Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1119/2021 09.09.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X15 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli qərarının Xaçmaz rayonu Şollar kənd sakini X10 0,12 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair hissədə ləğv edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq “Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli qərarının Xaçmaz rayonu Şollar kənd sakini X10 0,12 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair hissədə ləğv edilməsi və həmin qərar əsasında X7 adına 12 iyul 2004-cü il tarixdə DT və XK Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN214F KOD ******* saylı şəhadətnamənin etibarsız hesab edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbini dəqiqləşdirərək “Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli qərarının Xaçmaz rayonu Şollar kənd sakini X10 0,12 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair hissədə ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, valideynləri X28 və X21 11 mart 1934-cü il tarixdə rəsmi nikah bağlamaqla ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından 6 övladları anadan olmuş, o cümlədən, İddiaçı xx.xx.1947-ci ildə anadan olmuşdur. Atası X5 Su Kəmərinin Mühafizə polisində işləmiş və axırıncı iş yeri Xaçmaz rayonu Şollar kəndi olmuşdur. Yaşadığı Quba rayonundan Xaçmaz rayonunun Şollar kəndinə gəlib-getmək çətin olduğu üçün atası Şollar kəndində fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsi almış və hamılıqla onlar həmin torpaq sahəsində 1973-cü ildə 2 mərtəbəli yaşayış evi tikmişlər. Ev tikilib qurtardıqdan sonra atası iş günlərində həmin evdə yaşamış, istirahət günlərində isə Quba şəhərinə gəlmişdir. Onlar da ailə üzvləri olaraq tez-tez həmin evə gedib-gəlmiş, evin həyətyanı torpaq sahəsində təsərrüfat işlərini aparmışlar. 1980-ci illərin əvvəllərində onlara məlum olmuşdur ki, ataları Şollar kəndindəki evdə ona ev işlərində kömək etmək məqsədilə Tavat adlı qadını saxlayır. Atalarından bu barədə soruşduqda etiraf etmişdir ki, həqiqətən həmin qadını ev işlərində kömək etmək məqsədilə saxlayır. Onlar da atalarının qərarı ilə razılaşmışlar, bundan sonra da həmin evə gedib-gəlmişlər. 1992-ci ilin avqust ayının əvvəllərində atası xəstələnmiş, yataqda olarkən onlara vəsiyyət etmişdir ki, onun ölümündən sonra da Tavatın Şollar kəndindəki evdə qalıb yaşamasına maneçilik törətməsinlər. 20 avqust 1992-ci ildə atası vəfat etmiş, onun ölümündən sonra da onlar mütəmadi olaraq Şollar kəndindəki evə gedib-gəlmiş, Tavat adlı qadınla mehriban münasibət saxlamış, xəstə olduğu vaxtlarda onu müxtəlif xətəxanalara aparıb müalicə etdirmişlər. 16 dekabr 2006-cı il tarixdə Tavat vəfat etmiş, onun heç bir yaxın qohumu olmadığı üçün onlar onu dəfn edərək bütün yas mərasimlərini vermişlər. Həmin vaxt onlara məlum olmuşdur ki, X9 ilə anası X21 arasında rəsmi nikah olduğu halda, onunla Tavat arasında 09 dekabr 1988-ci ildə qanunsuz olaraq rəsmi nikah qeydə alınmış, atasının ölümündən sonra Tavat onların etdiyi yaxışlıqların qarşılığında gizlindən evi adına keçirmiş və yad bir adama vəsiyyət etmişdir. Ona görə də o və bacı qardaşları Xaçmaz rayon Məhkəməsində müvafiq iddia qaldırmış və həmin Məhkəmənin 2-98, 2007 saylı, 16 fevral 2007-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, ataları X28 ilə X24 arasında bağlanmış 09 dekabr 1988-ci il tarixli nikahın etibarsız hesab edilməsi, Xaçmaz rayon 2 saylı Dövlət Notariat Kontoru tərəfindən X7 adına verilmiş 05 avqust 1994-cü il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin və bunun əsasında ataları Müslümdən miras qalmış Şollar kəndindəki yaşayış evinə T.S.Məmmədovanın adına verilmiş 09 avqust 1994-cü il tarixli Qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi və X22 tərəfindən 24.11.2005-ci il tarixdə Xaçmaz rayonunun Susayqışlaq İƏV-də tərtib edilmiş və X11 adına olan vəsiyyətnamənin etibarsız hesab edilməsi, ataları Müslümün ölümündən sonra miras qalmış Şollar kəndində yerləşən evin vərəsələr tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Bəhram Vəliyev tərəfindən apellyasiya və kassasiya şikayətləri verilmiş, son nəticədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 mart 2009-cu il tarixli qərarı ilə qətnamə qüvvədə saxlanılmışdır. Beləliklə ataları X23 20 avqust 1992-ci ildə vəfatından sonra ondan miras qalmış Xaçmaz rayonu Susayqışlaq kəndində yerləşən evi qanun üzrə 1-ci dərəcəli vərəsələri idarə edir, evin və həyətyanı torpaq sahəsinin vergilərini ödəyirlər. 2020-ci ilin sentyabr ayında o atasından miras qalmış Xaçmaz rayonu Şollar kəndində yerləşən yaşayış evinə öz adına çıxarışın və texniki pasportun hazırlanması üçün DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Həmin İdarənin 05 oktyabr 2020-ci il tarixli məktubu ilə ona cavab verilmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə 5 saylı Xaçmaz Ərazi İdarəsinin kadastr məlumat bazasına əsasən digər şəxsin adına JN-214F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” işlənilmişdir. Ona görə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından imtina olunur. Məlum olmuşdur ki, miras evin yerləşdiyi 0,12 ha həyətyanı torpaq sahəsinə 12 iyul 2004-cü il tarixdə X7 adına JN- 214F KOD 30222048 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmiş, həmin sənədin verilməsinə əsas Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli qərarı olmuşdur. X7 adına verilmiş şəhadətnamə və onun verilməsinə əsas olmuş Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli qərarı ləğv edilməlidir. Belə ki, yuxarıda göstərilən Xaçmaz rayon Məhkəməsinin 2-98, 2007-ci il saylı 16 fevral 2007-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, X9nun 20 avqust 1992-ci ildə vəfatından sonra ondan miras qalmış Xaçmaz rayonu Şollar kəndində yerləşən yaşayış evi miras olaraq 1-ci dərəcədə vərəsələri, o cümlədən onun tərəfindən qəbul edilmiş və atası Müslüm ilə X24 arasında bağlanmış 09 dekabr 1988-ci il tarixli nikah, atasının ölümündən sonra miras əmlaka dair Tavatın adına verilmiş vərəsəlik haqqında şəhadətnamə, evə dair qeydiyyat vəsiqəsi və X33 adına saxladığı vəsiyyətnamə etibarsız hesab edilmişdir. Yuxarıda göstərilən məhkəmə qətnaməsi ilə Tavatın atası ilə bağladığı nikah etibarsız sayıldığından, o atasının ailə üzvi sayıla bilməz. Bundan da əlavə həmin qətnamə ilə müəyyən edilmişdir ki, atasından miras qalmış ev 1992-ci ildə tərəfindən qəbul edilmiş və qanunvericiliyə əsasən həmin ev miras kimi qəbul edildiyi vaxtdan mülkiyyətidir. Ona görə də sözügedən şəhadətnamənin X7 adına verilməsi tamamilə qanunsuzdur. Cavabdeh Başçısının Susayqışlaq kənd İƏD-də Nümayəndəsinin 29.10.2020-ci il tarixli 696-saylı arayışından göründüyü kimi 16 dekabr 2006-cı il tarixdə vəfat etmiş X8 heç bir vərəsəsi yoxdur, 1992-ci ildə atası Müslümün vəfatından sonra evi və həyətyanı torpaq sahəsini qızı İddiaçı idarə edir. Həmçinin Xaçmaz rayon Susayqışlaq bələdiyyəsinin 116 nömrəli arayışı ilə təsdiq olunur ki, Xaçmaz rayonu X6 kəndi ərazisində X25 məxsus həyətyanı torpaq sahəsi və evə dair əmlak və torpaq vergiləri 2000-ci ildən İddiaçı tərəfindən ödənilmişdir. Beləliklə vəfat etmiş X7 adına torpağın mülkiyyətə verilməsinə şəhadətnamə mövcud olduğundan o mərhum atasından miras qalmış Xaçmaz rayonu Şollar kəndində yerləşən evə və həyətyanı torpaq sahəsinə çıxarış və texniki pasport ala bilmir. O, X12 adına 0.12 ha həyətyanı torpaq sahəsirin mülkiyyətə verilməsinə dair Aqrar İslahat Komissiyasının qərarının ləgv edilməsi və onun əsasında verilmiş Şəhadətnamənin etibarsız hesab edilməsi üçün müvafiq iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 2(067)-424/2021 saylı 29.01.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi üzrə hazırlıq icraatına xitam verilmişdir. Qərardadda buna əsas kimi mübahisənin inzibati məhkəməyə aid olduğu göstərilmişdir. Həmin qərardaddan tərəflərindən verilmiş şikayətə əsasən işə baxmış Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası özünün 2(105)-1350/2021 saylı 11 mart 2021-ci il tarixli qərardadı ilə şikayəti təmin edilmədən, iş üzrə Xaçmaz rayon Məhkəməsinin 2(067)-424/2021 saylı, 29.01.2021-ci il tarixli qərardadını dəyişdirmədən saxlamışdır. Ona görə də hazırki iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X26 iddiaçının izahatına uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, rayonda torpaq islahatı başa çatdığı üçün yerli aqrar islahat komissiyalarının fəaliyyətinə 2001-ci ildə, rayon aqrar islahat komissiyasının fəaliyyətinə isə 2005-ci ildə xitam verilmişdir. Rayon və yerli aqrar islahat komissiyalarının sənədləri Xaçmaz rayon Dövlət Arxivinə təhvil verilmişdir. İddianın qanunvericiliyin tələblərinə uyğun baxılmasını məqsədəuyğun hesab edirlər. Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz İdarəsi iddiaya yazılı münasibətində bildirilmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 rayonu, Şollar kəndi ərazisində yerləşən mərhum X23 adına olan fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 28.09.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə 5 saylı Xaçmaz Ərazi İdarəsinin kadastr məlumat bazasına əsasən adlarına JN-214F nömrəli 'Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” işlənilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Həmin torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evi ilə birlikdə vahid əmlak kimi hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı müraciət olunacağı təqdirdə, ərizənin icrası məsələsinə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə baxılacağı bildirilmişdir. Yuxarıda qeyd olunanlan nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından 05.10.2020-ci il tarixli **********82 nömrəli məktubla imtina olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin qanunun 4.1-ci maddəsinə əsasən Bu qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri üzərində hüquqları təsdiq edən şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.3cü maddəsinə əsasən Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin qanunun 2.4-cü maddəsinə əsasən “Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir". Qeyd olunanları nəzərə alaraq İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı verilmiş iddia ərizəsinə etiraz edirlər. İşin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına cavabdehin və üçüncü şəxsin nümayəndələri gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - “Torpağa mülkiyyət hüququna dair” JN-214F, KOD30222048 saylı şəhadətnamədən görünür ki, Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 28 aprel 1998ci il tarixli 05 saylı qərarı ilə ayrılmış 0,12 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında X7 adına qeydiyyata alınmışdır. - İddiaçı və qeyrilərinin X16 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin, qeydiyyat vəsiqəsinin, vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair iddiası üzrə Xaçmaz rayon Məhkəməsinin 16 fevral 2007-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti üzrə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nın 24 may 2007-ci il tarixli qətnaməsi ilə Xaçmaz rayon Məhkəməsinin yuxarıda adı qeyd edilən qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 mart 2009-cu il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Susayqışlaq kənd İƏD-nin nümayəndələyi tərəfindən verilmiş 29 oktyabr 2020-ci il tarixli, 696 saylı arayışda qeyd olunmuşdur ki, 16.12.2006-cı il tarixdə vəfat etmiş X8 heç bir vərəsəsi aşkar edilməmişdir, onun adına verilmiş JN-214F, kod 30222048 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə 0,12 ha həyətyanı torpaq sahəsinin, orada yerləşən və 1992-ci ildə vəfat etmiş X9ndan miras qalmış evi ilə birlikdə sonuncunun qızı X13 tərəfindən idarə olunur. - Xaçmaz rayon Susayqışlaq bələdiyyəsinin 116 saylı, 29 oktyabr 2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Xaçmaz rayonu X6 kəndi ərazisində X25 məxsus həyətyanı torpaq sahəsi və evə dair əmlak və torpaq vergiləri 2000-ci ildən bəri İddiaçı tərəfindən ödənilmişdir. - Xaçmaz rayon Dövlət Arxivinin 27 avqust 2007-ci il tarixli arayışında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Xaçmaz rayon Dövlət Arxivində saxlanılan Susayqışlaq XDS İcraiyyə Komitəsinin 1983-1985-ci illər üzrə Şollar kəndinə aid təsərrüfatbaşına kitabına əsasən vətəndaş İddiaçı mərhum X9nun adına 0,14 ha həyətyanı torpaq sahəsi və 1973-cü ildə tikilmiş yaşayış evi qeyd olunmuşdur. Əsas kimi Susayqışlaq XDS İK-nın Şollar kəndi üzrə 1983-1985-ci illərə aid t/b kitabı N7 göstərilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddia mübahisələndirmə haqqında iddia növünə daxil olmaqla, hazırki iddianın məhkəmə də qaldırılması üçün qanunvericilikdə prosessual müddət müəyyən edilmişdir. Lakin hazırki işdə iddiaçının mübahisələndirdiyi inzibati aktdan əvvəlcədən məlumatlı olduğu müəyyən edilmir, bunun əksini sübut edən hər hansı bir sübut da məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Xaçmaz rayonu Şollar kəndində qeydiyyat vəsiqəsi ilə fərdi yaşayış evi iddiaçının X9na məxsus olmuşdur. O, 1992-ci ildə vəfat etmiş və onun vəfatından sonra həmin fərdi yaşayış evi onunla nikahda olan X8 adına keçmiş və sonuncuya qeydiyyat vəsiqəsi verilmişdir. X2 həmin fərdi yaşayış evini X16 vəsiyyət etmişdir. İddiaçının övladları hazırki iş üzrə İddiaçı və qeyriləri ataları ilə X22 arasında bağlanmış nikahın, vərəsəlik hüququ haqqında şəhadətnamənin, vəsiyyətnamənin etibarsız hesab edilməsi və X11 evdən çıxarılmasına dair iddia tələbi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət etmişlər. Xaçmaz rayon Məhkəməsinin 16 fevral 2007-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, X28 ilə X24 arasında bağlanmış 09 dekabr 1988-ci il tarixli nikahın, Xaçmaz rayon 2 saylı Dövlət Notariat Kontoru tərəfindən X8 adına verilmiş 05 avqust 1994-cü il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin, bunun əsasında ataları X17 miras qalmış Şollar kəndindəki yaşayış evinə T.S.Məmmədovanın adına verilmiş 09 avqust 1994-cü il tarixli Qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi və X22 tərəfindən 24 noyabr 2005-ci il tarixdə Xaçmaz rayonunun Susay-qışlaq İƏV-də tərtib edilmiş X11 adına olan vəsiyyətnamənin etibarsız hesab edilməsi, Müslümün ölümündən sonra miras qalmış Şollar kəndində yerləşən evin onlar tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və cavabdeh X18 həmin evdən çıxarılması barədə tələblərinin təmin edilməsi qət edilmişdir. Hazırki iş üzrə iddiaçı sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, həmin orqanın 05 oktyabr 2020-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Buna əsas kimi həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə digər şəxsin adına JN-214F saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənildiyi göstərilmişdir. Sözgüedən şəhadətnamə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli qərarı ilə ayrılmış 0,12 ha torpaq sahəsi ilə bağlı X7 adına tərtib edilmişdir. İddiaçı hal-hazırda məhkəmədən Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli qərarının X14 aid hissədə ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998ci il tarixli qərarı X14 aid hissədə ləğv edilməlidir. Belə ki, iş materaillarına əlavə edilmiş Xaçmaz rayon Dövlət Arxivinin 27 avqust 2007-ci il tarixli, 493 saylı arayışından görünür ki, Azərbaycan Respublikası Xaçmaz rayon Dövlət Arxivində saxlanılan Susayqışlaq XDS İcraiyyə Komitəsinin 1983-1985-ci illər üzrə Şollar kəndinə aid təsərrüfatbaşına kitabına əsasən vətəndaş İddiaçı mərhum X9nun adına 0,14 ha həyətyanı torpaq sahəsi və 1973-cü ildə tikilmiş yaşayış evi qeyd olunmuşdur. Əsas kimi Susayqışlaq XDS İK-nın Şollar kəndi üzrə 1983-1985-ci illərə aid t/b kitabı N7 göstərilmişdir. Beləliklə iddiaçının X9na məxsus fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsi də təsərrüfatbaşına kitabda onun adına qeydə alınmışdır. Onun ölümündən sonra, yəni 1998-ci ildə aqrar islahat keçirilmiş, bu zaman X28 vəfat etdiyindən, sözügedən torpaq sahəsi ailə üzvü kimi həmin zaman onunla nikahda olan X4 adına ayrılmışdır. Yuxarıda qeyd olunan məhkəmə qərarları ilə mərhum X28 ilə X22 arasında olan nikah etibarsız hesab edilmişdir. Torpaq islahatı haqqında Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Beləliklə iddiaçının atasına məxsus fərdi yaşayış evinin altındakı torpaq sahəsi aqrar islahat komissiyasının qərarı ilə o, vəfat etdiyindən onun adına deyil, onunla nikahda olan X14 ayrılmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə X28 ilə X22 arasındakı nikah qeydi etibarsız hesab edilmişdir ki, məhkəmə hesab edir ki, həmin nikah münasibətləri əsasında yaranmış torpaq üzərində hüquq müəyyən edən sənədlər də ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli qərarı Xaçmaz rayonu Şollar kənd sakini X10 0,12 ha torpaq sahəsinin ayrılmasına dair hissədə ləğv edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli qərarı Xaçmaz rayonu Şollar kənd sakini X10 0,12 ha torpaq sahəsinin ayrılmasına dair hissədə ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1119/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1119/2021
09.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver