Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1114/2025 07.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsi və üzərindəki tikilinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və üzərindəki tikiliyə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması” tələbinə dair iddiası üzrə inzibati işə 7 oktyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”-in 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. Bilgəh bələdiyyə şurasının 2 aprel 2001-ci il tarixli, 10 nömrəli qərarından görünür ki, X14 fərdi yaşayış evi inşa etmək üçün Bilgəh qəsəbə ərazisindən 0,3 ha torpaq sahəsi ayrılmışdır.
2. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən MH seriyalı, ******* nömrəli, 8 sentyabr 2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********90-10301 reyestr nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Bilgəh Zəfəran sovxozu ərazisi, H.Z.Tağıyev küçəsində istifadəsində olan 0,01988 ha torpaq sahəsində yerləşən 82 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X1 adına qeydiyyata alınmışdır.
3. “Hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün keçirilmiş hərracın yekunları barədə” 9 aprel 2013-cü il tarixli, 26/01 nömrəli protokolundan görünür ki, satılan əmlak X2 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi, tələbkar "xxxx" ASC olaraq göstərilmişdir.
4. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən RX seriyalı, ******* nömrəli, 1 mart 2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********90-10301 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi "xxxx" ASC-nin xüsusi mülkiyyətindədir, 0,0199 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla, "xxxx" ASC-nin istifadəsindədir.
5. 12 aprel 2018-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcı "xxxx" ASC ünvan 3 ünvanında yerləşən 133,4 kv.m fərdi yaşayış evini alıcı X15 mülkiyyətinə vermişdir.
6. 16 aprel 2018-ci il tarixli, 832 inventar nömrəli X15 adına **********90-10301 reyestr nömrəli fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportda torpaq sahəsinin faktiki ölçüsü 0,29492 ha, tikinti altı sahə 0,01988 ha olaraq göstərilmişdir.
7. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 27 aprel 2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********90-10301 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşyış evi X6 xüsusi mülkiyyətində, 0,0199 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla X6 istifadəsindədir.
8. 2 oktyabr 2018-ci il tarixli, 11/625/AİF nömrəli “Alqı-satqı və ipoteka müqaviləsi”ndən görünür ki, satıcı X4 rayonu, Bilgəh Zəfəran sovxozu ərazisi, H.Z.Tağıyev küçəsi, ev 82 ünvanda yerləşən və mülkiyyət hüquqları 27 aprel 2018-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********90-10301 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı alıcı-ipoteka qoyan İddiaçı mülkiyyətinə vermişdir. Müqavilədə olan daşınmaz əmlak haqqında məlumatlarda ümumi sahəsi 133,4 kv.m olan fərdi yaşayış evi, bələdiyyə mülkiyyətində olan 0,0199 ha torpaq sahəsi göstərilmişdir.
9. 26 dekabr 2023-cü il tarixli, İddiaçı adına tərtib edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tələb olunan bina və qurğuların layihələndirilməsi. Memarlıq planlaşdırma həlli”ndə ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin planı və ölçüləri göstərilmişdir.
10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 6 iyun 2023-cü il tarixli, 3-21-3-32/2-6171/2023 nömrəli məktubundan görünür ki, keçmiş Abşeron rayonu X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X12 adına ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququna dair 359 inventar, 24101 reyestr nömrəli qeydiyyat vəsiqəsi Bilgəh Bələdiyyə şurasının 02 aprel 2001 - ci il tarixli 10 nömrəli qərarından çıxarış əsasında verilmişdir. Abşeron rayonu 1 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 24 may 2004cü il tarixli, 4Ə/400 reyestr nömrəli müqaviləyə əsasən fərdi yaşayış evi X7 adına özgəninkiləşdirilmişdir. Keçmiş Abşeron rayonu X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X7 adına ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququna dair 359 inventar, 24101 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Abşeron rayonu 1 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 6 fevral 2006-cı il tarixli, 4Ə1-139 reyestr nömrəli alq-satqı müqaviləsinə əsasən fərdi yaşayış evi X3 adına özgəninkiləşdirilmişdir. Keçmiş Abşeron rayonu X5 və Mülkiyyət Hüquqlarının Qeydiyatı İdarəsi tərəfindən sözügedən fərdi yaşayış evinə X3 adına mülkiyyət hüququna dair 359 inventar, 24101 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Fərdi yaşayış evi üzərində X3 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 8 sentyabr 2008-ci il tarixdə **********90-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. 9 aprel 2013-cü il tarixli hərracın yekunları barədə 26/01 nömrəli protokoluna əsasən fərdi yaşayış evi "xxxx" ASC-nin adına özgəninkiləşdirilmişdir. Fərdi yaşayış evi üzərində "xxxx" ASC-nin adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 1 mart 2016-cı il tarixdə **********90-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayonu 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 12 aprel 2018-ci il tarixli, 4Ə-924 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən fərdi yaşayış evi X15 adına özgəninkiləşdirilmişdir. Fərdi yaşayış evi üzərində X15 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 27 aprel 2018-ci il tarixdə **********90-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayonu 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə-2747 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən fərdi yaşayış evi İddiaçı adına özgəninkiləşdirilmişdir. Fərdi yaşayış evi üzərində İddiaçı adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 9 oktyabr 2018-ci il tarixdə **********90-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Fərdi yaşayış evi ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
11. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun 20 sentyabr 2023-cü il tarixli, 12-3/2-4223/2023 nömrəli "xxxx" ASC-yə göndərilmiş məktubundan görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış, hazırda "xxxx" ASC tərəfindən xidmət olunan 29 sentyabr 2018-ci il tarixli, 11/624/AİF saylı kredit müqaviləsinin təminatı olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzrə torpaq sahəsinin dəqiqləşdirilməsinin aparılması üçün müvafiq sorğunun göndərilməsinə etiraz edilməmişdir.
12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin İddiaçı göndərilmiş 26 fevral 2024-cü il tarixli, 32/332/2-2347/24 nömrəli məktubundan görünür ki, aparılan araşdırma zamanı Bilgəh bələdiyyə şurası tərəfindən əvvəlki hüquq sahibinə 0,3 ha torpaq sahəsi idarənin arxiv əsalarında aşkarlanan 2 aprel 2001-ci il tarixdə, 10 nömrəli qərarından çıxarış ilə ayrıldığı halda, alqısatqı aktının və Abşeron rayonu Bilgəh bələdiyyəsinin yerquruluşu planından çıxarışının arxiv əsaslarında aşkar edilmədiyi və tərəfindən hazırkı ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Abşeron rayonu Bilgəh bələdiyyə şurası tərəfindən torpaq sahəsi qanunvericiliklə müəyyən edilmiş normadan artıq ayrıldığı, həmçinin müayinə olunan torpaq sahəsi Abşeron rayonu İcra Hakimiyyətinin idarəçiliyində saxlanılmış keçmiş Bilgəh Zəfəran sovxozunun hüdudları daxilində yerləşir. Bundan başqa, müayinə olunan torpaq sahəsinin üç hissəyə bölünərək digər şəxslər tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Eyniləşdirmə əməliyyatının aparılması üçün şəxsiyyətini təsdiq edən sənədin surətinin hazırkı müraciətinə əlavə olunmadığı müəyyən edilmişdir.
13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 4 fevral 2025-ci il tarixli, 32/332/1-S-193-8/24 nömrəli aparılan araşdırma zamanı İddiaçı adına torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlərin, eyniləşdirmə əməliyyatının aparılması üçün şəxsiyyətini təsdiq edən sənədin surətinin hazırkı ərizəsinə əlavə olunmadığı, həmçinin 29 sentyabr 2018-ci il tarixli, 11/625/AİF saylı kredit müqaviləsinə əsasən torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi üzərində yüklülük oduğu müəyyən edilmişdir. Sözügedən daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün texniki baxışın keçirilməsinə şərait yaradılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir.
Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 21 oktyabr 2024-cü il tarixli, 3-21-3-02/2-12944/2024 nömrəli məktubundan görünür ki, elektron kadastr baza məlumatlarına əsasən, Bilgəh Zəfəran sovxozu ərazisi, H.Z.Tağıyev küçəsi, ev 82 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli Sərəncamı ilə Abşeron Rayon İcra Hakimiyyətinin idarəçiliyində saxlanılmış torpaq sahələrinə aiddir.
15. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X9 21 fevral 2025-ci il tarixli, 820 nömrəli məktubu ilə Abşeron rayon 1 saylı notariat ofisində 2 oktyabr 2018-ci il tarixdə 4Ə-2747 nömrə ilə reyestrdə qeyd edilmiş alqı-satqı və ipoteka müqaviləsinə dair notariat işinin surəti qoşma şəklində göndərilmişdir: - 2 oktyabr 2018-ci il tarixli, 11/625/AİF nömrəli “Alqı-satqı və ipoteka müqaviləsi” (§7); - 29 sentyabr 2018-ci il tarixli, 11/624/AİF nömrəli "xxxx" ASC və İddiaçı arasında Bilgəh Zəfəran sovxozu ərazisi, H.Z.Tağıyev küçəsi, ev 82 ünvanda yerləşən daşınmaz əmlaka dair “Kredit müqaviləsi”. - digər hüquq müəyyənedici sənədlər.
16. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 6 mart 2025-ci il tarixli, 3-21-3-32/2-3672/2025 nömrəli məktubundan görünür ki, torpaq sahəsi TEKUİS (X10 X17) məlumatlarında dövlət mülkiyyətində olan torpaq sahəsi olaraq qeyd olunmaqla yanaşı yaşayış məntəqələri kateqoriyalı torpaqlara aid olduğu aşkar edilmişdir.Elektron baza məlumatlarında mübahisə predmeti olan torpaq sahəsinə dair DWG və DBF məlumatları aşkar edilməmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsi digər şəxslərin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmür. Sözügedən torpaq sahəsinin müayinə aktına və elektron məlumat bazasına əsasən kommunikasiya xətlərinin mühafizə zolağında yerləşmir. Qeyd olunan torpaq sahəsinə dair müayinə aktının surəti, baş planı, ortofoto görüntüsü və mübahisəli torpaq sahəsinin ətrafında yerləşən üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinə dair çıxarışların və onların verilməsinə dair sənədlərin təsdiq edilmiş surətləri qoşma şəklində göndərilmişdir: - 3 mart 2025-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan görünür ki, torpaq sahəsinin ölçüsü hüquq müəyyənedici sənəd üzrə 0,10 ha, faktiki 0,1032 ha olaraq göstərilmişdir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia ərizəsinin dəlilləri
17. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanındakı evinin yerləşdiyi faktiki torpaq sahəsinin (0,10 ha) ölçülərinin kadastr-reyestr bazasında (elektron və kağız üzərində) və texniki pasportda müvafiq dəqiqləşdirilməsini (düzəliş edilməsi) aparmaqla həmin torpaq sahəsinin üzərindəki tikili ilə birlikdə vahid əmlak şəklində adına mülkiyyət hüquqları ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılaraq buna dair çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. İddia tələbi işin hallarına (§1-13) istinad edilərək onunla əsaslandırılmışdır ki, tikilinin yerləşdiyi və faktiki iddiaçının istifadəsində və sahibliyində olan ümumi (tikintialtı və həyətyanı) faktiki torpaq sahəsi sənədlərdə 0,29492 ha göstərilsə də, ölçü faktiki olaraq bundan azlıq təşkil edir. 2018-ci ildə tikili üzərində ipoteka rəsmiləşdirilərkən də faktiki torpaq sahəsi 0,29492 ha deyil, bundan daha az, təqribən 0,10 ha ölçüsündə idi. O zaman ipoteka saxlayan bankın özü də buna etiraz etməmişdir, çünki ipotekaya qoyulan əmlak torpaq deyil, tikili idi. Tikilinin isə 0,0199 ha tikintialtı sahədən ibarət olduğu qeyd edilmişdir. Yəni, 0,0199 ha tikintialtı torpaq sahəsində yerləşən tikili ipotekaya qoyulmuşdu. Fərdi yaşayış evini əldə edərkən və adına qeydiyyatı aparılarkən daşınmaz əmlakın dövlət reyestrində evlə bağlı tərtib olunmuş texniki pasportda isə faktiki ölçüyə deyil, ilkin sənədlərə istinad olunmuş, faktiki 0,10 ha ölçü əvəzinə torpaq sahəsi 0,29492 ha ölçüdə göstərilmişdi. Halbuki, qanunvericiliyin müvafiq normaları imkan verir ki, faktiki ölçülər ilkin sənədlərdəki ölçülərdən azlıq təşkil edirsə, bu halda hüquq sahibinin razılığı ilə qeydiyyatın faktiki ölçüləri əsas götürülməklə aparılması mümkündür. Eləcə də, evin yerləşdiyi ümumi torpaq sahəsi reyestrdə bələdiyyə mülkiyyəti kimi qeydiyyata alınmış və hal-hazırda bu qeydiyyat qüvvədədir. Bununla belə, cavabdeh orqan tərəfindən iddiaçıya təqdim olunmuş arxiv sənədləri əsasında müəyyən edilmişdir ki, iddiaçının adına verilmiş çıxarışda evin torpaq sahəsi bələdiyyə mülkiyyəti kimi göstərilsə də, ilkin hüquq sahibi tərəfindən həmin torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətinə keçirilməsinə dair bələdiyyə orqanının müvafiq qərarı, hüququ sahibinin isə qərardan çıxarışı olmuşdur. Yəni, torpaq sahəsinin bələdiyyə orqanı tərəfindən ilkin hüquq sahibinin mülkiyyətinə verilməsinə dair qərar çıxarılmışdır. Hesab edilir ki, əgər sənədlərdə uyğunsuzluqlar vardırsa, onda sözügedən qanunun 13.11-ci maddəsi əsas tutulmalı, hüquqları Bilgəh bələdiyyə şurasının 2 aprel 2001-ci il tarixli, 10 nömrəli qərarının və bunun əsasında ilkin hüquq sahibinə verilmiş çıxarışın məzmununa və məlumatlarına istinad olunmaqla tanınmalıdır. İddiaçıya məxsus torpaq sahəsi ilkin hüquq sahibinə dövlət orqanı tərəfindən bələdiyyə torpaq sahəsi kimi ayrılmış, bunun özü dövlət mülkiyyətindən bələdiyyəyə keçmə deməkdir. Ev tikilisi qeydiyyata alınarkən də evin torpaq sahəsi dövlət reyestrində bələdiyyə torpağı kimi qeydiyyata alınmış və bu, çıxarışda da öz əksini tapmışdır. Reyestr qeydiyyatı isə dövlət tərəfindən tanınma və təsdiqlənmə deməkdir. Bütün bunlardan sonra, həmin torpaq sahəsinin sovxoz torpağı kimi təqdim olunmasının heç əsası mövcud deyildir. Qeyd edilir ki, iddiaçıya qədər 0,29492 ha ölçüdə ümumi həyət 3 hissəyə bölünmüşdür. İddiaçı həmin şəxslərin kimliyini bilmir və tanımır. Hal-hazırda iddiaçı öz faktiki sahəsinin dəqiqləşdirilməsini istəyir. Bu faktiki bölgünü və ayrılmanı dəlil gətirərək öz sahəsinin, yəni ona aid olub həyətinin hasarı daxilində olan torpaq sahəsinin ölçüsünün dəqiqləşdirilməsini və 0,10 ha torpaq sahəsinin ölçüsünün hüquqi və texniki sənədlərə daxil edilməsini xahiş etmişdir. Əslində, mövcud vəziyyət texniki uyğunsuzluqdur. Yəni, iddiaçının istifadəsində olan torpaq sahəsinin faktiki ölçüsü texniki pasportda olan ölçü ilə uyğunsuzdur. Bu uyğunsuzluq cavabdeh orqanın özü tərəfindən də təsbit edilmişdir. Əgər mövcud vəziyyət sənədlərdəki ölçüdən azdırsa, bu zaman təkrar qeydiyyatın aparılması və azalma ilə yenidən qeydiyyata alınma hüquq sahibi kimi iddiaçıya onun razılığına bağlıdır. Əgər iddiaçı buna razıdırsa, inzibati orqan bu texniki uyğunsuzluğu, yaxud texniki səhvi aradan qaldırmalıdır. Səhv ona görədir ki, 2018-ci ildə iddiaçı çıxarış və texniki pasport alarkən torpaq sahəsinin müayinəsi aparılmışdır. Əraziyə baxış keçirən mühəndis iddiaçıya məxsus torpaq sahəsinin ölçüsünün 0,10 ha olmasına baxmayaraq, texniki pasporta ümumi ölçünü, yəni ilkin sənədlərdəki ölçünü daxil etmişdir. Bu isə faktiki vəziyyətlə reyestr məlumatları arasında uyğunsuzluğa gətirib çıxarmışdır.
19. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14, 139, 140, 153, 157, 238.1, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 47, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1, 4.3, 16.1, 16.2, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 10, 12, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1, İPM-in 2.2, 34-cü maddələrinə istinad olunmuşdur.
20. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
21. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri
22. Etiraz daxil olunmamışdır.
c) Tərəflərin iştirakı və izahatları:
23. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər.
24. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
25. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.
26. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
27. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.
28. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin səlahiyyətli nümayəndəsi X16 imtina dəlillərini müdafiə edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
a) İddianın mümkünlüyü:
29. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
30. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
31. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
32. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
33. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
b) Tətbiq edilən hüquq:
34. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. (-) Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (-)
35. TM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri
1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.
2. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.
Maddə 55.Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; (-)
Maddə 66.Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər
1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
Maddə 67.Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. (-)
Maddə 68.Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
36. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqlarınməhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (-) 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-)
Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-) 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; (-)
37. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.
Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-) 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; (-) Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi Hüquqlarındövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir: 10.2. qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.
Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-)
38. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 28 oktyabr 2008-ci il tarixli Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
İX. Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. X. Bu qanun qüvvəyə minənədək hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş bələdiyyə torpaqları üzərində istifadə müddəti bitdikdən sonra, həmin torpaqlar yalnız açıq torpaq hərracı və ya müsabiqəsi vasitəsilə icarəyə verilə bilər. Xİ. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir (12 dekabr 2008-ci il tarixdə dərc edilmişdir).
39. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; (-) Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları
6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.
Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
40. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”
41. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.
Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.
Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; (-)
Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. (-)
Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. (-)
Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı (-) 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
42. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə 52. Məhkəmə baxışının hədləri Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-)
Maddə 68. Məhkəmə qərarının əsası
68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)
c) Məhkəmənin mövqeyi
43. Məhkəmə tərəflərin vermiş olduğu izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, onlara yuxarıda göstərilən qanunvericilik normaları ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir.
44. Yuxarıda sadalanan normalardan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir. Cavabdeh orqan isə yalnız adıçəkilən Qanunun 15-ci maddəsindəki əsaslardan biri olduğu halda daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasından imtina edə bilər.
45. İddia tələbinin əsası ondan ibarətdir ki, iddiaçıya məxsus evin yerləşdiyi və onun istifadəsində və sahibliyində olan ümumi (tikintialtı və həyətyanı) torpaq sahəsi texniki sənədlərdə 0,29492 ha göstərilsə də, ölçü faktiki olaraq 0,10 ha təşkil edir. İpoteka saxlayan bank torpaq sahəsinin azalmasına etiraz etməmişdir, çünki ipotekaya qoyulan əmlak torpaq deyil, tikili idi. Eləcə də, evin yerləşdiyi ümumi torpaq sahəsi reyestrdə bələdiyyə mülkiyyəti kimi qeydiyyata alınmış və hal-hazırda bu qeydiyyat qüvvədədir. İddiaçının adına verilmiş çıxarışda evin torpaq sahəsi bələdiyyə mülkiyyəti kimi göstərilsə də, ilkin hüquq sahibi tərəfindən həmin torpaq sahəsinin alqı-satqısı yolu ilə mülkiyyətinə keçirilməsinə dair bələdiyyə orqanının müvafiq qərarı mövcuddur. Bundan əlavə, 0,29492 ha ölçüdə ümumi həyət 3 hissəyə bölünmüş, hal-hazırda iddiaçı öz faktiki sahəsinin dəqiqləşdirilməsini və 0,10 ha torpaq sahəsinin ölçüsünün hüquqi və texniki sənədlərə daxil edilməsini iddia edir (§18).
46. Cavabdehin sonuncu imtina dəlilləri isə aşağıdakılarıdan ibarətdir (§13): - 29 sentyabr 2018-ci il tarixli, 11/625/AİF saylı kredit müqaviləsinə əsasən torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi üzərində yüklülük oduğu müəyyən edilmişdir; - daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün texniki baxışın keçirilməsinə şərait yaradılmamışdır.
47. İş materiallarına əlavə edilmiş sənədlər ilə müəyyən edilmişdir ki, 2 oktyabr 2018-ci il tarixli, 11/625/AİF nömrəli alqı-satqı və ipoteka müqaviləsi ilə satıcı X20 mübahisə predmeti olan ünvan 3 ünvanda yerləşən daşınmaz əmlakı alıcı-ipoteka qoyan iddiaçının mülkiyyətinə vermişdir. Qeyd edilən müqavilənin və onun bağlanması üçün əsas olmuş sənədlərin mövcudluğu Ədliyyə Nazirliyi Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təqdim edilmiş sənədlər ilə öz təsdiqini tapmışdır.
48. Eyni zamanda, iş materiallarına əlavə edilmiş sənədlərdən fərdi yaşayış evinin müəyyən olunan ilk mülkiyyətçisi X14 Bilgəh bələdiyyə şurasının 2 aprel 2001-ci il tarixli, 10 nömrəli qərarı ilə fərdi yaşayış evi inşa etmək üçün Bilgəh qəsəbə ərazisindən 0,3 ha torpaq sahəsi ayrılmışdır.
49. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli Sərəncamı ilə Abşeron Rayon İcra Hakimiyyətinin idarəçiliyində saxlanılmış torpaq sahələrinə aiddir.
50. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, torpaq sahəsi X10 X17 məlumatlarında dövlət mülkiyyətində olmaqla yanaşı yaşayış məntəqələri kateqoriyalı torpaqlara aiddir, digər şəxslərin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmür, kommunikasiya xətlərinin mühafizə zolağında yerləşmir. Torpaq sahəsinin müayinə aktından göründüyü kimi, ölçüsü hüquq müəyyənedici sənəd üzrə 0,10 ha, faktiki 0,1032 ha olaraq göstərilmişdir. Qeyd edilməlidir ki, iddiaçının hazırkı iddia tələbi faktiki müəyyən edilən 0,1032 ha deyil, 0,10 ha torpaq sahəsi və üzərində olan tikiliyə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsindən ibarətdir.
51. Eyni zamanda məhkəmə bildirir ki, İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların ləyihələndirilməsi üçün lisenziyaya malik olan "xxxx" MMC tərəfindən memarlıq planlaşdırma həlli tərtib edilərək, torpaq sahəsi üzərində yerləşən və mübahisə predmeti olan fərdi yaşayış evinin planı və ölçüləri göstərilmişdir.
52. Yuxarıda sadalanlara əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, müvafiq alqısatqı və ipoteka müqaviləsi ilə iddiaçının mülkiyyətinə verilmiş fərdi yaşayış evi üzərində yüklülüyün olub-olmamasından asılı olmayaraq (iddiaçı ilə bağlanılmış ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir), iddiaçı mübahisələndirilən fərdi yaşayış evinin alıcısı olduğundan altında yerləşən torpaq sahəsinə dair mülkiyyət hüququna malikdir. Beləliklə də, iddiaçı fərdi yaşayış evi və torpaq sahəsinin vahid daşınmaz əmlak olaraq üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasının tələb etdiyində haqlıdır.
53. Göründüyü kimi, iddia tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də cavabdeh orqanın iddia tələbinə münasibətdə təqdim etdiyi etirazında bildirdiyi dəlilləri məhkəmə yuxarıda qeyd olunanlara istinadən əsassız hesab edir, həmçinin aşağıdakıları bildirir.
54. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olubolmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir.
55. Nəzərə almaq lazımdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları qanunvericilikdə dəqiq təsbit edilmişdir və inzibati orqanlar yalnız həmin əsaslardan hər hansı birinin mövcud olduğu halda hüquqların dövlət qeydiyyatına alınmasından imtina etməkdə haqlı sayıla bilərlər. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir.
56. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu şəkildə qiymət verərək (§ 1-16), qanunvericiliyin normalarını (§34-42), həmçinin yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
57. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. ünvan 3 yerləşdiyi 0,10 ha (torpaq sahəsinin ölçülərinin kadastr-reyestr bazasında və texniki pasportda müvafiq düzəlişlər edilməklə) torpaq sahəsi və onun üzərindəki tikilinin vahid əmlak kimi İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova