Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1114/2021 22.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Üçüncü şəxslər X14 və X7 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “üçüncü şəxslər X8, X7, X2 və X4 Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 251, yeni qaydalarla AZ 5021 ünvan 1 ünvanında yerləşən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia qaldıraraq “üçüncü şəxslər X8, X7, X2 və X4 Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 251, yeni qaydalarla AZ 5021 ünvan 1 ünvanında yerləşən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmaları ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin 16.04.2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 251, yeni qaydalarla AZ 5021 ünvan 1-də yerləşən yaşayış evi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Həmin mənzilə dair ona DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən RX seriyalı ******* saylı çıxarış verilmişdir. Ondan başqa X8, X7, X2 və X4 ona məxsus mənzildə formal qeydiyyatları vardır. Həmin şəxslər mənzildə qeydiyyatda olsalar da orada bir gündə olsa yaşamamışlar və bu gün də yaşamırlar. Onların qeydiyyatları formal xarakter daşıyır. Bu səbəbdən də o, cavabdehdən həmin şəxlərin qeydiyyatdan çıxarılmalarını xahiş etsə də, cavabdehin 16 aprel 2021-ci il tarixli məktubu ilə ərizəsinin icrasından imtina olunaraq qeyd olunan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılmasının məqsədəuyğun olması bildirilmişdir. Bu səbəbdən də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyytində qalmışdır. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə təqdim edilməmiş, onun nümayəndəsi və üçüncü şəxslər şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına dəvət olunmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclası cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. Məhkəmə iclasında üçüncü şəxslər X11 və X14 ərizə təqdim edərək iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə qeydiyyatda olsalar da həmin evdə heç vaxt yaşamadıqlarını, hazırda da məhkəmə qərarı ilə qeydiyyatdan çıxarılmalarına etirazlarının olmadığını bildirdilər. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 251, yeni qaydalarla AZ 5021 Sumqayıt şəhəri, Corat qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 24-də yerləşən fərdi yaşayış evi İddiaçı məxsusdur. İşdə olan Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, 04.03.2021-ci il tarixli arayışdan və Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 16.03.2021-ci il tarixli 402 saylı (Forma 2) arayışından görünür ki, hazırki iş üzrə üçüncü şəxslər X14, X11, X9 və X10 iddiaçıya məxsus yaşayış evində qeydiyyatdadırlar. İş materiallarında olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 349-da yaşayan X1, Sumqayıt şəhəri, Corat qəsəbəsi ev 250-də yaşayan X5 və Sumqayıt şəhəri, Corat qəsəbəsi məhəllə 2, ev 12-də yaşayan X6 tərəfindən tərtib olunmuş və Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq olunmuş aktda qeyd olunmuşdur ki, İddiaçı Sumqayıt şəhəri, Corat qəsəbəsi 251 saylı evdə qeydiyyatdadır, ailəsi ilə birgə yaşayır, həmin ünvanda X14, X11, X9 və X10 qeydiyyatda olsa da heç vaxt o ünvanda yaşamamışlar və hal-hazırda da yaşamırlar. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Polis İdarəsinin 16.04.2021-ci il tarixli, 123-13808M-3221 saylı məktubu ilə müəyyən olunur ki, iddiaçı üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmaları ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi 251 saylı ev, yeni qaydalarla ünvan 1 ünvanında yerləşən yaşayış yeri İddiaçı məxsusdur. Həmin mənzildə hazırki iş üzrə üçüncü şəxslər X14, X11, X9 və X10 da qeydiyyatdadırlar. İddiaçı üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmaları ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sözügedən mənzil iddiaçıya məxsusdur. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər X11 və X14 həmin evdə qeydiyyatda olsalar da orada yaşamamaları və həmin evdən qeydiyyatdan çıxarılmalarına etirazlarının olmaması barədə ərizə təqdim etmişlər. Beləliklə iş üzrə üçüncü şəxslərin sözügedən mənzildə qeydiyyatları formal xarakter daşıyır və onlar həmin mənzildə yaşamırlar. Bu halda qeydiyyatda olan şəxslərin yaşayış sahəsindən çıxarılmasından cavabdehin imtinası əsassız olmuşdur. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müracitəinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Məhkəmə eyni zamanda qeyd edir ki, üçüncü şəxslər iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X8, X7, X2 və X4 Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 251, yeni qaydalarla AZ 5021 ünvan 1 ünvanında yerləşən yaşayış evindən qeydiyyatdan çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. X8, X7, X2 və X4 Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 251, yeni qaydalarla AZ 5021 ünvan 1 ünvanında yerləşən yaşayış evindən qeydiyyatdan çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1114/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1114/2021
22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver