Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1137/2023 10.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının qanuni nümayəndəsi İddiaçı iştirakı ilə İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə qarşı “iddiaçının Abşeron rayon Polis İdarəsinin inzibati binasına, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 6 ünvanında pasport qeydiyyatına alınması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə qarşı “onun və övladlarının qeydiyyata alınması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, iddiaçının əsl iddiaçı X2 ilə əvəz edilməsini, onun iddiaçının qanuni nümayəndəsi qismidə tanınmasını və iddiaçının Abşeron rayon Polis İdarəsinin inzibati binasına, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 6 ünvanında pasport qeydiyyatına alınması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddaçının qanuni nümayəndəsi olan anası 15 ildən artıqdır ki, Yasamal rayon Polis İdarəsində qeydiyyatdadır. Bu yaxınlarda onun xəbəri olmadan qeydiyyatdan çıxarılmışdır. Hal-hazırda mülkiyyətində və istifadəsində heç bir yaşayış sahəsi yoxdur. Hal-hazırda kirayədə yaşayır. Ona görə də başqa bir yaşayış sahəsinə daimi qeydiyyata düşməyə hüquqi əsası yoxdur. Əvvəlki qeydiyyat yerinə dəfələrlə müraciət etmişdir. Lakin qeydiyyatı bərpa olunmamışdır. Hesab edir ki, Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli 55S saylı sərəncamının tələbləri pozulmuşdur. Belə ki, həmin sərəncamların tələblərinə görə yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanı ünvan üzrə qeydiyyata alınması müvafiq İcra Hakimiyyəti orqanlarına cavabdehlərə tapşırılmışdır. Hal-hazırda da həmin qərar qüvvədədir. Halhazırda kirayədə yaşadıqlarına görə Abşeron rayon Polis İdarəsinə müraciət etmiş, lakin orada qeydiyyatdan imtina etmişlər. Bununla da cavabdeh tərəfindən qanunun tələbləri kobudcasına pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə iclasın vaxtı və yeri barədə məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçı X1 qanuni nümayəndəsi İddiaçı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, qızı olan iddiaçı orta məktəbdə on birinci sinif şagirdidir və keçiriləcək dövlət imtahanında iştirak etməsi üçün məktəbdən onlara dəfələrlə kodlaşmanın aparılmalı olduğunu bildirmişlər, lakin qızının şəxsiyyət vəsiqəsi qeyri-aktiv olduğundan kodlaşmanın aparılması mümkün olmamışdır. Mülkiyyətində daşınmaz əmlak olmadığından qeydiyyata düşməyə ünvanları yoxdur və bu səbəbdən şəxsiyyət vəsiqəsi ala bilmirlər. Əgər qızı şxəsiyyət vəsiqəsi almazsa, dövlət imtahanından qeydiyyatdan keçə bilməyəcəkdir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, məhkəmə tərəfindən qəbul ediləcək qanuni qərarla razılaşırlar. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Abşeron rayon Polis İdarəsinin iddiaçının qanuni nümayəndəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının polisin inzibati binasına yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edilmişdir. - AZE seriyalı, 10558264 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 02 sentyabr 2006-cı il təvəllüdlüdür, əvvəllər Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, 5 ünvanında qeydiyyatda olmuşdur. - Məhkəməyə sorğu əsasında Abşeron rayon Polis İdarəsindən daxil olmuş 10 mart 2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı övladları ilə birlikdə əvvəllər Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, 5 inzibati binasında qeydiyyatda olmuşlar, hal-hazırda qeydiyyatdan çıxmışdırlar, şəxsiyyət vəsiqələri qeyri-aktivdir. - Məhkəməyə sorğu əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 05 aprel 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, mövcud arxiv məlumatlarına əsasən İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. - “Qurtuluş-93” yayış kompleksi tərəfindən verilmiş 416 saylı, 04 aprel 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Abşeron rayonu, Masazır kəndi, “Qurtuluş-93” X3 küçəsi 3b, ev 19 ünvanında kirayə yaşayır.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən öhdəliyin icrası haqqında iddiadır. Məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibti iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçının qanuni nümayəndəsi iddiaçının Abşeron rayon Polis İdarəsinin inzibati binasına qeydiyyata alınmasına dair müraciət etmiş, cavabdehin 17 oktyabr 2022-ci il tarixli məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 1ci maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir (bundan sonra - şəxsiyyət vəsiqəsi). Bu sənəd sahibinə vətəndaşlıq hüququndan irəli gələn digər konstitusiya hüquqlarını həyata keçirmək üçün imkan verir. Həmin hüquqlardan istifadə etmək üçün hər bir vətəndaşın Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi olmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi hər bir şəxsin öz vətəndaşlıq hüquqlarını həyata keçirilməsi üçün ən zəruri sənəddir. Təsədüfi deyil ki, vətəndaşlığı təsdiq edən digər sənədlərdən fərqli olaraq Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi onun sahibi haqqında daha ətraflı məlumatları özündə əksetdirir. Bu məlumatların sənəddə göstərilməsi şəxsiyyət vəsiqəsi sahibinin eyniləşdirilməsinə və digər vətəndaşlardan dəqiq ayrılmasına xidmət edir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 4cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi, və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın müraciətindən ən geci 10 gün keçənədək verilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnaməsinin 2.1-ci bəndində əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Həmin Əsasnamənin 2.29-ci bəndində əsasən bu Əsasnamənin 2.18-ci bəndinə uyğun olaraq, şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında (çipdə) dəyişdirilə bilən məlumatlarda dəyişiklikləri vəsiqə təqdim edildikdən dərhal sonra müvafiq dövlət informasiya resursları vasitəsilə elektron qaydada aşağıdakı dövlət orqanları həyata keçirirlər: 2.29.1, vətəndaşın yaşadığı yer və boyu barədə məlumat — vəsiqə verən orqan; Beləliklə, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini qanunla müəyyən olunmuş qaydada almaq hər bir vətəndaşın hüququ kimi, bu sənədin qanunsuz verilməməsi isə vətəndaşlıq hüququnun və ondan irəli gələn digər konstitusiya hüquqlarının məhdudlaşdırılması kimi qəbul olunmalıdır. Lakin nəzərə alınmalıdır ki, yaşadığı yer üzrə müvafiq dövlət orqanına şəxsiyyət vəsiqəsinin alınması üçün müraciət etmək eyni zamanda vətəndaşın vəzifəsidir. Hazırkı tələblə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya məxsus AZE seriyalı, 10558264 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 Azərbaycan Respublikası vətəndaşıdır, 02 sentyabr 2006-cı il təvəllüdlüdür, əvvəllər Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, 5 ünvanında qeydiyyatda olmuşdur. Hal-dazırda Abşeron rayonu, Masazır kəndi, “Qurtuluş-93” X3 küçəsi 3b, ev 19 ünvanında kirayə yaşayır. İddiaçı ünvan 6ı inzibati binadan qeydiyyatdan çıxarıldığı üçün yaşayış yeri üzrə Abşeron rayon Polis İdarəsinə müraciət etsə də, onun müraciətindən imtina edilmişdir və o polis orqanının inzibati binasına qeydiyyata salınmamışdır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti və məlumatı əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı X1 Abşeron rayon Polis İdarəsinin inzibati binasına, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 6 ünvanına pasport qeydiyyatına alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı X1 Abşeron rayon Polis İdarəsinin inzibati binasına, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 6 ünvanına pasport qeydiyyatına alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva