Məhkəmə qərarları › İş №2-1(118)-1141/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1141/2020

31.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1141/2020 31.08.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştrakı ilə, İddiaçı Cavabdehnə qarşı “onun soyadının “Hidayətli”-dən əvvəlki “Niftalıyev” soyadına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx xxxxxx 1968-ci il tarixdə Zəngilan şəhərində doğulmuş.xx xxxxxxx 2017-ci il tarixdə 1 saylı "ASAN" xidmət mərkəzinin qeydiyyat şöbəsinə müraciət edərək soyadının "Niftalıyev”dən “Hidayətliyə” dəyişdirilməsini xahiş etmiş,1 saylı "ASAN” xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən təqdim edilmiş xx xxxxxxx 2017-ci il tarixli AZ-İ № 022193 saylı “adın, ata adının və soyadın dəyişdirilməsi haqqında” şəhadətnamə ilə soyadım “Niftalıyev”dən “Hidayətliyə” dəyişdirilmişdir.Lakin sonradan, soyadının dəyişdirilməsi ona müəyyən əqdlərin bağlanmasında, bəzi sənədlərin əldə edilməsində və ona məxsus əmlaklara sahiblik etmək onlar barəsində sərəncam vermək, istifadə etmək və sair hüquqlarımın həyata keçirilməsində çətinlik yaratmışdır. Bu səbəbdən də soyadının yenidən əvvəlki soyadına dəyişdirilməsinə zərurət yarandığından Cavabdehnə müraciət edərək bunu həyata keçirmələrini xahiş etmişdir.Cavabdeh xx xxxx 2020-ci il tarixli 05Q59/15 saylı məktubu ilə müraciətinə imtina edilmiş, bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur.Hesab edir ki, sözügedən təşkilat tərəfindən hüquqları pozulmuşdur və buna görə də mübahisənin inzibati qaydada məcburetmə yolu ilə məhkəmədə həll edilməsinə zərurət yaranmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçı eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı münasibət bildirməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir, belə olan halda Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surəti, Şəxsiyyət vəsiqəsinin surəti, adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin surəti, Doğum haqqında şəhadətnamənin surəti, Cavabdeh xx.xx.2020ci il tarixli, 05Q59/15 nömrəli imtina məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsassızdır. Bu səbəbdən də iddia rədd edilməlidir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı adının və soyadının dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu adın və soyadın dəyişdirilməsindən imtina etmiş və tərəflər arasında hazırki mübahisə yaranmışdır. İddia mahiyyət etibarı ilə əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2-ci bəndinə görə, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Qaydaların 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi, qanunverciliklə müəyyən edilmişdir ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.1968-ci ildə Zəngilan şəhərində doğulmuş, İddiaçı soyadının dəyişdirilməsi ilə bağlı Bakı 1 saylı "ASAN” xidmət mərkəzinin qeydiyyat şöbəsinə müraciət etmiş, xx.xx.2017-ci il tarixdə İddiaçı soyadı Rafiq Hidayətliyə dəyişdirilərək Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamə verilmişdir. İddiaçı soyadının növbəti dəfə dəyişdirilməsi məqsədilə hazırki iddianı qaldırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının tələblərinə əsasən iddiaçının tələbi əsassızdır. Belə ki, iddiaçıya münasibətdə Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallardan heç biri mövcud deyil və bu səbəbdən də iddiaçının soyadının növbəti dəfə dəyişdirilməsi qanunvericiliyin tələbi baxımından yolverilməzdir. İddiaçının soyadının dəyişdirilməsinin ona müəyyən əqdlərin bağlanmasında, bəzi sənədlərin əldə edilməsində və ona məxsus əmlaklara sahiblik etmək onlar barəsində sərəncam vermək, istifadə etmək və sair hüquqlarının həyata keçirilməsində çətinlik yaratması iddia dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, əvvəla soyadın dəyişdirilməsinin iddiaçıya hansı tərzdə problemlərlə üzləşməsinə dair sübutlar məhkəməyə təqdim olunmamış və yalnız iddiaçının iddia tələbini əsaslandırmaq üçün gətirdiyi formal heç nəyə söykənməyən arqumentləridir. Bundan başqa iddiaçı qanunla ona verilən hüquqdan istifadə edərək soyadını dəyişdirilən zaman üzləşəcəyi narahatlıqlara da eyni zamanda razı olmuş və soyadını dəyişmişdir. Buna isə məsuliyyəti onun özü daşıyır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddiaçının soyadının növbəti dəfə dəyişdirilməsindən cavabdeh inzibati orqanın hərəkətləri qanuni, iddiaçının tələbi isə əsassız olduğundan iddia rədd edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “onun soyadının “Hidayətli”-dən əvvəlki “Niftalıyev” soyadına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar