Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-112/2024 16.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Elşən oğlunun katibliyi, İddiaçı X1 cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı Sumqayıt şəhəri, 40-cı məhəllə, 1 saylı evdə yerləşən 22-ci mənzilinə dair mənzil kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı X4 cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 40-cı məhəllə ünvanında yerləşən 1 saylı evin, 22-ci mənzilinə görə order verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 40-cı məhəllə ünvanında yerləşən 1 saylı evin 22-ci mənzilinə dair mənzil kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1984-cü ildən hal-hazıradək Sumqayıt Boru- Prokat zavodunda (indiki adı “Azərboru ASC) kran maşinisti peşəsində işləyir. 1992-1994-cü illərdə Azərbaycan Milli Ordusu sıralarında Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir, müharibə veteranıdır. "xxxx" ASC-də işlədiyinə görə mənzil növbəsinə götürülmüşdür. "xxxx" ASC tərəfindən ilk əvvəl ona Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanda yerləşən 54 saylı evin 14-cü mənzili verilmişdir. İddiaçının mənzilində məcburi köçkünlər yaşadığına görə həmin mənzilə köçə bilməmişdir. Sonradan iddiaçıya "xxxx" ASC rəhbərliyinin və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2009-cu ildə keçirilmiş 1 saylı protokolunun birgə qərarı əsasında Sumqayıt şəhəri, 40-cı məhəllə ünvanında yerləşən 1 saylı binanın 22-ci mənzili verilmişdir. Lakin həmin mənzilə köçmək üçün order verilməmişdir. İddiaçı Sumqayıt şəhəri, 40-cı məhəllə ünvanında yerləşən, 1 saylı evin, 22-ci mənzilinə görə order verilməsi xahişi ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakiri Fərəcova 22 iyun 2022-ci ildə müraciət etmişdir. Müraciətindən 1 ay vaxt keçsə də, cavabdeh məktubuma cavab verməmiş, xahişi təmin edilməmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, iddiaçı X4 mübahisəli Sumqayıt şəhəri, 40-cı məhəllə ünvanında yerləşən 1 saylı evin, 22-ci mənzilinin “Azərboru" ASC-nın rəhbərliyinin və Həmkarlar ittifaqı Komitəsinin xx.xx.2009-cu il tarixli 1 saylı protokoluna əsasən ona ayrıldığını, lakin mənzilin məcburi köçkün ailəsi tərəfindən tutulduğunu və bu səbəbdən həmin mənzilə köçə bilmədiyini bildirir. Məcburi köçkünlərin mənzil sahəsi ilə təmin olunması Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamları əsasında həyata keçirilir Həmin sənədlərdə konkret olaraq hansı ərazidə məskunlaşmış məcburi köçkünlərin yeni yaşayış sahəsi ilə təmin olunması göstərilir və köçürülmə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən mərhələli şəkildə aparılır. Məlum hadisələrlə əlaqədar Azərbaycan Respublikası Prezidentinin ölkədaxili siyasətinə uyğun olaraq məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərdə məskunlaşdırılması nəzərdə tutulmuşdur. xx.xx.2009-cu ildə qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə görə dövlət mənzil fonduna aid yaşayış sahələrinə orderlərin verilməsi nəzərdə tutulmamışdır. Bu istiqamətdə görülən işlərin nəticəsi olaraq, başqalarına məxsus mənzillərdə məskunlaşmış məcburi köçkün ailələri köçürüldükdən sonra qaldırılan məsələyə (mənzilin sənədləşdirilməsi - mənzilə dair kirayə müqaviləsinin bağlanması məsələsinə) qanunauyğun olaraq baxıla bilər. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: - "xxxx" ASC-nin müdiriyyətlə Həmkarlar İttifaqı Komitəsinin 20 may 2009-cu ildə keçirilmiş iclasının 1 saylı protokolundan çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 40-cı məhəllə, 1 saylı evin 1-ci mərtəbəsindəki 3 otaqlı 58 kv m sahəsi olan 22 saylı mənzilin 1993cü ildən zavodda işləyən, müharibə veteranı 4 nəfər ailə tərkibi ilə X2 verilməsi qərara alınmışdır. - İddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, X4 1984-cü ildən hazıradək "xxxx" ASC-də işləyir. - Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş arayışdan görünür ki, Sumqayıt şəhəri, 40-cı məhəllə, C.Cabbarlı küçəsində yerləşən 5 mərtəbəli, 1 saylı bina Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır. - "xxxx" tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, sorğuda sözügedən iclas "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən təşkil edilmişdir və iclasda Həmkarlar İttifaqı Komitəsinin dəvəti ilə yalnız “Azərboru" ASC-nin rəhbər şəxsi iştirak etmişdir. İclasın protokolu ayrıca hüquqi şəxs olan "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən tərtib olunmuş və uyğun olaraq müvafiq sənədlər "‘Azərboru” ASC-də deyil, Həmkarlar İttifaqı Komitəsində saxlanılmışdır. Qeyd olunanlar ilə əlaqədar olaraq tələb olunan sənədlərin təqdim edilməsi mümkün deyildir. - Dövlət Arxivinin Sumqayıt Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Sumqayıt şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli, 07 saylı protokolunda X1 mənzil almağı barədə məlumat aşkar olunmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycan»a qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında iddiaçının mənzilə dair yaşayış orderinin mövcud olması, vətəndaşın mənzilin qanuni sahibi olması faktını və bu fakta əsasən onun gələcəkdə «sosial kirayə müqaviləsi» bağlamağa, daha sonra isə qanunvericiliyə uyğun olaraq onu xüsusi mülkiyyətinə keçirməyə dair hüquqi gözləntilərini mənzilin iddiaçının «mülkiyyət»i hesab edilməsi üçün kifayət qədər əsaslar kimi qiymətləndirmişdir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evlərində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi order əsasında, kirayədarla – mənzil istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar – adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Hazırda qüvvədə olan (01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 4.0.2. Dövlət orqanları öz səlahiyyətləri daxilində müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir; 48.1 Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 56.1 Yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. 56.2.1 Sosial kirayə müqaviləsinə əsasən növbədənkənar yaşayış sahələri yaşayış sahələri qanunla nəzərdə tutulmuş qaydada yaşamaq üçün yararsız və təmir və ya bərpa edilə bilinməyən hesab edilmiş vətəndaşlara verilir. 56.3 Yaşayış sahələrinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqaviləsi ilə yaşayış sahələri müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq bələdiyyə orqanının qərarına əsasən verilir. Sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar onun qəbul edildiyi gündən üç iş günündən gec olmayaraq barələrində belə qərar qəbul edilmiş vətəndaşlara verilir və ya göndərilir. 56.4 Bu Məcəllənin tələblərinə uyğun olaraq sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar bu qərarda göstərilən müddətdə müvafiq sosial kirayə müqaviləsinin bağlanması üçün əsasdır. Məhkəmə qeyd edir ki, cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti iddiaçı ilə mənzil kirayə müqaviləsinin bağlanmasından imtinanın səbəbi kimi yalnız mübahisəli mənzildə məcburi köçkünlərin məskunlaşmasını göstərmişdir. Eyni zamanda iddiaçının məcburi köçkünlərin çıxarılmasına dair iddia tələbi mənzilə dair hüquqmüəəyyənedici sənədinin olmaması (özəlləşdirməməsi) ilə bağlı təmin edilməmişdir. Beləliklə, mənzil iddiaçıya qanunvericiliklə müəyyən edilmiş qaydada növbəlilik prinsipi əsasında ayırlmasına maxbayaraq o, hazıradək mənzil üzərində hüquqlarını həyata keçirə bilmir. Məhkəmə hesab edir ki, məcburi köçkünlərin məskunlaşması mənzil kirayə müqaviləsinin bağlanmasından imtina üçün əsas ola bilməz. “İnzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt şəhəri, 40-cı məhəllə, 1 saylı evdə yerləşən 22 saylı mənzilə dair iddiaçı X4 ilə mənzil kirayə müqaviləsinin bağlanması öhdəliyi cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti,70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-112/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-112/2024
16.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver