Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1112/2023 05.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi və iş stajının bərpası” barədə iddiasına Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi və iş stajının bərpası”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təmin edilməsi məqsədilə əmək kitabçasının surəti ilə birlikdə cavabdehə rəsmi olaraq müraciət etmişdir. O müraciətində bildirilmişdir ki, o, 1975-ci ildən 1977-ci ilə qədər hərbi xidmətdə olmuşdur, xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilə qədər Füzuli rayonu Tikinti İdarəsində fəhlə kimi işləmişdir. xx.xx.1978-ci ildən 1993-cü ilə qədər Azərbaycan Respublikası Dəmir Yolları Zəngilan rayonu üzrə 3 №-li Qarışıq Malları Ticarəti mağazasında əmək fəaliyyətini davam etdirmişdir. Zəngilan rayonu işğal edildikdən sonra o 1993-cü ildə ailəsi ilə birlikdə Bakı şəhərinə gəlmişdir. Zəngilan rayonu üzrə 68№-li Qarışıq Malları Ticarəti mağazası Azərbaycan Respublikası Dəmir Yolları Naxçıvan fəhlə tədcizatı idarəsinə tabe olmuşdur və bu idarə 2003-cü ilə qədər öz fəaliyyətini davam etdirdiyindən o faktiki olaraq oranın işçisi hesab edilmişdir ki, bu fakt özünü ona məxsus əmək kitabçasında da tapır. Lakin cavabdeh təşkilat onun 10 illi fəaliyyətini tanımır və əmək kitabçasını əsassız hesab edir. O, cavabdeh təşkilatın imtinasını əsassız hesab edir və onunla razılaşmır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Şifahi məhkəmə baxışı ilə bağlı əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, o, 1994-2003-cü illər arasında Bakı şəhərində yaşamış, lakin onun işləməməsinə baxmayaraq, onun Naxçıvan Muxtar Respublikasında olan stajı davam etmiş və o əmək haqqı almışdır. Bundan sonra təxminən 13 ilə yaxın müddət Rusiya Federasiyasında işləmişdir ki, bu stajını da nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 iddia ərizəsinə etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. İnzibati icraatın nəticəsi olaraq iddiaçıya xx.xx.2022-ci il tarixdə imtina məktubu ünvanlanmışdır. İddiaçı daha sonra xx.xx.2022-ci il tarixdə yenidən müraciət etmişdir, xx.xx.2022-ci il tarixdə əvvəlki ilə eyni məzmunlu imtina məktubu almışdır. İddiaçı təqdim etdiyi əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən sığorta stajının (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu illər nəzərə alınmaqla) 17 il 9 ay 17 gün teşkil etməsi səbəbindən imtina verilmişdir. Həmçinin bildirilmişdir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq İddiaçı adına tərtib olunmuş əmək kitabçasının surətində qeyd edilmiş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1978-ci il tarixdən xx.xx.2003-cü il tarixədək X4 OR hissəsi 68 nömrəli mağazada olan əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin arayışına əsasən əmək kitabça qeyd olunmuş X4 OR hissəsi 68 nömrəli mağazanın 01,02.1994-cü il tarixindən 26.11,2003-cü il tarixinədək əməkhaqqı kitabları X2 təhvil verilmədiyindən həmin dövrün araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmayıb. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, İddiaçı ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bundan sonra İddiaçı Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirilər ki, iş üzrə iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. AR İPM-nin 47.2-ci maddəsinə əsasən, iş üzrə iddia tələbinə qarşı etirazı təqdim edərək və hüquqi qiymət verilməsini xahiş edirlər. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ii iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən maddənin qeyd hissəsində müəyyən olunur ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Normanın məzmunundan aydın olduğu kimi, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 tələb ödənilməlidir: 1) Vətəndaşın yaşı bu qanunla nəzərdə tutulan yaş həddinə çatmalıdır; 2) Onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir, yaxud azı 25 il sığorta stajı mövcud olmalıdır. İddiaçı qanunla nəzərdə tutulmuş yaş həddinə çatmışdır. Belə ki, xx.xx.1957-ci təvəllüdlü iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş yaşa görə əmək pensiyası hüququ verən yaş həddinə Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdə çatmışdır. İddiaçının əmək kitabçasının surətində qeyd olunan X4 OR hissəsi 68 nömrəli mağazasında xx.xx.1994-cü il tarixdən xx.xx.2003-cü il tarixədək işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınması qanunvericiliyin tələblərinə ziddir. Yuxarıda göstərilən müəssisədə işlədiyi dövrlər nəzərə alınmadıqda iddiaçının ümumi sosial sığorta stajı cəmi 17 il 9 ay 17 gün təşkil edir və qanunvericiliyin minumum 25 il sosial sığorta stajı tələbi ödənilmir. İddiaçının mövcud sosial sığorta stajı aşağıda göstərilmişdir: Mübahisələndirilməyən illər – 17 il 9 ay 17 gün xx.xx.1975 - xx.xx.1975 3 ay xx.xx.1975 - xx.xx.1977 1 il 11 ay 24 gün xx.xx.1978 - xx.xx.1978 5 ay 5 gün xx.xx.1978 - xx.xx.1994 15 il 1 ay 21 gün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Belə ki, İddiaçı 01,02.1994-cü il tarixdən xx.xx.2003-cü il tarixədək işlədiyi illərdə əməkhaqqı kitabları tapılmadığı üçün həmin dövrləri sığorta stajına daxil edə bilməmişdir. “Vətəndaşların pensiya təyinatı haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin “a” bəndinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlər - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə əmək pensiyası hüququna sahib ola bilirlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası dedikdə bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin öiümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir Qeyd olunan qanunların tələblərindən də göründüyü kimi əmək pensiyası pensiya təyin olunduqdan əvvəl alınan əmək haqqı və həmin əmək haqqından tutulan məcburi dövlət sosial sığorta haqları ilə bağlıdır. Əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə müvafiq qanunvericiliyə uyğun olaraq sığorta stajına daxil edilir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı əmək kitabçasının surətində göstərilən müvafiq dövrlər sığorta stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmaması da iddiaçıya pensiya təyin olunmasını qeyrimümkün edir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər. İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. - İddiaçı məxsus 18 may 1978-ci il tarixdə açılmış əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1975-ci ildən xx.xx.1975-ci ilə qədər, xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilə qədər, xx.xx.1978-ci ildən xx.xx.2003-cü ilə qədər əmək fəaliyyəti ilə məşğul olmuşdur. - HЗ № ******* saylı hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilə qədər hərbi xidmətdə olmuşdur. - Məhkəməyə sorğu əsasında daxil olmuş Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 13/711 saylı, xx.xx.2023-cü il tarixli arxiv arayışında qeyd edilmişdir ki, iddiaçının xx.xx.1978-ci il tarixli 451/k №-li əmrlə 68 nömrəli mağazaya işə qəbul edilməsi, xx.xx.2003-cü il tarixli 10/k №-li əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 13/711 saylı, xx.xx.2023-cü il tarixli arxiv arayışında iddiaçının X4 ORS hissəsi - 1984-1994-cü il tarixləri arasında aldığı əməkhaqları qeyd olunmuşdur. - Məhkəməyə sorğu əsasında daxil olmuş Zəngilan rayon Dövlət Arxivinin 16 yanvar 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Zəngilan rayonu 1993-cüü il oktyabr ayının 29-da ermıni silahlı birləşmələri tərəfindən işğal edilmiş Zəngilan rayonu Dövlət Arxivinin həmin tarixədək olan sənədləri işğal bölgəsində qalmışdır, bu səbəbdən də məhkəmə sorğusunun cavablandırılması mümkün olmamışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının ona yaşa görə əmək pensiyasının təyin edilməsinə dair müraciəti təmin edilməmişdir.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən öhdəliyin icrası haqqında iddiadır.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı, iddia tələbi isə əsassız olduğundan iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının ona yaşa görə əmək pensiyasının təyin edilməsinə dair müraciəti təmin edilməmişdir. Cavabdeh orqan imtinasının əsası kimi iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2003-cü il tarixədək işlədiyi illərə dair əməkhaqqı kitablarının möcvud olmamasını, əməkkitabçasında göstərilən müvafiq dövrlərin əmək stajı kimi təsdiqlənmədiyini göstərmişdir. Hal-hazırda iddiaçının tələbi cavabdeh tərəfindən onun əmək stajına daxil edilməyən xx.xx.1994-cü ildən xx.xx.2003-cü ilədək olan dövrün onun əmək stajına daxil edilməsindən və buna əsasən ona yaşa görə əmək pensiyasının təyin edilməsinən ibarətdir. Məhkəmə iş materiallarını hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, cavabdeh orqan tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina əsaslı olmuşdur. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yaşa görə əmək pensiyasının təyin edilməsi şərtlərini müəyyən edən 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddəyə qeyddə göstərilmişdir ki, həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd olunan normanın məzmunundan göründüyü kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iki şərt müəyyən edilmişdir: qanunla müəyyən olunmuş yaş həddinə çatmaq və zəruri pensiya kapitalına və ya 25 il sığorta stajına malik olmaq. Qeyd edilən şərtlərdən hər hansının mövcud olmaması, şəxsin yaşa görə pensiya hüququnun olmadığı barədə nəticəyə gəlməyə əsas verir. Hazırki işdə iddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla (AZE0******* nömrəli şəxsiyyət vəsiqəsi) onun əmək pensiyası hüququ 31 iyul 2022-ci il tarixdə yaranmışdır. Yəni, ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunvericilikdə müəyyən edilmiş birinci şərt mövcuddur. Qanunun yaşa görə əmək pensiyası təyin edilməsi üçün digər şərtinə, yəni zəruri pensiya kapitalına və ya sığorta stajı şərtinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçıya pensiya təyin edilməsi üçün qeyd olunan şərtin tələbləri mövcud deyildir. Belə ki, işə əlavə olunmuş sənədlərlə iddiaçının zəruri olan pensiya kapitalına və ya ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan sığorta stajına malik olması müəyyən edilmir. Cavabdeh orqan idddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinasının əsası kimi əmək kitabçasında öz əksini tapmış xx.xx.1994-cü il tarixdən xx.xx.2003-cü il tarixədək illərə dair əməkhaqqı kitablarının möcvud olmamasını qeyd etmişdir. Məhkəmə icraatı zamanı iddiaçı mübahisələndirilən dövrdə faktiki olaraq işləməsə də, əmək haqqı aldığını bildirdiyindən, qeyd edilən dəlilin tam araşdırılması üçün məhkəmə tərəfindən aidiyyatı üzrə sorğuların verilməsi zərurəti yaranmışdır. İddiaçının işlədiyini iddia etdiyi dövrlərlə əlaqəli yuxarıda qeyd olunan sorğuya cavab məktublarından göründüyü kimi, heç bir sənəd və ya əməkhaqqı kitabları və cədvəlləri mövcud olmamışdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının özünün də məhkəmə prosesi zamanı faktiki olaraq işləmədiyini və Bakı şəhərində yaşadığını bildirməsi də onun iddiasını təkzib edən haldır. İddiaçı məhkəmə icraatı zamanı da həmin dövrlərdə işləməsini təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında öz əksini tapmış, lakin əmək fəaliyyəti ilə faktiki olaraq məşğul olmadığı xx.xx.1994-cü il tarixdən xx.xx.2003-cü il tarixinədək olan dövrün onun əmək stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsaslı olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stjaına daxil edilən digər dövrlərin məcmusu hesab edilir. Həmçinin, qanunun 21-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavədə qeyd olunmuşdur ki, növündən asılı olmayaraq pensiya təyin edilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 1.1. şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun surəti; 1.2. ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; Həmin qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Hazırki işdə iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2003-cü ilədək olan dövrlərdə işləməsi müəyyən edilmədiyindən, iddiaçı ona pensiya təyin edilməsi üçün zəruri olan pensiya kapitalına da malik deyildir. Məhkəmə əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı cavabdeh tərəfindən onun stajına daxil edilməyən illərdə işləməsini sübut edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtinası qanuni olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi və iş stajının bərpası” barədə iddiası təmin edilməməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi və iş stajının bərpası” barədə iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva