Məhkəmə qərarları › İş №2-1(118)-114/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-114/2022

27.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-114/2022 27.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahələrinin plan və ölçüsündə dəyişiklik edilməsi və torpaq sahələrinə Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi”nə dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı2 və üçüncü şəxs X6 qardaşdırlar və Abşeron rayon Aqrar İslahat Komissiyasının 21 dekabr 1997-ci il tarixli 15 nömrəli qərarı ilə onlara Abşeron rayonu, Məmmədli kəndi ərazisindən yanaşı olan 0.12 ha həyatyanı torpaq sahəsi ayrılmışdır. İddiaçı2 həmin torpaq sahəsində ev tikərək hazırda yaşayır. X2 həmin torpaq sahəsində tikinti aparmamış və orada yaşamamışdır. Üçüncü şəxs X3 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, lakin torpaq sahəsinin koordinatları səhvən qardaşı İddiaçı2 torpaq sahəsinin korrdinatlarına uyğun qeydiyyat aparılmışdır. İddiaçı2 mülkiyyət hüququ isə dövlət qeydiyyatına alınmamaışdır. Məhkəmə qərarının icrası ilə alaqədar üçüncü şəxs X3 torpaq sahəsinin 0.06 ha hissəsi İddiaçı1 adına dövlət qeydiyyatına alınmışdır. (Məhkəmə mübahisəsi İddiaçı1 ilə Manafov Bəhlulün arvadı Manafova Lalə arasında olmuşdur.) Lakin dövlət qeydiyyatına alınmış torpaq sahəsinin koordinatları düzgün işlənmədiyi üçün İddiaçı1 müvafiq düzəliş edilməsi üçün məhkəmədə iddia qaldırmışdır. Eyni zamanda İddiaçı2da müvafiq düzəliş edilməsi və hüquqlarının dövlət qeydiyyatına alınması üçün ayrı idddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə həmin iddialara bir icraatda baxmağı məqsədəmüvafiq hesab etmişdir. İddialar aşağıdakı kimi olmuşdur. İddiaçı1 “xx.xx.2019-cu il tarixli, **********60 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən payçısı olduğu Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin plan və ölçüsündə cari dəyişiklik edilərək əvvəlki yerində qeydə alınması və bu barədə plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X6 və İddiaçı2 həmin iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı1 Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin 0.06 ha hissəsi, xx.xx.2019-cu il tarixli, **********60 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən onun 0.06 ha hissəsi isə X3 mülkiyyətindədir. Həmin torpaq sahəsi **********60 reyestr nömrəsi ilə qeydiyyata alınarkən qonşu torpaq sahəsinə çıxarış və plan ölçü verilmişdir. Bu da onun mülkiyyət hüquqlarını pozur və iddiaçı öz qanuni mükiyyətindən istifadə edə bilmir. Bundan başqa digər payçı X6 onunla birlikdə DƏDRX 4 saylı Abşeron Ərazi İdarəsinə gəlməkdən yayınır. DƏDRX 4 saylı Abşeron Ərazi idarəsinə müraciət edərək payçısı olduğu torpaq sahəsinin plan və öçüsündə cari dəyişiklik edilərək əvvəlki yerində qeydə alınmasına və bu barədə plan-ölçü sənədi verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. DƏDRX 4 saylı Abşeron Ərazi idarəsi ona xx.xx.2021-ci il tarixli imtina məktubu göndərərək, digər payçı X6 ilə birlikdə müraciət etdiyi təqdirdə 0.12 ha torpaq sahəsinin planı və ölçüsündə cari dəyişiklik edilməsi barədə ərizənin icrasına yenidən baxılacağını qeyd etmişdir. Lakin yuxarıda qeyd etdiyim kimi, digər payçı X1 Xidmətinə gəlməkdən yayınır, bu da onun mülkiyyət hüququnun pozulmasına səbəb olur. İddiaçı1 hesab edir ki, cavabdehin yuxarıda qeyd olunan hərəkəti qanunsuz hesab edilməli və tələbi üzrə məcburetmə haqqında qərar qəbul edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixli, **********60 reyestr nömrəli çıxarışa əsasən 0,06 ha hissəsi İddiaçı1, 0,06 ha hissəsi isə X3 xüsusi mülkiyyətindədir. Sözügedən torpaq sahəsinə texniki baxış keçirilmiş və idarənin elektron kadastr bazasında araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə elektron kadastr baza məlumatlarına əsasən ləğv edilmiş DT və XK tərəfindən (**********0364) “Torpaq sahəsinin planı və ölçü” tərtib edildiyi müəyyən olunmuşdur. Lakin həmin daşınmaz əmlakın mülkiyyətçisi barədə 4 saylı Abşeron Ərazi İdarəsinin elektron elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, ƏMDK tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə DTXK tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarına əsasən məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ, İİ, İİİ və İV hissələri). Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsində də öz əksini tapmışdır. Məhkəmələrin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı). Konstitusiyanın 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarında torpaq üzərində hüquqların dövlət qeydiyyatı apanlarkən müvafiq icra hakimiyyəti orqanının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı olması, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməsinin vacibliyi xüsusi olaraq qeyd edilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 109-cu maddəsinə əsasən torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan edilir. Həmin Məcəlləsinin 67 və 68-ci maddələrinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 215-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 90.1-ci və 90.3-cü maddələrinə əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq hər hansı nisbətdə bir-biri ilə dəyişdirilə bilər və torpaq sahəsinin dəyişdirilməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq müvafiq normativ hüquqi aktlarla tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1- ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə təsbit edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə tərəfindən tərəflərə hüquqi yardım edilmiş, İddiaçı2da öz hüquqlarını inzibati orqandan tələb etmək hüququ izah edilmişdir. Bundan sonra İddiaçı2 “mülkiyyətçisi olduğu Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 1201,08 kv.m həyətyanı torpaq sahəsinin plan və ölçüsündə cari dəyişiklik edilərək əvvəlki yerində qeydə alınmasına və torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İnzibati iş 2-1(118)-867/2022 saylı nömrə ilə qeydiyyata alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-867/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Mülkiyyətçisi olduğu Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 1201,08 kv.m torpaq sahəsinin plan və ölçüsündə cari dəyişiklik edilərək əvvəlki yerində qeydə alınmasına və torpaq sahəsinə Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi”nə dair 2-1(118)-867/2022 saylı inzibati iş, Sumqayıt İnzibati Məhkəsinin icraatında olan İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “xx.xx.2019-cu il tarixli, **********60 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən payçısı olduğu Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin plan və ölçüsündə cari dəyişiklik edilərək əvvəlki yerində qeydə alınması və bu barədə plan-ölçü sənədi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair 2-1(118)-114/2022 saylı inzibati işlə bir icraatda birləşdirilmişdir. İddiaçı2 iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 1201,08 kv metr həyətyanı torpaq sahəsi Abşeron rayon Aqrar İslahat Komissiyasının 1997-ci il, 21 dekabr tarixli, 15 nömrəli qərarı ilə İddiaçı2 mülkiyyətinə verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən İddiaçı2 xx.xx.2008-ci il tarixində Torpaq sahəsinin plan-ölçüsü verilmişdir. Qonşuluqda yerləşən, xx.xx.2019-cu il tarixli, **********60 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən X3 və İddiaçı1 paylı mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin koordinatları səhvən onun mülkiyyətində olan torpaq sahəsinin üzərinə yerləşdirilmişdir. Bu da onun mülkiyyət hüquqlarını pozur. Torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair tələblə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etsə də cavabdeh tərəfindən müraciətimin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və mülkiyyət hüquqlarını pozur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə Abşeron rayon Aqrar İslahat Komissiyasının 21 dekabr 2007-ci il tarixli, 15 nömrəli qərarı əsasında ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsi tərəfindən tərtib edilmiş 05 noyabr 2008-ci il tarixli torpaq sahəsinin planı və ölçüsündə göstərilən və tərəflərindən baxış keçirilmiş ərazidə yerləşən torpaq sahəsinin X3 adına **********60 reyestr nömrəli çıxarışla rəsmiləşdirildiyi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatınla dayandırılması üçün digər əsasların olub-olaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd edilənlərə əsasən iddiaların rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında İddiaçı1 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və mülki məhkəmə icraatı qaydasında baxılan işlə əlaqədar olaraq bildirmişdir ki, o pulu Manafova Laləyə vermişdir. Manafov Bəhlulun bundan xəbəri olmuşdur. Həsənbala adlı şəxsi tanımır. Sonda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında digər İddiaçı2 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X3 vəkili Vəkil iştirak etmiş, izahatında bildirmişdir ki, Həsənbala adlı şəxs dələduzluq edib, barəsində cinayət işi açılıb. 12000 manat məbləğində pulu mənimsəməsi ilə bağlı cinayət işi üzrə hökm qanuni qüvvəsini almışdır. 12000 manat məbləğ Manafova Lalənin iştirakı ilə verilmişdir. X7 qeydiyyatda olmuşdur. Qeydiyyatda ola-ola başqa yerdə yaşayırdı. Torpaq pay torpağıdır. Torpağın özəlləşdirilməsinə Manafova Lalə etiraz etməmişdir. Manafov Bəhlul Azərbaycanda deyil. Arvadına etibarnamə vermişdir. İddiaçının mülkiyyət hüququ məhkəmə qətnaməsi əsasında tanınmışdır. Qətnamə əldə olunduqdan sonra 1 ay müddətində şikayət vermək hüquqları yaranacaq, həmin qətnamədən şikayət verəcəklər. Sonda müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıların tələbi torpaq sahələrinin plan və ölçüsündə dəyişiklik edilməsi və torpaq sahələrinə Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsinə yönəlmişdir. İddiaçılar bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin tələbləri təmin edilməmişdir. İddiaçıların hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır və ilkin olaraq bununla bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur.İnzibati orqanla iddiaçılar arasında yaranmış mübahisə yanaşı yerləşən torpaq sahələrinin koordinatları ilə əlaqəli olduğu və tələblər eyni inzibati orqana yönəldiyi üçün məhkəmə hazırkı iddialara eyni icraatda baxılmasını prosessual qənaət baxımından məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddialar həmdə əsaslıdır. İddiaçı1 tələbi ondan ibarətdir ki, xx.xx.2019-cu il tarixli, **********60 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən payçısı olduğu Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin plan və ölçüsündə cari dəyişiklik edilərək əvvəlki yerində qeydə alınsın və bu barədə plan-ölçü sənədi verilsin. Digər İddiaçı2 isə tələbi ondan ibarətdir ki, mülkiyyətçisi olduğu Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 1201,08 kv.m həyətyanı torpaq sahəsinin plan və ölçüsündə cari dəyişiklik edilərək əvvəlki yerində qeydə alınsın və torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçü sənədi verilsin. Məhkəmə hesab edir ki, hər iki tələb əsaslıdır və iki inzibati işin bir icraatda birləşdirilməsi məqsədəmüvafiqdir. Belə ki, yaranmış mübahisə iki qonşu torpaq sahəsinin koordinatlarınındüzgün müəyyən edilməməsi ilə bağlıdır. Torpaq sahələrinin elektron baza məlumatlarında koordinatları üzrə uyğunsuzluqlar mövcuddur. Cavabdeh qeyd edir ki, araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı1 faktiki istifadəsində olan torpaq sahəsinə elektron kadastr baza məlumatlarına əsasən ləğv edilmiş DT və XK tərəfindən (**********0364) “Torpaq sahəsinin planı və ölçü” tərtib edildiyi müəyyən olunmuşdur. Lakin həmin daşınmaz əmlakın mülkiyyətçisi barədə 4 saylı Abşeron Ərazi İdarəsinin elektron elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, ƏMDK tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə DTXK tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarına əsasən məlumat aşkar edilməmişdir. Aparılan araşdırma zamanı müraciət üzrə əlavə Abşeron rayon Aqrar İslahat Komissiyasının 21 dekabr 2007-ci il tarixli, 15 nömrəli qərarı əsasında ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsi tərəfindən tərtib edilmiş 05 noyabr 2008-ci il tarixli torpaq sahəsinin planı və ölçüsündə göstərilən və tərəflərindən baxış keçirilmiş ərazidə yerləşən torpaq sahəsinin X3 adına **********60 reyestr nömrəli çıxarışla rəsmiləşdirildiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinaları əsaslı olmamışdır. İddiaçı1 iddiası ona görə əsaslı hesab edilir ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı1 məxsusdur. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı1, 0.06 ha torpaq sahəsi isə X3 paylı mülkiyyətindədir. (reyestr nömrəsi **********60, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış). İddiaçıya məxsus torpaq sahəsinin koordinatlarının səhvən digər şəxsin torpaq sahəsinə vurulması iddiaçının məsuliyyətinə səbəb ola bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edildiki, İddiaçı1, və X3 paylı mülkiyyətində (reyestr nömrəsi **********60, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış) olan torpaq sahəsinin koordinatları digər İddiaçı2 sahibliyində və istifadəsində olan, üzərində fərdi yaşayış evi tikilmiş torpaq sahəsinin korrdinatlarına uyğun qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, torpaq sahəsinin koordinatları faktiki istifadəyə uyğunlaşdırılaraq, müvafiq qeydiyyat aparılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, tərəflərin öz hüquqlarından vicdanla istifadə etdiyi halda bu cür qeydiyyatın aparılması hər üç mülkiyyətcinin mənafeyinə uyğun olmalıdır. Didər İddiaçı2 iddiası bu səbəblərə görə əsaslıdır ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 21 dekabr 1997-ci il tarixli 15 nömrəli qərarı ilə ayrılmış 1201.08 kv.m həyətyanı torpaq sahəsinə dair İddiaçı2 adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş, X8 kitabında 05 noyabr 2008-ci il tarixdə 10308 nömrə ilə uçota alınmışdır. Habelə, Abşeron rayon Aqrar İslahat Komissiyasının 21 dekabr 1997-ci il tarixli 15 nömrəli qərarı ilə ayrılmış 1202.51 kv.m həyətyanı torpaq sahəsinə dair X3 adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş, X8 kitabında 05 noyabr 2008-ci il tarixdə 10309 nömrə ilə uçota alınmışdır. Belə ki, faktiki olaraq Aqrar İslahat Komissiyasının qərarı ilə iki qardaşa ayrılmış torpaq sahələri mövcuddur. İddiaçı2 adına olan torpaq sahəsi faktiki olaraq onun istifadəsində olmaqla, adına torpaq sahəsinin planı və ölçüsü sənədi işlənmişdir. İddiaçının faktiki olaraq istifadəsində olan torpaq sahəsinin koordinatları ilə bağlı yaranmış uyğunsuzluqlar onun məsuliyyətinə səbəb ola bilməz. İddiaçı2 eyni zamanda torpaq sahələrinə Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsini istəyir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Vətəndaşların qanuni istifadəsindəki torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir və fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən sənədlər və qanun normaları iddianın təmini üçün əsas təşkil edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı1 və İddiaçı2 iddiaları təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı1 və İddiaçı2 iddiaları təmin edilsin. Reyestr nömrəsi **********60, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı1 payçısı olduğu Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin plan və ölçüsündə dəyişiklik edilərək əvvəlki yerində (İddiaçı2 faktiki olaraq ev tikib yaşadığı həyət evinə bitişik 0.12 ha torpaq sahəsi) qeydə alınması və bu barədə plan-ölçü sənədinin verilməsi və İddiaçı2 Abşeron rayon, Məmmədli kəndi ərazisində yerləşən 1201.08 kv.metr həyətyanı torpaq sahəsinin plan və ölçüsündə dəyişiklik edilərək əvvəlki yerində (İddiaçı2 faktiki olaraq ev tikib yaşadığı 0.12 ha torpaq sahəsi) qeydə alınması və torpaq sahəsinə dair mülkiyyət hüququnu dövlət qeydiyyatına alaraq, müvafiq Çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar