Məhkəmə qərarları › İş №2-1(118)-1132/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1132/2021

22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1132/2021 22.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X4 (ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu Fatmayı bələdiyyəsinin 24 iyul 2006-cı il tarixli 225/09 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün 800 kv m torpaq sahəsi üzərində mülkiyyət huquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə çıxarışın verilməsi öhdəlyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu Fatmayı bələdiyyəsinin 24 iyul 2006-cı il tarixli 225/09 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün 800 kv m torpaq sahəsi üzərində mülkiyyət huquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə çıxarışın verilməsi öhdəlyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək izah etdi ki, Abşeron rayonu Fatmayı bələdiyyəsinin 24 iyul 2006-ci il tarixli 225/09 saylı qərarı ilə Abşeron rayonu Fatmayı kəndində fərdi yaşayış evinin tikintisi üçün 800 kv m torpaq sahəsi alqı satqı yolu ilə iddiaçıya satılmışdır. Bunun müqabilində bələdiyyənin hesabına 400 manat vəsait ödənilmişdir. DT və XK-nin Abşeron rayon şöbəsinin 21 iyul 2006-cı il tarixli 347 nömrəli rəyindən də görünür ki, Abşeron rayon Fatmayı bələdiyyəsinin perspektiv inkişaf fondundan torpaq sahəsinin ayrılması nəzədə tutulan şəxslərin siyahısında iddiaçının da adı qeyd olunmuşdur. Fatmayı kəndinin baş inkişaf planı əsasında fərdi yaşayış evlərinin tikintisi üçün ayrılan həyətyanı torpaq sahəsindən yerində ölçülüb nişangahlar qoyulduqdan sonra ona təhvil verilmişdir. Bununla bağlı 24 iyul 2006-cı il tarixdə akt tərtib edilmişdir. 24 iyul 2006-cı il tarixli aktda Fatmayı kəndinin Baş inkişaf planından çıxarışda torpaq sahəsinin 408 nömrə ilə qeydə alındığı və DTvə XK-nin Abşeron rayon şöbəsi və Abşeron rayon Fatmayı Bələdiyyəsi tərəfindən imzalanaraq möhürlənmişdir. Həmin torpaq sahəsi ilə əlaqədar Abşeron rayonu X1 planından çıxarış almışdır. Abşeron rayonu X1 Planından Çıxarışa (MİQYAS 1:10000) əsasən ona ayrılmış 0.08 ha torpaq sahəsinə dair ölçüləri, yeri dəqiq müəyyən edilməklə Abşeron RİH memarlıq və tikinti şöbəsi, Abşeron rayonu Fatmayı Bələdiyyəsi tərəfindən imza edilməklə təsdiq edilmişdir. Həmin dövrdə onunla Fatmayı Bələdiyyəsi arasında torpaqların alqı-satqısına dair akt tərtib edilməmişdir. Halbuki, torpaq sahəsi ayrılarkən Bələdiyyə tərəfindən alqı-satqı aktı tərtib edilməli idi. Torpaqların alqı-satqısına dair aktın tələb olunduğu üçün Abşeron rayon Fatmayı bələdiyyəsi ilə 17 mart 2021-ci il tarixdə Torpağın alqı-satqısına dair müqavilə bağlanmışdır. Daha sonra Abşeron rayonu X2 rayon İcra Hakimiyyəti Başçısı İ.Gülməmmədovaya ünvanlanmış 18.08.2020-ci il tarixli 049 nömrəli məktubunda qeyd olunmuşdur ki, Abşeron rayon Fatmay Bələdiyyəsi tərəfindən 24 iyul 2006-cı il tarixli 225/09 saylı qərarı ilə fərdi ev tikintisi üçün 0,08 ha torpaq sahəsi ayrılmışdır. Ayrılmış 0,08 ha torpaq sahəsinə qanunvericiliyin tələbləri çərçivəsində dövlət reyestrindən çıxarışın verilməsinə Fatmayı bələdiyyəsi etiraz etmir. İddiaçı Abşeron rayonu, Fatmayı kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən imtina edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, aparılan araşdırma zamanı Fatmayı bələdiyyəsi tərəfindən iddiaçıya 0.08 ha torpaq sahəsinin 24 iyul 2006-cı il tarixdə ayrıldığı halda, alqı-satqı aktının 17 mart 2021-ci il tarixdə tərtib edildiyi, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin ərizəyə əlavə edilmədiyi müəyyən edilmişdir. Göstərilən səbəblərdən torpaq sahəsinin satışının qanunamüvafiq qaydada həyata keçirilmədiyi aşkar edilmişdir. Bundan başqa müraciət üzrə əlavə edilmiş Abşeron rayonu X1 planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin möhürü ilə) təsdiq edilmədiyi müəyyən edilmişdir. İş materiallarında olan : - Abşeron rayon Fatmayi bələdiyyəsinin 24.07.2006-cı il tarixli 225/09 saylı qərarından görünür ki, DTXK-si Abşeron rayon şöbəsinin rəyini nəzərə alaraq Fatmayi bələdiyyəsi hüdudları daxilində təhkim aktına əsasən 800 kv m torpaq sahəsi İddiaçı fərdi yaşayış evi tikmək üçün alqı-satqı yolu ilə satılması qərara alınmışdır. - 24.07.2006-cı il tarixli qəbzdən görünür ki, Əliyeva X5 Bələdiyyəsinin “Kapital Bank”ın Abşeron filialındakı **********0 saylı hesablaşma hesabına 400 manat ödəmişdir. - 24.07.2006-cı il tarixli aktdan görünür ki, Fatmayı Bələdiyyəsinin 24.07.2006-cı il tarixli 225/09 saylı qərarı ilə İddiaçı iştirakı ilə Fatmayı kəndinin Baş inkişaf Planı əsasında fərdi yaşayış evlərinin tikintisi üçün ayrılan həyətyanı torpaq sahəsindən yerində ölçüb nişangahlar qoyulduqdan sonra İddiaçı təhvil verildiyi qeyd olunmuşdur. - Torpaqların alqı-satqısına dair 17.03.2021-ci il tarixli 05 saylı müqavilədən görünür ki, İddiaçı tərəfindən Fatmayi bələdiyyə orqanına 24.07.2006-cı il tarixdə torpaq sahəsi almaq barədə müraciət etmişdir. Ərizəyə Bələdiyyə orqanının iclasında baxılmış və Abşeron Fatmayi bələdiyyə ərazisində 0.08 ha torpaq sahəsinin satılması barədə 24.07.2006-cı il tarixli 225/09 nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən Abşeron rayon Kapital Bankının **********0 saylı hesabına əvvəlcədən 400 manat haqq ödənilmişdir. - Abşeron rayonu Fatmayi Bələdiyyəsinin 18.03.2021-ci il tarixli 049 saylı Abşeron RİH başçısına ünvanlanmış məktubundan görünür ki, İddiaçı Abşeron rayon Fatmayi bələdiyyəsi tərəfindən 24.07.2006-cı il tarixli 225/09 saylı qərarı ilə fərdi ev tikintisi üçün 0.08 ha torpaq sahəsi ayrılmışdır. Ayrılmış 0.08 ha torpaq sahəsinə qanunverciliyin tələbləri çərçivəsində dövlət reyestrindən çıxarışın verilməsinə Fatmayı Bələdiyyəsi etiraz etmir. - DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin 30.04.2021-ci il tarixli **********84 saylı məktubundan görünür ki, aparılan araşdırma zamanı Fatmayı Bələdiyyəsi tərəfindən ona 0.08 ha torpaq sahəsinin 24 iyul 2006-cı il tarixdə, 225/09 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının 17 mart 2021 -ci il tarixdə verildiyi, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin hazırkı ərizənizə əlavə edilmədiyi müəyyən edilmişdir. Göstərilən səbəblərdən torpaq sahəsinin satışının qanunamüvafiq qaydada həyata keçirilmədiyi aşkar edilmişdir. Bundan başqa müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Fatmayı bələdiyyəsini yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-n Abşeron rayon şöbəsinin möhürü ilə) təsdiq edilmədiyi müəyyən edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırması qaydaları haqqında» Əsasnamənin 7, 10, 14-21, 23-25, 27-ci bəndlərində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə (DT və XK və İH memarlıq planlaşdırma bölməsinin rəyləri, torpaq sahəsinin plan və ölçüsü) baxaraq torpaq sahəsinin dəyəri ödənildikdən sonra 5 gün müddətində torpağın mülkiyyətə ayrılması barədə qərar qəbul edir. Bələdiyyə ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin alınması üçün öz qərarından çıxarışı və torpaq sahəsinin plan və ölçüsünü ərizəçiyə verir. Məhkəmə qeyd edir ki, iddiaçıya torpaq sahəsi satılması barədə bələdiyyə qərarı qəbul edilən vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə görə torpaqların alqı-satqısı zamanı müvafiq aktın tərtib olunması nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Torpaqların alqı-satqısı qaydaları»na Əlavədə torpaqların alqısatqısına dair aktın forması və məzmununa əsasən bələdiyyə orqanının nümayəndəsinin, torpaq alanın və rayon, şəhər torpaq şöbəsinin müdirinin iştirakı ilə akt tərtib olunur və həmin akt rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınır. İşdən görünür ki, Abşeron rayon memarlıq xidmətinin rəyi ümumiyyətlə, mövcud deyildir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. İddiaçı sözügedən Qanunun 8.0.1 və 10.2.1-ci maddələrində nəzərdə tutulan əsas kimi Abşeron rayon Xırdalan bələdiyyəsinin 04.08.2004-cü il tarixli 1144 saylı qərarına istinad edir. Halbuki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə əsasən yerquruluşu torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi nəzərdə tutur (bənd 3); Həmin Məcəllənin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələrlə yaranır. - 65-ci maddəsinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir (bənd 2); Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (bənd 5); Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir (bənd 6); Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır (bənd 7); Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir (bənd 8). Beləliklə, göstərilən hüquq normalarının məzmunundan göründüyü kimi, qanunverici daşınmaz əmlak kimi torpaqların məqsədli təyinatını və hüquqi rejimini, yerquruluşu işlərinin aparılması qaydalarını, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi şərtlərini, o cümlədən istifadə hüququnu, torpaq sahəsi üzərində hüquqların yaranmasının ümumi əsaslarını və digər məsələləri dəqiq müəyyənləşdirmişdir İddiaçının torpaq sahəsi üzərində hüququnun müəyyən edilməsi üçün əsaslardan biri, yəni torpağın ayrılmasına dair qərar mövcud olsa da, torpağın satılmasına dair rayon memarlıq xidmətinin rəyi alınmamışdır. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3). Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin İddiaçı verdiyi imtina cavabı mahiyyətcə qanuna zidd olmamışdır. NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 6 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar