Məhkəmə qərarları › İş №2-1(118)-1120/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1120/2025

08.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1120/2025 08.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) GİRİŞ HİSSƏ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 8 oktyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 23 fevral 2024-cü il tarixli, 3-43-90/20-H-1xx/xx/2024 nömrəli, İddiaçı göndərilmiş məktubundan görünür ki, “Müharibə veteram” adı və vəsiqəsinin verilməsinə dair Azərbaycan Respublikas Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş ərizənizə baxılmışdır. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteram adlarını verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetini 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrin qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə və hərbi qulluqçulara - müvafiq dövrlər və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrir sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdiklə siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdə çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Laçın Rayon İcra Hakimiyyəti başçısının 7 dekabr 2023-cü il tarixli 5-64/3-2-226/2023 nömrə arayışında, iddiaçının 1990-cı ilin mart ayından 1991 -ci ilin oktyabr ayına kimi Laçın rayonu könüllü özünümüdafiə dəstəsinin tərkibində erməni silahlı birləşmələrinə qarşı aparılan döyüşlərd iştirakı qeyd edilsə də, həmin arayışın hansı hüquqi qüvvəsi olan arxiv sənədləri əsasınd yazılmasına dair məlumat yoxdur. Odur ki, döyüş əməliyyatlarında iştirakı sübut edən sənədlər və ya hüquqi qüvvəsi olan sənədlər əsasında yazılmış arayışlar (sənədlərin (arayışların) imza və möhürlə təsdiq olunmu əsli və ya notarial qaydada təsdiq edilmiş surəti) olduğu təqdirdə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə müvafiq dövlət orqanının aidiyyəti komissiyasında baxıla bilər.

2. Azərbaycan Respublikası Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatı tərəfindən tərtib olunmuş 5-64/3-2-226/2023 nömrəli, 7 dekabr 2023-cü il tarixli arayışdan görünür ki, Laçın rayonunun Mığıdərə kənd ərazi dairəsinin Mığıdərə kəndində daimi qeydiyyatda olan İddiaçı (Fərdi identifikasiya nömrəsi: xxxxxxx) ondan ötrü ki, o, həqiqətən 1990-cı ilin mart ayından 1991-ci ilin oktyabr ayına kimi Laçın rayonunda könüllü özünümüdafiə dəstələrinin tərkibində erməni millətçi dəstələrinə qarşı gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Əsas: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1992-ci il mayın 18-dək erməni millətçi dəstələrinə qarşı Laçın rayonu ərazisində aparılan döyüş əməliyyatlarında Mığıdərə kənd özünümüdafiə dəstəsinin tərkibində iştirak etmiş müharibə veteranı adı və vəsiqəsi almamış vətəndaşların 26 may 2017-ci il tarixli adlı siyahısı (sıra nömrəsi 31)

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia tələbinin dəlilləri:

3. İddiaçı (bundan sonra - “iddiaçı”) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsi verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1970-ci ildə anadan olmuş, erməni işğalçıları Laçın rayonu ərazisinə basqın edən zaman Laçın rayonunun Mığıdərə kəndi ərazisində daimi qeydiyyatda olmaqla orada yaşamış, 1990-cı ilin mart ayından 1991-ci ilin oktyabr ayına kimi Laçın rayonunda könüllü özünü müdafiə dəstəsinin tərkibində erməni millətçi dəstələrinə qarşı döyüşlərdə iştirak etmiş, bunu Laçın rayon İcra Hakimiyyətinin Başçısı Aparatının 7 dekabr 2023-cü il tarixli, 5-64/3-2-226/2023 saylı arayışı təsdiq edir. Birinci Qarabağ müharibəsində iştirak etsə də, ona müharibə veteranı adı və vəsiqəsi verilməmişdir. Bu səbəbdən də cavabdehə müraciət etmiş, müraciətinə cavab olaraq cavabdeh özünün 23 fevral 2024-cü il tarixli (ünvanı düz olmadığına görə məktub ona 29 mart 2024-cü ildə təqdim edilmişdir) məktubu ilə xahişindən imtina etmişdir. Səbəb kimi “məktubda Laçın rayon İcra Hakimiyyəti Başçısı Aparatının vermiş olduğu arayışın arxiv sənədləri əsasında yazılmasına dair məlumatların olmadığı göstərilmişdir”. Cavabdehin imtinası ilə razılaşmır. Belə ki, qeyd edilən dövrdə o, Laçın rayon Mığıdərə kəndi ərazisində yaşamış və döyüşlərdə iştirak etmişdir. Onunla eyni zamanda həmin istiqamətdə gedən döyüşlərdə iştirak etmiş könüllü özünü müdafiə dəstəsinin üzvlərindən müharibə veteranı adı və vəsiqəsi alanlar olmuşdur.

5. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci bəndinə, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 33, 73-cü maddələrinə istinad olunmuşdur.

6. Azərbaycan Respublikası İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

7. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.

İddia tələbinə qarşı etirazın dəlilləri:

8. Cavabdeh məhkəməyə etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

9. Etiraz onunla əsaslandırılmışdır ki, göstərilən qanunvericilik aktının tələblərinə əsasən, cavabdeh tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Lakin əksər hallarda yerli icra hakimiyyəti orqanları yeni siyahıları tərtib edərkən döyüş əməliyyatları aparılan dövrə aid sənədlərə, siyahılara, əmrlərə istinad olunmadan, kənd icra nümayəndələri tərəfindən verilmiş arayışlara və ya sadəcə şahid ifadələrinə əsaslanaraq bu siyahıları tərtib etmişdirlər. Bu səbəbdən də cavabdehin nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi komissiyası”nda müraciətlərə baxarkən qeyd edilən qanunvericilik aktlarının uyğun olaraq qərar qəbul edir. Hazırki mübahisə məcburetmə haqqında iddia növünə aid olduğundan sübutetmə vəzifəsi ilkin olaraq iddiaçının üzərinə düşür. Müharibə veteranı adı və müvafiq veteranı vəsiqəsi döyüşlərdə iştirak etmiş şəxslərə yalnız həmin normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin ödənildiyi təqdirdə verilir. Nəzərə almaq lazımdır ki, müharibə veteranı adını almağı iddia edən şəxs tərəfindən veteran adının verilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərin ödənilmiş olması mütləq şərtdir və imperativ xarakter daşıyır iddiaçı özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını sübut edən sənədlər olmadığından, iddia tələbi təmin edilə bilməz.

10. Etirazın maddi hüquqi əsası kimi “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3, 7-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən, Azərbaycan Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” 9 iyul 2007-ci il tarixli Qərarına, prosessual hüquqi əsası kimi isə İPM-in 47.2, 58.7, 68, 68.2, 70-ci maddələrinə istinad edilmişdir.

c) Tərəflərin iştirakı və izahatları:

11. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “... məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

14. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

15. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

16. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

17. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahatlar verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

18. Məhkəmənin 30 may 2025-ci il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi X4, etirazın əsaslarına uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

19. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

20. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

21. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

22. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

23. Məhkəmə iddiaçı tərəfin izahatlarını, həmçinin iş materialına əlavə edilmiş sənədləri mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunan hallara istinad edərək əsaslandırır.

24. İddiaçı tələbinin əsası kimi Azərbaycan Respublikası Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatı tərəfindən tərtib olunmuş 5-64/3-2-226/2023 nömrəli, 7 dekabr 2023-cü il tarixli arayışdır ki, həmin arayışdan görünür ki, Laçın rayonunun Mığıdərə kənd ərazi dairəsinin Mığıdərə kəndində daimi qeydiyyatda olan iddiaçı 1990-cı ilin mart ayından 1991-ci ilin oktyabr ayına kimi Laçın rayonunda könüllü özünümüdafiə dəstələrinin tərkibində erməni millətçi dəstələrinə qarşı gedən döyüş əməliyyatlarında iştirak etmişdir (§4).

25. Cavabdeh tərəfin mövqeyinə görə isə hazırki mübahisə məcburetmə haqqında iddia növünə aid olduğundan sübutetmə vəzifəsi ilkin olaraq iddiaçının üzərinə düşür, şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Çünki, əksər hallarda yerli icra hakimiyyəti orqanları yeni siyahıları tərtib edərkən döyüş əməliyyatları aparılan dövrə aid sənədlərə, siyahılara, əmrlərə istinad olunmadan, kənd icra nümayəndələri tərəfindən verilmiş arayışlara və ya sadəcə şahid ifadələrinə əsaslanaraq bu siyahıları tərtib etmişdirlər (§9).

26. Məhkəmə tərəfindən tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əsasən, İPM-in 12-ci maddəsinin tələbləri çərçivəsində hər iki tərəfin mövqeyi nəzərə alınaraq müxtəlif qurumlara müvafiq sorğular ünvanlanmışdır.

27. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçı barəsində Azərbaycan Respublikası Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatı tərəfindən tərtib olunmuş 5-64/3-2-226/2023 nömrəli, 7 dekabr 2023-cü il tarixli arayış mövcuddur, həmin arayışda iddiaçının 1990-cı ilin mart ayından 1991-ci ilin oktyabr ayına kimi Laçın rayonunda könüllü özünümüdafiə dəstələrinin tərkibində erməni millətçi dəstələrinə qarşı gedən döyüş əməliyyatlarında iştirak etməsi qeyd olunsa da, məhkəmə prosesi zamanı həmin arayışın həqiqiliyini müəyyən etməyə imkan verən arxiv sənədləri və ya hər hansı hüquqi qüvvəsi olan sənəd əsasında yazılmasına dair məlumat müəyyən edilməmişdir.

28. Azərbaycan Respublikası Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatı tərəfindən tərtib olunmuş 5-64/3-2-226/2023 nömrəli, 7 dekabr 2023-cü il tarixli arayışda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1992-ci il mayın 18-dək erməni millətçi dəstələrinə qarşı Laçın rayonu ərazisində aparılan döyüş əməliyyatlarında Mığıdərə kənd özünümüdafiə dəstəsinin tərkibində iştirak etmiş müharibə veteranı adı və vəsiqəsi almamış vətəndaşların 26 may 2017-ci il tarixli adlı siyahısı (sıra nömrəsi 31) əsas götürülsə də, həmin sənəd mötəbər sübut kimi qiymətləndirilə bilməz.

29. Qeyd olunanlara əsasən və mövcud olan iş materialların araşdırılması nəticəsində məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakı sübuta yetirilmiş hesab oluna bilməz.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən: “1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ...”

31. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; 1944-cü il yanvarın 1-dən 1951-ci il dekabrın 31-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; İkinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri; 1941 - 1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular; İkinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparır. Müharibə veteranlarının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.

32. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanı:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində: ... 1.3. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin; ...

33. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi onun hüquqi əsasının dispozisiya şərtlərini ödəmədiyindən, təmin edilməməlidir.

34. İPM-in müvafiq müddəalarında nəzərdə tutulmuşdur: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır;

NƏTİCƏVİ HİSSƏ

35. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar