Məhkəmə qərarları › İş №2-1(118)-1137/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1137/2022

29.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1137/2022 29.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı İddiaçı (işləməyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri “Nəsimi” adına mədəniyyət və istirahət parkının ərazisində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun qeydə alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri “Nəsimi” adına mədəniyyət və istirahət parkının ərazisində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun qeydə alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baş vermiş struktur dəyişikliyi ilə əlaqədar cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri ’’Nəsimi" adına mədəniyyət və istirahət parkının ərazisində yerləşən bir mərtəbəli 123,5 kv m dövlət torpağında yerləşən qeyri-yaşayış binası 14.02.2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışı əsasında İddiaçı mülkiyyətində olmuşdur. Həmin qeyri-yaşayış binası ictimai iaşə obyekti olmuşdur. Daha sonra 2015-ci ildə həmin obyektdə yenidənqurma işlərinin aparılmasına qərar vermişdir. Bununla bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinin 16.04.2015-ci il tarixli 65 nömrəli sərəncamı verilmişdir. Həmın sərəncamda göstərilir ki, sözügedən xidmət obyektinin yenidənqurma ilə bağlı ümumilikdə 500 kv m sahədə tikintinin layihələndirilməsinə və 160 kv m sahədə abadlıq işlərinin aparılmasına icazə verilir. Həmin sərəncamın 3-cü bəndində layihələndirilmənin işləri başa çatdıqdan sonra texniki sənədlərin qeydiyyatdan keçirilməsi və tikintiyə icazə verilməsi üçün Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinə təqdim edilməsi göstərilmişdir. Həmçinin 4-cü bənddə qeyd edilmişdir ki, layihələndirilmə başa çatdıqdan sonra mövcud sərəncam digər sənədlərlə birlikdə tikinti işlərinin aparılması üçün əsasdır. İddiaçı tərəfindən tikintinin layihələndirilməsi həyata keçirildikdən sonra və bununla bağlı aidiyyəti sənədlər Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinə verildikdə, həmin idarə tərəfindən iddiaçıya 13.05.2015-ci il tarixli 17 nömrəli "Tikintinin Layihələndirilməsinə aid inşaat Pasportu" təqdim edilmişdir. Həmin inşaat pasportunda müvafiq sənədlərlə yanaşı aidiyyəti bütün orqanlara razılıq rəyləri də göstərilmişdir. Daha sonra Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən aparılan tikinti quraşdırma işlərinə yerində texniki baxış keçirilmiş və 14 nömrəli müsbət rəy verilmişdir. Bu rəydən sonra tikinti quraşdırma işləri başa çatmış, Sumqayıt şəhəri "Nəsimi” adına mədəniyyət və istirahət parkının ərazisində yerləşən qeyri-yaşayış binasının istismarına icazə verilməsi məqsədi ilə “Tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqqında” qəbul komissiyasının 09.06.2015-ci il tarixli 14 nömrəli aktı tərtib olunmuş və tikinti obyekti istismara verilmək üçün yararlı hesab olunmuşdur. Həmçinin sözügedən ictimai iaşə obyektinin yerləşdiyi torpaq sahsinin istifadəyə verilməsinə dair 16.06.2021-ci il tarixli 512 nömrəli yeni müqavilə bağlanmışdır. İddiaçı yenidən qurulmuş qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarımın qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 iddianı qəbul etməyərək izah etmişdir ki, İddiaçı ərizəsi üzrə araşdırma aparılarkən müəyyən olunmuşdur ki, 14.02.2014-cü il tarixdə üzərində hüquqlar dövlət qeydiyyatına alınmış qeyri-yaşayış binasının yenidən qurulması ilə əlaqədar tikintisinin layihələndirməsinə icazə verilməsi barədə Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən 16.04.2015-ci il tarixli, 65 nömrəli sərəncam verilsə də, sərəncamın 3-cü bəndinə uyğun olaraq tikintiyə icazə verilməsi barədə sənəd təqdim olunmamışdır. Bundan əlavə tikili üzərində yenidənqurma işləri 2015-ci ildə aparılmasına baxmayaraq, mövcud qanunvericiliyin tələblərinə zidd olaraq tikinti obyektinin istismarına icazə sənədi əvəzinə 09.06.2015-ci il tarixli, 14 nömrəli “Tikıntiquraşldırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktı” tərtib olunmuşdur. Həmçinin həmin aktda qeyri-yaşayış binasının ümumi sahəsi qeyd edilməmişdir. İş materiallarında olan : - -Sumqayıt şəhər İH Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən tərtib edilmiş 14 nömrəli texniki baxış-rəyindən görünür ki, həmin rəy vətəndaş İddiaçı tərəfindən yenidən qurulmuş qeyri-yaşayış obyektinə texniki Baxış keçirilmişdir. - -Sumqayıt şəhər İH Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən tərtib edilmiş 09.06.2015-ci il tarixli aktdan görünür ki, İddiaçı tərəfindən yenidən qurulmuş məişət xidməti obyekti istismara yararlı hesab edilmişdir. - -16.06.2021-ci il tarixli 512 saylı icarə müqaviləsindən görünür ki, icarədar Əmlak Məsələlərdi Dövlət Xidməti tərəfindən Sumqayıt şəhəri, Nəsimi parkı ərazisi ünvanında qeyri-yaşayış binasının yerləşdiyi 524.0 kv m torpaq sahəsi icarəçi İddiaçı icarəyə verilmişdir. - RX № ******* seriyalı 14.02.2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhər, Nəsimi parkı ərazisindəki 123.5 kv m qeyri-yaşayış binası üzərində İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır. - Sumqayıt şəhər İH Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən tərtib edilmiş 17 qeydiyyat nömrəli 13.05.2015-ci il tarixli inşaat pasportdan görünür ki, həmin sənəd İddiaçı istifadəsində olan mövcud əhaliyə xidmət obyektinin yenidən qurulması ilə əlaqədar tikintinin layihələndirilməsinə icazə verilməsi və sahədə abadlıq işlərinin aparılmasına dair tətfib edilmişdir. -Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 16.05.2015-ci il tarixli 65 nömrəli sərəncamından görünür ki, İddiaçı məxsus olan Sumqayıt şəhəri Nəsimi adına mədəniyyət və istirahət parkı ərazisində yerləşən mövcud əhaliyə xidmət obyektinin yenidən qurulması ilə əlaqədar ümumilikdə 500 kv m sahədə tikintisinin layihələndirilməsinə və 160 kv m sahədə abadlıq işlərinin aparılmasına icazə verilməsi qərara alınmışdır. -inşaat pasportundan görünü rki, qeyri-yaşayış sahəsinin layihəsi Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən təsdiq edilmişdir. -cavabdeh inzibati orqanın imtina bildirişindən görünür ki, yenidən qurulmuş qeyryaşayış binasının tikintisinə icazənin olmaması, tikinti obyektinin istismarına icazə sənədi əvəzinə tikilinin istismara qəbul edilməsi haqqında aktın tərtin edildiyi və həmin aktda qeyriyaşayış binasının ümumi sahəsinin qeyd edilməməsi səbəbindən iddiaçıya imtina cavabı verilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0, 8.0.1-ci maddələrində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş əsaslardan biri kimi qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar nəzərdə tutulmuşdur. Həmin Qanunun 10.2.1-ci madddəsində vurğulanır ki, hüquqların dövlət qeydyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. Şəhərsalma və Tikinti Məcəlləsinin 102-ci maddəsinə əsasən Obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum istismara icazə verməzdən əvvəl tikintinin və ya onun hissələrinin ekspertizadan keçirilməsinə dair ekspertiza müəssisəsinə müraciət edə bilər. Bu müraciət tikintinin təhlükəsizliyi baxımından əsaslandırılmış olmalıdır. Obyektin şəhərsalma və tikintiyə dair normativ sənədləri ilə müəyyən edilmiş tələblərə uyğunluğunun əlavə olaraq yoxlanılması üçün tikintinin və ya onun hissələrinin ekspertizadan keçirilməsinə çəkilən xərclər uyğunluğun təsbit edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən ödənilir. Məhkəmə qeyd edir ki, İddiaçı icarəsində olan torpaq sahəsi üzərində inşa etdiyi və mülkiyyətində olan qeyri-yaşayış sahəsini (ictimai iaşə obyekti) yerli icra hakimiyyəti orqanının sərəncamına əsasən genişləndirmişdir. Həmin tikili hazır olduqdan sonra istismara qəbul edilməsinə dair akt tərtib edilmişdir. Lakin həmin sənəddə tkilinin sahəsi göstərilməmişdir. Layihələndirməyə icazəyə dair sərəncamda yerli icra hakimiyyəti orqanı layihələndirmənin başa çatmasından sonra bu sərəncamın tikinti işlərinin aparılması üçün əsas olduğu qeyd edilmişdir. Bundan sonra layihələndirmə başa çatdırılmış və Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, tikintinin başa çatmasından sonra tərtib edilən sənədin icazə sənədi deyil, istismara qəbul aktı adlandırılması və sahənin həmin sənəddə göstərilməməsi kimi nöqsanlara buna səlahiyyətli orqanlar tərəfindən yol verilmişdir və iddiaçıya bu səbəblə inşa etdiyi bina üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsi əsassızdır. Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları “Daşınmaz əmlakln dövlət reyestri haqqnda” Azırbaycan Respublikası Qanununun 15-ci maddəsində təsbid edilmişdir. Məhkəmə tədqiqatı zamanı iddiaçının qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanuni əsaslarla əldə etdiyi və mülkiyyətində olan torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Sumqayıt şəhəri “Nəsimi” adına mədəniyyət və istirahət parkının ərazisində yerləşən qeyri-yaşayış binasının üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt şəhəri “Nəsimi” adına mədəniyyət və istirahət parkının ərazisində yerləşən qeyri-yaşayış binası üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüqüuqi Şəxsin 2 saylı Sumayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar