Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1139/2024 06.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Kamal qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon İcra Hakimiyyəti Başçısının Digah qəsəbə üzrə icra nümayəndəsinin xx.xx.1999-cu il tarixli 61 saylı sərəncamı ilə ayrılmış 0,0385 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında Sumqayıt Məhkəmə Kompleksində açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli imtinası qanunsuz hesab edilməsi və cavabdehin üzərinə ona Abşeron rayon İHBnın Digah qəsəbə üzrə icra Nümayəndəsinin xx.xx.1999-cu il tarixli 61 saylı sərəncamıyla ayrılmış 0.0385 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Abşeron rayon İHB-nın Digah qəsəbə üzrə icra Nümayəndəsinin xx.xx.1999-cu il tarixli, 61 saylı sərəncamı ilə ayrılmış 0,0385 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Abşeron rayon İHB-nın Digah qəsəbə üzrə İcra Nümayəndəsinin xx.xx.1999-cu il tarixli, 61 saylı sərəncamına əsasən qəsəbə daxilində 0,04 ha torpaq sahəsi ayrılmış və həmin torpaqda ev tikilməsinə razılıq verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin xx.xx.2011-ci il tarixli rəyinə əsasən Abşeron rayon İHB-nın Digah qəsəbə üzrə İcra Nümayəndəsinin xx.xx.1999-cu il tarixli, 61 saylı sərəncamına əsasən İddiaçı 0,0385 ha torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz edilmədiyi bildirilmişdir. 11 avqust 2011-ci ildə 17105 nömrə ilə X7 kitabında A №358148 seriya ilə qeydiyyata alınmışdır. İddiaçı tərəfindən torpaq sahəsinə çıxarış almaq üçün rəsmi qaydada cavabdehə müraciət edilmiş, cavabdeh xx.xx.2023-cü il tarixli bildirişlə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Hazırda iddiaçıya məxsus sahənin qonşu sahələrinə dair mülkiyyət hüquqları qeydiyyata alınıb, lakin idiaçının sahəsini qeydiyyata almırlar, halbuki qeyd etdiyi qonşularda eyni onda olan sənədlər əsasında çıxarış alıblar, hətta notarial qaydada alqı-satqı aparılmışdır. Cavabdehə təqdim edilən sənədlərin hamısı dövlət qurumları tərəfindən verilmişdir, hüquqi cəhətdən düzgündür və əsaslıdır. İddiaçı hesab edir ki, onun sözügedən torpaq sahəsi üzərində hüquqları qeydiyyata alınmalı və müvafiq çıxarış verilməlidir. Cavabdehin bu imtinası qanunsuz və əsassızdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin məhkəməyə ünvanladığı etiraz ərizəsindən görünür ki, aparılan araşdırma zamanı Abşeron Rayon İcra Hakimiyyəti başçısının Digah qəsəbəsi üzrə nümayəndəsinin 10 iyun 1999-cu il tarixli sərəncamı ilə ayrılmış 0,04 ha torpaq sahəsinin ilkin bas planı və ya təsdiq edilmiş ayrıc aktının və arxiv arayışının İdarəyə təqdim edilmədiyi, X3 tərəfindən ünvanlanmış müraciətin sözügedən torpaq sahəsi üzərində hüquqların X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı olduğu, müraciət üzrə əlavə edilmiş sənədlərdə torpaq sahəsi 0,04 ha göstərilsə də, faktiki vəziyyətdə 0,0385 ha olduğu, daşınmaz əmlakın təyinatı və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (yararsız) torpaqlara aid edildiyi müəyyən olunmuşdur. İş materiallarında olan: -Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 148 saylı sərəncamından görünür ki, hər ailəyə 0.10ha hesabı ilə 30 ailəyə 3.0 ha həyətyanı və 0.6 ha küçə satışına, cəmi 3.60 ha X6 və Emalı müəssisəsinin (Abşeron üzümçülük sovxozunun) dincə qalmış orpaq sahəsindən alınıb fərdi mənzil tikintisi üçün Abşeron RİHB Digah qəsəbə üezrə icra nümayəndəliyinə verilməsi qərara alınmışdır. - Abşeron rayon İHB Digah qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli, 61 saylı sərəncamından görünür ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 148 saylı sərəncamı ilə Digah qəsəbəsində yaşayan, lakin fərdi evi və torpaq sahəsi olmayan vətəndaşlar üçün ayrılmış torpaq sahələrindən İddiaçı qəsəbə daxilində 0,04 ha torpaq ayrılması qərara alınmışdır. - Abşeron rayon İHB Digah qəsəbə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli arayışdan görünür ki, Abşeron Rayonu İcra Hakimiyyətinin Digah qəsəbəsi üzrə icra Nümayəndəliyinin 10 iyun 1999-cu il tarixli, 61 saylı Sərəncamı ilə İddiaçı 0,04 hektar torpaq sahəsi ayrılmışdır və şəxsən özünə məxsusdur. 23 oktyabr 2001-ci il tarixdə Digah qəsəbəsi üzrə İcra Nümayəndəliyinin inzibati binasında oğurluq olmuş və arxiv oğurlanmışdır. Buna görə də, xx.xx.2001-ci ildə Abşeron RPŞ-si tərəfindən AR CM-nin 177.23 və 326.1-ci maddələri ilə cinayət işi başlanmış, istintaq aparılmışdır - DT və XK-nin Abşeron rayon şöbəsi tərəfindən verilmiş rəydən görünür ki, Abşeron rayon İHB Digah qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli, 61 saylı sərəncamına əsasən İddiaçı 0,0385 ha olmaqla ayrılmış torpaq sahəsi qanunamüvafiqdir və DTXK-nin Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinı etiraz etmir. - Abşeron rayon Digah bələdiyyəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışdan görünür ki, həmin çıxarış İddiaçı məxsus torpaq sahəsinə dair tərtib edilmişdir. - DT və XK-nin Abşeron rayon şöbəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Abşeron Rayonu İcra Hakimiyyətinin Digah qəsəbəsi üzrə icra Nümayəndəliyinin 10 iyun 1999-ci il tarixli, 61 saylı sərəncamı ilə İddiaçı verilmiş 0,0385 ha torpaq sahəsinə dair tərtib edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 21 noyabr 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı Digah qəsəbəsi üzrə icra nümayəndəliyinin xx.xx.1999-cu il tarixli 61 saylı sərəncamı ilə ayrılmış 0,04 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığı üçün sualın cavablandırılması mümkün olmamışdır, lakin vətəndaşın faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə ləğv edilmiş DT və XK tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları ilə uyğundur. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları sxemdə göstərilmişdir. Elektron məlumat bazasına əsasən İddiaçı Mayıİ oğlunun faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları daxilində yerləşən torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı (yararsız) torpaqlara aiddir. Elektron məlumat bazasına əsasən mübahisəli torpaq sahəsinin qonşuluğunda (ətrafında) yerləşən torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri təyinatlı torpaqlara aiddir. - Məhkəmənin sorğusuna əsasən Abşeron Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Abşeron Rayonu İcra Hakimiyyətinin Digah qəsəbəsi üzrə icra Nümayəndəliyinin vətəndaşlara torpaq sahəsini ayrılması barədə ənədləri saxlanması və mühafizə edilməsi üçün arxivə təhvil verilməmişdir. Abşeron RİHBnin Digah qəsəbəsi üzrə icra Nümayəndəliyinin 10 iyun 1999-ci il tarixli, 61 saylı sərəncamında istinad olunan Digah qəsəbəsində yaşayan, lakin fərdi evi və torpaq sahəsi olmayan vətəndaşlara vermək üçün torpaq fondunun ayrılıb Digah qəsəbəsə icra nümayəndəliyinə verilməsi barədə Abşeron RİHB-nın 07 may 1997-ci il tarixli, 148 nömrəli sərəncamının təsdi edilmiş surəti məhkəməyə təqdim edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına Azərbaycan Respublikası Prezidentinin 07 aprel 2022-ci il tarixli 1655 nömrəli Fərmanı ilə əlavə edilmiş 2.7-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi üçün əsas hesab edilmişdir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” Məhkəmə yuxarıda göstərilən normaları nəzərə alaraq hesab edir ki, torpaq sahəsinin ayrılmasına dair sərəncama ayrıc aktının və ya ilkin baş planın əlavə edilməməsi iddaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün mötəbər dəlil hesab edilə bilməz. Belə ki, torpaq sahəsi iddiaçıya qanunvericiliklə müəyyən edilmiş qaydada Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 31 saylı, xx.xx.1999-cu il tarixli sərəncamı əsasında ayrılmışdır. Torpaq sahəsi həmin vaxtdan hazıradək iddiaçının istifadəsindədir. Mütəxəssis rəyindən də görünür ki, vətəndaşın faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə ləğv edilmiş DT və XK tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları ilə uyğundur, kənd təsərrüfatına yararsızdır. Eyni zamanda məhkəmə qeyd edir ki, torpaq sahəsinin ayrılmasına dair sərəncam qüvvədədir, qanunvericiliklə qaydada etibarsız hesab edilməmiş və ya ləğv edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Abşeron rayon İHBnın Digah qəsəbə üzrə icra nümayəndəsinin xx.xx.1999-cu il tarixli, 61 saylı sərəncamı ilə ayrılmış 0,0385 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayon İcra Hakimiyyəti Başçısının Digah qəsəbə üzrə İcra Nümayəndəsinin xx.xx.1999-cu il tarixli, 61 saylı sərəncamı ilə ayrılmış 0,0385 ha torpaq sahəsi üzərində iddiaçı X4 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1139/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1139/2024
06.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver