Məhkəmə qərarları › İş №2-1(118)-1127/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1127/2022

15.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1127/2022 15.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı “Mərhum atası X3 doğum haqqında akt qeydində “Veliev” soyadından “Kərimov”a düzəliş olunması və yeni doğum haqqında şəhadətnamənin verilməsi, ailə, qohumluq əlaqələrinin bərpası öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Laçın rayon qeydiyyat şöbəsinə mərhum atası X3 (26.06.1955) doğum haqqında arayışın verilməsini xahiş etmişdir. Onlar isə öz növbəsində məlumat vermişlər ki X3 01.08.1965-ci il tarixində Laçın rayon qeydiyyat şöbəsində tərtib edilmiş 66- saylı doğum akt qeydində soyadı "Veliev", təqdim olunan sənədlərdə isə Kərimov yazıldığından doğum haqqında arayışın verilməsi mümkün deyildir. 17.01.2022-ci il tarixli imtina məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları”nın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin daimi yaşadığı ərazinin qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. Xahişlərinin təmin olunmasından imtina olunmuş və onlara məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, mərhum atası X3 doğum haqqında akt qeydində “Veliyev” soyadından “Kərimov” soyadına düzəliş olunması və mərhumun adına yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhəkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin iclasında iştirak edən cavabdeh təşkilatın nümayəndəsi Təranə Novruzova iddia tələbinin qəbul edərək, bildirmişdir ki, soyadın dəyişdirilməsi onun səlahiyyətində deyil, iddiaçının iddiası ilə əlaqədar heç bir etirazı yoxdur. İş üzrə qanuni qərarın qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxdı. Məhkəməyə mübahisə predmetinə dair sənədlər təqdim edilmişdir. Həmin sənədlərə: Cavabdehin 05/Q-12/62 nömrəli, 28.01.2022-ci il tarixli imtina məktubu, Nikah haqqında şəhadətnamənin surəti, şəxsiyyət vəsiqəsinin surətləri, doğum haqqında şəhadətnamələrin surətləri və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalarının 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Qaydaların 6.2-ci bəndinə əsasən, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Qaydaların 6.3-cü bəndinə əsasən, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. 6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X3 barəsində 01.08.1965-ci il tarixində Laçın rayon qeydiyyat şöbəsində tərtib edilmiş 66 saylı doğum haqqında akt qeydində soyadı “Vəliyev” kimi qeyd edilmişdir. X5 30 avqust 2018-ci ildə vəfat etmişdir. Məhkəmədə izahat vermiş məhum Qəhrəman Kərimovun arvadı olan X2 bildirmişdir ki, Qəhrəman Kərimovun soyadı doğum haqqında şəhadətnamədə Vəliyev kimi qeyd edilmişdir, lakin bir müddət sonra Qəhrəman Laçın rayon VVAQ şöbəsinə müraciət edərək, soyadının Vəliyevdən Kərimova dəyişdirmişdir. Həmi dəyişikliyin əsasında ona verilmiş bütün sənədlərdə soyadı Kərimov kimi göstərilmişdir. Lakin yeni doğum haqqında şəhadətnamə alınmadığına görə bunu başqa qaydada subut etmək mümkün olmur. Məlum hadisələrlə bağlı Laçın rayonu işğal altında olan ərəfədə arxiv sənədləri məhv edilmişdir. Buna görədə iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmədə izahat vermiş cavabdeh təşkilatın nümayəndəsi iddia tələbinin əsaslı olmasını bildirmiş, lakin soyada olan qeydin yalnız məhkəmə qərarı əsasında dəyişiklik edilməsinin mümkün olmasını bildirmişdir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, iddiaçının mərhum atasının soyadının dəyişdirilməsini istisna edəcək hər hansı bir hal müəyyən edilmədiyinə görə, X3 doğum haqqında akt qeydində “Veliev” soyadının “Kərimov” soyadına düzəliş olunması və mərhumun adına yeni doğum haqqında şəhadətnamə verilməsi öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçının mərhum atası X3 doğum haqqında akt qeydində “Veliev” soyadının “Kərimov” soyadına düzəliş olunması və mərhumun adına yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar