Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1125/2023 16.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Bakı şəhəri Binəqədi rayon Xocasən bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 21/36 saylı qərarı və “torpaqların alqı-satqısına dair Akt” ilə Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Şamaxı şossesi 2 ünvanında yerləşən 0.85 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının İddiaçı adına dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Bakı şəhəri Binəqədi rayon Xocasən bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 21/36 saylı qərarı və “torpaqların alqı-satqısına dair Akt” ilə Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Şamaxı şossesi 2 ünvanında yerləşən 0.85 ha torpaq sahəsinin iddiaçının adına reyestrdə qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini dəqiqləşdirərək, “Bakı şəhəri Binəqədi rayon Xocasən bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 21/36 saylı qərarı və “torpaqların alqı-satqısına dair Akt” ilə Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Şamaxı şossesi 2 ünvanında yerləşən 0.85 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının İddiaçı adına dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Şamaxı şossesi 2 ünvanında yerləşən 0.85 ha torpaq sahəsi Bakı şəhəri Binəqədi rayon Xocasən bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 21/36 saylı Qərarı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə ididaçıya ayrılması qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon Xocasən ilə onun arasında bağlanılmış "torpaqların alqı-satqısına dair Akt" əsasında Bakı şəhəri Binəqədi rayon Xocasən bələdiyyəsinin inzibati ərazisində 8500 kv.m torpaq sahəsi 6800 manata ona satılmışdır. Həmin torpaq sahəsi bələdiyyənin möhürü ilə təsdiq edilmiş müvafiq cizgi-plan (situasiya planı) əsasında naturada iddiaçıya təhvil verilmişdir. Qeyd edilən torpaq sahəsi yol kənarında yerləşməklə "OPTİMA-AZ MMC firması"na məxsus torpaq sahəsi ilə eyni sıradadır və qonşudur. "xxxx" MMC-nin həm təsisçisi, həm də direktoru iddiaçının özüdür. Qeyd edilən torpaq sahəsinə dair hüquqlarının reyestrdə qeydə alınması ilə bağlı ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etsə də, İdarənin xx.xx.2022-ci il tarixli məktubu ilə ərizəsinin təmin edilməsindən imtina olunmuşdur. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, guya ki Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarış müvafiq qaydada təsdiqlənməyib, döngə nöqtələrinin kordinatlan göstərilməyib, həmçinin torpaq sahəsi dəmir yolu xəttinin və Bakı-Şamaxı yolunun mühafizə zolağında yerləşir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Həm bələdiyyənin qərarının, həm də alqı-satqı aktı və situasiya planının arxivdən çıxarışı, eyni zamanda müvafiq orqanların torpaq sahəsinin satılmasına etirazlarının olmaması barədə sənədlər cavabdehə təqdim edilmişdir, imtinada qeyd edilənlərin heç bir əsası yoxdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri İş üzrə təyin edilmiş şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Abşeron rayonu, Xocəsən qəsəbəsində yerləşən 0.85 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının nümayəndəsi X1 23 iyun 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı: 1.Xocəsən Bələdiyyəsi tərəfindən İddiaçı 0.85 ha torpaq sahəsinin 06 sentyabr 2007-ci il tarixdə, 21/36 nömrəli qərarla ayrıldığı halda, alqı- satqı aktının qanunamüvafiq qaydada tərtib və təsdiq edilmədiyi; 2.Xocəsən Bələdiyyəsi tərəfindən İddiaçı torpaq sahəsinin normadan artıq ayrıldığı; 3. Xocəsən bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiqlənmədiyi və döngə nöqtələrinin koordinatlarının göstərilmədiyi; 4. Torpaq sahəsinin dəmiryolu xəttinin mühafizə zolağında yerləşdiyi; 5. Torpaq sahəsinin Bakı-Şamaxı yolunun mühafizə zolağında yerləşdiyi; 6. Torpaq sahəsinin bir hissəsinin **********02, **********35 reyestr nömrəli çıxarışlarla və ləğv edilmiş DT və XK tərəfindən verilmiş plan-ölçü sənədi ilə başqa şəxsə məxsus torpaq sahələri ilə üst-üstə düşdüyü; 7. Sənəd üzrə torpaq sahəsinin konfiqurasiyası ilə faktiki konfiqurasiyası arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında’’ Əsasnamənin 7-ci bəndinin 4-cü cümləsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 06 may 2002-ci il tarixli 696 saylı Fərmanının 2-ci bəndinin üçüncü hissəsinə əsasən Əsasnamənin 7-ci bəndinin dördüncü cümləsində nəzərdə tutulmuş ‘‘müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və torpaq şöbələri həyata keçirirlər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 18-ci bəndinə görə müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Əsasnamənin 19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Əsasnamənin 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. Əsasnamənin 22-ci bəndinə görə bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. O zaman Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydaları”na Əlavədə Torpaqların alqı-satqısına dair Aktın forması və məzmununa əsasən bələdiyyə orqanının nümayəndəsinin, torpaq alanın və rayon, şəhər torpaq şöbəsi müdirinin iştirakı ilə akt tərtib olunur və həmin akt rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınır. Lakin, “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2014-cü il tarixli, 215 nömrəli Fərmanı ilə Torpaqların alqı-satqısı Qaydaları”na Əlavədən - “Torpaqların alqı-satqısına dair Akt” çıxarılmışdır. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 23 oktyabr 2007-ci il tarixli, 466-İİİQD saylı Azərbaycan Respublikası Qanununa əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilərək bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir sözü ilə əvəz olunmuşdur. Həmin Məcəlləsinin 67 və 68-ci maddələrinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Avtomobil yolları haqqında” 22 dekabr 1999-cu il tarixli AR Qanunun 15-1-ci maddəsinə əsasən avtomobil yollarının qorunma (mühafizə) zolaqları avtomobil yolları üçün ayrılmış torpaq sahəsinin tərkib hissəsi olmaqla, avtomobil yolunun mühafizəsi, perspektiv inkişafı, təmiri, yenidən qurulması, saxlanılması üçün nəzərdə tutulmuş, habelə yolkənən xidmət obyektlərinin yerləşdiyi ərazini əhatə edir. “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri” nin təsdiq edilməsi haqqında AR NK-nın 11 sentyabr 2015-ci il tarixli qərarına əsasən Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri respublika əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində; yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12,5 metr enində müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanunun 15ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Bakı şəhəri Binəqədi rayon Xocasən bələdiyyəsinin 21/36 saylı, 06 sentyabr 2007-ci il tarixli qərarından görünür ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 8500 kv.metr torpaq sahəsi alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə verilməsi qərara alınmışdır. - “Torpaqların alqı-satqısına dair” Aktdan görünür ki, İddiaçı Bakı şəhəri Binəqədi rayon Xocasən bələdiyyəsinin 21/36 saylı, 06 sentyabr 2007-ci il tarixli qərarı ilə ayrılmış 8500 kv.metr torpaq sahəsi müqabilində əvvəlcədən Bakı şəhəri Binəqədi rayon Xocasən bələdiyyəsinin hesabına 6800 (altı min səkkiz yüz) manat haqq ödənilməklə tərəflər arasında “Torpaqların alqı-satqısına dair akt” tərtib edilmişdir. - Xocasən bələdiyyəsinin komissiya üzvü və Xocasən bələdiyyəsinin sədri arasında tərtib edilmiş cizgi sənədindən görünür ki, Bakı şəhəri Binəqədi rayon Xocasən bələdiyyəsinin 21/36 saylı, 06 sentyabr 2007-ci il tarixli qərarı ilə ayrılmış torpaq sahəsi yerində ölçülərək cizgi sənədi tərtib edilmişdir. - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məhkəməyə ünvanladığı 29 noyabr 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, M-4, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun (Bakı-Şamaxı şosesi 2) kənarında yerləşən İddiaçı ayrılmış 0.85 ha torpaq sahəsinin yerləşdiyi ərazi yaşayış məntəqəsi daxilində olduğu üçün həmin ərazidə avtomobil yolunun qorunma (mühafizə) zolağı nəzərə alınmır. - Cavabdeh orqanın 12 dekabr 2022-ci il tarixli məhkəmə sorğusuna cavab məktubundan görünür ki, sözügedən ərazi Torpaqların elektron kadastrı uçotu informasiya sistemində (TEKUİS) “yaşayış məntəqlərinin torpaqları” kimi qeyd olunmuşdur. - Cavabdehin 20 iyul 2022-ci il tarixli bildirişindən görünür ki, iddiaçının mübahisə predmeti olan torpaq sahəsi üzərində iddiaçının hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən öhdəliyin icrası haqqında iddiadır. 5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də əsaslı iddiadır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrasıdır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Binəqədi rayon Xocasən bələdiyyəsinin 21/36 saylı, 06 sentyabr 2007-ci il tarixli qərarı ilə Xocasən bələdiyyəsinin komissiya üzvü və Xocasən bələdiyyəsinin sədri arasında tərtib edilmiş cizgi sənədində göstərilən hüdudlar daxilində yerləşən 8500 kv.metr torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 8500 kv.metr torpaq sahəsi alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə verilməsi qərar alınmışdır. İddiaçı tərəfindən sözügedən torpaq sahəsinin müqabilində Bakı şəhəri Binəqədi rayon Xocasən bələdiyyəsinin hesabına 6800 (altı min səkkiz yüz) manat məbləğində pul vəsaiti ödənilmişdir. Qeyd olunan hüquqmüəyyənedici sənədə əsasən iddiaçı ona ayrılmış torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə ərizə ilə cavadeh idarəyə müraciət etmişdir. Lakin cavabdehin 20 iyul 2022-ci il tarixli imtina məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, cavabdeh inzibati orqan imtinasının əsasları kimi:
1. Xocəsən Bələdiyyəsi tərəfindən İddiaçı 0.85 ha torpaq sahəsinin 06 sentyabr 2007-ci il tarixdə, 21/36 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının qanunamüvafiq qaydada tərtib və təsdiq edilmədiyini;
2. Xocəsən Bələdiyyəsi tərəfindən İddiaçı torpaq sahəsinin normadan artıq ayrıldığını;
3. Xocəsən bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiqlənmədiyi və döngə nöqtələrinin koordinatlarının göstərilmədiyini;
4. Torpaq sahəsinin dəmiryolu xəttinin mühafizə zolağında yerləşdiyini;
5. Torpaq sahəsinin Bakı-Şamaxı yolunun mühafizə zolağında yerləşdiyini;
6. Torpaq sahəsinin bir hissəsinin **********02, **********35 reyestr nömrəli çıxarışlarla və ləğv edilmiş DT və XK tərəfindən verilmiş plan-ölçü sənədi ilə başqa şəxsə məxsus torpaq sahələri ilə üst-üstə düşdüyünü;
7. Sənəd üzrə torpaq sahəsinin konfiqurasiyası ilə faktiki konfiqurasiyası arasında uyğunsuzluq olduğunun müəyyən edildiyini bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinası əsassız olmuşdur. İlk olaraq məhkəmə qeyd edir ki, Bakı şəhəri Binəqədi rayon Xocasən bələdiyyəsinin 21/36 saylı, 06 sentyabr 2007-ci il tarixli qərarı ilə Xocasən bələdiyyəsinin komissiya üzvü və Xocasən bələdiyyəsinin sədri arasında tərtib edilmiş cizgi sənədində göstərilən hüdudlar daxilində yerləşən 8500 kv.m torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün İddiaçı ayrılmış və tərəflər arasındakı alqı-satqı müqaviləsi bağlanmışdır. Belə ki, bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununu ilə bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinin ümumi qaydaları müəyyənləşdirilmiş, istifadə, mühafizə sahəsində hüquq münasibətləri tənzimlənmişdir. Həmin qanunun 4.0.1-ci maddəsi bələdiyyələrə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək hüququnu vermişdir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 5-ci bəndinə əsasən bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Həmin Əsasnamənin 6-cı bəndinə əsasən bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 4-cü bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.6-cı maddəsinə mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına - əsasən, bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. Məhkəmə cavabdeh orqanın ilkin və üçüncü dəlillərinə münasibətdə bildirir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin ayrılması yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, “Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən bələdiyyənin torpaq sahəsinin ayrılmasına dair qərarının qəbulundan sonra iddiaçıya ayrılmış torpaq sahəsinin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilməli, torpaq sahəsinin plan və ölçüsü tərtib edilməlidir. Bu məqsədlə torpaq sahəsinin plan və ölçüsünün hazırlanması üçün sənədlər bələdiyyə tərəfindən müvafiq icra hakimiyyətinə göndərilməlidir. Öz növbəsində, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikinti layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planlama) aparmalı, yerin plan və ölçüsünü hazırlamalı və həmin sənədi bələdiyyəyə göndərməlidir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin ayrılması yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, Bakı şəhəri Binəqədi rayon Xocasən bələdiyyəsinin 21/36 saylı, 06 sentyabr 2007-ci il tarixli qərarı əsasında iddiaçıya satılmış torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun həmin tarixdən yarandığı mübahisəsizdir. İddiaçıya torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, eyni zamanda iddiaçı tərəfindən sözügedən torpaq sahəsinin müqabilində bələdiyyənin hesabına 6800 (altı min səkkiz yüz) məbləğində pul vəsaiti ödənilmiş, “Torpaqların alqı satqısına dair akt” tərtib edilmişdir. Həmin qərarın və alqı-satqı aktının hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmamışdır. Eyni zamanda məhkəmə hesab edir ki, torpağa dair alqı-satqı aktının qanunamüvafiq qaydada tərtib edilməməsi, eyni zamanda səlahiyyətli orqanlar tərəfindən tərtib edilməyərək bələdiyyə mülkiyyətində olan torpağın “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun yuxarıda qeyd olunan müvafiq maddələrinin tələblərinə əsasən torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydalarına uyğun olaraq alqısatqısının həyata keçirilməklə iddiaçı tərəfindən bələdiyyənin hesabına 6800 (altı min səkkiz yüz) manat məbləğində torpağın satışına görə pulun ödənilməsi özü-özlüyündə həmin aktın mövcudluğunu ehtiva edir. Həmin alqı-satqı aktının qanuna müvafiq qaydada tərtib edilməməsi iddiaçının təqsiri kimi qiymətləndirilib onun gözlənilən mülkiyyət hüququnun pozulmasına və onun məsuliyyətinə səbəb ola bilməz. İnzibati orqan tərəfindən qeyd olunan sənədlərin qanunavümafiq qaydada təsdiq edilməməsi vətəndaşın ziyanına şərh oluna və ya onun məsuliyyətinə səbəb ola bilməz və ona torpaq sahəsinin ayrıldığını təkzib edə bilməz. Həmçinin orqan tərəfindən yol verilmiş qanun pozuntuları da vətəndaşın əleyhinə şərh olunmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Məhkəmə cavabdeh orqanın ikinci, altıncı və yeddinci dəlilinə münasibətdə qeyd edir ki, məhkəmə sorğusu əsasında cavabdeh orqan tərəfindən verilmiş 25 yanvar 2022-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən İddiaçı ayrılmış torpaq sahəsinin koordinatları “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən” MA seriyalı, ******* saylı, 30 iyun 2011-ci il tarixli; MH seriyalı, ******* saylı, 27 noyabr 2007-ci il tarixli; MH seriyalı, ******* saylı, 27 noyabr 2007-ci il tarixli; MH seriyalı, ******* saylı, 27 noyabr 2007-ci il tarixli; MH seriyalı, ******* saylı, xx.xx.2008-ci il tarixli çıxarışlarda göstərilən torpaq sahələrinin koordinatları daxilində yerləşmir, iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatları ilə onun faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları arasında konfiqurasiya fərqi yoxdur. Həmçinin mütəxəssis rəyinə əlavə edilmiş ortofoto xəritəsindən çıxarışdan da görünür ki, iddiaçıya məxsus torpaq sahəsi digər torpaq sahələrinin koordinatları daxilində yerləşmir. İddiaçı sənəd üzrə göstərilmiş ölçüdən artıq torpaq sahəsindən istifadə etmiş olsaydı, bu hal başqa şəxslərin hüquqlarının pozulması ilə, həmçinin artıq torpaq sahəsindən qanunsuz istifadə ilə nəticələnmiş olardı. Bu səbəbdən də məhkəmə cavabdeh inzibati orqanın qeyd edilən dəlilini də əsassız hesab edir. Cavabdeh orqan imtinasının digər əsasları kimi torpaq sahəsinin dəmiryolu xəttinin mühafizə zolağında və Bakı-Şamaxı yolunun mühafizə zolağında yerləşdiyini bildirmişdir. Məhkəmə sorğusu əsasında əldə edilmiş, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məhkəməyə ünvanladığı 29 noyabr 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, M-4, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun (Bakı-Şamaxı şosesi 2) kənarında yerləşən İddiaçı ayrılmış 0.85 ha torpaq sahəsinin yerləşdiyi ərazi yaşayış məntəqəsi daxilində olduğu üçün həmin ərazidə avtomobil yolunun qorunma (mühafizə) zolağı nəzərə alınmır. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 13 yanvar 2023-cü il tarixdə məhkəməyə daxil olmuş məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinin bir hissəsi müxtəlif yerlərdə dəmir yolunun Biləcəri-Xırdalan mənzili 5 km pk 1-dən pk 3+50 m-dək yolun kilometr artımı istiqamətinin sol tərəfində dəmir yolunun müvafiq təhkim zolağına düşür. Məhkəmə qeyd olunan dəlilə münasibətdə bildirir ki, məhkəməyə sorğu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsindən daxil olmuş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışların surətlərindən görünür ki, mübahisəli torpaq sahəsinin ətrafında yerləşən və daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri mövcuddur. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Beləliklə də, iddiaçıya torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq, müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi ilə bağlı cavabdeh orqanın imtina məktubunda göstərdiyi dəlillər tamamilə əsassızdır və işin faktiki hallarına uyğun gəlmir. İddiaçıya torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir və iddiaçının bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb etməsi qüvvədə olan qanunverciliyə uyğun olduğundan, cavabdeh idarənin onun müraciətini təmin etməməsini əsaslı hesab etmək olmaz. Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində təsbit olunmuşdur. Həmin normaya əsasən Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 9.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Binəqədi rayon Xocasən bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 21/36 saylı qərarı və “torpaqların alqı-satqısına dair Akt” ilə Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Şamaxı şossesi 2 ünvanında yerləşən 0.85 ha torpaq sahəsinə dair İddiaçı adına mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri Binəqədi rayon Xocasən bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 21/36 saylı qərarı və “torpaqların alqı-satqısına dair Akt” ilə Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Şamaxı şossesi 2 ünvanında yerləşən 0.85 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının İddiaçı adına dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva