Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1118/2020 24.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X4 (Bakı şəhəri 18 saylı Vəkil bürosunda vəkil işləyən, Abşeron rayonu, Masazır qəsəbəsi, M.S.Ordubadi küçəsi, 5-ci döngə ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsini yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X6rşı ünvan 2 ünvanında yerləşən 18,1 kv m yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin və həmin evin yerləşdiyi 3960.0 kv m torpaq sahəsi üzərində vahid əmlak kimi mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 24 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin imtina məktubunun qanunsuz hesab edilməklə ünvan 2 ünvanında yerləşən 18,1 kv m yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin yerləşdiyi və mülkiyyətində olan 3960.0 kv m torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(120)-1570 saylı qərardadı ilə inzibati işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsinin həmin qərardaddan verilmiş apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1067/2020 saylı xx xxx 2020-ci il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh kimi DƏDRX-nin 4 saylı X7 cəlb edilməsini, ünvan 2 ünvanında yerləşən 18,1 kv m yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin və həmin evin yerləşdiyi 3960.0 kv m torpaq sahəsi üzərində vahid əmlak kimi mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının qeydiyyatı və X3 tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi döngə 9, dalan 3 ev 4 ünvanında yerləşən 18,1 kv m yaşayış sahəsindən arət 1 otaqlı yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Evin texniki pasportunda da evin yerləşdiyi torpaq sahəsinin 3960,0 kv m olduğu qeyd olunmuşdur. İddiaçı həmin 3960,0 kv m torpaq sahəsi ilə birlikdə evin vahid əmlak kimi mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. Lakin cavabdeh xx xxxxx 2019cu il tarixdə imtina cavabı vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin məhkəməyə ünvanladığı iddiaya dair etiraz ərizəsində göstərilmişdir ki, əvvəllər Abşeron rayonunun idarəçiliyində olmuş Bilgəh Zəfəran sovxozunun istifadəsindəki torpaq sahələrində xüsusi hallar nəzərə alınmaqla islahat aparılmış və Abşeron rayonunun idarəçiliyində olan Zəfəran sovxozunun torpaq sahələri bələdiyyə mülkiyyətinə verilməmişdir. Lakin ərizəyə əlavə edilmiş qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş qeydlərdən göründüyü kimi, sözügedən 0.3960 ha torpaq sahəsi səlahiyyətsiz şəxs - Bakı şəhəri X5 xx xxxxxx 2002-ci il tarixli qərarına əsasən İddiaçı satılmışdır. Torpaq sahəsinin satışı qanunvericiliyin tələblərinə zidd həyata keçirilmiş, habelə sözügedən torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas ərizəyə əlavə edilməmişdir. İdarə tərəfindən aparılan araşdırma zamanı, torpaq sahəsinin satışının qanunla müəyyən edilmiş qaydada həyata keçirilmədiyi, torpaq sahəsinin satışı həyata keçirilərkən xüsusi mülkiyyətə verilən torpaqların normalarına əməl edilmədiyi, mübahisəli 0.3960 ha torpaq sahəsinin ümumiyyətlə Bilgəh bələdiyyəsinin mülkiyyətinə verilmədiyi, həmin torpaq sahəsinə bələdiyyənin sərəncam hüququnun qanunla təsbit edilmədiyi müəyyənləşdirilmişdir.Bundan başqa müraciət üzrə əlavə edilmiş 24735 nömrəli qeydiyyat vəsiqəsi və 815 inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinin baxış keçirilmiş ərazidə mövcud olmadığı aşkar edilmişdir. Habelə təqdim edilmiş qeydiyyat vəsiqəsi və texniki pasportun baxış keçirilmiş əraziyə aid olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, həmin sənədlərdə eyniləşdirmə aparılması üçün müvafiq məlumatlar (torpaq sahəsinin koordinatları, şərti istinad sxemi və ya qonşuluqlar) göstərilməmişdir. İş materialları ilə müəyyən edildi ki, X5 xx.xx.2002-ci il tarixli 14 saylı qərarı ilə 0,3960 ha torpaq sahəsi fərdi yaşayış evinin inşa edilməsi məqsədi ilə İddiaçı satılmışdır. İşdə olan 2005-ci ilin may ayında tərtib edilmiş yaşayış evinin texniki pasportundan görünür ki, A.Salahzadə küçəsi döngə 9, dalan 3-də yerləşən 84 saylı evin həyətyanı torpaq sahəsinin ölçüləri 3960.0 kv m təşkil edir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sorğusuna əsasən alınmış X1 xx.xx.2019-cu il tarixli 39 saylı ekspert arayışından görünür ki, Bilgəh Zəfəran sovxozu ərazisi, A.Salahzadə küçəsi döngə 9, dalan 3, 4 ünvanında yerləşən torpaq sahəsi Bilgəh bələdiyyəsinin mülkiyyətində olmuş əraziyə aiddir. İş materiallarında olan qeydiyyat vəsiqəsindən görünür ki, Bilgəh Zəfəran sovxozu ərazisi, A.Salahzadə küçəsi döngə 9, dalan 3, 4 ünvanında yerləşən yaşayış evi İddiaçı adına qeydə alınmışıdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Mülki Məcəllənin 157.1-ci maddəsinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 9.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 9.23-cü bəndinə görə üzərində binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri və müəssisələr olan torpaq sahələrinin bir hissəsi üzərində hüquqların, həmin hüquqlar dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan sonra başqa şəxsə keçməsi və ya məhdudlaşdırılması (yüklənməsi) hallarında bu sahənin yeni planının və ölçüsünün çəkilməsini təmin etmək, 9.24-cü bəndinə görə isə tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin və müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək DƏDRX-nin vəzifəsi kimi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Həmin Qanunun 8.0, 8.0.8-ci maddələrinə əsasən bu Qanun qüvvəyə minənədək ldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından yalnız həmin maddədə göstərilmiş hallarda, yəni hüquqların dövlət qeydiyyatına alınmasından dövlət qeydiyyatı barədə müraciət olunan hüquq həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və həmin qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X10 isə iddiaçının mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina etdikdə həmin maddədə göstərilmiş heç bir hala əsaslanmamışdır. Belə ki, torpaq sahəsinin iddiaçıya satılması varədə bələdiyyə qərarı qüvvədədir, cavabdeh inzibati orqana isə həmin qərarı mübahisələndirmək səlahiyyəti verilməmişdir. Məhkəmə araşdırması zamanı sözügedən torpaq sahəsinin sovxozun təhkimçiliyində olması və bələdiyyə mülkiyyətində olmaması barədə cavabdehin dəlilləri öz təsdiqini tapmadı. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən 18,1 kv m yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin və həmin evin yerləşdiyi 3960.0 kv m torpaq sahəsi üzərində vahid əmlak kimi İddiaçı mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX-nin 4 saylı X7 üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1118/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1118/2020
24.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver