Məhkəmə qərarları › İş №2-1(118)-1127/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1127/2021

09.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1127/2021 09.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Xırdalan şəhəri H.Əliyev prospekti 314 ünvanında yerləşən ümumi sahəsi 75,4 m2 olan qeyri-yaşayış binası üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınması və ona müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, 27.07.2020-ci il tarixində AR ƏMDK yanında DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət edilmiş və Xırdalan şəhəri H.Əliyev prospekti 314 ünvanında yerləşən ona məxsus qeyri-yaşayış binası üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması xahiş edilmişdir. 01.10.2020-ci il tarixli cavab məktubunda yeni layihələndirilmiş qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici və texniki sənədlərin, həmçinin qeyriyaşayış binasının tikintisinə icazə verilməsi barədə müvafiq İcra Hakimiyyəti orqanının sərəncamının olmaması bildirilmişdir. Daha sonra bununla bağlı həmin ünvanda yerləşən qeyri-yaşayış obyektinin tikintisinə sərəncam verilməsi ilə bağlı hazırki iddia ərizəsi üzrə cavabdeh qismində cəlb edilmiş Cavabdeh1nə müraciət edilmiş, Cavabdeh1 2152 nömrəli, 26.10.2020-ci il tarixli cavab məktubunda isə obyektin tikilib tam başa çatması səbəbindən yenidən həmin obyektə sərəncam verilməsinin mümkün olmaması qeyd edilmişdir. Qeyd olunan qeyri-yaşayış obyektinin tikintisinə və təmirinə öz vəsaitilə xeyli miqdarda xərc çəkmiş və bu səbəbdən də müvafiq çıxarışın verilməsini tələb edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək Xırdalan şəhəri H.Əliyev prospekti 314 ünvanında yerləşən ümumi sahəsi 75,4 m2 olan qeyri-yaşayış binası üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınması və ona müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsini cavabdeh, Cavabdeh1 üçüncü şəxs qismində cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Xırdalan səhəri, H.Əliyev prospekti 314 ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının 4 saylı Abşeron Ərazi İdarəsinə 27.07.2020-ci il tarixli müraciəti olmuşdur. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə göstərilənlərin araşdırılması zamanı, yeni layihələndirilmiş qeyri-yasayıs binasının yerləşdiyi torpaq sahəsinə dair hüquq müəyyənedici və texniki sənədlərin, həmçinin qevri-vasavıs binasının tikintisinə icazə verilməsi barədə müvafiq İcra Hakimiyyəti orqanın sərəncamının ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Eləcə də, Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”ı daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd-əsaslar kimi qəbul edilmişdir. Həmçinin bildiririk ki, Azərbaycan Respublikasının Torpaq məcəlləsinin 65.2-ci maddəsinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin məcəllənin 68-ci maddələrinə əsasən torpaq sahələri üzərində hüquqlar, torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin(plan və ölçüsünün) tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 10.2-ci maddəsinin tələbinə əsasən hüquqların dövlət qeydiyyatı üçün Qeydiyyat orqanına verilən ərizəyə bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi, dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan edilir və həmin Məcəllənin 109-cu maddəsinə əsasən torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 8.0.10.1 -ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədlə yanaşı tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. Mövcud əmlak kompleksi binası tikintisinə icazə tələb olunan tikinti obyekti hesab olunduğundan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.2. və 48.3.3.-cü maddələrinə əsasən sifarişçi tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir və layihəçi sifarişçinin, müvafiq icra hakimiyyəti orqanının və texniki şərtləri müəyyən edən əlaqədar qurumlarla şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun iradları əsasında layihədə müvafiq dəyişikliklərin aparılmasını təmin edir və dəyişdirilmiş layihəni müəyyənləşdirilmiş qaydada razılaşdırır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1 -ci və 180.2-ci maddələrinə əsasən lazımi icazələr almadan və ya tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1.1 -ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırki, mübahisəyə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Qeyri-yaşayış obyektinə dair plan və ölçünün surəti, FHN Tikintidə X2 Agentliyinin istismara hazırlıq ö/003830 saylı aktı, 29.06.2020-ci il tarixli, 1061 nömrəli rəyi, Cavabdeh1 Başçısının Tikinti obyektinin istismarına dair 25.12.2019-cu il tarixli, 206/1 nömrəli icazəsinin surəti, Cavabdeh1 Başçısının 12.11.2018-ci il tarixli, 1703-T saylı aktı, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin imtina məktubu, 08.04.2021-ci il tarixli, **********91 nömrəli məktubu, etirazı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar bunlardır: .....8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd və.s. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 27.07.2020-ci ildə Abşeron rayonu, Xırdalan səhəri, H.Əliyev prospekti 314 ünvanında yerləşən umumi sahəsi 75,4 m2 qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Həmin müraciət cavabdeh təşkilat tərəfindən qeydiyyata alınmışdır. Qeyd olunan müraciətə qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərinin və müvafiq İcra Hakimiyyəti orqanının sərəncamının əlavə edilmədiyini müəyyən etmişdir. Buna görədə inzibati orqan müraciətdə göstərilən və yeni inşa edilmiş qeyri-yaşayış binasına dair mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, özü tərəfindən inşa edilmiş və Abşeron rayonu, Xırdalan səhəri, H.Əliyev prospekti 314 ünvanında yerləşən umumi sahəsi 75,4 m2 qeyri-yaşayış binasının üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı Abşeron rayonu, Xırdalan səhəri, H.Əliyev prospekti 314 ünvanında qeyri-yaşayış binasının inşa edilməsinə Cavabdeh1 tərəfindən icazə verilmiş, həmin tikili inşa edildikdən sonra istismara qəbul edilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Həmin Məcəllənin 14.2.2-ci maddəsinə əsasən dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların əmələ gəlməsinə səbəb olur. Cavabdeh təşkilatın etiraz ərizəsində qeyri-yaşayış binasının üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtina üçün gətirdiyi arqumentlər aşağıdakılardan ibarətdir: 1) Həmin qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərinin və 2) Cavabdeh1 tərəfindən tikintiyə icazə verilməsi barədə sərəncamın inzibati orqana təqdim edilməməsi Məhkəmə cavabdeh tərəfindən gətirilən arqumentləri araşdıraraq hesab edir ki, tikilin qeydiyyata alınmasından imtina üçün cavabdeh təşkilatın gətirdiyi arqumentlər əsassızdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Nəzərə alınmalıdır ki, İddiaçı iddia tələbi öhdəliyin icrası haqqındadır və İnzibati Prosessual Məcəllənin 14.2-ci maddəsinə əssasən müdaxilədən müdafiə dair iddialar üzrə müdaxilənin zəruri edən faktiki şərtlərinin mövcudluğunu sübut etmək yükü DƏDRX-in 4 saylı Ərazi İdarəsinin üzərinə düşür. Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin və qeyri-yaşayış binasının eskiz lahiyəsini tərtib etmiş “AZƏRİNŞAATLAYİHƏ” ilə birgə imzaladıqları texniki rəyində, o cümlədən Cavabdeh1 Başçısının Tikinti obyektinin istismarına dair 25.12.2019cu il tarixli, 206/1 nömrəli icazəsində qeyri-yaşayış binasının ümumi sahəsi göstərilmiş və istismara icazə verilmişdir. Həmçinin Cavabdeh1 Başçısının 12.11.2018-ci il tarixli, 1703-T saylı aktı ilə obyektin tikintisinə icazə verilmiş və eskiz layihəsi təsdiq olunmuşdur. Lakin DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsi müvafiq qeyri-yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədlərin və müvafiq İcra Hakimiyyətinin razılıq aktının olmamasını bildirməsinə baxmayaraq, buna dair hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir. Halbuki, İPM-nin 14.2-ci maddəsinə əsasən cavabdeh təşkilat qeyri-yaşayış binasınının hüquqmüəyyənedici sənədlərin olmaması ilə bağlı istinad etdiyi dəlillərini məhkəməyə təqdim etməli idi. Belə olduğu tədqirdə cavabdeh təşkilatın imtinasında gətirdiyi arqumenti əsassız olur. Cavabdeh təşkilat qeydiyyat orqanı kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə əsasız yerə formal tələb irəli sürməklə qanunla ona verilmiş hüququdan sui-istifadə edir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hüquqlardan sui- istifadə qadağandır. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh təşkilatın hərəkətləri “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə ziddir. Belə ki, Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Cavabdeh təşkilatın etirazda göstərdiyi ikinci arqumenti araşdıraraq məhkəmə hesab edir ki, qeyd olunan arqument iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasından imtina üçün əsas hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan və Abşeron rayonu, Xırdalan səhəri, H.Əliyev prospekti 314 ünvanında qeyri-yaşayış binasının altındakı torpaq sahəsi dövlət torpaqlarına aid olmaqla yanaşı dövlətin müstəsna mülkiyyətindədir. Qeyd olunan qeyri-yaşayış binasının tikintisinə icazə və qeyri-yaşayış binası inşa edildikdən sonra istismara icazə Cavabdeh1 tərəfindən verilmişdir. Göründüyü kimi Cavabdeh1 dövlət qurumu olmaqla yanaşı dövlətin mülkiyyətində olan torpaq sahəsinin üzərində qeyri-yaşayış binasının inşa edilməsinə etiraz etməmişdir. Bundan başqa oda nəzərə alınmalıdır ki, qeydiyyata alınması tələb edilən əmlak torpaq sahəsi deyil, həmin torpaq sahəsinin üzərində yerləşən umumi sahəsi 75,4 m 2 qeyri-yaşayış binasıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlətin mülkiyyətində olan torpaq sahələri istifadəyə və ya icarəyə verilə bilər. Həmin Məcəllənin 50-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət mülkiyyətində olan torpaq sahəsi 15 ildən 49 ilədək uzunmüddətli müvəqqəti istifadəyə verilə bilər. Dövlət mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Yuxarıda qeyd olunan maddi hüquq normalarından bəlli olur ki, dövlət mülkiyyətində olan torpaq sahələri üzərində müvəqqəti istifadə və icarə hüquqları həyata keçirilə bilər. Yəni dövlət mülkiyyətində olan torpaq sahəsinə dair müvəqqəti istifadə və icarə hüququnun həyata keçirilməsi dövləti təmsil edən qurumların müstəsna səlahiyyətidir və həmin qurumlar istənilən zaman öz torpaq sahələri üzərində inşa edilmiş tikinti mülkiyyətçiləri ilə icarə müqaviləsi bağlamaq hüquqlarına malikdirlər. Məhkəmə hesab edir ki, qeyd olunan arqumenti əsas gətirərək, cavabdehin iddiaçının bütün tələblərə cavab verdiyi tikilinin qeydiyyatının aparılmasından imtinası yolverilməzdir. Əvvəla nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8-ci, 10-cu və 11-ci maddələrində daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı barədə əsaslar, həmin hüquqların dövlət qeydiyyatına alınması üçün tələb edilən sənədlərin siyahısı və təqdim edilən sənədlərə dair tələblər öz əksini tapmışdır. Qeyd olunan müddəalarda maraqlı şəxslərin hüquqlarına və mənafelərinə təsir etməyən və mühüm nəticələrə səbəb olmayan qeydlərin olmaması səbəbindən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsaslar mövcud deyil. Nəzərə alınmalıdır ki, hüquqların qeydiyyata alınması zamanı hüquqi əsasların olması mütləq amillərdən biridir. Belə ki, hazır ki, iddia tələbi üzrə iddiaçı olan İddiaçı tərəfindən qeyri-yaşayış binasının inşası icra hakimiyyəti orqanlarının verdiyi razılıq əsasıda həyata keçirilib və FHN tərəfindən möhürlə təsdiqlənmiş istismara hazırlıq aktı tərtib edilib. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı istifadəsində olan Xırdalan şəhəri H.Əliyev prospekti 314 ünvanında yerləşən torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 75,4 m2 olan qeyri-yaşayış binası üzərində onun xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi Cavabdeh2 üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar