Məhkəmə qərarları › İş №2-1(118)-1107/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1107/2024

23.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1107/2024 23.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Kamal qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Quba rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli 14 saylı qərarı ilə ayrılmış Quba rayonu Meckəxacə kəndində yerləşən 0,47 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum nənəsi X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Torpağın mülkiyyətə verilməsinə dair JN-088F KOD 30321068 saylı Şəhadətnamə əsasında hüquqlarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 14 saylı qərarı ilə ayrılmış Quba rayonu, Meckəxacə kəndində yerləşən 0,47 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum nənəsi X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli 14 saylı qərarı ilə iddiaçının nənəsi X3 Quba rayonu Meckəxacə kəndi ərazisindən 0,51 hektar torpaq sahəsi verilmişdir. Həmin qərar əsasında Torpağın mülkiyyətə verilməsinə dair JN-088F KOD 30321068 saylı Şəhadətnamə də verilmişdir. Qeyd olunan şəhadətnamə DT və XK-nın Quba rayon şöbəsinin müdiri və Dövlət Yerquruluşu Layihə İnstitu tərəfindən təsdiq olunmuşdur. Torpaq sahəsinin plan və ölçüsü müəyyən olunaraq faktiki olaraq nənəsinə təhvil verilmişdir. Nənəsi və atası vəfat etmişlər. O, vərəsə kimi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə hüquqların qeydə alınması üçün müraciət etdikdə oradan bildirmişlər ki, Şəhadətnamədə göstərilən 0,51 ha torpaq sahəsi naturada və torpaqların elektron kadastr uçotu informasiya sistemində həmçinin arxiv sənədlərində azalaraq 0,26 ha ölçüdə öz əksini tapmışdır. Buna görə də, mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. İddiaçı hesab edir ki, qeyd olunan imtina əsassızdır. Belə ki, ləğv edilmiş və mövcud olan idarələr arasında mülkiyyət hüquqlarını təsdiq edən şəhadətnaməyə dair qeyri-dəqiq məlumatın aşkar olunması mülkiyyətçinin təqsiri ola bilməz. Bunun üçün müvafiq qrumlar məsuliyyət daşıyır. Şəhadətnamənin əsli mövcuddur və o, heç bir halda mübahisələndirilməmişdir. Təqdim etdiyi sənədlər qanunauyğun formada tərtib edilmişdir. Həmçinin torpaq sahəsinin ölçülərinin hansı əsaslarla azaldılaraq işlənməsi məlum deyildir. Göstərilənlərə əsasən, qeyd olunan məsələ ilə bağlı olaraq məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etmədi və izah etdi ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilən qeydiyyat vəsiqəsində və texniki pasportda göstərilən fərdi yaşayış evinin söküldüyü və yerində 2020-ci il tarixdə yeni fərdi yaşayış evi inşa edilmişdir. İddiaçı evin və torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üçün təqdim edilmiş sənədlərdə göstərilən məlumatlarla dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluqlar mövcuddur. Belə ki, ərizəyə əlavə olunmuş JN-088F nömrəli (KOD ********) seriyalı "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də torpaq sahəsinin olçüsu 0,51 ha göstərilməsinə baxmayaraq, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publık hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında və arxiv nüsxəsində həmin torpaq sahəsi 0,26 ha ölçüdə öz əksini tapmışdır. İş materiallarında olan: -JN 088F KOD 30321068 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 14 saylı qərarı ilə X3 Quba rayonu Rustov (Meckəxacə) kəndi ərazisində fərdi yaşayış evi tikintisi üçün 0,51 ha torpaq sahəsi mülkiyyətə verilmişdir. - Quba rayon İcra Hakimiyyəti başçısı və Quba RİHB Rustov inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, DT və XK tərəfindən verilən JN-088F torpağa mülkiyyət hüququna dair şəhadətnamədə səhv olaraq “X7” kimi qeyd olunmuşdur. Həqiqətən onun doğru adı X4r. - AZ-İ № 020407 ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2003-cü il tarixdə vəfat etmişir. - AZ-İ № 944385 ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2018-ci il tarixdə vəfat etmişir. - Quba Regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli məktubdan görünür ki, ərizəsinə və xx.xx.2012-ci il tarixli 2V-2416 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı xx.xx.2003-cü il tarixdə vəfat etmiş X1 qanun üzrə vərəsələri sırasına daxildir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, sözügedən məktubla əlaqədar mübahisəli torpaq sahəsində olmuş, GPS aləti vasitəsi ilə torpaq sahəsinin koordinatları naturadan (yerdən) götürülmüşdür. İddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi mişar daşı və dəmir torla hasarlanmışdır. Faktiki istifadə olunan torpaq sahəsinin daxilində 1 (bir) mərtəbəli yaşayış evi və yardımçı tikililər (talvar, təndirxana, hin və tövlə) mövcuddur. Torpaq sahəsi faktiki olaraq yol və qonşu torpaq sahələri ilə həmsərhəddir. Müayinə zamanı qonşu torpaq mülkiyyətçiləri ilə heç bir mübahisəli hal qeydə alınmamışdır. Kameral araşdırma nəticəsi olaraq bildiririk ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi 0,4850 ha təşkil edir. İddiaçının mərhum nənəsi X1 adına verilmiş JN-088F KOD 30321068 saylı “Torpağa mülkiyyət hüququna dair şəhadətnamə”nin cizgiləri DWJ xəritələrində 0,51 ha göstərilsə də, DBF siayhısında əsasən 0,25 ha ölçüdə göstərilmişdir. Şəhadətnamədə göstərilmiş torpaq sahəsinin cizgiləri ilə faktiki istifadə olunan torpaq sahəsinin cizgiləri arasında qismən fərq vardır. Sözügedən mübahisəli torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) 0,4971 ha ölçüdə göstərilmişdir. İddiaçı tərəfindən iddia olunan və faktiki istifadəsində olan torpaq sahəsi baza məlumatlarına əsasən heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür. İddiaçı tərəfindən faktiki istifadə olunan torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) yaşayış məntəqələri kateqoriyalı olub uqodiyası fərdi yaşayış kimi göstərilmişdir. Tərəflərindən mübahisəli torpaq sahələrinə dair sxem tərtib olunmuşdur, koordinatlar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir. - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş məktubdan görünür ki, JN-088F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin, Quba rayon Aqrar İslahat Komissiyasının 1 noyabr 1997-ci il tarixli 14 nömrəli qərarından çıxarışın, Quba rayonu üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısından X1 adı qeyd edilmiş hissədən çıxarışın surəti və sözügedən şəhadətnamənin Torpağa mülkiyyət, torpaqdan daimi istifadə hüququna dair dövlət aktlarının, torpağın mülkiyyətə verilməsinə dair və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələrin qeydiyyatı kitabında qeydiyyatdan keçdiyi barədə məlumatın surəti məhkəməyə təqdim edilmişdir. - İddiaçıya ayrılmış 0,51 ha torpaq sahəsinə dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli müayinə aktından görünür ki, qeydiyyat vəsiqəsində qeyd olunan ev sökülmüş, 2020-ci ildə yeni hüquqmüəyyənedici sənədləri təqdim edilməyən fərdi yaşayış evi inşa edilmişdir. - Məhkəmənin sorğusuna əsasən X12 filialı tərəfindən verilmiş Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli iclasının 14 saylı protokolundan çıxarışdan görünür ki, “Bakı” sovxozu üzrə cəmi torpaq fondu 3006 ha olmaqla dövlət mülkiyyətində saxlanılan torpaqlar 255,5 ha bələdiyyə mülkiyyətinə verilən torpaqlar 681 ha (o cümlədən bələdiyyənin ehtiyat fondu üçün 190,4 ha kənd təsərrüfatına yararlı torpaq sahəsi və xüsusi mülkiyyətə verilən torpaqlar 2069,2 ha (o cümlədən 1701 ha özəlləşən və 1368,2 ha həyətyanı torpaq sahələri) təsər. üzrə torpaq payı almaq hüququ olan hər bir subyektə 0,36 ha torpaq payının müəyyən edilməsi,habelə təsər.ərazisində yerləşən kəndlər üzrə torpaqların bölgü istiqamətinin təyin olunması və bu ərazidə yaşayan vətəndaşların fərdi həyətyanı sahələrində olan normadan artıq torpaqların onların torpaq payından çıxılması barədə “Bakı” sovxozunun AİK-nın 22 sentyabr 1997-ci il tarixli (pr.№9) iclasında qərar qəbul edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar bunlardır: ..... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ...... Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Quba rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli 14 saylı qərarı ilə X3 Quba rayonu, Meckəxacə (Rustov) kəndi ərazisində fərdi yaşayış evinin tikintisi üçün 0,51 ha torpaq sahəsi ayrılmışdır. Cavabdehin imtina məktubu və iddia ərizəsinə etirazının dəlili ondan ibarətdir ki, JN 088F KOD 30321068 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də torpaq sahəsinin ölçüsü 0,51 ha göstərilməsinə baxmayaraq, ləğv edilmiş DTXK-nin Quba rayon şöbəsi tərəfindən cavabdeh idarəyə təhvil verilən şəhadətnamələrin qeydiyyatı kitablarında və arxiv nüsxəsində həmin torpaq sahəsi 0,26 ha ölçüdə öz əksini tapmışdır. Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 06 mart 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi 0,4850 ha təşkil edir. İddiaçının mərhum nənəsi X1 adına verilmiş JN-088F KOD 30321068 saylı “Torpağa mülkiyyət hüququna dair şəhadətnamə”nin cizgiləri DWJ xəritələrində 0,51 ha göstərilsə də, DBF (subyektlərin adlı siyahısında) siayhısında əsasən 0,25 ha ölçüdə göstərilmişdir. Şəhadətnamədə göstərilmiş torpaq sahəsinin cizgiləri ilə faktiki istifadə olunan torpaq sahəsinin cizgiləri arasında qismən fərq vardır. Sözügedən mübahisəli torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) 0,4971 ha ölçüdə göstərilmişdir. İddiaçı tərəfindən iddia olunan və faktiki istifadəsində olan torpaq sahəsi baza məlumatlarına əsasən heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 9.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 9.23-cü bəndinə görə üzərində binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri və müəssisələr olan torpaq sahələrinin bir hissəsi üzərində hüquqların, həmin hüquqlar dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan sonra başqa şəxsə keçməsi və ya məhdudlaşdırılması (yüklənməsi) hallarında bu sahənin yeni planının və ölçüsünün çəkilməsini təmin etmək, 9.24-cü bəndinə görə isə tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin və müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək DƏDRX-nin vəzifəsi kimi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından yalnız həmin maddədə göstərilmiş hallarda, yəni hüquqların dövlət qeydiyyatına alınmasından dövlət qeydiyyatı barədə müraciət olunan hüquq həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və həmin qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər. “İnzibati icraat haqqında” Qanunun tələblərinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1-ci maddə). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2-ci maddə). Mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı aqrar islahat komissiyasının qərarı və onun əsasında verilmiş Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə qanunla müəyyən olunmuş qaydada geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmişdir. Belə olan halda, həmin qərar və şəhadətnamə hüquqi cəhətdən etibarlı sayılır. Bundan başqa elekron baza xəritə məlumatlarına görə istinad olunan şəhadətnamənin cizgilərinin DWJ xəritələrində 0.51 ha, TEKUİS (Torpaqların elektron kadastr uçotu informasiya sistemində) 0.4971 ha, müayinə aktına görə isə iddiaçının faktiki istifadəsində 0.4732 ha olması qeyd edilmişdir. Cavabdeh isə imtinasını onunla əsaslandırılmışdır ki, elektron baza xətirə materiallarında və subyektlərin adlı siyahısında həmin torpaq sahəsinin ölçüləri 0.26 ha göstərilmişdir. Bu baxımdan, torpağın ayrılmasına dair sənədlərdə və xəritələrdə torpaq sahəsinin ölçülərinin fərqli qeyd edilməsi iddiaçının təqsiri deyil, aidiyyəti qurumların, vəzifəli şəxslərin öz vəzifələrini layiqincə yerinə yetirməmələrinin nəticəsidir. Hazırki halda iddiaçı belə hallara görə hər hansı məsuliyyət daşımamalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Qeyd edilən qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin qanunun mötəbərlik prezumpsiyasından bəhs edən 19-cu maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Sadalanan maddi hüquq normalarını hazırkı işin hallarına tətbiq edərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş JN-088F KOD 30321068 qeydiyyat nömrəli “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamənin həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən mötəbər sənəd hesab olunur. Nəzərə almaq lazımdır ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə – JN-088F KOD 30321068 qeydiyyat nömrəli “Torpağa mülkiyyət hüququna dair” şəhadətnaməyə əsaslanır. İstinad olunan həmin normada 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Bu mənada, məhkəmə xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Məhkəmə qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin dəlili əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Quba rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 14 saylı qərarı ilə ayrılmış Quba rayonu, Meckəxacə kəndində yerləşən 0,47 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı mərhum nənəsi X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar