Məhkəmə qərarları › İş №2-1(118)-112/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-112/2021

18.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-112/2021 18.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan X2rşı “ona məxsus Saray qəsəbəsində mənə məxsus torpaq üçün sotu 5000 AZM olmaqla 20000 AZN ödənilməsini, 23 metr en 2 metr hündürlükdə olan hasar üçün 700 AZN və 2 badam ağacı üçün 500 AZN) ümumilikdə 21200 AZN-in (iyirmi bir min iki yüz otuz manat) Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tutularaq mənə verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi olunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsində ona məxsus olan 0.15 ha (15 sot) ərazinin 0.11 ha hissəsinin Yol çəkilişləri ilə əlaqədar olaraq plana düşdüyü üçün ona kompensasiya ödənilmişdir. Bir müddət sonra onun istifadəsində qalan 0.03972 ha ərazini yenidən sənədləşdirmək üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi idarəsinə ərizə ilə müraciət edərək yeni çıxarış almışdır. Ona məxsus olan torpağın dəqiq sərhədlərini bilmək üçün, idarədən mütəxəssislər gəlmiş, və gps vasitəsilə ölçü aparan zaman məlum olmuşdur ki, ona məxsus olan 0.15 ha torpaq sahəsinin hamısı yola düşmüş istifadəsində torpaq sahəsi qalmamışdır. Hal-hazırda həmin ərazidə 1-ci dərəcəli yol torpaqlarının bazar qiyməti 5000 AZN dəyərindədir. Eyni zamanda ona məxsus olan 0.03972 ha torpaq sahəsində 23 metr eninde 2 metr hündürlüyündə (bir tərəf) hasar və 2 ədəd badam ağacı olmuşdur. Ona məxsus olan yerdə qalmış torpaq sahəsi bildiriş verilmədən, heç bir xəbəri olmadığı halda plana salınmışdır. Kompensasiya ödənişləri ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində sədrin qəbulunda olarkən, torpağının qalan hissəsinin həqiqətən su kollektoru tikintisi ilə əlaqədar olaraq plana düşdüyünü bildirmişlər. Lakin, Bilgəh-Sumqayıt avto yolunun çəkilməsinin dayandırıldığı, layihənin nə zaman başlanacağının bilinmədiyini, bu yolla bağlı onların büdcəsində pul olmadığı üçün mənə Sumqayıt 2 saylı İnzibati məhkəməsinə müraciət etməyi bildirmişlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəməyə 02.06.2021-ci il tarixində iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək bildirmişdir ki, Saray qəsəbəsində yerləşən, ona məxsus olan, Bilgəh-Sumqayıt avtomagistral yolunun tikintisi zamanı tikinti altında düşən torpaq üçün, Azərbaycan X2rşı olan pul iddiası tələbi ilə bağlı, icraatınızda olan iddiamın həcmini aşağıdakı qaydada artırır. Belə ki, o iddianı verərkən, ona məxsus torpağın hər sotu üçün 5000 (AZN), torpaqda mövcud olan çoxillik badam ağacları üçün 500 (AZN), iki tərəfdən torpağı əhatəyə alan hasar üçün isə 700 (AZN) pul tələb etmişdir. Lakin həmin vaxt o real bazar qiymətini araşdırmamışdır. İddianı verdiyi müddətdən indiyə qədər həmin ərazidə olan digər torpaq sahələrinin qiymətini araşdıran zaman bir sot torpağın dəyərinin 7500- 10000 AZN civarında olduğunu öyrənmiş, təyin olunmuş ekspertizadan sonra, ekspertin verdiyi rəydə də, bu qiymətlərin üst-üstə düşdüyünü görərək iddia tələbinin həcminin artırılması barədə ərizə vermək qərarına gəlmişdir. Eyni zamanda hal-hazırda hasar xərclərini hesablayarkən, 700 AZN-in çox simvolik olduğunu, 34 metrlik hasar üçün minimum 1600-1700 AZN tələb olunduğunu bilmişdir. Qeyd edilənlərə görə real bazar qiymətləri nəzərə alınaraq Saray qəsəbəsində yerləşən, mənə məxsus olan, Bilgəh- Sumqayıt avtomagistral yolunun tikintisi zamanı tikinti altında düşən torpaq üçün (hər sotuna) 8000 (səkkiz min manat), torpağı iki tərəfdən əhatə edən 34 metrlik hasar üçün 1700 (bir min yeddi yüz), ərazidə yerləşən çoxillik badam ağacları üçün 500 (beş yüz manat) ümumilikdə, 34200 (otuz dörd min iki yüz manat) Azərbaycan X1 xeyrinə tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək tikinti altına düşən 4 sot torpaq sahəsinin və cavabdeh tərəfindən sökülmüş hasarın dəyəri olaraq cavabdehdən ümumilikdə 33566 manat kompensasiya məbləğinin tutularaq iddiaçıya ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının iddia tələbi aşağıdakılara görə əsassızdır: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bakı- Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində vətəndaş İddiaçı məxsus 0.15 ha ilkin olaraq torpaq sahəsinin 0.1103 ha hissəsi yolun tikintisi altına düşmüş və bununla əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq təşkilatı tərəfindən sözügedən layihə çərçivəsində hazırlanmış kadastr planında qeydə alınmış və dəymiş ziyana görə müstəqil qiymətləndirici tərəfindən kompensasiya hesablanmışdır. Əmlakın alqı-satqısı zamanı qiymətləndirmə prosesi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin tövsiyyələri əsasında aparılmış və iddiaçının əmlakı müvafiq qaydada mövcüd qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilməklə, o cümlədən Azərbaycan Respublikasının Prezidentinin 26.12.2007-ci il tarixli fərmanına əsasən 20% əlavə edilməklə, ümumilikdə 48504 manat dəyərində müəyyən edilmiş, və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (alıcı) ilə iddiaçı (satıcı) arasında dövlət ehtiyacları üçün alınması məqsədi ilə alqı-satqı müqaviləsi imzalanmışdır. Hesablanmış 48504 manat məbləğində kompensasiya "xxxx" ASC-nə İddiaçı adına köçürülmüş və iddiaçı tərəfindən 08.08.2014-cü ildə alınmışdır. Daha sonra iddiaçının cavabdehə ünvanlandığı bir neçə müraciətində onun torpaq sahəsinin qalan 0.03972 ha hissəsi də yolun tikinti altına düşmüş və həmin qalan hissəsinə görə torpağın kompensasiyanın ödənilməsini xahiş etmişdi. Bununla əlaqədar iddiaçıya məxsus torpaq sahəsinin qalan 0.03972 ha hissəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bakı-Sumqayıt avtomobil yolunun tikintisi" layihəsi yolun tikinti altına düşmüşdür. Azərbaycan Respublikası qanunvericiliyi ilə mülkiyyətin dövlət ehtiyacları və ictimai ehtiyaclar üçün hansı konkret hallarda özgəninkiləşdirilə bilməsi və bu barədə hansı dövlət orqanının qərar qəbul etməsi müəyyən edilmişdir. Bütün başqa hallarda mülkiyyət yalnız könüllük əsasında özgəninkiləşdirilə bilər. İddia ərizəsindən göründüyü kimi, qeyd olunan tədbirlər planının icrası ilə əlaqədar iddiaçıya məxsus olmuş əmlakın bir hissəsinə görə kompensasiya verilməklə ona dəymiş maddi ziyanın əvəzi ədalətli şəkildə ödənilmişdir. Torpaq sahəsinin qalan hissəsi isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bakı-Sumqayıt avtomobil yolunun tikintisi” avtomobil yolunun layihələndirilməsi və tikintisi” altına düşdüyünə görə və bununla əlaqədar kompensasiyanın alınması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etmişdir. İddiaçının cavabdehə ünvanlandığı müraciətində onun torpaq sahəsinin yolun tikinti altına düşdüyünə görə və bununla əlaqədar kompensasiyanın alınması ilə qaldırdığı məsələ ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanlarına müraciət olunmuşdur. Bu səbəbdən, tikinti altına düşən torpaq sahəsinə görə kompensasiya ödənilməsi gələcəkdə vəsait ayrıldığı təqdirdə öz həllini tapacaqdır. İddiaçıya ünvanlanmış cavab məktubları kompensasiyanın ödənilməsindən imtina kimi qiymətləndirilə bilməz. İddiaçı məhkəməyə təqdim etdiyi əlavə dəqiqləşdirmə ərizəsində qeyd eləmişdi ki, 4 sot torpaq sahəsinə və sökülmüş hasara ümumilikdə 33566 manat kompensasiya ona ödənilməsini tələb etmişdir. Bu məbləğlə razı deyilllər, çünki hazırda daşınmaz əmlak (o cümlədən torpaq) bazarında qiymətlərin nəzərə alsaq, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsinin “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” altına düşən 4 sotuna 32.000 manat və sökülmüş hasara 1566 manat qiymət real və ağlabatan görünmür. Həmin ərazidə layihə çərçivəsində yolun tikintisi altına düşən torpaq sahəsinə görə alan orqan tərəfindən cəlb edilmiş müstəqil qiymətləndirici tərəfindən 1 kv.metr torpaq sahəsinə görə orta bazar qiyməti müəyyən edilməklə mülkiyyət sahiblərinə əlavələrlə birlikdə 30 manat məbləğində kompensasiya hesablanmış və əmlakın qiymətləndirməsinə dair hesabat hazırlanmışdır. Yəni həmin ərazidə hamıya eyni əsaslarla kompensasiyalar hesablanmış, o cümlədən iddiaçının özünə də və iddiaçı həmin qiymətlə tamamilə razılaşmışdır. Həmçinin həmin torpaq sahəsinin təyinatı isə əkin sahəsidir. Hesab edirik, iddiaçıya məxsus daşınmaz əmlak qiymətləndirilmiş və qiymətləndirilmə barədə hesabat qüvvədədir. İPM-nin 2.2.7-ci maddəsinə uyğun olaraq inzibati orqanların qanunsuz qərarları (inzibat aktları), və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanin ödənilməsindən ibarətdir ki, hamin növ iddiaya mahiyyəti üzrə baxılması üçün da müəyyən şərt nəzərdə tutulmuşdur. Bu şərt isə ziyana görə kompensasiyanın ödənilməsi üçün müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilməsindən ibarətdir. İPM-nin 35.1-ci maddəsində göstərilir ki, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati icraat haqqında Azərbaycan Respublikasi Qanununun 89.2-ci maddəsinə əsasən maraqli şəxs kompensasiyanin ödənilməsindən imtina olunması haqqinda inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan və üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırki, mübahisəyə cavabdeh orqanın və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçıya məxsus 01.11.2019-cu il tarixli, **********57 reyestr nömrəli çıxarışın surəti Cavabdeh inzibati orqanın 30.01.2020-ci il tarixli, Q-3/16-727 nömrəli imtina məktubu, etiraz ərizəsi, “X6” Əmlakın Qiymətləndirilməsi və İnkişafı Mərkəzi tərəfindən verilmiş 26 may 2021-ci il tarixli, CEG-21/299M nömrəli ekspert rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Həmin Qanunun 20.1.6-cı maddəsinə əsasən alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə kompensasiya ödəmək öhdəliyini daşıyır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 54.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Həmin Qanunun 54.2-ci maddəsinə əsasən kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Həmin Qanunun 56.1-ci maddəsinə əsasən bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin, ödəniləcək kompensasiya qiymətləndirilərkən mövcud inflyasiya, torpağın bu Qanunun 58-ci maddəsinə əsasən müəyyən edilmiş bazar qiyməti, alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər, alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər, alınma nəticəsində şəxs yaşayış, həyata keçirdiyi sahibkarlıq fəaliyyətininin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər nəzərə alınır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq kompensasiyanın ödənişində hər hansı yubadılma ilə hüquqları pozulan şəxs belə kompensasiyanın dərhal ödənilməsinə nail olmaq məqsədi ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.15 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə ona 01.11.2019-cu il tarixli, **********57 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarış verilmişdir. İddiaçıya məxsus torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın müvafiq bəndinə əsasən həyata keçirilən “Bilgəh- Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşmüşdür. İddiaçı torpaq sahəsinin yolun tikinti altına düşməsi və həmin torpaq sahəsində yerləşən hasarın sökülməsi nəticəsində ona dəymiş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh 30.01.2020-ci il tarixli, Q-3/16-727 nömrəli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının mülkiyyətində olan 15 sot torpaq sahəsinin tamamı “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşmüşdüyündən, cavabdeh inzibati orqan ona dəymiş ziyanı tam şəkildə ödəməyə borcludur. Lakin oda nəzərə alınmalıdırr ki, həmin torpaq sahəsinin 11 sot hissəsinin dəyəri cavabdeh təşkilat tərəfindən iddiaçıya ödənilmiş, yerdə qalan 0.03972 ha torpaq sahəsinin və iddiaçı tərəfindən inşa edilmiş hasara görə kompensasiya ödənilmədiyindən hazırki, mübahisə yaranmışdır. Həmçinin cavabdeh inzibati orqan tərəfindən etiraz ərizəsində iddiaçıya 0.03972 ha torpaq sahəsinə və sökülmüş hasarın dəyərinin ödənilməməsi etiraf edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, işin hallarından göründüyü kimi iddiaçı dövlət ehtiyacları üçün geri alınan ona məxsus torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya ünvanladığı məktubunda kompensasiyanın ödənilməməsinə əsas kimi müvafiq orqanlara müraciətlərə cavab gəldikdən sonra ona dəymiş ziyan ilə bağlı kompensasiya ödəniləcəkdir. Göstərilən tarixdən xeyli müddət keçməsinə baxmayaraq, kompensasiya iddiaçıya ödənilməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən kompensasiyanın ödənilməsi yubadılır ki, bu halda iddiaçının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə əsasən hüquqları pozulan şəxs kimi məhkəməyə müraciət etmək hüququ yaranmış, iddianın mümkünlük şərtlərinə əməl olunmuşdur. İş materiallarına əlavə olunmuş “X6” Əmlakın Qiymətləndirilməsi və İnkişafı Mərkəzi tərəfindən verilmiş 26 may 2021-ci il tarixli, CEG-21/299M nömrəli Qiymətləndirmə hesabatından göründüyü kimi iddiaçının mülkliyyətində olan torpağın sahəsinin 1 sot bazar dəyəri 8000 manat və torpaq sahəsində yerləşən hasarın sökülməsinə görə 1566 manat müəyyən edilmişdir. Belə olduğu tədqirdə iddiaçıya 0.03972 ha torpaq sahəsi ilə bağlı 31.776 manat (0.03972 ha x 8000 manat = 31776 manat) , sökülmüş hasar ilə bağlı 1566 manat, ümumilikdə isə 33.342 manat məbləğində pul vəsaiti ödənilməlidir. Hesabat kifayət qədər əsaslandırılmaqla torpaq sahəsinin dəyəri müəyyən olunmuşdur. Yuxarıda qeyd olunan normalara və məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallara əsasən məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşdüyündən həmin torpaq sahəsinin dövlət ehtiyacları üçün geri alınmasına görə kompensasiya iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 33.342 manat məbləğində kompensasiya cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı, onun mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsi ünvanında yerləşən 0.03972 ha torpaq sahəsinin tikinti altına düşdüyünə görə 31776 manat, cavabdeh tərəfindən hasarın sökülməsinə görə dəymiş ziyana görə 1566 manat, ümumilikdə 33.342 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar