Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1110/2024 21.11.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “İddiaçı Ceyranbatan Bələdiyyəsinin 29 noyabr 2004-cü il tarixli, 13№-li qərarı ilə Ceyranbatan bələdiyyəsi ərazisində fərdi mənzil tikintisi üçün ayrılmış və “Bələdiyyə topağının mülkiyyətə verilməsi haqqında xx.xx.2004cü il tarixli alqı-satqı müqaviləsi” ilə satılmış Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən ümumi sahəsi 500 kv.m olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, Ceyranbatan Bələdiyyəsinin 29 noyabr 2004-cü il tarixli, 13№-li qərarı ilə Ceyranbatan bələdiyyəsi ərazisində fərdi mənzil tikintisi üçün ayrılmış və “Bələdiyyə topağının mülkiyyətə verilməsi haqqında xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi” ilə satılmış Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən ümumi sahəsi 500 kv.m olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını verilməsini istəyir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, Ceyranbatan Bələdiyyəsinin 29 noyabr 2004-cü il tarixli, 13№-li qərarı ilə vətəndaş İddiaçı Ceyranbatan bələdiyyəsi ərazisində fərdi mənzil tikintisindən ötəri torpaq sahəsi ayrılmışdır. Həmin qərara əsasən AR Torpaq Məcəlləsinə, “Torpaq İslahatı haqqında" "Torpaq bazarı haqqında" və Azərbaycan Respublikasının 1997-ci il 10 yanvar tarixli fərmanı ilə təsdiq edilmiş "Torpaqların alqısatqısı’’ qaydalarına və Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli qərarına müvafiq olaraq Ceyranbatan Bələdiyyəsinin hesabına 417000 (dörd yüz on yeddi min) manat (köhnə məzənnə ilə) pul köçürülməlidir. Ceyranbatan Bələdiyyəsi ilə vətəndaş İddiaçı arasında “Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında xx.xx.2004-cü il tarixli Alqı-Satqı müqaviləsi" bağlanmışdır. Həmin Müqavilə ilə Bələdiyyələrin Statusu haqqında. Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikası Qanunlarına uyğun olaraq Ceyranbatan Bələdiyyəsi xx.xx.2004-cü il tarixli. 13 nömrəli qərarı əsasında Abşeron rayonu. Ceyranbatan qəsəbəsində ümumi sahəsi 500 kv.m olan torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alıcı qismində İddiaçı satılmışdır. X3 isə Ceyranbatan Bələdiyyəsinin 29 noyabr 2004-cü il tarixli, 13№-li qərarına və "Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında 30.1 1.2004-cü il tarixli Alqı-Satqı müqaviləsi”nə müvafiq olaraq Ceyranbatan Bələdiyyəsinin hesabına 417000 (dörd yüz on yeddi min) manat (köhnə məzənnə ilə) pul köçürmüşdür. AR DTXK-nin Abşeron rayon şöbəsi xx.xx.2004-cü il tarixli. 753 №-li Rəylə vətəndaş İddiaçı Ceyranbatan bələdiyyəsi ərazisində torpaq sahəsi satılmasına etiraz etməmiş və torpaq sahəsi ölçülərək nişangahlar qoyulduqdan sonra vətəndaş İddiaçı təhvil verilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 297 nömrəli, 07 iyun 2007-ci il tarixli Sərəncamı ilə Ceyranbatan Bələdiyyəsinin 29 noyabr 2004-cü il tarixli, 1.3№-li qərarı ilə vətəndaş İddiaçı ayrılmış Ceyranbatan bələdiyyəsi ərazisində yerləşən 0.05 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Ceyranbatan Bələdiyyəsi xx.xx.2004-cü il tarixli, 13 nömrəli qərarı ilə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ümumi sahəsi 500 kv.m olan torpaq sahəsi ilə bağlı AR DTXK tərəfindən **********2000129 nömrəli, xx.xx.2007-ci il tarixli torpaq sahəsinin kadastrı planı tərtib olunmuşdur. İddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci və 15-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə istinad edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iştirak etmiş, izahatında qonşu ilə mübahisənin olmadığını, elektrik xəttinin sonradan çəkildiyi bildirirək iddianı müdafiə etmiş və təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, aparılan araşdırma zamanı 1. Ceyranbatan Bələdiyyəsi tərəfindən İddiaçı 0.05 ha torpaq sahəsinin 29 noyabr 2004-cü il tarixində, 13 saylı qərarla ayrıldığı halda, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi; 2. Müayinə baxışı keçirilən torpaq sahəsinin bir hissəsinin **********34 reyestr nömrəli çıxarışla başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü; 3. Sözügedən daşınmaz əmlakın tam hissədə yüksək gərginlikli elektrik xəttinin (110 və 220 KVT) mühafizə zolağında yerləşdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu və 146-cı maddələrinə müvafiq olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması və xitamı dövlət qeydiyyatına alınmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdınlmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9- cu maddəsinə əsasən, qanuna uyğun olaraq, hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub- olmaması müəyyən edilir. Həmin Qanunun 8-ci maddəsinə görə, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması (yüklülüyü) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsi, icarəsi, istifadəsi və ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu qanun qüvvəyə minənədək müvafiq İcra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli İcra hakimiyyəti orqanları nəzərdə tutulur) tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, bu qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur) tərəfindən müəyyən edilən sənədlər əsaslar hesab edilir. Torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin 4- cü cümləsinə əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir, Əsasnamənin 19-cu bəndinə əsasən, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin verin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu və 146-cı maddələrinə müvafiq olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. "Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddələrinə müvafiq olaraq, dövlət obyektlərinin - dağ-mədən sənayesi, təsdiq edilmiş faydalı qazıntı yataqları, vahid energetika sistemi, magistral boru kəmərləri, nəqliyyat, rabitə və müdafiə obyektləri, dövlət sərhəd zolaqları, mühüm meliorasiya və su təsəsrrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsi, onların planı və ölçüsünün tərtib edilməsi, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanması və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə uyğun olaraq, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdınlmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında apanr və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı son 2 əsas üzrə müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Abşeron rayon Ceyranbatan Bələdiyyəsinin 26 noyabr 2004-cü il tarixli 13 saylı Qərarı ilə İddiaçı bələdiyyə ərazisindən fərdi mənzil tikintisi üçün 0.05 ha torpaq sahəsinin satılması qərara alınmışdır. 30 noyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsinin surəti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 30 noyabr 2004-cü il tarixli 753 saylı rəyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin 26 yanvar 2007-ci il tarixli rəyi, torpaq sahəsinin təhvil aktı, bələdiyyənin yerquruluşu planından çıxarış, torpaq sahəsinin dəyərinin ödənilməsinə dair ödəniş qəbzi, Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli 297 saylı Sərəncamı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsində 26 yanvar 2007-ci il tarixli 4337 nömrə ilə qeydiyyata alınmış alqı-satqı aktı, torpaq sahəsinin kadastr planı iş materiallarına əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023cü il tarixli 13-9/2-26xx/xx/2023 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsində ümumi sahəsi 500 kv.m olan torpaq sahəsində yerləşən tikili 1959-cu ildən istismarda olmuş 110 kV-luq “2-ci Xırdalan” hava xəttinin trası ilə 2012-2013-cü illərdə tikilərək istismara verilmiş 220 kV-luq “2-ci Zabrat” hava xəttinin 40-41 saylı dayaqlararası aşırımının kənar naqilindən 25 metr məsafədə mühafizə zonasından kənarda, torpaq sahəsinin hasarı isə 12 metr məsafədə mühafizə zonasında yerləşir. Məlumat üçün qeyd edirlər ki, yüksək gərginlikli elektrik şəbəkələrinin mühafizəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 103 nömrəli 10 iyun 2005-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 V-dan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları” ilə tənzimlənir. Qaydaların 5-ci bəndinə əsasən, 220 kV-luq elektrik verilişi xətlərinin mühafizə zonası hava xəttinin keçdiyi trassa boyu kənar məftillərdən hər iki tərəfə 25 metr qəbul olunmuşdur. Məhkəmə sorğusuna cavab olaraq X4 Cəmiyyətinin 13 dekabr 2023-cü il tarixli 13- 13/2-1/16-11479/2023 saylı məktubunda qeyd edilmişdir ki, qeyd olunan torpaq sahəsindən "xxxx" ASC-nin balansında olan 220 kV- luq elektrik verilişi xətti keçir. Məhkəmənin 16 yanvar 2024-cü il tarixli məktubu ilə mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. İddiaçı Abşeron rayon Ceyranbatan bələdiyyəsinin 29.11,2004-cü il tarixli 13 saylı qərarı ilə ayrılmış 0.05 ha torpaq sahəsi naturada mövcuddur?
2. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüləri müəyyən edilsin.
3. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri, o cümlədən **********34 reyestr nömrəsi ilə qeydə alınmış torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür? Üstüstə düşmə aşkar edilərsə hansı hissədə və ölçüdə düşməsi müəyyən edilsin.
4. iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşüb-düşməməsi, düşdüyü təqdirdə hansı hissədə və ölçüdə düşməsi müəyyən edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 23 may 2024-cü il tarixli 3-21-3-32/2-6677/2024 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir:
1. İddiaçı Abşeron rayon Ceyranbatan bələdiyyəsinin 29 11.2004-cü tarixli 13 saylı qərarı ilə ayrılmış 0.05 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığı üçün sualın cavablandırılması mümkün olmamışdır, lakin vətəndaşın faktiki istifadəsində olan torpaq sahəsi 0.1135 ha təşkil edir.
2. 2-ci sualın cavablandırılması 1-ci sualın cavabında cavablandırılmışdır.
3. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin 0.0087 ha hissəsi **********34 reyestr nömrəli çıxarışla üst-üstə düşür.
4. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin 0.0923 ha hissəsi yüksək gərginlikli 220 kV-luq elektrik xəttinin, 0.0092 ha hissəsi yüksək gərginlikli 6 kVluq elektrik xəttinin mühafizə zolağında yerləşir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 04 noyabr 2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, məhkəmə tərəfindən təqdim edilmiş sorğuya əlavə olunmuş Ceyranbatan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 13 nömrəli qərarına əsasən tərtib edilmiş plan və ölçüdə qeyd edilmiş koordinatlar **********34 reyestr nömrəli (sənəd üzrə) çıxarışla üst-üstə düşmür. Məhkəmə tərəfindən təqdim edilmiş sorğuya əlavə olunmuş Ceyranbatan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 13 nömrəli qərarına əsasən tərtib edilmiş plan və ölçüdə qeyd edilmiş koordinatların 377 kv.m hissəsi 220 kV-luq, 24 kv.m hissəsi isə 6 kV-luq elektrik xəttinin mühafizə zolağında yerləşir. Məhkəmə tərəfindən təqdim edilmiş sorğuya əlavə olunmuş Ceyranbatan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 13 nömrəli qərarına əsasən tərtib edilmiş plan və ölçüdə qeyd edilmiş koordinatlar daxilində yerləşən torpaq sahəsinə dair DWG və DBF məlumatları aşkar edilməmişdir.
Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı bələdiyyə qərarı ilə ayrılmış torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmasını istəyir. Cavabdeh orqan imtinasını onunla əsaslandırır ki, aparılan araşdırma zamanı 1. Ceyranbatan Bələdiyyəsi tərəfindən İddiaçı 0.05 ha torpaq sahəsinin 29 noyabr 2004-cü il tarixində, 13 saylı qərarla ayrıldığı halda, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi; 2. Müayinə baxışı keçirilən torpaq sahəsinin bir hissəsinin **********34 reyestr nömrəli çıxarışla başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü; 3. Sözügedən daşınmaz əmlakın tam hissədə yüksək gərginlikli elektrik xəttinin (110 və 220 KVT) mühafizə zolağında yerləşdiyi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin tələbinə görə torpaq sahəsinin mülkiyyətə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 5-ci bəndinə əsasən bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Həmin Əsasnamənin 22-ci bəndinə görə bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Göründüyü kimi torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hüquqi əsas mövcuddur. Cavabdeh qeyd edir ki, Ceyranbatan Bələdiyyəsi tərəfindən İddiaçı 0.05 ha torpaq sahəsinin 29 noyabr 2004-cü il tarixində, 13 saylı qərarla ayrıldığı halda, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi müəyyən edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumununun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında qeyd edilir ki, inzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Qeyd edilən hissədə etirazı cavabdehin nümayəndəsi də müdafiə etməmişdir. Cavabdeh qeyd edir ki, müayinə baxışı keçirilən torpaq sahəsinin bir hissəsinin **********34 reyestr nömrəli çıxarışla başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 0.1135 ha təşkil edir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin 0.0087 ha hissəsi **********34 reyestr nömrəli çıxarışla üst-üstə düşür. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 04 noyabr 2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, məhkəmə tərəfindən təqdim edilmiş sorğuya əlavə olunmuş Ceyranbatan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 13 nömrəli qərarına əsasən tərtib edilmiş plan və ölçüdə qeyd edilmiş koordinatlar **********34 reyestr nömrəli (sənəd üzrə) çıxarışla üst-üstə düşmür. Beləliklə məhkəmə araşdırması zamanı Ceyranbatan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 13 nömrəli qərarına əsasən tərtib edilmiş plan və ölçüdə qeyd edilmiş koordinatlar üzrə üst-üstə düşmənin olmadığı müəyyən edilmiş, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin daha çox olmasına baxmayaraq tələbinin də hüquqmüəyyənedici sənəd üzrə olması səbəbilə həmin hissədə mübahisə qalmamış olur. Cavabdeh qeyd edir ki, sözügedən daşınmaz əmlakın tam hissədə yüksək gərginlikli elektrik xəttinin (110 və 220 KVT) mühafizə zolağında yerləşdiyi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, qeyd edilən hal iddiaçının torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasına maneə yaratmır. Belə ki, iş materiallarına əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 30 noyabr 2004-cü il tarixli 753 saylı rəyi həmin torpaq sahələrinin bələdiyyənin alqı-satqı predmeti olmasını nəzərə alaraq torpaqların ... elektrik xətlərinin mühafizə zonasında yerləşmədiyi müəyyən edilməsi şərtilə İddiaçı satılmasına etiraz etməmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin 26 yanvar 2007-ci il tarixli rəyində alqı-satqı predmeti olan torpaq sahəsinin 500 kv.m olmaqla fərid ev tikmək məqsədilə ayrılmış torpaq sahəsi qanunamüvafiq hesab edilmiş, torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz edilməmişdir. Abşeron rayon İcra Hakimiyyəti Başçısının 07 iyun 2007-ci il tarixli 297 saylı Qərarında İddiaçı Ceyranbatan bələdiyyəsinin 29 noyabr 2004-cü il tarixli 13 saylı qərarı ilə ayrılmış, Ceyranabatn qəsəbəsi ərazisində yerləşən 0.05 ha torpaq sahəsində razılaşdırılmış eskiz əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Məhkəmə qeyd edir ki, torpaq sahəsindən elektrik verilişi xəttinin çəkilmiş olması halı torpaq sahəsinin iddiaçıya satıldığı zaman müəyyən edilməmiş olması səbəbi ilə iddiaçının mülkiyyət hüququnu məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-445/2021 saylı qərarı:
30. Apellyasiya instansiyası məhkəməsi, həmçinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.4-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, elektrik, rabitə, neft-qaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir.
31. Apellyasiya instansiyası məhkəməsi, həmçinin Torpaq Məcəlləsinin 62-ci maddəsinə istinadla qeyd etmişdir ki, elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilir.
32. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin istinadlarını hazırkı mübahisəyə münasibətdə əsaslı hesab etmir. Belə ki, həmin müddəalar torpaq sahəsinin ayrılmasınadək mövcud olmuş vəziyyətə münasibətdə tətbiq edilir. Hazırkı halda, yüksək gərginlikli elektrik xətti quraşdırılarkən, üzərində hüquqların qeydə alınması iddia olunan torpaq sahəsi iddiaçının mülkiyyətində olmuşdur.
33. Yuxarıda qeyd olunan Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinin də tələbindən göründüyü kimi, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 7-ci bəndinə əsasın, torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır.
35. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Beləliklə, məhkəmə tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istisna edən hal müəyyən edilmir. Belə ki, "xxxx" ASC-nin sorğuya cavab məktubundan görünür ki, yüksək gərginlikli elektrik xətti torpaq sahəsinin Abşeron rayon Ceyranbatan Bələdiyyəsi tərəfindən 26 noyabr 2004-cü il tarixli qərarla iddiaçıya satıldıqdan sonra, 2012-2013-cü illərdə tikilərək istismara verilmişdir. Həmçinin torpaq sahəsindəki tikilinin deyil, hasarın 12 metr məsafədə mühafizə zonasında yerləşdiyi qeyd edilmişdir. Mübahisəli torpaq sahəsinin ortofoto görüntüsündə isə onun qonşuluğunda yerləşən və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsinin mövcud olduğu öz əksini tapmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Ceyranbatan Bələdiyyəsinin 29 noyabr 2004-cü il tarixli, 13№-li qərarı ilə Ceyranbatan bələdiyyəsi ərazisində fərdi mənzil tikintisi üçün ayrılmış və “Bələdiyyə topağının mülkiyyətə verilməsi haqqında xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi” ilə satılmış Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən ümumi sahəsi 500 kv.m olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü sənədi) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Aynur Axundova