Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1136/2021 07.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi ilə, Musatafayeva Aygün Ələmdar qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialına qarşı “ödənilməli olan 2014-cü il üçün aylıq 35 manat olaraq illik 420 manat, 2015-ci il üçün aylıq 35 manat olaraq illik 660 manat, 2016-cı il üçün aylıq 55 manat olaraq illik 660 manat, 2017-ci il üçün aylıq 55 manat illik 660 manat, 2018-ci il üçün aylıq 55 manat olaraq illik 660 manat, 2019-cu il üçün aylıq 80 manat olaraq illik 960 manat, 2020ci il üçün aylıq 80 manat olaraq, illik 960 manat olmaqla, 2021-ci il üçün yanvar ayı üçün 80 manat, cəmi 5060 manat məbləğində müavinət və təqaüdün təyin olunması və birdəfəlik ödənilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyaraq müavinət və təqaüdün birdəfəlik olaraq tam həcmdə ödənilməsi” barədə iddiasına Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialına qarşı iddia qaldıraraq “ödənilməli olan 2014-cü il üçün aylıq 35 manat olaraq illik 420 manat, 2015-ci il üçün aylıq 35 manat olaraq illik 660 manat, 2016-cı il üçün aylıq 55 manat olaraq illik 660 manat, 2017-ci il üçün aylıq 55 manat illik 660 manat, 2018-ci il üçün aylıq 55 manat olaraq illik 660 manat, 2019-cu il üçün aylıq 80 manat olaraq illik 960 manat, 2020-ci il üçün aylıq 80 manat olaraq, illik 960 manat olmaqla, 2021-ci il üçün yanvar ayı üçün 80 manat cəmi 5060 manat məbləğində müavinət və təqaüdün təyin olunması və birdəfəlik ödənilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyaraq müavinət və təqaüdün birdəfəlik olaraq tam həcmdə ödənilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, İddiaçı 8 iyul 1993-cü ildən 15 fevral 1996-cı il tarixədək Gədəbəy rayonunun Şınıx bölgəsində və Kəlbəcər rayonunda erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmişdir. Müharibə iştirakçısı olduğuna görə də qanunvericiliklə müəyyən olunmuş hüquq yə imtiyazlardan istifadə hüququna malik olmuşdur. Belə ki, ona AR Müdafiə Nazirliyi tərəfindən 22 may 2001-ci il tarixdə 061444 nömrəli mühəribə veteranı vəsiqəsi təqdim olunmuşdur. Həmin tarixdən də DSMF-nin Sumqayıt şəhər şöbəsinə müraciət edərək müharibə veteranları üçün müəyyən olunmuş (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş bəzi kateqoriya şəxslərə müavinət) müavinəti almaq üçün müraciət etmişdir. Müvafiq olaraq DSMF-nin Sumqayıt şəhər şöbəsi tərəfindən ona müavinət təyin olunmuş və 01 yanvar 2014-cü il tarixinədək mütəmadi olaraq ödənilmişdir. 01 yanvar 2014-cü ildə ona ödənilən müavinət DSMF (keçmiş Əhalinin Sosial Müdafiəsi Mərkəzi) tərəfindən dayandırılmışdır. Müavinətin dayandırılması səbəbini isə onun müharibə veteranı hüququnun guya ləğv olunması İlə əsaslandırıldı. Bununla əlaqədar olaraq Müdafiə Nazirliyinə dəfələrlə müraciət etsə də heç bir qaneedici cavab almamışdır. Bu növ müavinətin pensiya yaşına qədər verildiyini və onun da pensiya yaşına az qaldığını düşünərək artıq veteran hüququnun bərpası fikirindən vaz keçmişdir. 2019-cu il 25 fevral tarixində Azərbaycan Respublikasınının Prezidentinin 992№ li sərəncamı ilə müharibə veteranlarına təyin olunan müavinətin əvəzinə Prezident təqaüdünün təsis olunması ona müharibə veteranı hüququnu bərpa etmək üçün təkan vermiş, həmin Sərəncamdan sonra o, AR Müdafiə Nazirliyinə növbəti dəfə müraciət etmişdir. Nəhayət ki, 22 yanvar 2021 -ci il tarixdə ona Müdafiə Nazirliyi tərəfindən M/V №088545 müharibə veteranı vəsiqəsi verilmişdir. Beləliklə də Müdafiə Nazirliyi onun müharibə veteranı olması faktını təkrarən təsdiqləmişdir. 01.01.2014-cü ildən almadığı müavinəti və müharibə veteranlarına təsis olunmuş Prezident təqaüdünü almaq üçün ƏƏSMN yanında DSMF publik hüquqi şəxsin 1 saylı regional ərazi filalına müraciət etmişdir. Lakin fılialdan ona rədd cavabı verilərək 01.02.2021-ci il tarixindən təqaüd hüququna malik olduğunu bildirərək 01.01.2014-cü ildən 25.02.2019-cu ildək müavinətin 25.02.2019-cu il tarixdən 01.02.2021-ci il tarixinədək isə təqaüdün verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçi İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı regional ərazi filialına qarşı "müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin hesablanaraq ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2-1(118)-1136/2021 nömrəli iş üzrə iddia tam əsassızdır və təmin edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 1.2-ci və Mülki Prosessual Məcəlləsinin 154-cü maddələrini rəhbər tutaraq işə dair etirazımızı təqdim edirik. İddiaçı Fondun müvafiq struktur qurumuna müraciət edərək, ona müharibə veteranı adı verildiyi tarixədək dövrə görə sosial müavinətin və təqaüdün hesablanmasını və ödənilməsini tələb etmişdir. Şəxs 088545 nömrəli veteran vəsiqəsini 2021-ci ilin 22 yanvar tarixində almış və həmin tarixdən ona Prezident Təqaüdü təyin edilmişdir. Veteran statusunun qüvvədə olmadığı müddətdə veteranlar üçün nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə olunması mümkün deyildir. Aşağıdakı səbəblərə görə vətəndaşın iddiasını tamamilə əsassız hesab edirlər: 1)Şəxsin Şöbəyə müraciət etdiyi tarixdə Prezidentin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin Təqaüdü"nün təsis edilməsi haqqında 15 aprel 2019-cu il tarixli Fərmanı qüvvədə olduğu üçün ona müavinət deyil, 80 manat məbləğində Prezident Təqaüdü təyin edilmişdir. Şəxs iddia etdiyi 3 illik müddətin ödənilməsini tələb etmək üçün “Sosial müavinətlər haqqında" Qanunun 9.1-ci maddəsinə istinad etmişdir. "Sosial müavinətlər haqqında" Qanunun 4-cü maddəsində müavinətin növləri sadalanmışdır. Sadalanan növlər arasında Prezident Təqaüdü qeyd edilməmişdir. Təqaüd sosial müavinətin növü olmadığı üçün müraciət edildiyi vaxtdan əvvəlki dövr üçün ödənilmə təqaüdə şamil edilmir. Digər tərəfdən də, “Sosial müavinətlər” haqqında Qanunun 9.1-ci maddəsinə əsasən “Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir." Bu müddəadan da aydın göründüyü kimi sosial müavinətin “müraciətdən əvvəlki 3 il üçün ödənilməsi” sosial müavinət almaq üçün müraciət edən şəxslərə şamil edilir. Hazırkı iş üzrə isə vətəndaşın Şöbəyə müraciət etdiyi tarixdə (27.09.2019) Prezidentin yuxarıda sözügedən Fərmanı qüvvədə olduğu üçün Şöbəyə ona sosial müavinət yox, təqaüd təyin edilməsi üçün müraciət etmək hüquqi imkanı olmuşdur və o bu imkandan yararlanmışdır. Beləliklə, şəxsin istinad etdiyi müraciət etməzdən əvvəlki 3 il üçün sosial müavinətin ödənilməsi hüququ yaranmış olmamışdır. Vətəndaş Qanunun 9.1-ci maddəsinə istinad edərkən təqaüd təyin edilməsiylə bağlı müraciəti sosial müavinət təyin edilməsiylə bağlı müraciətdən fərqləndirməmiş və bu nüansı nəzərə almayaraq "Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə səhv olaraq əsaslanmışdır. 2)Vətəndaşa sosial müavinət təyin edilməsinin mümkünsüzlüyünü təsdiq edən yuxarıdakı faktlardan başqa aşağıdakı əsaslar da onun belə bir hüququnun olmadığını bir daha təsdiqləyir. 1) “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə görə ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Bu müddəadan da göründüyü kimi qanunverici sosial müavinətin onun təyin olunması üçün müraciət edildiyi vaxtdan əvvəlki 3 il üçün ödənilməsini iki halla şərtləndirmişdir: 1) iddia olunan 3 ilin başlandığı anda sosial müavinətə hüququn yaranmış olması; 2) iddia olunan 3 ilin başlandığı anda bu Qanunun qüvvədə olması. 28 iyun 1994-cü il tarixli “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində və Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 4-cü bəndində təsbit olunmuşdur ki, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir." Bu onu göstərir ki, şəxsin istər təqaüd, istərsə də sosial müavinət almağa hüququ veteran vəsiqəsini aldığı tarixdən yaranır. Belə ki, vətəndaşın veteran vəsiqəsi olmadığı dövrdə, yəni 2019-cu il may tarixindən əvvəlki dövrdə sözügedən sosial müavinətə hüququ yaranmamışdır. Bu fakt öz təsdiqini müharibə veteranı vəsiqəsində yazılan “vəsiqənin sahibi müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir" müddəasında da tapır. Yəni, güzəşt və imtiyazlardan istifadə hüququnun yaranması vəsiqənin sahibi olmaq anıyla şərtləndirilmişdir. 3) Şəxsin müharibə veteranı statusunu almaq üçün döyüşlərdə iştirak etməsi bizim uçün mübahisə predmeti deyildir, lakin şəxsin “Veteranlar haqqında" Qanunun 3-cü maddəsində göstərilən fəaliyyəti həyata keçirmiş olması (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş olması) onun bəhs edilən sosial müavinəti alması üçün deyil, ona veteran vəsiqəsinin verilməsi üçün hüquqi əsasdır. Sosial müavinətin təyin olunması üçün hüquqi əsas isə Veteranlar haqqında” Qanunun 7-ci maddəsində tələb olunduğu kimi veteran vəsiqsəsinin təqdim olunmasıdır. Oxşar mövqe müharibə əlillinə təqaüdün ödənilməsiylə bağlı Ali Məhkəmənin 2-1(102)-575/2018 saylı Qərarında və digər Qərarlarında qeyd olunmuşdur. Həmin Qərarda hüququn yarandığı anın müəyyən olunması aşağıdakı kimi əsaslandırılmışdır: “Hazırkı iş üzrə iddiaçıya Azərbaycan Respublikasının Prezidentinin Təqaüdü təyin edilməsinə əsas Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlillik təyin edilməsi olmuşdur. Başqa sözlə, iddiaçının Azərbaycan Respublikasının Prezidentinin Təqaüdünü almaq hüququ ona üçüncü dərəcə əlillik təyin edildiyi andan yəni, 09.03.2016cı il tarixdən yaranmışdır.” Ali Məhkəmənin bu Qərarından da aydın görünür ki, müharibə əlili statusunun verildiyi an döyüşlərdə iştirak anı deyil, əlilliyin müəyyən olunduğu andır və həmin andan da təqaüdü almağa hüquq yaranmış hesab olunur. Müharibə əlillərinin onların xüsusi statusuna görə aldıqları ödənişlərə hüququnun yaranması anı (müharibə əlili statusunun yarandığı an) kimi onların döyüş əməliyyatlarında iştirak etdiyi deyil, əlilliyinin rəsmiləşdirildiyi (müəyyən olunduğu) an müəyyən olunur, eyni yanaşma müharibə veteranları üçün də tətbiq olunmalıdır. Çünki aşağıdakı əsaslara görə bu münasibətlər tamamilə analoji münasibətlərdir. 1) Hər iki kateqoriyadan olan şəxslərin xüsüsi statusunun yaranması üçün əsas (müharibə veteranı və müharibə əlili statusu) Vətənin bütövlüyü uğrunda döyüşlərdə iştirak olmuşdur; 2) Hər iki kateqoriya şəxsin statusu rəsmiləşdirilir. (müharibə əlillərində- əlillik arayışı ilə, veteranlarda- veteran vəsiqəsi ilə). Bütün bu faktlar birmənalı şəkildə göstərir ki, müharibə veteranlarının da xüsusi statusu qanunvericilikdə onlar üçün müəyyən edilmiş istənilən hüquq, o cümlədən, sosial ödənişləri almağa hüquq müharibə əlillərində olduğu kimi onların xüsusi statusunun rəsmiləşdirildiyi anda - vəsiqənin verildiyi anda yaranmış olur. 4) Veteranlar haqqında" Qanunun 7-ci maddəsinə görə "Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir.” Sözügedən müavinətin və ya təqaüdün həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulan güzəşt olması məsələsinə gəldikdə isə bu Qanunun 12-ci maddəsinin ilkin versiyasında (dəyişikliklər edilməmiş) müharibə veteranları üçün mənzil, kommunal və rabitə xidmətləri haqqının ödənilməsi üçün güzəştlər nəzərdə tutulmuşdur. Prezidentin 26 dekabr 2001-ci il tarixli Fərmanı ilə "kommunal, nəqliyyat və digər xidmətlərin haqqının ödənilməsi üçün tətbiq edilən güzəştlər sonradan müavinətlərlə əvəz olunmuşdur. Bu fərmanda həmin müavinəti almaq hüququ olan şəxslərin dairəsi göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 11.07.2005-ci il tarixli 257 nömrəli Fərmanı ilə də "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslər” sosial müavinət alan şəxslərin siyahısına daxıl edilmişlər. "Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanı ilə isə həmin müavinət 80 manat məbləğində müəyyənləşdirilmiş Prezident təqaüdü ilə əvəz edilmişdir. Burdan da görünür ki, adı dəyişməsinə baxmayaraq sözügedən müavinət mahiyyətcə veteran statusu olan şəxsə onun xüsusi statusuna görə verilən ‘Veteranlar haqqında Qanun”un 7-ci maddəsində bəhs olunan güzəştlər anlayışı ilə əhatə olunur. Digər tərəfdən isə müharibə veteranlarına verilən veteran vəsiqəsində qeyd edilir ki, “vəsiqənin sahibi müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir.” Burdan da aydın olur ki, "Veteranlar haqqında” Qanun və bu sahədəki hər hansı digər normativ aktla müharibə veteranları üçün onların xüsusi statusuna görə sıravi vətəndaşlardan fərqli olaraq müəyyən edilən istənilən hüquq güzəşt hesab olunmalıdır. Yəni, veteranlar üçün təyin edilmiş kommunal, nəqliyyat və digər xidmətlərin haqqının ödənilməsi üçün tətbiq edilən sosial müavinəti almağa hüquq da güzəşt hesab olunur. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir. - 061444 saylı, 22 may 2001-ci il tarixli vəsiqədən görünür ki, iddiaçıya müharibə veteranı statusu 22 may 2001-ci il tarixdən verilmişdir. - M/V 088545 saylı, 22.01.2021-ci il tarixli vəsiqədən görünür ki, iddiaçıya 22.01.2021-ci il tarixdən müharibə veteranı vəsiqəsi verilmişdir. - Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxs 1 saylı regional ərazi filialının Sosial müavinət, təqaüd və kompensasiyanın təyinatı üzrə 849 saylı, 23.02.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı 22.01.2021-ci ildən müharibə veteranı kimi 80 manat müavinət təyin edilmişdir. - Sumqayıt şəhər ƏƏSMN-nın sərəncamlardan görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin 22 yanvar 2007-ci il tarixli 514 nömrəli Fərmanına əsasən 2007-ci ildən, Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2008-ci il tarixli 820 nömrəli Fərmanına əsasən 01.09.2008-ci ildən, Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2011-ci il tarixli 324 nömrəli Fərmanına əsasən 01.12.2011-ci ildən 17.01.2030dək, Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2013-cü il tarixli Fərmanına əsasən 01.09.2013-cü ildən 17.01.2030-dək, Azərbaycan Respublikası Prezidentinin 17 mart 2014-cü il tarixli 130 nömrəli Fərmanına əsasən 01.04.2014-cü ildən 01.01.2030-dək müavinət ödənilməsi barədə sərəncam verilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Sumqayıt şəhər Hərbi Komissarının 04.04.2008-ci il tarixli arayışında İddiaçı Azərbaycan Respublikasının bütövlüyü uğrunda gedən döyüşlərin iştirakçısı olduğu, veteranlar haqqında Respublika qanunvericiliyində nəzərdə tutulan imtiyazlardan istifadə etmək hüququna malik olduğu qeyd olunmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialının xidməti məktubunda İddiaçı 01.08.2005-ci il tarixindən 30.09.2012-ci il tarixinə kimi müavinət təyin edildiyi, ona müavinətin ödənişinin hansı səbəbdən dayandırılması haqqında heç bir məlumatın aşkar edilmədiyi bildirilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin 01 noyabr 2021-ci il tarixli 2498 saylı məktubunda qeyd olunmuşdur ki, 1967-ci il təvəllüdlü İddiaçı xidmətini araşdırmaq məqsədilə MN-nin Mərkəzi Arxiv İdarəsinə sorğu edilmişdir. Arxiv İdarəsindən daxil olmuş 05.12.2008-ci il tarixli 26/2-13438 nömrəli və 19.12.2008-ci il tarixli 26/2-14109-i nömrəli məktublarda İddiaçı fevral 1996-cı il tarixdə N nömrəli hərbi hissədən tərxis olması barədə heç bir məlumatın olmadığı göstərildiyi üçün ona güzəştli arayışın verilməsi dayandırılmışdır. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialının İddiaçı ünvanlanmış 13 aprel 2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından qismən əsaslıdır. Belə ki, İddiaçı 22 may 2001-ci il tarixdən müharibə veteranı statusu verilmişdir. Ona müharibə veteranı kimi 2014-cü il tarixədək müavinət ödənilmiş və həmin tarixdən sonra müavinətlərin ödənilməsi dayandırılmışdır. 22.01.2021-ci il tarixdə iddiaçıya yenidən müharibə veteranı statusu verilmiş və ona Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. İddiaçı ona 2014-cü il tarixdən 2021-ci ilin fevral ayınadək ödənilməmiş müavinətin ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin 13 aprel 2021-ci il tarixli məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1 və 2-ci bəndlərinə əsasən “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş və onun aylıq məbləği 80 manat müəyyən olunmuşdur. Beləliklə, hazırki mübahisənin əsasını İddiaçı 2014-cü il tarixdən 22.01.2021-ci il tarixədək müavinətin ödənilməsi təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi qismən təmin edilməlidir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1 –ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən veteranları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir. Həmin Qanunun 3.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Qanunvericiliyin istinad olunan müddəaları ilə bağlı olaraq məhkəmə qeyd edir ki, ilk növbədə şəxsin müharibə veteranı statusu alması ilə bu statusdan irəli gələn hüquq, güzəşt və imtiyazlardan istifadəsi imkanları fərqləndirilməlidir. Yuxarıda qeyd olunan “Veteranlar haqqında” Qanunun 2-ci maddəsindən də göründüyü kimi veteranlar haqqında qanunvericilik yalnız “Veteranlar haqqında” Qanunun özündən ibarət deyil, o, həmçinin bütün digər başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından da ibarətdir. Bu isə o deməkdir ki, veteranlar həmin statusu əldə etdikdən sonra qanunvericilikdə nəzərdə tutulmuş çoxşaxəli hüquq, güzəşt və imtiyazlardan istifadə imkanları qazanırlar. Müvafiq olaraq sözügedən hüquq, güzəşt və imtiyazlardan da məhz onların təsbit olunduğu qanunvericiliyin müəyyən etdiyi qaydaya uyğun istifadə edə bilərlər. İddiaçının hazırkı tələbi “Sosial müavinətlər haqqında” Qanundan irəli gələn müavinətin və Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanında təsbit edilmiş təqaüdün alınması ilə bağlı olduğundan bu tələbin əsaslılığına, o cümlədən əsaslı olduğu halda, müavinətin hansı tarixdən təyin edilməli və hansı dövrlər üzrə ödənilməli olduğuna dair məsələyə “Veteranlar haqqında” Qanunun normalarına görə deyil, məhz həmin sosial müavinətin verilməsi məsələsini həll edən xüsusi qanun kimi çıxış edən “Sosial müavinətlər haqqında” Qanunun normalarına və "Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanına əsasən qiymət verilməlidir. İddiaçının tələbi iki hissədən ona 2014-cü ildən ödənilməyən müavinətin və təqaüdün ödənilməsindən ibarətdir. Məhkəmə iddiaçının ona 2014-cü ildən müavinət ödənilməsinə dair tələbinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya 01.01.2014-cü il tarixinə kimi sosial müavinət ödənilmiş, sonradan həmin müavinətin ödənilməsi dayandırılmışdır. 22.01.2021-ci il tarixdə iddiaçıya yenidən müharibə veteranı statusu verilmiş və həmin tarixdən ona Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Beləliklə iddiaçıya sosial müavinətin ödənilməsi 01.01.2014-ce il tarixdən cavabdeh tərəfindən dayandırılmış, bununla bağlı iddiaçının təqsiri olmamışdır. Belə olan halda iddiaçıya ödənilməyən dövrə görə müavinətin ödənilməməsi onun konsitusion hüququ olan sosial müavinət hüququnun pozulması ilə nəticələnə bilər. Başqa sözlə cavabdeh tərəfindən iddiaçının sonradan bərpa olunan müharibə veteranı statusu dayandırılmasaydı, o həmin illər üzrə sosial müavinət almış olacaqdır. Lakin onun bu statusunun dayandırılması ona müharibə veteranı kimi alınmalı olan sosial müavinətlərdən məhrum etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranlarına nəzərdə tutulmuş müavinətin fərqli və daha əlverişsiz şərtlərlə təyin edilməsi Konstitusiyanın 12 və 16-cı maddələrində təsbit edilmiş Azərbaycan Respublikasının sosial dövlət kimi bəyan edilməsinə dair müddəaların, Konstitusiyanın 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun, habelə Konstitusiyanın Preambulasından irəli gələn qanunun aliliyinin əsas elementlərindən biri olan hüquqi müəyyənlik, qanun qarşısında bərabərlik prinsiplərinin və vətəndaşların qanuna olan etimadının gözlənilməsi prinsipinin pozulmasına səbəb ola bilər. Bu baxımdan məhkəmə sosial müavinətin ödənilməli olduğu dövrlərlə bağlı qeyd edir ki, Sosial müavinətlər haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gəlir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Çünki Qanun birmənalı şəkildə müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra inzibati orqan tərəfindən hər iki hərəkətin eyni anda birgə aparılmalı olduğunu müəyyən edir – yəni, həm müavinətin ödənilməsinə başlanılması üçün təyinat aparılmalı, həm də əvvəlki üç il üçün ödəmələr edilməlidir. “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi inzibati orqan üçün belə bir vəzifə müəyyən edir ki, o, müavinətin ödənilməyə başlanılmasına əsas verən təyinatı vəsiqənin alındığı gündən təyin etməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələri aparmalıdır. Hazırki işdə iş materiallarından görünür ki, iddiaçı cavabdeh inzibati orqana sosial müavinətin ödənilməsi ilə bağlı 06.04.2021-ci il tarixdə müraciət etmişdir. Lakin iddiaçının müraciət etdiyi tarixdə artıq “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29.08.2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli, 640 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29.08.2013-cü il tarixli, 973 nömrəli Fərmanın, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli Fərmanı qəbul edildikdən sonra müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, onun aylıq məbləği 80 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin yuxarıda göstərilən 15.04.2019-cu il tarixli, 640 nömrəli Fərmanının 3-cü bəndinə əsasən, bu Fərman 01.04.2019-cu il tarixindən tətbiq edilir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçıya cavabdeh inzibati orqana müraciət etdiyi tarixdən əvvəlki üç ilin sosial müavinəti Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli, 640 nömrəli Fərmanının qəbul edilməsindən əvvəlki dövrə görə ödənilməlidir. Yəni iddiaçı 06.04.2021-ci ildə müraciət etdiyindən ona 07.04.2018-ci ildən 15.04.2019-cu il tarixədək sosial müavinət ödənilməlidir. İddiaçının ona ödənilməyən prezident təqaüdünün ödənilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunanlardan göründüyü kimi 01 aprel 2019-cu il tarixdən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki dövrlər üzrə ödəmələrin aparılması yolverilməzdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təqaüdün əvvəlki dövrlərə görə ödənilməsi hissəsində təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı 07.04.2018-ci ildən 15.04.2019-cu ilədək sosial müavinətin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialının üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı 07.04.2018-ci ildən 15.04.2019-cu ilədək sosial müavinətin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialının üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1136/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1136/2021
07.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver