Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1123/2021 09.09.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 11 saylı Regional Ərazi Filialına (Şamaxı rayon şöbəsi) qarşı “iddiaçının cavabdehə müraciət tarixindən əvvəlki 3 aydan konkret olaraq 2021-ci ilin yanvar ayından etibarən axırıncı vəzifə üzrə aylıq məvacibinin 15 faizi miqdarında ömürlük müavinət verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Şamaxı Rayon İcra Hakimiyyəti başçısının 26 iyul 2013-cü il tarixli 75 saylı əmri ilə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Birinci Çaylı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi - baş mühasibi vəzifəsinə təyin edilmişdir. 14 iyul 2017-ci il tarixdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının 72 saylı Sərəncamı ilə ona “3cü dərəcə dövlət qulluqçusu” ixtisas dərəcəsi verilib. Şamaxı Rayon İcra Hakimiyyəti başçısının 08.06.2018-ci il tarixli 63 saylı əmri ilə vəzifədən azadan olunmuşdur. İddiaçı müvafiq ərizə ilə 08 aprel 2021-ci il tarixdə cavabdehə müraciət etməsinə baxmayaraq cavabdeh orqan tərəfindən müraciətindən imtina edilmişdir. Belə ki, ona “Dövlət qulluğu” haqqında Azərbaycan Respublikasının Qanuna əsasən ömürlük müavinət təyin edilməli idi. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək onunla əsaslandırmışdır ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun 11 saylı regional ərazi filialına müraciət edərək, ona dövlət qulluqçusu kimi vəzifə üzrə aylıq məvacibinin 15 faizi miqdarında ömürlük müavinətin ödənilməsini xahiş etmişdir. Fondun 11 saylı regional ərazi filialının 18.05.2021-ci il tarixli, **********31 nömrəli məktubunda iddiaçıya yaşa görə əmək pensiyası aldığı üçün ömürlük müavinətin təyin edilməsinin mümkün olmadığı qeyd olunmuşdur. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.1-ci maddəsində “dövlət qulluqçularına ömürlük müavinət – “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən inzibati və yardımçı vəzifələri tutan dövlət qulluqçuları pensiya yaşına çatmasına və əlilliyinə görə könüllü işdən çıxdıqda və dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il) və əmək pensiyası almaq hüququna malik olmadıqda” müəyyən olunmuşdur. Qanunvericilik və işin faktiki əsasları ilə müəyyən edilir ki, iddiaçıya ömürlük müavinətin təyin olunması nəzərdə tutula bilməz. Bundan əlavə “Dövlət qulluğu haqqında” Qanunun 23.3-cü maddəsinə görə müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məməhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində bu Qanunun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilir. Məzmundan da göründüyü kimi dövlət qulluqçusuna ömürlük müavinət təyin edilməsinin əsas şərti, əmək pensiyası almaq hüququnu istisna edir. Onu da qeyd etmək lazımdır ki, dövlət qulluqçusuna təyin edilən ömürlük müavinətlər dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Əsassız və qanunsuz təyin edilmiş müavinətlər dövlət büdcəsində əlavə maliyyə itkilərinə gətirib çıxarır ki, bu da öz növbəsində dövlətin maliyyə resurslarının qeyri-səmərəli istifadəsinə səbəb olacaqdır. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasənda iddiaçı yaşa görə əmək pensiyası aldığından ona ömürlük müavinət təyin edilə bilməz. Qeyd olunanlara əsasən cavabdeh təşkilat iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə prosesində iştrak edən cavabdehin nümayəndəsi etirazla eyni məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara daxildir: İddiaçıya məxsus əmək kitabçasının surəti ilə müəyyən olunur ki, o, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının 26 iyul 2013-cü il tarixli 75 saylı əmri ilə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Birinci Çaylı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi - baş mühasibi vəzifəsinə təyin edilmiş, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının 08.06.2018-ci il tarixli 63 saylı əmri ilə həmin vəzifədən azad olunmuşdur. İş materiallarına Azərbaycan Respublikası Şamaxı rayonu İcra Hakimiyyəti başçısının müvafiq əmr və sərəncamları da əlavə edilmişdir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı, iddia tələbi isə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.1-ci maddəsinə əsasən dövlət qulluqçularına ömürlük müavinət - "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən inzibati və yardımçı vəzifələri tutan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda və dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il) və əmək pensiyası almaq hüququna malik olmadıqda təyin edilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinə əsasən, müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə, o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində bu Qanunun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi dövlət qulluqçusuna ömürlük müavinət təyin edilməsinin əsas şərti əmək pensiyası almaq hüququnu istisna edir. Azərbaycan Respublikası Prezidentinin 22.10.2013-cü il tarixli, 936 nömrəli “Pensiya yaşına çatmasına, əlilliyinə və sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində minimum qulluq satjına (15) il və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin miqdarı haqında” Fərmanı da “Dövlət qulluğu haqqında” Qanunun 23.3-cü maddəsinin icrasının təmin olunmasına yönəldilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 04 fevral tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya yaşına çatmasına, əlilliyinə, o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası”nın 2-ci bəndinə əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi 2001-ci il sentyabrın 1-dən icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğunu davam etdirən və ya yeni qəbul edilən, bu Qanuna uyğun olaraq inzibati və yardımçı vəzifəni tutan, müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə, o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna görə dövlət orqanından könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusunun (bundan sonra – dövlət qulluqçusu) müavinət almaq hüququ vardır. Bu normaların məzmunundan göründüyü kimi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusunun bu qanunun qüvvəyə mindiyi 2001-ci il sentyabrın 1-dən icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğunun davam etdirilməsi və ya yeni qəbul edilməsi ilə şərtlənir. İddiaçının məhkəmə iclasında da qeyd etdiyi kimi onun əmək pensiyası almaq hüququ olduğundan hazırkı məzmunda iddia tələbi əsassızdır. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri rəhbər tutularaq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 11 saylı Regional Ərazi Filialına (Şamaxı rayon şöbəsi) qarşı iddiaçının cavabdehə müraciət tarixindən əvvəlki 3 aydan konkret olaraq 2021-ci ilin yanvar ayından etibarən axırıncı vəzifə üzrə aylıq məvacibinin 15 faizi miqdarında ömürlük müavinət verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İmran Burcayev
Məhkəmə qərarları › İş №2-1(118)-1123/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1123/2021
09.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver