Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1117/2024 29.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Sumqayıt bələdiyyəsinə qarşı “Sumqayıt bələdiyyəsinin 27 iyun 2008-ci il tarixli, 14 saylı qərarının Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında salınan Yeni yaşayış məntəqəsinin 5-ci məhəlləsinin ərazisində yerləşən, sahəsi 600 kvadrat metr olan 42 saylı həyətyanı torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədi ilə mülkiyyətinə verilməsi barədə Sumqayıt bələdiyyəsinin 11 aprel 2008-ci il tarixli, 09 saylı qərarının ləğv edilməsi hissəsində ləğv olunması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Sumqayıt bələdiyyəsinə qarşı “Sumqayıt bələdiyyəsinin 27 iyun 2008-ci il tarixli, 14 saylı qərarının Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında salınan Yeni yaşayış məntəqəsinin 5-ci məhəlləsinin ərazisində yerləşən, sahəsi 600 kvadrat metr olan 42 saylı həyətyanı torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədi ilə mülkiyyətinə verilməsi barədə Sumqayıt bələdiyyəsinin 11 aprel 2008-ci il tarixli, 09 saylı qərarının ləğv edilməsi hissəsində ləğv olunması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-ci ilin ortalarında ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət edərək “Yaşıldərə” adlandırılan Sumqayıt şəhərinin cənubunda, “Samur- Abşeron” kanalının şimalında salınan Yeni yaşayış məntəqəsinin ərazisində fərdi yaşayış evinin tikintisi məqsədi ilə həyətyanı torpaq sahəsinin mülkiyyətinə verilməsini xahiş etmişdir. Torpaq sahəsinin ayrılmasına dair müraciəti Sumqayıt Bələdiyyəsində məqsədəuyğun sayılmış və müvafiq sənədləşmə işlərinin aparılması məqsədi ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə və Azərbaycan Respublikasının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinə müraciət olunaraq müvafiq rəylərin verilməsi xahiş olunmuşdur. Sumqayıt Bələdiyyəsinin torpağın sənədləşdirilməsinə dair müraciətlərinə cavab olaraq, Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsi tərəfindən 14 mart 2008-ci il tarixli, 102 saylı, Azərbaycan Respublikasının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən isə 01 aprel 2008-ci il tarixli, 02/558 saylı rəylər verilmiş və torpaq sahəsinin mülkiyyətinə alqısatqı qaydasında sənədləşdirilməsinin mümkün olduğu bildirilmişdir. Sözügedən rəylər bələdiyyəyə daxil olduqdan sonra Sumqayıt Bələdiyyəsinin tələbi əsasında onun tərəfindən torpağın alqı-satqı haqqı olaraq 300 (üç yüz) manat pul məbləği bələdiyyənin hesablaşma hesabına ödənilmiş və Sumqayıt Bələdiyyəsinin 11 aprel 2008-ci il tarixli, 09 saylı iclas protokolunun qərarı ilə Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında salınan Yeni yaşayış məntəqəsinin 5-ci məhəlləsinin ərazisində yerləşən,sahəsi 600 kvadrat metr olan 42 saylı həyətyanı torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədi ilə mülkiyyətinə verilmişdir. Lakin o, göstərilən sənədlər əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatından keçirə bilmir. Belə ki, torpaq üzərində hüququnun qeydiyyatı ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etdikdə ona bildirilmişdir ki, qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən 01 dekabr 2007-ci ildən sonra bələdiyyənin bilavasitə qərarları ilə verilmiş torpaqlar üzərində hüquqlar dövlət qeydiyyatından keçirilmir və həmin qərarlar qüvvədən düşmüşdür. Bundan sonra tərəfindən Sumqayıt Bələdiyyəsinə edilmiş müraciətə cavab olaraq ona bildirilmişdir ki, həqiqətən də torpaq sahəsinin ona ayrılmasına dair bələdiyyə qərarı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X2 tövsiyələri əsasında Sumqayıt Bələdiyyəsinin 27 iyun 2008-ci il tarixli,14 saylı qərarı ilə ləğv edilmişdir. Halbuki, sözügedən torpaq sahəsinin bələdiyyə tərəfindən mülkiyyətinə ayrılması zamanı o üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmiş, torpağın tələb olunan dəyərini ödəmişdir və bələdiyyə qərarının ləğvi cavabdeh tərəfindən onun məlumatı olmadan həyata keçirilmişdir. Hesab edir ki,torpağın mülkiyyətinə ayrılması barədə Sumqayıt Bələdiyyəsinin 11 aprel 2008-ci il tarixli, 09 saylı iclas protokolunun qərarı cavabdeh tərəfindən “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri açıq-aşkar şəkildə pozulmaqla ləğv olunmuşdur. Göründüyü kimi, onun hüquqları Sumqayıt Bələdiyyəsi tərəfindən aşkar şəkildə pozulduğu üçün o, məhkəməyə müraciət etmək və Sumqayıt Bələdiyyəsinin 27 iyun 2008-ci il tarixli,04 saylı qərarının mənim mülkiyyətimə torpaq sahəsinin verilməsi barədə Sumqayıt Bələdiyyəsinin 15 fevral 2008-ci il tarixli, 04 saylı iclas protokolunun qərarı hissəsində ləğv olunmasını tələb etmək qərarına gəlmişdir. Belə ki, torpağın bələdiyyə tərəfindən mülkiyyətinə ayrılması zamanı o öz tərəfindən üzərinə düşən öhdəlikləri, o cümlədən mülkiyyətinə verilmiş torpaq sahəsinin tələb olunan alqı-satqı pulunu bələdiyyəyə ödəməklə tam yerinə yetirmişdir. Beləliklə, hüquqları Sumqayıt Bələdiyyəsi tərəfindən aşkar şəkildə pozulduğu üçün məhkəməyə müraciət etmək və pozulmuş hüquqlarını məhkəmə qaydasında müdafiə etmək məcburiyyətində qalmışdır. Sumqayıt Bələdiyyəsinin mübahisələndirilən qərarı ona məlumat verilmədən və hər hansı məhkəmə qərarı olmadan çıxarıldığından, hesab edir ki, həmin bələdiyyə qərarı qanunsuz qəbul edilmişdir və bu əsasla ləğv edilməlidir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Məhkəmə iclasında iştirak etmiş İddiaçı və nümayəndəsi həmçinin vəkili X1 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı Sumqayıt Bələdiyyəsinə qarşı “bələdiyyə qərarının ləğv edilməsi barədə” iddia ərizəsi ilə bağlı bildiririk ki, adı çəkilən şəxs 2007-ci ildə ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət edərək “Yaşıldərə” adlandırılan “Samur-Abşeron” kanalının şimalında salınan Yeni yaşayış massivinin ərazisində fərdi ev tikintisi üçün ona həyətyanı torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. İddiaçı müraciətini nəzərə alaraq qeyd edilən Yeni yaşayış massivinin 5-ci məhəlləsinin ərazisində sahəsi 600 kvadrat metr olan 42 saylı həyətyanı torpaq sahəsinin onun mülkiyyətinə verilməsi Sumqayıt Bələdiyyəsi tərəfindən məqsədəuyğun hesab edilmiş və sənədləşmə işlərini həyata keçirmək məqsədilə müvafiq rəylərin alınması üçün Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi ilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinə rəsmi məktublarla müraciət olunmuşdur. Həmin müraciətlərə cavab olaraq adı çəkilən təşkilatlar tərəfindən müvafiq rəylər verilərək göstərilən torpaq sahəsinin İddiaçı mülkiyyətinə ayrılmasına etiraz edilmədiyi bildirilmişdir. Bu rəylər Sumqayıt Bələdiyyəsinə daxil olduqdan və İddiaçı tərəfindən torpaq sahəsinin alqı-satqı haqqı olaraq 300 (üç yüz) manat məbləğində pul vəsaitini bələdiyyənin bank hesabına köçürüldükdən sonra Sumqayıt Bələdiyyəsinin 11 aprel 2008-ci il tarixli, 09 saylı iclasının qərarı ilə "Samur- Abşeron” kanalının şimalında salınan Yeni yaşayış massivinin 5-ci məhəlləsinin ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan 42 saylı həyətyanı torpaq sahəsi fərdi ev tikintisi üçün İddiaçı mülkiyyətinə verilmişdir. Həmçinin, sözügedən torpaq sahəsi yerində ölçülərək müvafiq təhkim aktı əsasında İddiaçı təhvil verilmişdir. Göründüyü kimi Sumqayıt Bələdiyyəsinin torpağın ayrılmasına dair qərarının 01 dekabr 2007-ci il tarixdən,yəni yeni qanun normalarının qüvvəyə mindiyi vaxtdan sonra verilməsinə səbəb müvafiq icra hakimiyyəti orqanlarının rəylərinin bələdiyyənin müraciətindən xeyli gec olaraq bələdiyyəyə göndərilməsi olmuşdur. Adı çəkilən bələdiyyə qərarı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X2 tövsiyələri əsasında ləğv edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X2 həmin tövsiyələrində “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə edilmiş dəyişikliklərə əsasən 01 dekabr 2007-ci il tarixdən etibarən bələdiyyə torpaqları üzərində hüquqların yalnız torpaq hərracları, yaxud müsabiqələri vasitəsilə əldə edilə biləcəyi qeyd olunmuş, həmin tarixdən etibarən Sumqayıt Bələdiyyəsinin qəbul etdiyi qərarların sözügedən qanun norması ilə ziddiyyət təşkil etdiyi diqqətə çatdırılmış və 01 dekabr 2007-ci il tarixdən sonra Sumqayıt Bələdiyyəsinin qəbul etdiyi qərarların ləğv edilməsi tövsiyə olunmuşdur.Həmin tövsiyələr əsasında Sumqayıt Bələdiyyəsinin 27 iyun 2008-ci il tarixli 14 saylı iclas protokolunun qərarı ilə Sumqayıt Bələdiyyəsinin bir sıra qərarları, o cümlədən torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsinə dair 11 aprel 2008-ci il tarixli, 09 saylı iclasının qərarı ləğv edilmişdir. Qeyd edilənlərlə yanaşı məhkəmənin nəzərinə çatdırırıq ki, Sumqayıt Bələdiyyəsi mübahisələndirilən torpaq sahəsinə hər hansı iddiası yoxdur və həmin torpaq sahəsinin İddiaçı geri alınmasında maraqlı deyildir. Bütün bu hallara əsaslanaraq və mübahisələndirilən torpaq sahəsinin uzun illərdir İddiaçı faktiki istifadəsində olduğunu rəhbər tutaraq Sumqayıt Bələdiyyəsi olaraq İddiaçı Sumqayıt Bələdiyyəsinə qarşı “bələdiyyə qərarının ləğv edilməsi barədə” iddia ərizəsinin təmin edilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxarıq və bələdiyyədə iş həcminin çoxluğunu nəzərə alaraq işə iştirakımız olmadan baxılmasını məhkəmədən xahiş edirlər.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: Sumqayıt şəhər bələdiyyəsinin 09 saylı, 11 aprel 2008-ci il tarixli qərarı; Sumqayıt şəhər bələdiyyəsinin 14 saylı, 27 iyun 2008-ci il tarixli qərarı; ünvan 1abr 2023-cü il tarixli cavab məktubu; X2 12 yanvar 2024-cü il tarixli cavab məktubu və digər sənədlər daxildirlər.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
“İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İddiaçının hazırki iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürüb-ötürməməsi halını müəyyənləşdirmək üçün məhkəə aidiyyatı üzrə cavabdeh orqana sorğu ünvanlamışdır. Məhkəməyə sorğu əsasında daxil olmuş ünvan 1abr 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, mübahisələndirilən qərar 2023-cü ilin iyul ayının sonlarında qeyri-rəsmi qaydada iddiaçıya təqdim edilmişdir. Göründüyü kimi iddiaçı hal-hazırda mübahisələndiriyi qərarı rəsmi qaydada əldə edə bilməmişdir. Bununla da hazırki iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülməmişdir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, mübahisəli torpaq sahəsi, yəni Sumqayıt bələdiyyəsinin 27 iyun 2008-ci il tarixli, 14 saylı qərarının Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında salınan Yeni yaşayış məntəqəsinin 5ci məhəlləsinin ərazisində yerləşən, sahəsi 600 kvadrat metr olan 42 saylı həyətyanı torpaq sahəsi Sumqayıt şəhər bələdiyyəsinin 09 saylı, 11 aprel 2008-ci il tarixli qərarı ilə İddiaçı ayrılmışdır. İddiaçı qeyd edilən hüquqmüəyyənedici sənədi ilə torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş, inzibati orqan isə həmin qərarın 27 iyun 2008-ci il tarixli, 14 saylı qərarı ilə ləğv edildiyini bildirərək, onun tələbinin təmin edilməsindən imtina etmişdir. Hal-hazırda iddiaçı qeyd olunan torpaq sahəsinin ona ayrılmasına dair Sumqayıt bələdiyyəsinin 11 aprel 2008-ci il tarixli, 09 saylı qərarının ləğv edilməsi barədə - Sumqayıt bələdiyyəsinin 27 iyun 2008-ci il tarixli, 14 saylı qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə aşağıda qeyd etdiklərinə əsasən hesab edir ki, iddia təmin edilməli və Sumqayıt bələdiyyəsinin 27 iyun 2008-ci il tarixli, 14 saylı qərarı iddiaçıya torpaq sahəsinin ayrılmasına dair Sumqayıt bələdiyyəsinin 11 aprel 2008-ci il tarixli, 09 saylı qərarının ləğv edilməsi hissəsində ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Azərbaycan Respublikas Konstitusiyası 13-cü maddəsinin İ və İİ hissələri, 29-cu maddəsinin İ, İİ və İV hissələri). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununu ilə bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinin ümumi qaydaları müəyyənləşdirilmiş, istifadə, mühafizə sahəsində hüquq münasibətləri tənzimlənmişdir. Həmin qanunun 4.0.1-ci maddəsi bələdiyyələrə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək hüququ vermişdir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 5-ci bəndinə əsasən bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Həmin Əsasnamənin 6-cı bəndinə əsasən bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 4-cü bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.6-ci mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunun 21.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Qanunun 28.1-ci maddəsinə əsasən, inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. İnzibati işin araşdırılması zamanı müəyyən edilmişdir ki, mübahisələndirilən inzbati akt, yəni Sumqayıt bələdiyyəsinin 27 iyun 2008-ci il tarixli, 14 saylı qərarı iddiaçıya münasibətdə “əlverişsiz inzibati akt” olmasına, onun qəbul edilməsi iddiaçının mülkiyyət hüquqularına toxunacağı halda cavabdeh orqan tərəfindən ona hər hansı rəsmi qaydada məlumat verilmədən, ona münasibətdə əlverişli inzibati akt olan - Sumqayıt bələdiyyəsinin 11 aprel 2008-ci il tarixli, 09 saylı qərarı ləğv edilmişdir. Cavabdeh tərəfindən qanunazidd olaraq həyata keçirilmiş icraat iddiaçının qanunla qorunun hüquqlarının pozulmasına səbəb olduğundan, ona münasibətdə “əlverişsiz inzibati akt” olan Sumqayıt bələdiyyəsinin 27 iyun 2008-ci il tarixli, 14 saylı qərarı Sumqayıt bələdiyyəsinin 11 aprel 2008-ci il tarixli, 09 saylı qərarının ləğv edilməsi hissəsində ləğv edilməlidir. Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qeyd edilən halları sübutetmə yükü cavabdehin üzərindədir və cavabdeh tərəfindən məhkəməyə həmin halların mövcudluğunu təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Sumqayıt bələdiyyəsinin 27 iyun 2008-ci il tarixli, 14 saylı qərarı Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında salınan Yeni yaşayış məntəqəsinin 5-ci məhəlləsinin ərazisində yerləşən, sahəsi 600 kvadrat metr olan 42 saylı həyətyanı torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədi ilə iddiaçının mülkiyyətinə verilməsi barədə Sumqayıt bələdiyyəsinin 11 aprel 2008-ci il tarixli, 09 saylı qərarının ləğv edilməsi hissəsində ləğv edilməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt bələdiyyəsinin 27 iyun 2008-ci il tarixli, 14 saylı qərarı “Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında salınan Yeni yaşayış məntəqəsinin 5-ci məhəlləsinin ərazisində yerləşən, sahəsi 600 kvadrat metr olan 42 saylı həyətyanı torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədi ilə iddiaçının mülkiyyətinə verilməsi” barədə Sumqayıt bələdiyyəsinin 11 aprel 2008-ci il tarixli, 09 saylı qərarının ləğv edilməsi hissəsində ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva