Məhkəmə qərarları › İş №2-1(118)-1108/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1108/2022

05.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1108/2022 05.07.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə X4 və X5 adlarının Şamaxı rayonu, 2-ci Cabanı kəndində yerləşən və iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə dair reyestr çıxarışından çıxarılmalarının və öz adına həmin evə dair mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ilkin olaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə X4 və X5 adlarının Şamaxı rayonu, 2-ci Cabanı kəndində yerləşən və iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə dair reyestr çıxarışından çıxarılmalarının və öz adına həmin evə dair reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Qeydiyyatda olduğu Şamaxı rayonu, 2-ci Cabanı kəndi ərazisində yerləşən və mərhum atası X8 məxsus olmuş 1500,00 kv metr torpaq sahəsində yerləşən, 1972-ci ildə tikilmiş ümumi sahəsi 76.6 kv metr olan, yaşayış sahəsi 57,0 kv metr olan 3 otaqlı ev onun atası tərəfindən xx.xx.2005-ci ildə iddiaçıya bağışlanmış, həmin bağışlama müqaviləsi əsasında iddiaçının bu əmlak üzərində mülkiyyət hüquqları xx.xx.2005-ci il tarixdə cavabdeh təşkilat tərəfindən qeydə alınaraq adına qeydiyyat vəsiqəsi verilmişdir. Hazırda da həmin evdə iddiaçı tək qeydiyyatdadır. Adına verilmiş X9nin yeni çıxarışla əvəz olunması barədə iddiaçı cavabdeh təşkilata müraciət etmiş, lakin cavabdeh ona ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda adına çıxarışın verilməsindən imtina etmiş, buna əsas olaraq bildirmişdir ki, həyətyanı torpaq sahəsində mülkiyyət hüquqları olan X4 və X5 adlarının reyestrdən çıxarışdan çıxarılmaları mümkünsüzdür, bu guya həmin şəxslərin mülkiyyət hüquqlarını pozur. Cavabdehin bu imtinası tam əsassızdır, belə ki, fərdi yaşayış evi iddiaçıya hədiyyə olunmuş və adına verilmiş qeydiyyat vəsiqəsində mülkiyyətçi kimi yalnız iddiaçının adı qeyd olunmuşdur. 2005-ci ildə atası evi ona bağışlayan vaxt Gülpəri Qasımova (atasının 2-ci həyat yoldaşı) notariat kontoruna gələrək mülkün ona bağışlanması barədə razılıq ərizəsi vermiş, onların qızı Sevda Qasımova isə həmin vaxt azyaşlı olmuşdur. Bu şəxslər heç vaxt iddiaçının atası tərəfindən bağışlanan evə iddialı olmayıblar, belə ki, Sevda Qasımova 2010-cu ildə ailə həyatı qurmuş, 2011-ci ildə Qasımov Qasım dünyasını dəyişmiş və analığı Gülpəri Qasımova isə 2011-ci ildən bu evdə yaşamır. Bu şəxslərin heç birinin ona məxsus evə mülkiyyət hüquqları olmadığı halda onların adlarının reyestr kitabına hansı əsasa görə salınması da ona məlum deyildir. Ona görə də adları qeyd edilən şəxslər sistemə - reyestr bazasına düzgün salınmadığı üçün cavabdeh onların adlarının reyestr çıxarışından çıxarılmasını təmin etməməkdə haqlı olmamışdır. Çünki bu vəziyyət onların deyil, əksinə iddiaçının mülkiyyət hüquqlarının pozulması, öz əmlakı üzərində sərbəst sahiblik, sərəncam hüquqlarını həyata keçirməyinə mane olur. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında, habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. İddiaçı Ərazi idarəsinə daxil olmuş müraciətində Şamaxı rayonun 2-ci Cabanı kəndi ərazisində yerləşən həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinə reyestrdən çıxarışın verilməsini və eyni zamanda həyətyanı torpaq sahəsində mülkiyyət hüquqları olan X6 və X5 adlarının reyestrdən çıxarışdan çıxarılmasına köməklik göstərilməsini xahiş etmişdir. Məlumat üçün bildirilir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını aparan orqandır. Ərazi idarəsinin hər hansı bir şəxsin mülkiyyət hüququnu ləğv etməsi səlahiyyəti yoxdur. X6 və X5 adlarının reyestrdən çıxarışdan çıxarılması onların mülkiyyət hüquqlarının pozulması deməkdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Bu qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş və əlavə olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə X4 və X5 adlarının Şamaxı rayonu, 2-ci Cabanı kəndində yerləşən və iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə dair reyestr çıxarışından çıxarılmalarının və öz adına həmin evə dair mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəm işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara aiddir: • İş materiallarında olan **********73 nömrəli, xx.xx.2022-ci il tarixli imtina məktubuna əsasən iddiaçının müraciətindən imtina olunmuşdur. • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən Şamaxı rayonunun 2-ci Cabanı kəndində iddiaçıya məxsus yaşayış sahəsində hər hansı bir şəxsin qeydiyyatı yoxdur. • Azərbaycan Respublikası Şamaxı rayon İcra Hakimiyyəti başçısının İkinci Cabanı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 21 nömrəli arayışında qeyd olunmuşdur ki, Şamaxı rayonu İkinci Cabanı kəndində iddiaçıya məxsus yaşayış evində qeydiyyatda olanlar yoxdur. • Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 103 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən Şamaxı rayonu, İİ Cabanı kəndində yerləşən ümumi sahəsi 76,6 kvadrat metr, yaşayış sahəsi 57,0 kvadrat metr üç yaşayış otağından ibarət yaşayış evi İddiaçı adına reyestr kitabında qeyd alınmışdır. • Məhkəmə sorğusu nəticəsində əldə edilmiş Şamaxı rayon Dövlət Notariat Ofisinin 4Ə/4/853 nömrəli notariat işində mövcud olan bağışlama müqaviləsinin surətinə əsasən iddiaçının mərhum atası X3 rayonu İkinci Cabanı kəndində yerləşən yaşayış evini iddiaçıya - İddiaçı bağışlamışdır. Həmin notariat işinə əlavə edilmiş X2 tərəfindən yazılmış ərizədə mübahisəli yaşayış evinin satılmasına və bağışlanmasına etirazının olmadığı bildirilmişdir. • Məhkəmə sorğusu nəticəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin ünvanladığı məktubda qeyd olunmuşdur ki, X4 və X5 adları Şamaxı rayonu İİ Cabanı kəndi ərazisindən torpaq almaq hüququ olan subyektlərin siyahısında 210 nömrə ilə qeyd olunmuşdur, lakin 210 nömrəli şəhadətnamənin ikinci nüsxəsi ləğv olunmuş DTXK-nin Şamaxı şöbəsi tərəfindən idarənin arxivinə təhvil verilməmişdir. Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 30 saylı qərarına əlavə olunmuş İİ Cabanı kəndi ərazisindən torpaq almaq hüququ olan subyektlərin siyahısında X4 və X5 adları qeyd olunmuşdur. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İlkin olaraq məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə sübyektiv hüquqa malik olmuşdur. Belə ki, cavabdeh inzibati orqan hazırkı iddiaya cavab verməli olan qurumdur, iddiaçı ilk əvvəl cavabdeh orqana müraciət etmiş və cavabdehin bununla bağlı imtinası var, iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində cavabdehin hərəkətindən məhkəməyə müraciət etmişdir ki, buna görə də iddia mümkün sayılmalıdır. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnaməsinin 3.0.24. bəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılması həyata keçirilməli, invertarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün tələb olan texniki sənədlərin tərtib edilməsi təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə sorğusu nəticəsində əldə olunmuş sübutların tədqiqatı zamanı müəyyən olundu ki, 11 avqust 2005-ci il tarixli bağışlama müqaviləsinin surətinə əsasən iddiaçının mərhum atası X3 rayonu İkinci Cabanı kəndində yerləşən yaşayış evini iddiaçıya - İddiaçı bağışlamışdır. Həmin yaşayış evinə dair Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 103 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən Şamaxı rayonu, İİ Cabanı kəndində yerləşən ümumi sahəsi 76,6 kvadrat metr, yaşayış sahəsi 57,0 kvadrat metr üç yaşayış otağından ibarət yaşayış evi İddiaçı adına reyestr kitabında qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ — subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır (4.2.). 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər (4.3.) . Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. İşdən göründüyü kimi Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, mülkiyyət hüquqlarının qeydiyyatı və şəhərsalma Kadastrı İdarəsi tərəfindən 103 nömrəli reyestr kitabında qeydə alınan Qeydiyyat vəsiqəsi xx.xx.2005-ci il tarixdə qeydə alınmışdır. X9 daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsas hesab edilir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi onun adına Şamaxı rayonunun İİ Cabanı kəndində yerləşən evə dair mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulması hissəsində təmin edilməlidir. İddiaçının iddia tələbinin digər hissəsi olan X4 və X5 adlarının Şamaxı rayonu, 2-ci Cabanı kəndində yerləşən və iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə dair reyestr çıxarışından çıxarılmaları hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə sorğusu nəticəsində əldə edilmiş cavabdeh orqan tərəfindən məhkəməyə ünvanlanan məktubda bildirilmişdir ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 30 saylı qərarına əlavə olunmuş İİ Cabanı kəndi ərazisindən torpaq almaq hüququ olan subyektlərin siyahısında X4 və X5 adları qeyd olunmuşdur. Yəni, iddiaçının ona mənsub olduğunu iddia etdiyi evə dair çıxarışda üçüncü şəxslər - X4 və X5 adları qeyd olunmamış, onlar yalnız torpaq almaq hüququ olan şəxslər siyahısına daxil edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Ərazi İdarələri daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını aparan orqandır. Ərazi idarəsinin hər hansı bir şəxsin mülkiyyət hüququnu ləğv etməsi səlahiyyəti yoxdur. Ona görə də məhkəmə iddianı həmin hissədə əsaslı hesab etmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Beləliklə qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçının adına Şamaxı rayonunun İİ Cabanı kəndində yerləşən evə dair mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı adına Şamaxı rayonunun İİ Cabanı kəndində yerləşən evə dair mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə tımin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar