Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-114/2021 06.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı “Məmmədəli” firmasının direktoru X1 (ünvan 1 ünvanında yaşayan), Cavabdehin nümayəndəsi X3 (Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatında Hüquq şöbəsinin məsləhətçisi işləyən, ünvan 3 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı “Məmmədəli” firmasının cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı söküntünün qanunsuz hesab edilərək vurulmuş maddi və mənəvi ziyanın iddiaçının xeyrinə ödənilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı “Məmmədəli” firması cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı söküntünün qanunsuz hesab edilməsi və söküntü nəticəsində firmaya dəqmiş 60.000 maddi və 50.000 manat mənəvi zərərin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1996-cı ildə “Məmmədəli” firmasını X5 alqısatqı müqaviləsi əsasında almışdır. Sumqayıt şəhər İcra Hakimiyyətinin 09.06.2000-ci il tarixli sərəncamı ilə Sumqayıt şəhər, Koroğlu prospekti, 12-ci mikrorayon, 29 nömrəli evin qarşısında yerləşən dayanacaqda “Məmmədəli” firmasına obyekt quraşdırılmasına icazə verilmişdir. İddiaçı tərəfindən həmin dayanacaqda 17 kv m ölçüdə köşk-pavilyon inşa edilmiş və istifadə edilmişdir. Lakin 2011-ci ilin aprel ayında həmin obyekt Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən qeyri-qanuni olaraq sökülmüşdür. Söküntü işi aparılan zaman orada polis əməkdaşları və İcra Hakimiyyətinin işçiləri iştirak etmişlər. Bunu sübut edə biləcək foto və video çəkilişləri mövcuddur. Obyekt heç bir rəsmi qərar olmadan, qabaqcadan heç bir məlumat və xəbərdarlıq edilmədən, tamamilə özbaşına, içindəki bütün mal və məhsullarla birlikdə sökülüb məhv edilmişdir. Söküntü işi aparıldıqdan sonra iddiaçı dəfələrlə Sumqayıt şəhər İcra Hakimiyyətinə şikayət etsə də, onlara bildirilmişdir ki, şəhərdə yenidənqurma işləri aparılır və tezliklə obyektin tikintisinə icazə veriləcək və hətta yardım da ediləcəkdir. Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən onlara təqdim edilmiş 23.02.2015-ci il tarixli məktubdan görünür ki, İcra Hakimiyyəti tərəfindən aparılan yenidənqurma işləri ilə əlaqədar hal-hazırda şəhərin mərkəzi prospektlərində və əhalinin ümumi istifadəsində olan ərazilərdə vaxtı ilə ayrılmış torpaq sahələrində yerləşən müxtəlif növ obyektlərin yenidən qurulması məsələlərinə baxılır və onların müraciərlərinə ərazilər üzrə layihələndirmə işləri başa çatdıqdan sonra baxılacaqdır. Bununla da Sumqayıt şəhər İcra Hakimiyyəti iddiaçıya məxsus obyektin sökülməsini etiraf edir və tezliklə bu pozuntunun aradan qaldırılmasına vədlər verir. Məhkəmə iclasında iştirak edən iddiaçı firmanın direktoru X6 iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi X7 iddianı qəbul etmədi və izah etdi ki, göstərilən tikilinin sökülməsi ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən heç bir yazılı və ya şifahi göstəriş verilməmiş, hər hans inzibati akt qəbul edilməmişdir. Həmin obyektin kim tərəfindən sökülməsi barədə iddiaçıda məlumat yoxdur. Buna görə hazırki mübahisə ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti cavabdehlik daşıya bilməz. Eyni zamanda iddiaçının müraciətləri nəzərə alınaraq sahibkarlığa kömək kimi iddiaçıya şəhərin baş planına uyğun ərazilərdən müasir tələblərə cavab verəcək ticarət obyektlərinin tikintisi məqsədilə yerlərin ayrılması təklif olunmuş, lakin o, bu təklifə razılaşmamışdır. Bununla bağlı cavabdehin nümayəndəsi iddianın rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş : - 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, “Məmmədəli” firması (VÖEN **********) 27.11.1992-ci il tarixdə qeydiyyata alınmışdır., qanuni təsisçisi X4r. - Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 09 mart 1994-cü il tarixli 216 saylı sərəncamından görünür ki, “Məmmədəli” firmasına Koroğlu prospekti, 12-ci mikrorayon 29 nömrəli evin qarşısında olan dayanacağın bir tərəfində ticraət köşkü olan pavilyon quraşdırmağa icazə verilmişdir. Sərəncamın 2-ci bəndində qeyd edilmişdir ki, “Məmmədəli” firması dayanacağı memarlıq və şəhərsalma idarəsi ilə razılaşdırılmış layihə cizgisi əsasında metal konstruksiyalardan, plastik və digər yüngül materiallardan quraşdıra bilər. - Sumqayıt şəhər İcra Hakimiyyətinin 23.02.2015-ci il tarixli A-25/11 saylı məktubundan görünür ki, hal-hazırda şəhər ərazisində aparılan bərpa, abadlıq və yenidənqurma işləri ilə əlaqədar şəhərin mərkəzi prospektlərində və əhalinin ümumi istifadəsində olan ərazilərdə vaxtı ilə ayrılmış torpaq sahələrində yerləşən müxtəlif növ obyektlərin yenidən qurulması, ərazilər üzrə yenidən planlaşdırılması məsələlərinə baxılır. Bu məqsədlə yeni, müasir memarlıq üslublarında layihələr işlənir və hal-hazırda bu istiqamətdə işlər davam etdirilir. Ərazilər üzrə layihələndirmə işləri başa çatdıqdan sonra müraciətdə qeyd edilən məsələyə aidiyyəti struktur tərəfindən baxıla bilər. - Sumqayıt şəhər İcra Hakimiyyətinin 27.01.2020-ci il tarixli A-2-150 saylı məktubundan görünür ki, müraciətdə qaldırılmış məsələ ilə bağlı bundan əvvəl daxil olmuş ərizələr əsasında məktubla müfəssəl cavab verilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasyianın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia ərizəsindən göründüyü kimi iddiaçı ona dəymiş 60.000 manat məbləğində maddi və 50.000 manat məbləğində mənəvi ziyanın cavabdeh tərəfindən ödənilməli olduğunu inşa etdiyi sözügedən obyektin söküntüsü ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının obyektinin məhz Sumqayıt şəhər İcra Hakimiyyətinin işçiləri tərəfindən sökülməsi halı iş materialları ilə və məhkəmə araşdırması zamanı sübuta yetirilməmiş, söküntünün kim tərəfindən həyata keçirilməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçı bu halın sübutu kimi fotoşəkillər və disk təqdim etmişdir. Məhkəmə qeyd eidr ki, həmin fotoşəkillərdə bir ədəd texnikanın və iki nəfər polis əməkdaşının şəkli əks olunmuşdur. Məhkəmə hesab edir ki, göstərilən fotoşəkillər söküntünün cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən və ya İcra Hakimiyyətinin göstərişi ilə sökülməsini təsdiq edən mötəbər sübut kimi qiymətlənidirilə bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçıya tələb olunan məbləğdə ziyanın vurulması da təsdiq edilmir. Belə ki, iddiaçı göstərilən məbləğdə ziyan çəkməsini təsdiq edən sübut, o cümlədən inşaat materiallarının alınması, ustalara xərc çəkilməsi, abadlıq işlərinə sərf edilmiş vəsait barədə hər hansı sənəd təqdim etməmişdir. İddiaçı iddia tələbini ümumi ifadələrlə əsaslandırmışdır. Halbuki, iddia tələbi vurulmuş ziyanın ödənilməsi ilə bağlı olduğundan ziyanın yetirilməsini və həcminin məbləğini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Göstərilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə qeyd edir ki, qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir : zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə hesab edir ki, hazırki işdə bu əsaslar tam şəkildə mövcud olmadığından iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı “Məmmədəli” firması cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin qanunsuz hərəkətləri nəticəsində iddia ərizəsində göstərdiyi 60.000 manat maddi və 50.000 manat məbləğində mənəvi ziyanın vurulduğunu təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 5 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-114/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-114/2021
06.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver