Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1111/2022 14.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Quba rayonu Qəçrəş kəndi ərazisində yerləşən 0,40 ha torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Quba rayonu Qəçrəş kəndi ərazisində yerləşən 0,40 ha torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Quba rayonu Qəçrəş kəndi ərazisində yerləşən 0.40 hektar torpaq sahəsini Quba rayon Dövlət Notariat Kontorunda təsdiq olunmuş 17.02.2005-ci il tarixli 4-Ə-105 reyestrli alqı-satqı müqaviləsinə əsasən keçmiş mülkiyyətçisindən satın almışdır. Torpaq sahəsi 10.03.2005-ci il tarixdə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsində onun mülkiyyətinə qeydə alınaraq, adına torpağın mülkiyyətə verilməsinə dair JN-635F KOD 30317018 saylı şəhadətnamə verilmiş, bununla da torpaq sahəsinə dair mülkiyyətçi hüquqları əmələ gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Qanunvericilikdə həyata keçirilmiş dəyişiklikdən sonra, daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış sayıldığından, 13.01.2022-ci il tarixdə müvafiq hərəkətləri edib, çıxarış verməsi üçün müraciət etdiyi cavabdeh **********44 saylı 19.01.2022-ci il tarixli məktubu ilə müraciətindən imtina etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyiniz JN-635F nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında qeydə alınmamışdır (1). Quba rayonu, Qəçrəş kəndində həyətyanı torpaq sahəsi verilmiş subyektlərin adlı siyahısında adınız qeydə alınmamışdır (2). “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dəki cizgi elektron məlumat bazasında olan xəritəyə əsasən naturada faktiki istifadə vəziyyətindən fərqlidir (3). Torpaq sahəsinin faktiki koordinatları elektron məlumat bazasında olan xəritə üzərində kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə kəsişir (4). Cavabdeh imtinasını qanunsuz sayır. JN-635 F nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməmin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən 5 saylı Xaçmaz Ərazİ İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında qeydə alınmaması onun iradəsindən asılı olmayan səbəbdən, hansısa məmurun öz vəzifə öhdəliyini düzgün icra etməməsi ilə bağlı olduğundan, bu hal onun artıq qeydə alınmış mülkiyyət hüququnun pozulması üçün əsas ola bilməz. Quba rayonu Qəçrəş kəndi ərazisində yerləşən 0.40 hektar torpaq sahəsini Quba rayon Dövlət Notariat Kontorunda təsdiq olunmuş 17.02.2005-ci il tarixli 4-Ə-105 reyestrli alqı-satqı müqaviləsinə əsasən keçmiş mülkiyyətçisindən satın almış və 10.03.2005-ci il tarixli qeydiyyat həmin alqı-satqı müqaviləsinə əsasən aparılmışdır. O, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən 10.03.2005-ci il tarixdə aparılmış və hüquqi qüvvəsini saxlayan qeydiyyata əsasən hazırda daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsini və şəhadətnamədə əksini tapan sxem əsasında texniki pasportun verilməsini istədiyindən, cavabdehin torpaq sahəsinin naturada faktiki istifadə vəziyyətinə əsaslanması qanunsuz olmuşdur. Sadalanan hallar, üçüncü şəxslərin ona qarşı və ya onun üçüncü şəxslərə qarşı müvafiq iddia ilə müraciət etməsinə əsas olmaqla, 10.03.2005-ci il tarixdə aparılmış və hüquqi qüvvəsini saxlayan qeydiyyata əsasən hazırda daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsinə maneə olmamışdır. Belə ki, imtinasında istinad etdiyi "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən cavabdeh yalnız torpağın mülkiyyətə verilməsinə dair JN-635F KOD 30317018 saylı şəhadətnamədə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamalı idi. Bundan başqa, 29 iyun 2004-cü il tarixdə 713-İİQ saylı qanunla “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilsə də, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən 10.03.2005-ci il tarixdə aparılmış qeydiyyat öz hüquqi qüvvəsini saxladığından, satın aldığı və mülkiyyətçi hüquqlarının əmələ gəldiyi torpaq sahəsinə dair əlavə araşdırmaya ehtiyac olmamış, cavabdehin imtinasında qeyd edilənlər müvafiq hərəkətlərin aparılmasından imtina üçün səbəb ola bilməzdi. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan məhkəmə iclasında nümayəndəsinin iştrakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3cü maddəsinin tələblərini rəhbər tutaraq hazır ki, mübahisəyə cavabdehin nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - “Torpağın mülkiyyətə verilməsinə dair” JN-635F KOD 30317018 saylı şəhadətnamədən görünür ki, Quba rayon Dövlət Notariat Kontorunun 17 fevral 2005-ci il tarixli 4-ə-105 saylı müqaviləsi ilə satılmış 0,40 hektar torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 20 dekabr 2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, həmin dövlət notariat ofisində 17 fevral 2005-ci il tarixdə 4Ə-105 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilə və onun qeydə alındığı reyestr kitabı arxivə təhvil verilməmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin İddiaçı ünvanladığı 19 yanvar 2022-ci il tarixli məktubundan görünür ki, Quba rayonu, Qəçrəş kəndində yerləşən həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, “Torpağa mülkiyyət hüququna dair” JN- 635F KOD 30317018 saylı şəhadətnamə ilə 0,40 ha torpaq sahəsi iddiaçıya məxsusdur. Həmin şəhadətnamə 10 mart 2005-ci il tarixdə DTXK Quba rayon şöbəsinin müdirinin və Dövlət Yerquruluşu Layihə İnstitutunun müdirinin imzaları və möhürləri ilə təsdiq edilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 19 yanvar 2022-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh buna əsas kimi JN-635F nömrəli KOD 30317018 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında qeydə alınmadığı, şəhadətnamədəki cizginin elektron məlumat bazasında olan xəritəyə əsasən naturada faktiki istifadə vəziyyətindən fərqli olduğu, torpaq sahəsinin faktiki koordinatlarının elektron məlumat bazasında olan xəritə üzərində kənd təsərrüfatı təyinatlı pay torpaq sahələri ilə kəsişdiyi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə qeyd edir ki, sözügedən şəhadətnamə ilə qeydiyyata alınmış 0,40 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən tanınmış bir hüquqdur. İddiaçı sözügedən torpaq üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını deyil, yeni nümunəli çıxarış verilməsi niyyətindədir və yuxarıda qeyd edilən hüquq normalarına görə 10 mart 2005-ci ildə qeydə alınmış torpağa mülkiyyət hüququna dair dövlət aktı torpaq sahəsinə hüququn qeydə alınması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, daşınmaz əmlakın reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göründüyü kimi qanunverici daşınmaz əmlakın reyestrinin həqiqiliyi və tamlığı prezumpsiyasını qəbul etmişdir. Sözügedən şəhadətnamə isə heç kim tərəfindən mübahisələndirilməmişdir. Beləliklə məhkəmə qeyd edir ki, sözügedən torpaq sahəsi üzərində hüququn dövlət qeydiyyatına alınmasını tələb etmək iddiaçının konstitusion hüququdur. Məhkəmə cavabdehin imtinasında qeyd etdiyi dəlillərə münasibətdə qeyd edir ki, həmin dəlillər dövlət qeydiyyatının təkrar aparılmasından imtina üçün qanuni əsas sayıla bilməz. Belə ki, Torpaq mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi həmin dövrdə qüvvədə olmuş 10.01.1997-ci il tarixli 534 nömrəli Fərmanla təsdiq edilmiş eyniadlı Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin 4, 10, 11-ci bəndlərinə görə, torpağa mülkiyyət və daimi istifadə hüquqlarına dair dövlət aktları, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə 2 nüsxədən ibarət hazırlanır. Dövlət aktlarının və şəhadətnamələrin ilkin torpaqayırma sənədləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerqurluşu Lahiyə İnstitunun arxivində müddətsiz olaraq saxlanır. Dövlət aktı və şəhadətnamənin verilməsi xüsusi qeydiyyat kitabında əks etdirilir. Qeydiyyat kitabında qeydə almanı rayon (şəhər) torpaq şöbələri həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.3-cü maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göründüyü kimi, torpaq üzərində hüquqlara dair Dövlət aktlarının hazırlanması, verilməsi və qeydiyyatı həmin dövrdə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən aparılmışdır. Hansısa məlumatların, sənədlərin qeydiyyat kitablarında, yaxud elektron baza xəritə məlumatlarında öz əksini tapmaması vətəndaşın deyil, qeydiyyat orqanlarının səhvidir. Məhkəmə hesab etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, JN-635F KOD 30317018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0, 40 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. JN-635F KOD 30317018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0, 40 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1111/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1111/2022
14.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver