Məhkəmə qərarları › İş №2-1(118)-1122/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1122/2021

01.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1122/2021 01.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin 1 saylı regional ərazi filialına qarşı “01.09.1973-28.06.1974-cü illərdə Sumqayıt şəhəri 85 saylı texniki peşə məktəbində təhsil aldığı və 01.07.1974-15.05.2002-ci illərdə Sumqayıt şəhəri Üst Trikotaj fabrikində işlədiyi illəri nəzərə alaraq ona yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin 1 saylı regional ərazi filialına qarşı iddia qaldıraraq yaşa görə əmək pensiyası təyin olunmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, “01.09.1973-28.06.1974-cü illərdə Sumqayıt şəhəri 85 saylı texniki peşə məktəbində təhsil aldığı və 01.07.1974- 15.05.2002-ci illərdə Sumqayıt şəhəri Üst Trikotaj fabrikində işlədiyi illəri nəzərə alaraq ona yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1956-cı ildə Şəmkir rayonu, Kolxozkənd kəndində, hazırki “Bayramlı” kəndində anadan olmuşdur. ünvan 1 ünvanında yaşayır. 1973-cü ildə ünvan 2 1974-cü ildə kişi üst geyimləri üzrə dərzi ixtisası kursunu tam bitirmişdir. 01.07.1974-cü il tarixdə Sumqayıt şəhər “Üst trikataj” fabrikində 5-ci dərəcəli “naladçik” (sazlayıcı) vəzifəsinə işə düzəlmişdir. Uzun illər həmin fabrikdə işləmişdir. 14.05.2002-ci il tarixdə öz ərizəsilə işdən azad olunmuşdur. Beləliklə onun 01.09.1973-cü il tarixdən 28.06.1974-cü ilə kimi Sumqayıt şəhəri 85 saylı texniki peşə məktəbində 9 ay 27 gün və 01.07.1974-cü il tarixdən 14.05.2002-ci il tarixə qədər Sumqayıt “Üst trikataj” fabrikində 27 il 10 ay 14 gün, ümumilikdə 28 il 8 ay 11 gün sosial sığorta stajı var. 2002-ci ildən sonra fərdi əməklə məşğul olmuşdur. 65 yaşı tamam olması ilə əlaqədar yaşa görə pensiya alması məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi filialına müraciət etmişdir. Həmin filial tərəfindən 1974cü il tarixdən 2002-ci il tarixə qədər işlədiyi dövrün qarşılıqlı yoxlanılması zərurəti ilə araşdırma aparılmışdır. Lakin arxiv sənədlərinin saxlanılmaması səbəbindən iş stajının yerində yoxlanılması mümkün olmamışdır. Bu səbəbdən 1974-2002-ci illərin Sosial sığorta stajı kimi hesablanması mümkün olmamışdır. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına sənədlərini təqdim etmişdir. Filialın 31.03.2021 -ci il tarixli **********7 saylı məktubuna əsasən ona yaşa görə əmək pensiyasının təyin edilməsinin qanuna zidd olduğu bildirilmişdir. Hüquqi faktın müəyyən edilməsi ilə bağlı Sumqayıt şəhər Məhkəməsinə müraciət etsə də, məhkəmənin 2(060)-4154/2021 saylı 21.04.2021-ci il tarixli qərardadı ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdehə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Lakin iddiaçının əmək kitabçasında qeyd olunmuş 01.07.1974-cü il tarixdən 14.05.2002-cü il tarixədək işləmiş olduğu “Sumqayıt Üst Trikotaj” müəssisəsinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün onun müraciətinin müsbət həlli mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir (Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Lakin İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün müvafiq Filiala verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya kapitalına və ya 25 illik sosial sığorta stajına malik deyil. Belə ki, onun 01.07.1974-cı il tarixdən 14.05.2002-cı il tarixədək işlədiyini iddia etdiyi dövrə dair əmək haqllarını yoxlamaq mümkün olmamışdır. İşin hallarını tam və dəqiq araşdırmaq məqsədi ilə İddiaçı işlədiyini iddia etdiyi müəssisənin mövcudluğunu və iddiaçının 01.07.1974-cü tarixdən 14.05.2002-ci il tarixədək müəssisədə işləməsi faktını dəqiqləşdirmək üçün müvafiq qurumlara lazımi sorğular göndərilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Sumqayıt Filialı tərəfindən təqdim edilmiş 24 may 2021-ci il tarixli, 64 nömrəli məktubda Bakı şəhəri “Sumqayıt üst Trikotaj” fabrikinin arxiv sənədləri Dövlət Arxivinin Sumqayıt filialına mühafizə üçün təhvil verilmədiyi qeyd edilmişdir. İş materiallarına əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən təqdim edilmiş 01 iyun 2021-ci il tarixli **********766200 nömrəli sorğuya cavab məktubunda “Sumqayıt şəhəri Üst Trikotaj Fabriki” 30.01.1995-ci il tarixdə D-970 saylı şəhadətnamə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Əmlak Nazirliyinin 05.12.2000-ci il tarixli sərəncamına əsasən “Sumqayıt Trikotaj” Açıq tipli Səhmdar Cəmiyyətinə çevrilmişdir və Ədliyyə Nazirliyində 20.12.2000-ci il tarixdə D- 3061 nömrəli şəhadətnamə ilə yenidən qeydiyyata alınmışdır. Cəmiyyət səhmdarlarının 23.09.2008-ci il tarixli 01/08 nömrəli protokola əsasən "xxxx" açıq Səhmdar Cəmiyyətinə (VÖEN **********) çevrilmişdir. Mülki Məcəllənin 43.1-ci maddəsinə görə hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 13.1ci maddəsinə görə dövlət qeydiyyatına alınmış hüquqi şəxsə, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialına Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun dövlət qeydiyyatına alınmasını təsdiq edən sənəd - dövlət qeydiyyatı haqqında şəhadətnamə verilir. Həmin Qanunun 13.3-cü maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmış hüquqi şəxsə, xarici hüquqi şəxsin nümayəndəlik və filialına verilən şəhadətnamədə və dövlət reyestrindən çıxarışda vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.12.2000-ci il tarixli, 222 nömrəli “Vergi ödəyicilərinə eyniləşdirmə nömrəsinin verilməsi və tətbiq edilməsi Qaydasının təsdiq edilməsi barədə” Qərarının 2ci bəndində görə mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, habelə vergi ödəyicisi olan fiziki şəxslərin (fərdi sahibkarların) uçotu onlara Azərbaycan Respublikasının dövlət vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməklə aparılır. Həmin Qərarın 3-cü bəndində qeyd olunmuşdur ki, “nəzərə alınsın ki, vergi orqanlarında 2001-ci il 1 yanvar tarixinədək uçota alınmış vergi ödəyicilərinin eyniləşdirmə nömrələrini onlara əvvəllər verilmiş identifikasiya nömrələri (VÖİN) təşkil edir və təqdim olunan bildirişlər vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamələrə bərabər tutulur”. Hüquqi şəxsin dövlət qeydiyyatına alınması hələ onun fəaliyyət göstərməsi demək deyil. Hüquqi şəxsin fəaliyyət göstərməsi üçün dövlət vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilməlidir. Göründüyü kimi, həmin müəssisə 30.01.1995-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmin tarixədək (1974-1995) müəssisənin fəaliyyət göstərməsi, sosial ödənişlər etməsi öz təsdiqini tapmadığından iddiaçıya məxsus əmək kitabçasında iddiaçının 01.07.1974-cü il tarixdən 14.05.2002-cü il tarixədək “Sumqayıt Üst Trikotaj”da işləməsinə dair edilmiş qeydlər şübhə altına düşdüyündən sübut qismində qəbul edilə bilməz. İş materiallarından aydın olur ki, iddiaçının 01.07.1974-cü il tarixdən 14.05.2002-cü il tarixədək “Sumqayıt Üst Trikotaj”da işləməsi faktı əmək kitabçasında qeyd edilsə də qeyd olunan illər ərzində həmin müəssisədə çalışmasına dair hər hansı sənəd - işə qəbul və işdən çıxma əmrləri, T-2 şəxsi vərəqəsi, qeyd edilən illər, aylar üzrə əmək haqqı cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar aşkar edilməmişdir. Bu isə iddiaçının 01.07.1974-ci il tarixdən 14.05.2002-cı il tarixədək “Sumqayıt Üst Trikotaj”da işləməsi ilə bağlı əmək kitabçasında olan qeydlərin qeyrimötəbər olduğunu təsdiq edir. Buna görə də həmin dövr (01.07.1974-14.05.2002-ci illər) sosial sığorta stajına daxil edilə bilməz. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Belə ki, iddiaçıya əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun yaşla bağlı tələbinə cavab versə də onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir və ya azı 25 il sığorta stajına malik deyil. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə olunmuşdur: - AZE seriyalı, ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1956-cı ildə tarixdə Şəmkir rayonu, Kolxozkənd kəndində anadan olmuşdur. - ИТ-İ ******* saylı əmək kitabçasının surətindən görünür ki, iddiaçı 01.07.1974-cü ildən 14.05.2002-ci ilə qədər Sumqayıt Üst Trikotaj fabrikində işləmişdir. - 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 01 iyun 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Sumqayıt şəhəri Üst Trikotaj Fabriki” 30.01.1995-c il tarixdə D-970 saylı şəhadətnamə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış, Azərbaycan Respublikası Əmlak Nazirliyinin 05.12.2000-ci il tarixli sərəncamına əsasən “Sumqayıt Trikotaj” Açıq tipli Səhmdar Cəmiyyətinə çevrilmişdir və Ədliyyə Nazirliyində 20.12.2000ci il tarixdə D-3061 nömrəli şəhadətnamə ilə yenidən qeydiyyata alınmışdır. Cəmiyyət səhmdarlarının 23.09.2008-ci il tarixli, 01/08 nömrəli protokoluna əsasən "xxxx" ASC-yə çevrilmişdir. - 029 nömrəli 28 iyun 1974-cü il tarixli attestatdan görünür ki, İddiaçı 1973-1974-cü illər də Sumqayıt şəhəri 85 saylı texniki peşə məktəbində təhsil almışdır. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla ona yaşa görə əmək pensiyası təyin edilməsini istəyir. İddiaçıya məxsus əmək kitabçasında onun dublikatında onun 01.07.1974-cü ildən 14.05.2002-ci ilə qədər Sumqayıt Üst Trikotaj fabrikində işlədiyi qeyd edilmişdir. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh imtinasının əsası kimi iddiaçının ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sığorta stajına malik olmaması, onun əmək kitabçasında qeyd edilmiş 1974-2002-ci illərin qarşılıqlı yoxlanılmasının müəyyən olunmadığı qeyd edilmişdir. Beləliklə cavabdeh inzibati orqan iddiaçıya yaşa görə əmək pensiyası təyinatı məsələsinə baxarkən onun 01.07.1974-cü ildən 14.05.2002-ci ilə qədər Sumqayıt Üst Trikotaj fabrikində işlədiyi dövrü sosial sığorta stajı kimi nəzərə almamışdır. Məhkəmə hesab edir ki, cavabdehin yuxarıda qeyd olunanları əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Hazırki iş üzrə iddiaçının 01.07.1974-cü ildən 14.05.2002-ci ilə qədər Sumqayıt Üst Trikotaj fabrikində işləməsi onun əmək kitabçasında öz əksini tapmışdır. Eyni zamanda məhkəməyə təqdim olunmuş X4 məxsus ИТ-İ ******* saylı və X3 məxsus əmək kitablarından görünür ki, onlar iddiaçının Sumqayıt Üst Trikotaj fabrikində işlədiyi dövrlərdə eyni müəssisədə işləmişlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. 01.07.1974-cü ildən 2002-ci ilə qədər Sumqayıt Üst Trikotaj fabrikinin sənədlərinin arxivə verilməməsi və həmin sənədlərin müəsissənin özündə də saxlanılmaması cavabdeh inzibati orqan tərəfindən iddiaçının təqsiri kimi qəbul oluna bilməz və iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Belə olan halda inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında qeyd olunan Sumqayıt Üst Trikotaj fabrikində işlədiyi dövr onun iş stajı kimi nəzərə alınmalıdır. Qeyd edilən dövrlər iddiaçının sosial sığorta stajı kimi nəzərə alındıqda, ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan sosial sığorta stajı mövcud olur. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinəəsasən inzibati aktın qəbuledilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsinizəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona yaşa görə bəmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, oxşar tələblə bağlı işlər üzrə formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyindən məlumdur ki, iddiaçının 01.07.1974-cü il tarixindən 2002-ci il tarixinədək işləməsi onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur (Ali Məhkəmənin İnzibati Kollegiyasının 14.07.2020-ci il tarixli, 2-1(102)-1431/2020 nömrəli, 28.01.2021-ci il tarixli, 2-1(102)-45/2021 nömrəli qərarları). İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin 1 saylı regional ərazi filialının üzərinə vəzifə olaraq qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin 1 saylı regional ərazi filialının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh küçəsi 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar