Məhkəmə qərarları › İş №2-1(118)-1118/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1118/2023

16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1118/2023 16.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X8 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı3 cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “X4 mənzil növbəliliyinin İddiaçı3 adına bərpa edilməsinin cavabdehə həvalə edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq “İddiaçı3, İddiaçı1 və İddiaçı2un X2nun ailə üzvü olması səbəbindən onların mənzil uçotuna qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 yuxarıda göstərilən ünvanda yaşayırlar. Mərhum X1 Mehriban Ağaismayıl qızının həyat yoldaşı, İddiaçı1 və X5 isə atalarıdır, xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. xx.xx.2004-cü il tarixdən imtiyazı əsasında 2-ci qrup Çemobıl əlili kimi yaşayış yeri üzrə mənzil uçotuna alınmışdır. Lakin vəfat edəndən sonra növbədən çıxarılmışdır. Həmin tarixlərdə ailə daxilində olan bəzi problemlərlə məşğul olduqlarına görə iddiaçılara bu hal məlum olmamışdır. Belə ki, mərhumun digər oğlu 19 avqust 2013-cü il tarixdə X9 qara ciyər serrozundan vəfat etmişdir. İddiaçılardan biri olan bir digər oğlu, İddiaçı1 da 2021 -ci ilin sentyabr ayında eyni xəstəlik müəyyən olunmuşdur. Təqribən 3 ay bundan əvvəl isə əməliyyat olunaraq qara ciyəri dəyişdirilmişdir. Əməliyyatdan sonra isə İddiaçı1 səhhətinə görə çoxluqdan uzaq olmaq tapşırılmışdır. İddiaçılardan biri, İddiaçı2 İİ Qarabağ müharibəsinin iştirakçısıdır. Müharibədə fəal iştirakına görə isə “Füzulinin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Yuxarıda göstərilən ünvandakı 3 otaqlı mənzildə isə 15 nəfər bir yerdə yaşayır. Bu isə çətinliyə səbəb olur. Bu hadisələrdən sonra İddiaçı3 gəlini, İddiaçı1 həyat toldaşı X13 X2nun mənzil uçotundakı vəziyyəti ilə maraqlandığı zaman iddiaçılara mərhumun vəfatına görə mənzil siyahısından adının silinməsi halı məlum olmuşdur. Mərhumun vərəsələrindən birinin adını yenidən mənzil uçotuna saldırmağa görə müraciət etdikdə isə onlara beləməzmunlu imtina məktubu gəlmişdir: “Sizin şifahi sorğunuzla əlaqədar bildiririk ki, 2-ci qrup Çernobıl əlili olmuş X10oğlu yaşayış sahəsi 48,16 kvadratmetrdən ibarət 3 otaqlı Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 14, mənzil 98-də qeydiyyatda olmaqla xx.xx.2004-cü il tarixdə imtiyazı əsasında yaşayış yeri üzrə mənzil uçotuna alınmışdır. 2012-ci ildə siyahıların dürüstləşdirilməsi ilə əlaqədar olaraq aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Çingiz İbrahimov xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Beləliklə də o, imtiyazlı şərtlərlə mənzil uçotunda olan şəxslərin siyahısından kənarlaşdırılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 322saylı Qərarının tələblərinə əsasən mənzil uçotunda olan şəxs vəfat etdikdə onun uçotu digər ailə üzvünə saxlanılır. Çingiz İbrahimov sözügedən qanun normasının qüvvəyə mindiyi tarixdən 11 il öncə xx.xx.2008-ci il tarixdə vəfat etdiyi səbəbdən mənzil növbəliyinin adınıza keçirilməsi mümkün olmamışdır. Nəzərə alınması xahiş olunur.” Odur ki, iddiaçılar hazırki ərizə ilə məhkəməyə müraciət edirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 24 iyul tarixli 322 nömrəli Qərarının 1.1-ci bəndinə görə, bu qayda “əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsinə əsasən hazırlanmışdır və yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydasını müəyyən edir. Həmin Qərarın 2.1-ci bəndinə əsasən, əlilliyi olan şəxsin uçotunun saxlanılması məqsədilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə uyğun olaraq vərəsələrin növbəliliyi nəzərə alınmaqla, ailə üzvlərinin birgə razılığı əsasında ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri əlilliyi olan şəxs vəfat etdiyi gündən 3(üç) ay müddətində uçota alınmanı həyata keçirən orqana və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə bu qaydaya 1 nömrəli əlavədə nəzərdə tutulmuş qaydada müraciət olunur. Həmin Qərarın 2.2-ci bəndinə görə, ərizə ilə birlikdə uçota alınmanı həyata keçirən orqana və ya Mərkəzə aşağıdakı sənədlər təqdim edilir: Təmsilçinin və digər ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin surətləri; Təmsilçilik barədə ərizə; Əlilliyi olan şəxsin ölümü ilə bağlı şəhadətnamənin surəti; Həmin Qanunun 2.3-cü bəndinə əsasən, uçota alınmanı həyata keçirən orqan və ya Mərkəz tərəfindən təmsilçiliyə qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbul edilmə tarixi barədə qəbz verilir. Çatışmayan sənəd olduqda, bu barədə qəbzə müvafiq qeyd aparılır. Qanunun 2.4-cü bəndinə görə, təqdim edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, uçota alınmanı həyata keçirən orqan və ya Mərkəz bu barədə təmsilçiyə 1 (bir) iş günündən gec olmayaraq yazılı məlumat verir və həmin çatışmazlıqlar yazılı məlumatın alındığı gündən ən geci 7 (yeddi) iş günü müddətinə təmsilçi tərəfindən aradan qaldırılır. Həmin Qanunun 2.5-ci bəndinə əsasən, bu Qaydanın 2.2-ci bəndində göstərilən sənədlərintəqdim edildiyi gündən 30 (otuz) iş günündən gec olmayaraq uçota alınmanı həyata keçirən orqan tərəfindən təmsilçinin əlilliyi olan şəxsin əvəzinə uçota alınması və ya bundan imtina edilməsi barədə qərar qəbul edilir. Uçota alınmanı həyata keçirən orqan qərarın qəbul edildiyi gündən 3 (üç) iş günündən gec olmayaraqqərarın surətini təmsilçiyə təqdim edir və ya göndərir, yaxud təmsilçiyə göndərilməsi üçün Mərkəzə təqdim edir. - Həmin Qərarın 2.6-cı bədinə görə, Uçota alınmış təmsilçinin təqdim etdiyi sənədlər əlilliyi olan şəxs uçota alınarkənonun üçün açılmış uçot işinə əlavə edilir. Qərarın 3.1-ci bəndinə görə, Vəfatetmiş əlilliyi olan şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılmasından aşağıdakı hallarda imtina edilir: Bu Qaydanın 2.2-ci bəndində qeydedilənsənədlər təqdim edilmədikdə; Əlilliyi olan şəxsin vəfat etməsi ilə onun ailə üzvlərinin sərəncamında olan yaşayış sahəsinin (sahələrinin) Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 49.5-ci maddəsi ilə müəyyən edilmiş uçot normasınaəsasən ailə üçün kifayət etdiyi müəyyən edildikdə; Təmsilçi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ləyaqtsiz vərəsə hesab edildikdə. Qərarın 3.2-ci bəndinə əsasən, əlilliyi olan şəxsin uçotunun saxlanılmasından imtina edilməsi haqqında qərar imtinanın səbələri göstərilməklə əsaslandırılmalıdır. Həmin Qərarın 3.3-cü bəndinə görə, əlilliyi olan şəxsin uçotunun saxlanılmasından imtina edilməsi haqqında qərarın surəti onun qəbul edildiyi gündən 3(üç) iş günündən gec olmayaraq təmsilçiyə təqdim edilir və ya göndərilir. Həmin qərardan təmsilçi tərəfindən “İnzibati icraat haqqında'’ Azərbaycan Respublikasının Qanununua uyğun olaraq inzibati icraat qaydasında və ya məhkəmə qaydasında şikayət verilə bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Daha sonra iddiaçılar İddiaçı1, İddiaçı2 ərizə təqdim edərək sadəcə anaları İddiaçı3 iddiaçı qismində nəzərə alınmasını məhkəmədən xahiş etmiş, İddiaçı3 iddia tələbi dəqiqləşdirilərək “X4 mənzil növbəliliyinin İddiaçı3 adına bərpa edilməsinin cavabdehə həvalə edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı3 iştirak etmiş, iddiaya uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, 2-ci qrup Çernobıl əlili olmuş X7 yaşayış sahəsi 48,16 kvadratmetrdən ibarət 3 otaqlı Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 14, mənzil 98-də qeydiyyatda olmaqla xx.xx.2004-cü il tarixdə imtiyazı əsasında yaşayış yeri üzrə mənzil uçotuna alınmışdır. Hazırda həmin mənzildə 6 nəfər ailə tərkibi ilə yaşayan ailə yaşayış sahəsi ilə təmin olunmuş hesab edilir. 2012-ci ildə siyahıların dürüstləşdirilməsi ilə əlaqədar aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Çingiz İbrahimov xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Beləliklə də, o, imtiyazlı şərtlərlə mənzil uçotunda olan şəxslərin siyahısından kənarlaşdırılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 322 saylı Qərarının tələblərinə əsasən mənzil uçotunda olan şəxs vəfat etdikdə onun uçotu digər ailə üzvünə saxlanılır. Çingiz İbrahimov sözügedən qanun normasının qüvvəyə mindiyi tarixdən 11 il öncə (xx.xx.2008-ci il tarixdə) vəfat etdiyi səbəbdən mənzil növbəliyinin adına keçirilməsi mümkün olmamışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir və iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. Belə ki, İddiaçı3 əri 2-ci qrup Çernobıl əlili olmuş X7 yaşayış sahəsi 48,16 kvadratmetrdən ibarət 3 otaqlı Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 14, mənzil 98-də qeydiyyatda olmaqla xx.xx.2004-cü il tarixdə imtiyazı əsasında yaşayış yeri üzrə mənzil uçotuna alınmışdır. 2012-ci ildə 12-ci mikrorayon ərazisində 12B saylı binanın bölgüsü zamanı siyahıların dürüstləşdirilməsi ilə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Çingiz İbrahimov xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Beləliklə də o, imtiyazlı şərtlərlə mənzil uçotunda olan şəxslərin siyahısından kənarlaşdırılmışdır. İddiaçı3, X4 mənzil növbəliliyinin onun adına bərpa edilməsini istəyir. Cavabdeh orqan isə X4 Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 322 saylı Qərarının qüvvəyə mindiyi tarixdən 11 il öncə (xx.xx.2008ci il tarixdə) vəfat etməsi səbəbini əsas gətirməklə iddiaçının adına mənzil növbəliliyinin bərpa edilməsindən imtina edir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı deyildir. Belə ki, 2009-cu il oktyabrın 1-dək qüvvədə olmuş Mənzil Məcəlləsinə əsasən: Maddə 34. Vətəndaşların mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda qalmaq hüququnun saxlanması Aşağıdakı hallarda vətəndaşların yaşayış sahəsi almaq üçün uçotda qalmaq hüququ saxlanılır: 1) müvəqqəti olaraq başqa yerə getdikdə—qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna edilməklə, yaşayış sahəsindən istifadə hüququnun saxlandığı dövrdə; 2) seçkili vəzifəyə keçdikdə; 3) yaşa və ya əlilliyə görə pensiyaya çıxdıqda; 4) uçota götürüldükdən sonra xidməti yaşayış sahəsi və ya yataqxana verildikdə; 5) SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində müəyyən edilmiş başqa hallarda. Uçotda olan vətəndaş öldükdə və ya başqa daimi yaşayış yerinə getdikdə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilməsi üçün əsaslar aradan qalxmamışsa, ailə üzvlərindən biri onun yerinə uçota götürülür; həm də iş yerində ehtiyacı olanların uçotuna ailə üzvü yalnız o halda götürülür ki, o həmin müəssisədə, idarədə, təşkilatda işləsin, uçotda olan vətəndaş istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində öldükdə isə ailə üzvü həmin müəssisədə, idarədə, təşkilatda işləməsindən asılı olmayaraq uçota götürülür. Uçotda olan ailə dolandıranını itirmiş, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan ailələr onları mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab etmək üçün əsaslar aradan qalxmamışsa, uçotdan çıxarıla bilməzlər. Göründüyü kimi iddiaçı ərinin öldüyü tarixdə qüvvədə olan qanunvericiliyə əsasən hazırda iddia etdiyi hüququ əldə etmişdir. Məhkəmə hesab edir ki, eyni zamanda hazırda qüvvədə olan qanunvericiliyin aşağıda sadalanan normalarınıda nəzərə alanda iddianın əsaslı olduğu müəyyən edilir. Belə ki, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanuna əsasən: Maddə 5. Bu Qanun aşağıdakı vətəndaşlara şamil olunur:

1. Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş və ya bu xəstəliyi keçirmiş, habelə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən: q) zərər çəkmiş vətəndaşların qəza baş verdikdən sonra doğulmuş və Azərbaycan Respublikası vətəndaşları olan övladları Maddə 6. Şüa xəstəliyinə tutulmuş və bu xəstəliyi keçirmiş şəxslərə, əlilliyi olan şəxslərə kompensasiyalar və güzəştlər Bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində göstərilən şəxslər aşağıdakı hüquqlara malikdirlər: ......

5. Əgər şəxs mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilərsə, ərizə verdiyi gündən bir il müddətində növbədənkənar mənzil sahəsi ilə təmin olunmaq. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2449 nömrəli xx.xx.2021-ci il tarixli Sərəncamın əsasən:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 24 iyul tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması” Qaydalarına əsasən: 1.2.1. əlilliyi olan şəxsin uçotunun saxlanılması - yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış vəfat etmiş əlilliyi olan şəxsin (bundan sonra - əlilliyi olan şəxs) yaşayış sahəsini əldə etməsi üçün növbəlilik sırasındakı yerini müəyyən edən uçot işinin nömrəsinin onun əvəzinə uçota alınacaq ailə üzvü (üzvləri) üçün saxlanılması; 1.2.2. əlilliyi olan şəxsin ailə üzvləri - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə müəyyən edilən qanun üzrə vərəsələr sırasından olan və əlilliyi olan şəxs yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınarkən onun ailə üzvləri kimi qeydiyyata alınmış şəxslər; 3.1. Vəfat etmiş əlilliyi olan şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılmasından aşağıdakı hallarda imtina edilir: 3.1.1. bu Qaydanın 2.2-ci bəndində qeyd edilən sənədlər təqdim edilmədikdə; 3.1.2. əlilliyi olan şəxsin vəfat etməsi ilə onun ailə üzvlərinin sərəncamında olan yaşayış sahəsinin (sahələrinin) Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 49.5-ci maddəsi ilə müəyyən edilmiş uçot normasına əsasən ailə üçün kifayət etdiyi müəyyən edildikdə; 3.1.3. təmsilçi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ləyaqətsiz vərəsə hesab edildikdə. 3.2. Əlilliyi olan şəxsin uçotunun saxlanılmasından imtina edilməsi haqqında qərar imtinanın səbəbləri göstərilməklə əsaslandırılmalıdır. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinə əsasən: Maddə 55. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçotdan çıxarılması 55.1. Aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır: 55.1.1. vətəndaşlar uçot yeri üzrə uçotdan çıxmaq barədə ərizə verdikdə; 55.1.2. vətəndaşların sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi əldə etmələrinə hüquq yaradan əsaslar aradan qaldırıldıqda; 55.1.3. vətəndaşlar digər inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsində yaşamağa çıxdıqda; 55.1.4. qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsasən yaşayış sahəsinin əldə edilməsi üçün güzəştli ipoteka krediti verildikdə; 55.1.5. müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə; 55.1.6. uçota alınmanı həyata keçirən orqana təqdim edilmiş sənədlərdə həqiqətə uyğun olmayan və uçota alınmaq üçün əsas olmuş məlumatlar aşkar edildikdə; 55.1.7. Bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla vətəndaş vəfat etdikdə. 55.2. Vətəndaşların uçotdan çıxarılması üçün əsaslar müəyyən edildiyi gündən yaşayış sahəsinə ehtiyacı olan vətəndaşları uçota almış orqan tərəfindən otuz iş günündən gec olmayaraq onların uçotdan çıxarılması haqqında qərar qəbul edilməlidir. Həmin qərarda mütləq bu Məcəllənin 55.1-ci maddəsi ilə nəzərdə tutulmuş hallara istinad etməklə uçotdan çıxarılmanın əsasları göstərilməlidir. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaşların uçotdan çıxarılması haqqında qərar qəbul edildiyi vaxtdan üç iş günündən gec olmayaraq barələrində qərar qəbul edilmiş şəxslərə verilir və ya göndərilir. Həmin qərardan qeyd edilən vətəndaşlar tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. 55.3. Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydası “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. 31.2. Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Qanunvericiliyin yuxarıda sadalanan normalarından göründüyü kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Normalarda vəfat etmiş əlilliyi olan şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılmasından imtina edilməsi halları qeyd edilmişdir ki, həmin hallar hazırki iş üzrə müəyyən olunmur: Məhkəmə hesab edir ki, qeyd edilən hallar vəfat etmiş əlilliyi olan şəxsin uçotunun iddiaçının adına bərpa edilməsi üçün əsas təşkil edir. Bu hallar cavabdeh tərəfindən inzibati icraat aparılmaqla müəyyən edilməli idi. İnzibati İcraat haqqında Qanunun 61-ci maddəsinə əsasən: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. İnzibati İcraat haqqında Qanuna əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3.İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4.Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 25.1.Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 64.2.İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 24 iyul tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması” haqqında Qaydaların 3.2-ci bəndinə əsasən əlilliyi olan şəxsin uçotunun saxlanılmasından imtina edilməsi haqqında qərar imtinanın səbəbləri göstərilməklə əsaslandırılmalıdır. Lakin cavabdeh orqan mərhumun əlilliyi olan şəxs kimi uçotunu ləğv edərkən onun maraqlarına toxunan şəxsləri – qanuni vərəsələrini inzibati icraata cəlb etməmiş, onların dinləmə hüququnu təmin etməmişdir. Cavabdeh orqan mərhumun vəfatından sonra mənzil növbəsindən çıxarılmasını qeyd etsə də bununla bağlı inzibati icraata aparılmasına dair sübutlar məhkəməyə təqdim etməmişdir. Ona görədə iddiaçının təkrar müraciəti zamanı X4 mənzil növbəliliyi onun adına bərpa edilməli idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X4 mənzil növbəliliyi İddiaçı3 adına bərpa edilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X4 mənzil növbəliliyinin İddiaçı3 adına bərpa edilməsi öhdəliyi Sumqayıt Şəhər İcra Hakimiyyətinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar