Məhkəmə qərarları › İş №2-1(118)-1140/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1140/2022

14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1140/2022 14.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin Abşeron-Xızı Regional filialına qarşı “iddiaçıya 01 dekabr 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin Abşeron-Xızı Regional filialına qarşı iddia qaldıraraq “iddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Bakı şəhər tramvay parkında işlədiyi dövrün-müddətlərin sosial sığorta stajı kimi müəyyən edilməsi, xx.xx.2019-cu il tarixdən əmək pensiyasının təyin edilməsi və xx.xx.2019-cu il tarixdən hazırki müddətə kimi ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək “iddiaçıya 01 dekabr 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin X1 üzərinə vəzifə olaraq qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 65 yaşının tamam olması ilə əlaqədar əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmişdir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində ona əmək pensiyası təyin olunmasından imtina edilmiş, həmin imtina məktubunda qeyd olunmuşdur ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən pensiya yaşına çatmış hər bir vətəndaşın fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Onun xx.xx.1975-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Bakı şəhəri "Tramvay parkı"nda işlədiyi dövrün yoxlanılması zərurəti yaranmışdır. Daxil olmuş **********5 saylı məktubda qeyd olunan 1975-1981-ci illər, 1990-2004-cü illər üzrə əmək haqqı cədvəllərinin nazirliyin Mərkəzi arxivinə təhvil verilməməsi, 1983-1984-cü illər üzrə əmək haqqı cədvəllərinin isə tam təhvil verilməməsi səbəbindən həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Bu hal "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olmadığından ona yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Qeyd edir ki, ona xx.xx.2010-cu il tarixdən xx.xx.2021-ci il tarixinə kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Həmin əlilliyinə görə əmək pensiyası təyin edilərkən hazırda cavabdehin sığorta stağı kimi hesab etmədiyi illər həmin vaxtı sığorta stajı kimi qəbul edilmişdir. Cavabdehin ona yaşa görə pensiya təyin etməsi əsassızdır. Hazırda şahidlər də həqiqətən onun xx.xx.1975-ci il tarixindən xx.xx.2004-cü il tarixədək Bakı şəhəri, Tramvay parkında işlədiyini tam təsdiq edə bilərlər. Cavabdehin həmin müddət kəsimində əmək haqqı cədvəllərinin tam şəkildə arxivə təhvil verilmədiyini əsas gətirərək həmin dövrləri sosial sığorta stajına daxil edilməsini əsassız hesab edir. Ona xx.xx.2019-cu il tarixindən yaşa görə əmək pensiyası təyin edilməlidir. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddia tam əsassızdır və təmin edilməməlidir. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2021-ci il tarixdə Fondun Abşeron-Xızı regional filialına müraciət etmişdir. İddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Bakı şəhəri “Tramvay parkı“nda işlədiyi dövrün yoxlanılması zərurəti yaranmışdır. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli 1-6-118/50- 22 №-li məktubda qeyd olunan 1975-1981-ci illər, 1990- 2004-cü illər üzrə əmək haqqı cədvəllərinin nazirliyin Mərkəzi arxivinə təhvil verilməməsi, 1983-1984-cü illər üzrə əmək haqqı cədvəllərinin isə tam təhvil verilməməsi səbəbindən həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Bu səbəbdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İşin obyektiv, tam və hərtərəfli araşdırılması üçün tərəflərindən Azərbaycan Resbublikası Milli Arxiv İdarəsinə sorğu ünvanlanmış, Milli Arxiv İdarəsi tərəfindən sorğu aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 16 may 2022-ci il tarixli 1-6-118/4402-22 nömrəli cavab məktubunda iddiaçının “Tramvay parkı“nda işlədiyi 1990, 1993-1997, 1999-cu il iyul-dekabr ayları, 2000-ci ilə dair əmək haqqı cədvəlləri tam təqdim edilmiş, 1998, 1999-cu il yanvar-iyun ayları və 2001-2004-cü illər üzrə isə əmək haqqı cədvəllərinin Nazirliyin Mərkəzi Arxivinə təhvil verilmədiyi bildirilmişdir. Daha sonra İddiaçı Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına xx.xx.2022-ci il tarixli müraciətinə əsasən, ərizəsinə və ona əlavə edilmiş sənədlərə Filialda baxılmış, əmək kitabçasının, təhsil haqqında diplomun və hərbi biletinin surətlərinə əsasən 19 il 8 ay sosial sığorta stajı müəyyən edilmişdir. Belə ki, araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli arayışlarına əsasən iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş Tramvay parkının 1975-1981 və 2001-2004-cü illər üzrə əmək haqqı cədvəlləri Nazirliyin arxivinə təhvil verilməmişdir. Bu səbəbdən həmin illərin sosial sığorta stajına əlavə edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qeyd olunan norma öz əksini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli qərarında da tapmışdır. Belə ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakısənədlər əlavə olunmuşdur: - AZE seriyalı, ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1954-cü ildə anadan olmuşdur. - НЗ ******* saylı hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci ildən xx.xx.1974-cü ilədək hərbi xidmətdə olmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 6 saylı DOST Mərkəzinin 10 fevral 2022-ci il tarixli arayışında qeyd olur ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” alt sisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan 2-ci dərəcə əlilliyə görə aylıq 277.86 manat əmək pensiyası almış, xx.xx.2010-cu ildən xx.xx.2021-ci ilə qədər pensiya ödənilmişdir. - Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xx.xx.2022-ci il tarixli MA-01 və MA-02 saylı arxiv arayışlarından görünür ki, İddiaçı 1892, 1985-1989-cu illərdə “Tramvay Trolleybus İdarəsinin Tramvay parkı”nda işlədiyi dövrlərdə aldığı əmək haqlarının aylar üzrə məbləği qeyd olunmuşdur. Eyni zamanda arxiv arayışında qeyd olunur ki, 1975-1981-ci illər üzrə və 1990-2004-cü illər üzrə əmək haqqı cədvəlləri nazirliyin mərkəzi arxivinə təhvil verilməmiş, 1983-1984-cü illər üzrə əmək haqqı cədvəlləri Nazirliyin Mərkəzi arxivinə tam təhvil verilməmişdir. - Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdən Tramvay Trolleybus İdarəsinin Tramvay Parkında çilingər vəzifəsində, xx.xx.1982-ci il tarixdən 5-ci dərəcəli çilingər vəzifəsində, xx.xx.1984-cü il tarixdən 6-cı dərəcəli çilingər vəzifəsində, xx.xx.1985-ci il tarixdən qatarlar şöbəsinin sahəsinə 6-cı dərəcəli usta vəzifəsində, xx.xx.1986-cı il tarixdə vaqon sahəsinə usta vəzifəsində, xx.xx.1993-cü il tarixdən 11-ci dərəcəli usta vəzifəsində, xx.xx.1996-cı il tarixdən aylıq maaş ştat cədvəlinə uyğun olaraq vaqon şöbəsinə 2-ci dərəcə ilə növbətçi usta vəzifəsində işləmiş, xx.xx.2004-cü il tarixdən Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Nəqliyyat Departamentinin tabeçiliyində olan Tramvay Parkının fəaliyyətinə xitam verilməsi haqqında xx.xx.2004-cü il tarixli, 151 saylı sərəncamına müvafiq olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. - xx.xx.1976-cı il tarixdə tərtib edilmiş Əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1975-ci ildən xx.xx.2004-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin X1 xx.xx.2022-ci il tarixli, **********8 saylı imtina məktubundan görünür ki, 1975-1981-ci illər, 1990-2004-cü illər üzrə əmək haqqı cədvəllərinin Nazirliyin Mərkəzi arxivinə təhvil verilməməsi, 1983-1984-cü illər üzrə əmək haqqı cədvəllərinin isə tam təhvil verilməməsi səbəbindən həmin dövrlərin sosial sığorta stajına daxil edilməsinin mümkün olmaması səbəbindən iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 22 aprel 2022-ci il tarixli məktubundan görünür ki, ləğv olunmuş Bakı şəhəri “Tramvay” parkının arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı xx.xx.1954-cü il təvəllüdlü olmaqla ona yaşa görə əmək pensiyası təyin edilməsini istəyir. İddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.1975-ci ildən xx.xx.2004-cü il tarixədək Tramvay Trolleybus İdarəsinin Tramvay Parkında təhsil alıb daha sonra işlədiyi qeyd edilmişdir. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya əmək pensiyası hesablanarkən 1975-1981, 1983-1984, 1990-2004-cü illərdə işlədiyi dövrlər onun sosial sığorta stajı kimi nəzərə alınmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Hazırki iş üzrə iddiaçının 1975-1981, 1983-1984, 1990-2004-cü illərdə işləməsi onun əmək kitabçasında öz əksini tapmışdır. Eyni zamanda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli arxiv arayışları ilə də iddiaçının həmin dövrlərdə Tramvay Trolleybus İdarəsinin Tramvay Parkında işləməsi öz təsdiqini tapmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. İddiaçının işlədiyi müəssisələrin sənədlərinin qarşılıqlı yoxlanılmasının mümkün olmaması iddiaçının təqsiri kimi qəbul oluna bilməz və iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Məhkəmə eyni zamanda qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Belə olan halda inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında qeyd olunan dövrlər, onun əmək stajı kimi nəzərə alınmalıdır. Qeyd edilən dövrlər iddiaçının sosial sığorta stajı kimi nəzərə alındıqda, ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan sosial sığorta stajı mövcud olur. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı 01 dekabr 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin X1 üzərinə vəzifə olaraq qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 01 dekabr 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin X1 üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar