Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1135/2022 17.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X6 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, ünvan 1 ünvanında yaşayan) , Cavabdehin nümayəndəsi X1 (Daşınmaz Əmlakın Dövlət Kadasrtrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Hüquq şöbəsində hüquq məsləhətçisi işləyən, Bakı şəhəri, Z.Xəlilov küçəsi ev 4-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində tikiş sexinin tikintisi məqsədilə 30 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anası X7 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə ünvan 2 ünvanında Sumqayıt Məhkəmə Kompleksində açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh ƏMDX-nin yanında Daşınmaz Əmlakın Dövlət Kadasrtrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində tikiş sexinin tikintisi məqsədilə 30 (otuz) kv m torpaq sahəsi üzərində mülkiyyət hüqunun mərhum anası X3 adına Daşınmaz Əmalkın Dövlət Resyestriində qeydiyyata alınması ilə bağlı inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində tikiş sexinin tikintisi məqsədilə 30 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anası X7 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt bələdiyyəsinin 03 may 2005-ci il tarixli qərarı ilə şəhid anası olan iddiaçının mərhum anası X7 Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində tikinti sexinin tikintisi məqsədilə 30(otuz) kv m torpaq sahəsi ayrılmışdır. həmin vaxtdan göstərilən torpaq sahəsi iddiaçının mülkiyyətində olmasına baxmayaraq cavabdeh mülkiyyət hüququnu qeydə almaqdan imtina etmişdir. Belə ki, torpaq sahəsinin ayrılmasına dair qərarın bir abzasında “icarə” sözü yazılmışdır. əslində isə hər hansı icarədən söhbət getməmişdir. X11 tarixdə vəfat etmişdir. Bununla bağlı iddiaçı həmin torpaq sahəsi üəzrində mülkiyyət hüququnun mərhuma məxsus olması barədə arayışın verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək izah etdi ki, torpaq sahəsi Sumqayıt şəhər bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 15 nömrəli qərarı ilə X13ma ayrılmasına baxmayaraq, qərarın 2.3.-cü bəndinə uyğun qanunvericiliyə müvafiq olaraq icarə müqaviləsi bağlanmamışdır. Bununla əlaqədar olaraq iddianın təmin edilməməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edti. İş materiallarında olan : - Sumqayıt bələdiyyəsinin 03 may 2005-ci il 15 nömrəli prokol qərarından görünür ki, şəhid anası X8 4-cü mikrorayon ərazisində tikiş sexi tikintisi məqsədi ilə 30 kv m torpaq sahəsinin ayrılması qərara alınmışdır. - -Sumqayıt İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin Sumqayıt bələdiyyəsinə ünvanlanmış xx.xx.2005-ci il tarixli təqdimatından görünür ki, memarlıq və şəhərsalma idarəsinin təqdim etdiyi mövqe planına əsasən şəhis anası X8 4-cü mikrorayon ərazisində tikiş sexi tikintisi məqsədi ilə 30 kv m torpaq sahəsinin ayrılması barədə qərar verilməsi xahiş edilmişdir. -xx.xx.2005-ci il tarixli inşaat pasportundan görünür ki, həmin sənəd X5 məxsus torpaq sahəsinə dair tərtib edilmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıq filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Sumqayıt şəhər bələdiyyə İclasının xx.xx.2005-ci il tarixli 15 saylı protokulundan arxiv çıxarışı məhkəməyə göndərilmişdir. - -Sumqayıt şəhəri 1 saylı Notariat ofisinin 09 dekabr 1217 nömrəli məktubundan görünür ki, xx.xx.2018-ci ildə vəfat etmiş X2 miras qalmış Sumqayıt şəhər 4-cü mikrorayon ərazisində yerləşən tikiş sexi tikintisi üçün ayrılmış 30 (otuz) kv m torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə Ağayev Zohrab Bayram oğlu, X9,Ağayev Əli Bayram oğlu, X10, ərizə ilə müraciət etmişdir. Lakin torpaq sahəsinin hüquqmüəyyınedici sənədləri və çıxarış təqdim edilməmişdir. İcraatda olan vərəsəlik işi ilə əlaqədar xx.xx.2018-ci ildə vəfat edən Ağayev Xatun Sultan qızınm adına verilmiş Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən tikiş sexi tikintisi üçün ayrılmış 30(otuz) kv.m torpaq sahəsinə hüquqmüəyyənedici sənəd verilməsi məsələsinə baxılması xahiş edilmişdir. - -Sumqayıt bələdiyyəsi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş xx.xx.2022-ci il tarixli 860 saylı cavab məktubundan görünür ki, Sumqayıt Bələdiyyəsi tərəfindən şəhid anası X8 13 may 2005-ci il tarixli 15 saylı protokol qərarı ilə Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisində tikiş sexi tikintisi məqsədi ilə 30 kv m torpaq sahəsi ayrılmışdır. Lakin sonradan X12 dünyasını dəyişdiyinə görə və ailə üzvlərinin notarıal razılıq ərizələrini nəzərə alaraq Sumqayıt Bələdiyyəsi İddiaçı oglu ilə 13 may 2005-ci il tarixli 15 saylı protokol qərarını əsas götürərək qeyd olunan torpaq sahəsinə dair 16 dekabr 2020-ci il tarixdə 1 il müddətinə 35 saylı torpaq icarə müqaviləsi bağlamışdır. Qeyd olunan icarə müqaviləsinin müddəti 31 dekabr 2021-ci il tarixdə bitmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Məhkəmə hesab edir ki, torpaq sahəsinin iddiaçının anasına ayrılması barədə bələdiyyənin qərarı qüvvədədir, qanunvericiliklə müəyyən edilmiş qaydada ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir. Həmin qərarın 2.3-cü bəndində “icarə müqaviləsi bağlanmalıdır” ifadəsini məhkəmə texniki yanlışlıq kimi qiymətləndirilir. Belə ki, torpağın X.Ağayevaya icarəyə verilməsi başqa heç bir sənədlə təsdiqlənmir. Bu hal iddiaçının müraciətinin təmin edilməsindən imtina üçün əsas ola bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0 və 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 22.2-ci maddəsi ilə müəyyən edilmişdir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Bununla yanaşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 06 saylı xx.xx.2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktalırn Dövlət Reyestrində xx.xx.2012-ci il tarixdə qeydiyyata alınaraq, xx.xx.2012-ci il tarixdən qüvvəyə minmiş «Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmsına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında Təlimat»ın 7.1-ci bəndinə əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs Reyestrə müraciət edərək, lakin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan öldükdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət yüzrə vərəsələrinin müraciəti əsasında ölmüş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Həmin Təlimatın 7.2-ci bəndinə görə isə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və/və ya onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədləri reyestrə təqdim edənədək öldükdə həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir. Yuxarıda qeyd olunan normaların məzmununudan göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu ilə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə həmin əmlak üzərində hüquqların dövlət qeydiyatı haqqnda çıxarışın vərəsələk sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi müəyyən edilsə də, sözügedən Təlimatda vərəsələrin müraciəti əsasında daşınmaz əmlak üzərində mülkiyyət hüququ barədə ölmüş şəxsin adına tərtib edilmiş çıxarış verilməsi nəzərdə tutulmuşdur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.1-ci maddəsinin mənasına görə normativ hüquqi akt – qanunla və ya fərmanla dövlət orqanının səlahiyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. Həmin Qanunun 20-ci maddəsi mərkəzi icra hakimiyyəti orqanları tərəfindən normativ hüquqi aktların qəbul edilməsini nəzərdə tutmuşdur. Bu müddəaların tələblərinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin qəbul etdiyi Təlimat normativ hüquqi akt hesab olunmalıdır. Göründüyü kimi, daşınmaz əmlak üzərində hüquq əldə etmiş şəxsin həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda, bu əmlak üzərində mülkiyyət hüququ barədə çıxarışın verilməsi ilə bağlı məsələdə yuxarıda qeyd olunan «Təlimat»ın müddəaları ilə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun müddəaları arasında ziddiyət mövcuddur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.6-cı maddəsinə görə fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təqkil etdikdə qanun tətbiq edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, verərək Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində tikiş sexinin tikintisi məqsədilə 30(otuz) kv, metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anası X7 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt bələdiyyəsinin 03 may 2005-ci il tarixli 15 saylı qərarı ilə Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində tikiş sexinin tikintisi məqsədilə ayrılmış 30 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum anası X7 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 5 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1135/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1135/2022
17.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver