Məhkəmə qərarları › İş №2-1(118)-1110/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1110/2025

11.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1110/2025 11.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt Regional Asan Xidmət X1rşı iş üzrə (Açar sözlər: adın dəyişdirilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt Regional Asan Xidmət X1rşı “adın dəyişdirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 11 sentyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. AZ-İİ seriyalı, 523345 nömrəli “Nikah haqqında şəhadətnamə”dən görünür ki, İddiaçı və X6 21 avqust 2022-ci il tarixdə nikahlarını bağlamışlar.

2. AZ-İV seriyalı, 942292 nömrəli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, 3 oktyabr 2023-cü il təvəllüdlü X2 anası – X6, atası İddiaçıdur.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzində Qeydiyyat Şöbəsinin 25 dekabr 2023-cü il tarixli, 3-16-5/8-54xxxx/2023 nömrəli məktubundan görünür ki, X2 adının “Merac” kimi qeydə alınması ilə bağlı müraciətinin təmin edilməsi qanunvericiliyə əsasən mümkün deyildir.

4. Azərbaycan Respublikasının Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 10 yanvar 2024-cü il tarixli, 5-6/1-N-185-164/2023 nömrəli məktubundan görünür ki, 3 oktyabr 2023-cü il təvəllüdlü X2 adının “Merac” kimi dəyişdirilməsi məqsədəmüvafiq hesab edilməmişdir.

5. 9 sentyabr 2025-ci il tarixli, 8İ-29527 reyestr nömrəli ərizədən görünür ki, X6 3 oktyabr 2023-cü il təvəllüdlü övladı X3 adının “Mehrac”dan “Merac”a dəyişdirilməsinə etiraz etməmişdir.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

6. Azərbaycan Respublikasının Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 3 sentyabr 2024-cü il tarixli, 284 nömrəli məktubundan görünür ki, İddiaçı və onun həyat yoldaşı X4 28 dekabr 2023-cü il tarixdə Sumqayıt Şəhər İcra Hakimiyyətinə təqdim etdiyi ərizədə adının dəyişdirilməsini tələb etdikləri şəxs 18 yaşı tamam olmuş şəxs deyildir. Ərizədə adı göstərilən övladları, 3 oktyabr 2023-cü il təvəllüdlü X3 özünün yalnız 18 yaşına çatdıqdan sonra adının “Merac” kimi dəyişdirilməsi üçün müvafiq icra hakimiyyətinə müraciət etmək hüququ yaranır. 18 yaşına çatanadək isə 3 oktyabr 2023-cü il təvəllüdlü X3 valideynləri, yəni İddiaçı və onun həyat yoldaşı X4 birgə xahişinə və uşağın mənafeyi nəzərə alınmaqla uşağın adının dəyişdirilməsinə dəyişdirilməsinə icazə verə bilər. Tələb edilən “Merac” adı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Azərbaycan şəxs adları barədə məlumat” siyahısında göstərilməmişdir. Yuxarıda göstərilənlər nəzərə alınaraq, ərizəçilərə qeyd olunan adın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Azərbaycan şəxs adları barədə məlumat” siyahısında göstərilmədiyi üçün Qəyyumluq və Himayəçilik komissiyası tərəfindən azyaşlının adının “Mehrac” adından “Merac” adına dəyişdirilməsi məqsədəmüvafiq hesab edilmədiyi barədə cavab məktubu göndərilmişdir.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri:

7. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzində Qeydiyyat Şöbəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3 oktyabr 2023-cü il təvəllüdlü X3 adının dəyişdirilərək X5 yazılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 21 avqust 2022-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan 3 oktyabr 2023-cü il tarixdə oğlu doğulmuşdur. Uşaq doğulduqdan sonra adını Merac yazdırmışdır. Daha sonra müəyyən müzakirələrdən və araşdırılmalardan sonra əslində uşağın adının Merac qoyulmalı olduğunu başa düşmüşdür. Çünki adın ifadə etdiyi məna var. Həmin adın mənasını sonradan araşdırılmış və adın Merac olaraq dəyişdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edilmişdir. Cavabdehin 25 dekabr 2023-cü il tarixli məktubuna əsasən ərizənin icrasından imtina olunmuşdur. Hesab edir ki, imtinası qanunsuz və əsassızdır. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilir.

9. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 189, “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 6.1, prosessual hüquqi əsası kimi İPM-in 33.1-cü maddələrinə istinad olunmuşdur.

10. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

11. İddiaçı daha sonra iddia tələbini dəqiqləşdirərək, cavabdehin əsl cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əvəz edilməsini və 3 oktyabr 2023-cü il təvəllüdlü X3 adının “Merac”a dəyişdirilməsinə icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin protokolqərardadı ilə icraata qəbul edilmişdir.

12. Məhkəmənin 21 avqust 2025-ci il tarixli, 2-1(118)-1110/2025 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “adın dəyişdirilməsi” tələbinə dair iş üzrə cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyəti əsl cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt regional “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsi ilə əvəz edilmış, iddia tələbi “3 oktyabr 2023-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş oğlu X3 adınını “Mehrac”dan “Merac”a dəyişdirilməsi haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatının aparılması və bu barədə şəhadətnamə verilməsi vəzifəsinin cavabdehin üzərində qoyulması” olaraq icraata qəbul edilmişdir.

13. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri:

14. Etiraz daxil olunmamışdır.

c) Tərəflərin iştirakı və izahatları:

15. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, övladı doğulandan sonra adın yazdırılması üçün müvafiq orqana müraciət etmiş, lakin səhvən istədikləri “Merac” deyil, “Mehrac” adı yazmışdır. Bununla bağlı cavabdeh orqana müraciət edilmiş, lakin müraciətin həlli müsbət nəticələnməmişdir.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır.

18. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

19. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Bildirişdə həmçinin, İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

20. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

21. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

22. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

23. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

24. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

25. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

26. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

27. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən: Maddə 53. Uşağın ad, ata adı və soyad daşımaq hüququ 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. (-) Maddə 54. Uşağın adının və soyadının dəyişdirilməsi 54.1. Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. (-) 54.4. 10 yaşına çatmış uşağın adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər.

28. “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”:

6. Adın, ata adının və soyadın dəyişdirilməsi 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. (-) 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. (-)

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 31 iyul 2025-ci il tarixli, 2-1(102)-1414/2025 nömrəli qərarında qeyd edilmişdir ki, “adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi hüququnun məhdudlaşdırılması ilə bağlı aşağıdakı meyarlar müəyyən edilir: - uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir; - İctimai (ümumi) maraqların qorunması məqsədi ilə adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsinə məhdudiyyətlər tətbiq edilə bilər.

45. İctimai maraqlar dedikdə, əhalinin qeydiyyatının dəqiq şəkildə aparılması, şəxsin kimliyinin müəyyən olunması üsullarının və hər hansı bir adın (soyadın) daşıyıcısının müəyyən bir ailə və nəsil ilə əlaqələndirilməsi vasitələrinin qorunması, dövlət dilinin işlənməsinə və qorunmasına dair ümumi maraqların, eləcə də milli adqoyma ənənələrinin qorunmasının təmin olunması və bu kimi digər məqsədlər başa düşülür. Məhkəmələr və inzibati orqanlar ictimai maraqlar naminə məhdudiyyətlər tətbiq edərkən ictimai maraqlar ilə fərdin maraqları arasında ədalətli tarazlığın qorunmasına diqqət yetirməlidir. İctimai maraqlar naminə məhdudiyyətlər o zaman tətbiq oluna bilər ki, konkret mübahisənin halları baxımından ictimai maraqları fərdin maraqlarından üstün tutmaq mümkün olsun.

46. Fərdi maraqlar dedikdə, uşağın və şəxsin mənafeyinin təmin edilməsi, şəxsin öz kimliyini formalaşdırmaq və ifadə etmək hüququ, özünü emosional və mənəvi cəhətdən tanıdığı və qəbul etdiyi şəkildə adlandırmaq hüququ, keçmişi və ailə üzvləri ilə bağlılığın simvolik olaraq ifadəsi və bu kimi digər məqsədlər başa düşülür. Məhkəmələr və inzibati orqanlar fərdin maraqlarının (mənafeyinin) aydınlaşdırılması və qiymətləndirilməsi zamanı şəxsin istinad etdiyi konkret əsaslandırmaları nəzərə almalı, xüsusən də, onun məhrumiyyətlərinin nədən ibarət olmasına və iddia edilən məhrumiyyətlərin təsdiq olunubolunmadığına diqqət yetirməlidir.”

30. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı övladının adının müvafiq orqana müraciət edərək yazdığı zamanı texniki səhvə yol verərək, nəzərdə tutulan “Merac” deyil, “Mehrac” olaraq qeyd etmişdir. Bununla bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciətin icrasından imtina edilmişdir.

31. Yuxarıda qeyd edilən qanunvericiliyin müddəalarına əsasən uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Həmçinin, 10 yaşına çatmış uşağın adı yalnız onun razılığı ilə dəyişdirilə bilər.

32. Hazırkı iş üzrə iddiaçının övladının 3 oktyabr 2023-cü il təvəllüdlü (10 yaşına çatmamış uşaq) olduğunu, digər valideyninin razılığının mövcud olduğunu, bundan əlavə, “Mehrac” adının “Merac”a dəyişdirilməsi ilə şəxsi istəklə ictimai maraqlar arasında balansın saxlanılmasına qarşı hər hansı zidd hərəkətin müəyyən edilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.

33. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

34. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-) Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-) NƏTİCƏVİ HİSSƏ

35. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. 3 oktyabr 2023-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş X3 adının “Mehrac”dan “Merac”a dəyişdirilməsi haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatının aparılması və bu barədə şəhadətnamə verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzində Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar