Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1133/2021 13.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə qarşı 18 mart 1984-cü il təvəllüdlü X1, 30 oktyabr 2005-ci il təvəllüdlü X9 və 23 mart 2008-ci il təvəllüdlü X4 mülkiyyətində olan ünvan 2 (Yeni qaydalarla Xırdalan şəhəri, ünvan 1 ünvanında yerləşən mənzildən daimi qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə qarşı iddia qaldıraraq 18 mart 1984-cü il təvəllüdlü X1, 30 oktyabr 2005-ci il təvəllüdlü X9 və 23 mart 2008-ci il təvəllüdlü X4 mülkiyyətində olan ünvan 2 (Yeni qaydalarla Xırdalan şəhəri, ünvan 1 ünvanında yerləşən mənzildən daimi qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayon, Xırdalan şəhəri, Nizami küçəsi, döngə 4, dalan 3, 20 saylı evi (Yeni qaydalarla Xırdalan şəhəri, Cəbrayıl Hüseynov küçəsi, ev 15) 23 iyun 2014-cü il tarixdə AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi əsasında almışdır. Həmin fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. X3 üçüncü şəxs X5 ilə ailə həyatı qurmuşdur. Onlar birgə nikahlarını 11 aprel 2013-cü ildə 362 nömrə ilə Rusiya Federasiyasının Tver Vilayəti Tver şəhər Administrasiyasının Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsində rəsmiləşdirmişlər. X3 ilə üçüncü şəxs X5 arasında tez-tez baş verən mübahisələr ailə münasibətlərinin pozulmasına gətirib çıxarmışdır. Abşeron rayon Məhkəməsinin 02 avqust 2019-cu il tarixli, 2(012)-2406/2019 saylı qətnaməsi ilə X12 ilə üçüncü şəxs X8 arasında nikah ləğv edilmişdir. Onun ərizəsi əsasında üçüncü şəxs X5 12 noyabr 2016-cı il tarixdə ona məxsus, xüsusi mülkiyyətində olan ünvan 2 ünvanına qeydiyyata düşmüşdür. İddiaçı daha sonra Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək X1 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Abşeron rayon Polis İdrəsindən verilmiş 28.04.2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, “vətəndaşın qeydiyyatdan çıxarılması üçün Azərbaycan Respublikasının DİN-nin 550 saylı əmrin 5-ci maddəsinin “a” bəndinə əsasən şəxs yaşayış yerini dəyişdikdə yeni yaşayış üzrə qeydiyyata alınması barədə müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin 10 nömrəli arayışına və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında çıxarıla bilər. Odur ki, aidiyyatı üzrə məhkəməyə müraciət etmişdir. Hazırda o keçmiş gəlini və məhkəmə qətnaməsi ilə analarının himayəsinə verilmiş nəvələrinin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmalarını istəyir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd edilmişdir ki, vətəndaşın qeydiyyatdan çıxarılması üçün Azərbaycan Respublikası DİN-in 550 saylı əmrinin 5-ci maddəsinin “a” bəndinə əsasən yaşayış yerini dəyişdikdə yeni yaşayış üzrə qeydiyyata alınması barədə müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin 10 nömrəli arayışına və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında çıxarıla bilər. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı münasibətdə eyni zamanda qeyd edilmişdir ki, məhkəmə iclasında işlərinin çoxluğu ilə əlaqədar olaraq iştirak edə bilmirlər, məhkəmənin qanuni qərarı ilə razılaşırlar. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxs gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 07.01.2021-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışdan görünür ki, ünvan 2 mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. -Abşeron rayon Məhkəməsinin 2(012)-2406/2019 saylı, 02 avqust 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı X5 ilə cavabdeh X12 arasında 11 aprel 2013-cü il tarixdə 362 nömrə ilə Rusiya Federasiyasının Tver vilayəti Tver şəhər Administrasiyasının Vətəndşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabındakı nikah qeydinin ləğv edilməsi, birgə nikahdan anadan olmuş 30 oktyabr 2005-ci il təvəllüdlü X11 və 23.03.2008-ci il təvəllüdlü X7 anaları X1 yanında qalması, 30 oktyabr 2005-ci il təvəllüdlü X11 və 23.03.2008-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdeh X6 X1 xeyrinə hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutulması, alimentin tutulmasının əvvəlki iddia ərizəsinin məhkəməyə verildiyi 01 may 2019-cu il tarixdən hesablanması qət edilmişdir. -İddiaçı X2 qarşı “Yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə Abşeron rayon Məhkəməsinin 2(012)-4081/2019 saylı, 25 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti üzrə Sumqayt Apellyasiya Məhkəməsinin 2(105)-1116/2020 saylı, 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə Abşeron rayon Məhkəməsinin adı qeyd olunan qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -“Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı, 22.04.2021-ci il tarixli arayışdan və Abşeron rayon İcra Hakimiyyəti 4 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsinin 05.07.2021-ci il tarixli 3140 saylı (Forma 2) arayışından görünür ki, iddiaçı ilə yanaşı X1 və onların övladları X9 və X4 da iddiaçıya məxsus ünvan 2 ünvanında (yeni qaydalarla Xırdalan şəhəri, ünvan 4tda olduqları qeyd olunmuşdur. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin İddiaçı ünvanladığı 28.04.2021-ci il tarixli məktubundan görünür ki, X1 iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmasından imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ünvan 2 mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Həmin mənzildə iddiaçının keçmiş gəlini X5 və onun övladları X14 və X10 da qeydiyyatdadırlar. Hazırki iş üzrə iddiaçı X5 mənzildən istifadə hüququna xitam verilməsinə dair iddia ilə Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. Həmin Məhkəmənin 2(012)-4081/2019 saylı, 25 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədə məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh X1 mübahisəli evdən qanunla müəyyən edilmiş qaydada istifadə hüquqları yaranmamışdır. Ona görə də məhkəmə hesab etmişdir ki, olmayan istifadə hüququna məhkəmə qaydasında xitam verilməsi mümkün olmadığından iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Beləliklə yuxarıda adı qeyd olunan məhkəmə qətnaməsi ilə hazırki iş üzrə üçüncü şəxsin sözügedən mənzildən istifadə hüququnun olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prsoessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prsoessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə üçüncü şəxsin sözügedən əmlaka hər hansı hüququnun olmadığı müəyyən edilmiş, həmçinin üçüncü şəxs faktiki olaraq həmin mənzildə yaşamır. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan və həmin mənzildə yaşamayan şəxsin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müracitəinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Məhkəmə eyni zamanda qeyd edir ki, üçüncü şəxs və önun övladları iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X1, 30 oktyabr 2005-ci il təvəllüdlü X9 və 23 mart 2008-ci il təvəllüdlü X4 ünvan 2 (Yeni qaydalarla Xırdalan şəhəri, ünvan 1 ünvanında yerləşən mənzildən daimi qeydiyyatdan çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. X1, 30 oktyabr 2005-ci il təvəllüdlü X9 və 23 mart 2008-ci il təvəllüdlü X4 ünvan 2 (Yeni qaydalarla Xırdalan şəhəri, ünvan 1 ünvanında yerləşən mənzildən daimi qeydiyyatdan çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 6 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1133/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1133/2021
13.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver