxarıda qeyd olunan tikinti işləri İddiaçı tərəfindən aparılır. Tikinti ərazisində Agentliyin vəzifəli şəxsinə icazə sənədlərindən heç bir müvafiq sənəd təqdim olunmamışdır. Eyni zamanda bildirilr ki, iddiaçı tərəfindən tikintisi aparılan obyekt , tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinə şamil olunmur. Belə ki, həmin ərazidə böyük quşçulq ferması inşa edilir. Bununla bağlı, tərəflərindən Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1 -ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti işlərinin dayandırılması Qaydası”nın 3.1.1 -ci bəndinə əsasən tikinti işlərinin dayandırılması barədə 21 aprel 2021 -ci il tarixli 0232 nömrəli Qərar qəbul edilmişdir. Qərarın məzmunu barədə tikinti işlərini aparan şəxslərə məlumat verilmişdir , eyni zamanda Qərar onlara təqdim edilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmənin ötən iclaslarında iştrak edən 3-cü şəxs Abşeron rayon İcra Hakimiyyətinin nümayəndəsi X9 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddiaçının inşa etdirmək istədiyi tikiliyə Abşeron rayon İcra Hakimiyyəti tərəfindən icazə verilməlidir, lakin iddiaçı müvafiq icazə sənədini almadan tikinti işlərini davam etdirmişdir. Buna görədə Abşeron rayon İcra Hakimiyyəti tikinti işlərinin dayandırılması ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinə müraciət edərək tikinti işlərinin dayandırılmasını xahiş etmişdir. Nümayəndə hesab etmişdir ki, tikinti işlərinin dayandırılması ilə bağlı 21 aprel 2021 -ci il tarixli 0232 nömrəli Qərar qanuni olduğundan ləğv oluna bilməz. Məhkəmənin sonuncu iclası barədə məlumatlandırılmış 3-cü şəxs Abşeron rayon İcra Hakimiyyəti məhkəmədə nümayəndəsinin iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə 3-cü şəxs Abşeron rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur: Cavabdeh tərəfindən qəbul edilmiş 21 aprel 2021 -ci il tarixli 0232 nömrəli qərarın surəti və digər sənədlər. Həmin materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 1i ünvanında yerləşən 1 (bir) hektar torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İddiaçı ona məxsus torpaq sahəsində sənaye tipli olmayan, kənd üsulu ilə quşların yetişdirilməsi və emalı üçün tikinti işlərinin aparılmasını məhkəmədən xahiş edir. X8 Nazirliyinin Tikintidə X2 Agentliyinin 0232 saylı 21.04.2021-ci il tarixli Qərarı əsasında İddiaçı tərəfindən Abşeron rayonu, Fatmayi kəndində inşa edilən quşçuluq fermasında tikinti işləri dayandırılmışdır. İddiaçı hesab edir ki, cavabdeh təşkilatın hərəkətləri qanunsuzdur və həmin qərar ləğv edilməlidir. Məhkəmə hesab edir ki, Fövqaladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin 0232 saylı 21.04.2021-ci il tarixli Qərarı əsassız olduğundan ləğv olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1-ci maddəsinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələb olunmur. Həmin Məcəllənin 79.2-ci maddəsinə əsasən bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Həmin Məcəllənin 80.3-cü maddəsinə əsasən barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. Həmin Məcəllənin 80.4-cü maddəsinə sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 92.1.1-ci maddəsinə əsasən tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə müvafiq icra hakimiyyəti orqanı hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim edir. Həmin Məcəllənin 92.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 92.1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 4 ay müddətində aradan qaldırılmadıqda müvafiq icra hakimiyyəti orqanı hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin dayandırılması barədə qərar qəbul edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il № 695 saylı Fərmanının 4.7-ci bəndinə əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinin birinci cümləsində qeyd olunan müvafiq icra hakimiyyətinin səlahiyyətlərini Bakı şəhəri istisna olunmaqla digər inzibati ərazilərdə yerli icra hakimiyyətləri həyata keçirirlər. Həmin Fərmanın 4.10-cu bəndinə əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin 92.1.1 və 92.4-cü maddələrində qeyd olunan müvafiq icra hakimiyyətinin səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirirlər. Şəhərsalma və Tikinti Məcəlləsinin yuxarıda qeyd olunan maddi hüquq normalarından bəlli olur ki, şəxin mülkiyyətdə olan torpaq sahəsində hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kv.m olan tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələb olunmur və həmin tikililər məlumatlandırma icraatı çərçivəsində həyata keçirilir.Yəni tikinti işlərini aparmaq niyyətində olan şəxs (sifarişçi) tikintiyə başlamazdan əvvəl tikinti barədə yerli icra hakimiyyətinə məlumat verir və tikinti obyektinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini yerli icra hakimiyyətinə təqdim edir. Yerli İcra Hakimiyyəti ona təqdim edilmiş sənədlər əsasında 10 gün müddətində tikinti aparmaq niyyətində olan şəxsə iradlarını bildirmədiyi tədqirdə tikinti işləri həyata keçirilə bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Qeyd olunan iradların olmasına əhəmiyyət verilmədən tikinti işləri aparılarsa yerli icra hakimiyyəti orqanlarının Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təstiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.11.10-cu bəndinə əsasən tikinti obyektlərin tikintisinin dayandırılması ilə bağlı aidiyyəti dövlət orqanları, yəni FHN qarşısında məsələ qaldırmaq hüququ var. Yerli İcra hakimiyyəti tərəfindən qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyə müraciəti daxil olduqdan sonra məlumatlandırma icraatının tətbiq olunduğu hallarda FHN-nin müvafiq idarəsi tərəfindən əraziyə baxış keçirilməlidir. Əraziyə keçirilmiş baxış nəticəsində layihənin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildiyi tədqirdə Fövqaladə Hallar Nazirliyinin X2 Agentliyi hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib etməli və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə tikinti işləri aparan şəxsə icrası məcburi olan yazılı göstəriş təqdim etməlidir. Pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 4 ay müddətində aradan qaldırılmadıqda Fövqaladə Hallar Nazirliyinin X2 Agentliyi hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin dayandırılması barədə qərar qəbul edir. Göründüyü kimi cavabdeh Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 92-ci maddəsində göstərilən prosedur qaydalarına riayət etmədən birbaşa tikinti işlərinin dayandırılması barədə qərar qəbul etmişdir. Məhkəmə qeyd etməyi zəruri bilir ki, FHN-nin müvafiq göstərişlərinə tikinti işlərini aparan şəxs tərəfindən əməl edilməməsi həmin tikilinin gələcəkdə FHN-nin məhkəməyə müraciəti əsasında sökülməsi ilə nəticələnə bilər. Ona görə də məhkəmə hesab edir ki, Fövqaladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi tikinti işlərinin dərhal dayandırılmasında haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14, 68, 69, 73, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin İddiaçı barəsində qəbul etdiyi 21.04.2021-ci il tarixli 0232 nömrəli qərarı ləğv olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1107/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1107/2021
28.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver