Məhkəmə qərarları › İş №2-1(118)-114/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-114/2023

25.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-114/2023 25.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Xaçmaz rayon Nərəcan bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 14 saylı qərarı ilə icarəyə verilmiş və “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN 5637 saylı 30217018 kodlu Şəhadətnamədə qeyd olunan 10.0 ha torpaq sahəsi üzərində İddiaçı icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində yerləşən “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN 5637 saylı, 30217018 kodlu Şəhadətnamədə qeyd olunan 10.0 ha torpaq sahəsi üzərində müvəqqəti istifadə hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasından cavabdehin imtinasını əsassız hesab etməklə, qeyd olunan 10,0 ha torpaq sahəsi üzərində müvəqqəti istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayənfəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Xaçmaz rayon Nərəcan bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 14 saylı qərarı ilə icarəyə verilmiş və “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN 5637 saylı 30217018 kodlu Şəhadətnamədə qeyd olunan 10.0 ha torpaq sahəsi üzərində İddiaçı icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu Nərəcan bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarı və xx.xx.2004-cü il 86 saylı icarə müqaviləsi əsasında iddiaçıya 50 il müddətinə 10,0 ha torpaq sahəsi icarəyə verilmişdir. İcarəyə aldığı 10,0 ha torpaq sahəsindən istifadə hüququ “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN 5637 saylı 30217018 kodlu Şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Şəhadətnamədə göstərilən torpaq sahəsi yerində ölçülərək iddiaçının istifadəsinə verilmiş və artıq 18 ildir ki, torpaq sahəsindən təyinatına görə istifadə edilir. Hazırda qeyd olunan 10,0 ha torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq istərkən müəyyən olunmuşdur ki, torpaq sahəsinin yalnız 1,0 ha hissəsi qeydiyyat kitabında qeydiyyata alınmışdır. Halbuki, torpaq sahəsi bütövlükdə, yəni 10,0 ha olaraq qeydiyyat kitabında öz əksini tapmalı idi. Torpaq sahəsinin ləğv edilmiş DT və XK-nin Xaçmaz rayon şöbəsinin qeydiyyat kitablarında düzgün qeydiyyata alınmaması torpağın istifadəçisi olaraq iddiaçının səhvi deyildir. Qeydiyyat kitabında buraxılmış səhv sənədləşməni aparmış dövlət orqanının vəzifəli şəxslərinin səhvi olduğuna görə həmin səhvi düzəldərək yeni mülkiyyət sənədlərinin verilməsi öhdəliyi də hüquqi varis kimi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etmədi və izah etdi ki, cavabdeh idarəyə DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən təhvil verilən kitablarda və xəritədə mübahisəli torpaq sahəsinin ölçüsü cəmi 1,0 ha göstərilmişdir. Bu səbəbdən iddiaçının torpaq sahəsi üzərində hüququnun qeydə alınmasından imtina edilmişdir. İş materiallarında olan : -Xaçmaz rayon Nərəcan bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 14 saylı qərarından görünür ki, 10 hektar torpaq sahəsi 50 il müddətinə İddiaçı icarəsinə verilmişdir. -xx.xx.2004-cü il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, həmin müqaviıə Xaçmaz rayon Nərəcan bələdiyyəsi və İddiaçı arasında 10.0 ha torpaq sahəsinə dair bağlanmışdır. -Torpaqdan müvəqqəti istifadə hüququna dair JN 5637 KOD30217018 seriyalı şəhadətnamədən görünür ki,Xaçmaz rayon Nərəcan bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 14 saylı qərarı və xx.xx.2004-cü il tarixli icarə müqaviləsi ilə İddiaçı 50 il müddətinə 1.0 hektar torpaq sahəsi verilmişdir. -Nərəcan Bələdiyyəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı icarəsinə verilmiş 10 ha torpaq sahəsinə baxış keçirilmiş və həmin torpaq sahəsinin əkinə tam yararlı olduğu müəyyən edilmişdir. Məhkəmənin sorğusuna əsasən Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il arxiv çıxarışından görünür ki, Nərəcan kənd sakini İddiaçı bələdiyyənin ehtiyat fondunun torpaqlarılndan kənd təsərrüfatı mallarının istehsalı ilə məçğul olmaq üçün 10 ha torpaq sahəsi 50 il müddətinə icarəyə verilmişdir. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il arxiv çıxarışından görünür ki, İddiaçı adına olan JN-2637 KOD 30217018 nömrəli "Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında 1.0 ha-nan qeydiyyatdan keçmiş, cizgisi bazada öz əksini tapmamışdır. -xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən və Azərbaycan Respublikasə Ədliyyə Nazirliyi Məhkəmə Ekpsertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/2308 saylı ekspert rəyindən görünür ki, JN 5637 saylı 30217018 kodlu şəhadətnamədə göstərilən 10 ha torpaq sahəsi naturada mövcuddur. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ğlçüləri müəyyən edimiş, həmin torpaq sahəsinin koordinatları müvafiq şəhadətnamədə göstərilən koordinatlara uyğundur. Koordinalar arasında uyğunsuzluq mövcud deyildir. Mütəxəssis rəyində əlavə olaraq qeyd edilmişdir ki, İddiaçıya verilmiş JN-5637 saylı dövlət aktı (şəhadətnamə nəzərdə tutulur) DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən təhvil verilən arxiv kitabı siyahısında 1 ha olaraq qeydiyyatdan keçmişdir. Lakin DƏDRXnin elektron baza məlumat xəritələrində və fərdi şəhadətnamə və dövlət aktları siyahısında JN 5637 nömrəli dövlət aktı 10 ha kimi öz əksini tapmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 23 oktyabr 2007-ci il tarixli 466-lllQD saylı qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, ”Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” İşin hallarından müəyyən edilir ki, Xaçmaz rayon Nərəcan bələdiyyəsinin xx.xx.2004cü il tarixli 14 saylı qərarı ilə iddiaçıya icarəyə 10.0 ha torpaq sahəsi verilmişdir. Həmin qərar əsasında verilmiş Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamədə iddiaçıya 10.0 ha, o cümlədən 1.0 ha əkin üçün yararlı torpaq sahəsinin icarəyə verildiyi qeyd edilmişdir .hazırda iddiaçı icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar cavbabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh keçmiş DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən təhvil verilmiş şəhadətnamələrin qeydiyyat kitablarında torpaq sahəsinin ölçüsünün 1,0 ha qeyd edilməsi səbəbi ilə imtina bildirişi vermişdir. Bununla bağlı məhkəmə tərəfindən mütəxəssis və ekspert rəyinin alınması üçün müvafiq orqanlara müraciət etmişdir. İş üzrə alınmış mütəxəssis və ekspert rəyləri ilə iddiaçının faktiki olaraq 10.0 ha torpaq sahəsinin naturada mövcud olması, şəhadətnamədə göstərilən koordinatlarla iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinalarının eynilik təşkil etdiyi, hər hansı uyğunsuzluğun olmadığı müəyyən edilmişdir. Bundan başqa mütəxəssis rəyində qeyd edilmişdir ki, elektron xəritə baza məlumatlarında və fərdi şəhadətnamələrin və döblət aktların siyahısında mübahisəsi gedən torpaq sahəsinin ölçüsü 10.0 ha göstərilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sənədlər arasında yaranmiş ziddiyyət şəhadətnamədə “10.0 ha, o cümlədən 1.0 ha əkin üçün yararlı” ifadəsi də çaşqılnlıqla bağlı ola bilər və arxiv kitablarında 1.0 ha yazılmasına səbəb ola bilərdi. Lakin bu hal digər sübutlarla təkzib edilmədiyindən əsas götürülməməli və bu səbəbdən iddiaçının hüquqları məhdudlaşdırılmamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun : -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Məhkəmə hesab edir ki, iddiaçıya torpaq sahəsinin ayrılmasına dair qərarın qüvvədə olması, qanunvericilikdə müəyyən edilmiş qaydada etibarsız hesab edilmədiyi və ya ləğv edilmədiyi. Bundan başqa cavabdehin göstərdiyi dəlilin məhkəmə araşdırması zamanl toplanmış sübutlarla təkzib edildiyi nəzərə alınaraq iddia təmin edilməli və Xaçmaz rayon Nərəcan bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 14 saylı qərarı ilə icarəyə verilmiş və “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN 5637 saylı 30217018 kodlu Şəhadətnamədə qeyd olunan 10.0 ha torpaq sahəsi üzərində İddiaçı icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Xaçmaz rayon Nərəcan bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 14 saylı qərarı ilə icarəyə verilmiş və “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN 5637 saylı 30217018 kodlu Şəhadətnamədə qeyd olunan 10.0 ha torpaq sahəsi üzərində İddiaçı icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar