Məhkəmə qərarları › İş №2-1(118)-1135/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1135/2020

17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1135/2020 17.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 1 saylı Regional ərazi filialına qarşı ona xx.xx.2014-cü ildən əlilliyə görə əmək pensiya təyin edilməsi və ödənilməmiş vəsaitin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ona xx.xx.2014-cü ildən əlilliyə görə əmək pensiya təyin edilməsi və ödənilməmiş vəsaitin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdehin xx xxxx 2020-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ona xx.xx.2020-ci il tarixdən DSMF-nin Sumqayıt şəhər şöbəsi tərəfindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Bu əmək pensiyası ona uşaqlıqdan əlil olduğu üçün valideyninin vəfatı ilə əlaqədar olaraq təyin edilmişdir. Ona əmək pensiyası təyin edilənədək ona əlil kimi müavinət ödənilmişdir. Lakin ona xx.xx.2014-cü ildən əlilliyə görə əmək pensiyası düşür. Həmin tarixdə ona əlilliyə görə əmək peniyası təyin edilməsi üçün 6 il 08 ay əmək stajı tələb olunur. X5 haqqında Qanunun 12-ci maddəsinə əsasən müəyyən edilir. Cavabdeh tərəfindən onun müraciətinə xx xxxx 2016-cı il tarixli məktubla cavab verilmişdir. Cavabdehin hərəkəti qanunsuzdur. Onun xx.xx.2014-cü tarixədək tələb olunan 06 il 08 ay əmək stajına qarşı 12 il 04 ay əmək stajı vardır. Həmin əmək stajının 04 il 04 ayı xx.xx.2006-cı ilədək, 08 ili isə 2006-cı ildən sonrakı dövrü təşkil edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd edir ki, vətəndaşa pensiya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən müvafiq qanunvericiliyə uyğun olaraq ailə başçısını itirməsinə görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2020-ci ildən pensiyanın məbləği 604,20 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İİ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajə olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Vətəndaşa xx.xx.2014-cü ildən əmək pensiyası təyin edilməsinə görə Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə müraciətin olmaması səbəbindən ona qeyd olunan dövrdən əmək pensiyası təyin edilməsi qanuna ziddir. Cavabdehin nümayəndəsi X2 şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilmədiyindən iddia mümkün iddiadır. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçının tələbi xx.xx.2014-cü ildən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ona ödənilməsindən ibarətdir. İddiaçı hesab edir ki, ona xx.xx.2020-ci ildən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilənədək əlilliyə görə əmək pensiyası hüququ olduğundan iddia tələbi əsaslıdır. Cavabdeh iddiaçıya xx.xx.2014-cü ildən əlilliyə görə əmək pensiyasının təyinindən və fərqin ödənilməsndən imtinasının əsasını onun həmin dövrlərdə inzibati orqana müraciət etməməsi və vətəndaşa pensiya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən qanunvericiliyə uyğun olaraq ailə başçısını itirməsinə görə əmək pensiyası təyin edilməsi təşkil edir. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun əmək pensiyasının təyin edilməsi müddətlərini tənzimləyən 32.1-1-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi qeyd edilən norma ilə pensiyanın ödənilməsində müddət məhdudiyyəti tətbiq edilərək, xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Hazırki işdə isə iddiaçı tərəfindən cavabdeh inzibati orqana əlilliyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı onun əmək pensiyası hüququnun yarandığı tarixdən, yəni xx xxxxxx 2014-cü ildən müraciət edilməsi ilə bağlı hər hansı bir sübut təqdim edilməmişdir. İddiaçı inzibati orqana ilk dəfə ailə başçısını itirməsinə görə pensiya təyinatı ilə bağlı müraciət etmiş və vətəndaşa pensiya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən qanunvericiliyə uyğun olaraq ailə başçısını itirməsinə görə əmək pensiyası təyin edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ailə başçısını itirməsinə görə əmək pensiyası aldığına görə, ona əlilliyə görə əmək pensiyasının əvvəlki dövrlərinin ödənilməsi qanunvericiliyin tələblərinə uyğun deyil. İddiaçıya xx.xx.2020-ci il tarixdən ailə başçısını itirməsinə görə əmək pensiyası, yox əlilliyə görə əmək pensiyası təyin edilsəydi, həmin dövrdən əvvəlki üç il üçün hesablamanın aparılmasının tələb edilməsi qanunvericiliyə uyğun olardı. Lakin hazırkı işdə iddiaçıya xx.xx.2020-ci il tarixdən ailə başçısını itirməsinə görə əmək pensiyası təyin edildiyinə və ondan əvəlki dövrlərdə idiaçı tərəfindən əlilliyə görə pensiya təyin edilməsi ilə bağlı müraciət edilmədiyinə görə məhkəmə hesab edir ki, iddia əsaslı deyil. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar