Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1143/2021 22.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 (işləməyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon Hökməli Bələdiyyəsi tərəfindən ayrılmış 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayon Hökməli Bələdiyyəsi tərəfindən ayrılmış 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək izah etdi ki, Abşeron Rayon Hökməli Bələdiyyəsinin 24.08.2005-ci il tarixli 151 nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evi tikmək üçün 0.05 ha torpaq sahəsi ayrılmışdır. Bununla əlaqədar həmin ərazidə ayrılmış torpaq sahəsinin 1:10000 miqyasla cizgisi hazırlanıb təsdiq edilmiş və həmin cizgidə torpaq sahələrinin döngə nöqtələri və nöqtələr arasında olan məsafə qeyd edilmişdir. Ona görə də Hökməli bələdiyyəsi vətəndaşlara ayrılacaq torpaq sahəsinin ölçülərini dəqiqləşdirmiş və yerqurluşu planından çıxarış tərtib edərək təsdiq etmişdir. Həmin torpağın alqı-satqı edilməsindən ötrü iddiaçı tərəfindən 26 oktyabr 2005-ci il tarixdə bələdiyyənin hesabına 420000 manat pul köçürülmüşdür. Bu köçürmə əsasında ona 38 saylı qəbz verilmişdir. Lakin torpaq sahəsinin alqı-satqısına dair akt 09 fevral 2021-ci ildə tərtib edilmiş və həmin akt Hökməli bələdiyyəsinin sədri tərəfindən imzalanaraq təsdiq edilmişdir. Sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqularının qeydə alınması üçün cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh orqan ərizənin icrasından imtina etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, aparılan araşdırma zamanı Hökməli Bələdiyyəsi tərəfindən İddiaçı 0.05 ha torpaq sahəsinin 24 avqust 2005-ci il tarixdə, 151 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının 09 fevral 2021-ci il tarixdə verildiyi, ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin müraciətə əlavə edilmədiyi müəyyən edilmişdir. Göstərilən səbəblərdən torpaq sahəsinin satışının qanunamüvafiq qaydada həyata keçirilmədiyi aşkar edilmişdir. Bundan başqa müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Hökməli bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin möhürü ilə) təsdiq edilmədiyi müəyyən edilmişdir. İş materiallarında olan : - Abşeron rayonu Hökməli Bələdiyyəsinin 24.08.2005-ci il tarixli 151 saylı sərəncamından görünür ki, İddiaçı fərdi yaşayış evi tikmək üçün 0.05 ha torpaq sahəsi ayrılmışdır. - 26.10.2005-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Hökməli Bələdiyyəsinin “Kapital Bank”ın Abşeron filialındakı **********0 saylı hesablaşma hesabına 420000 manat ödəmişdir. - Abşeron rayon Hökməli bələdiyyəsi mülkiyyətə verilmiş torpaq sahəsinin planından görünür ki, İddiaçı torpaq sahəsi 24.08.2005-ci il tarixli 151 saylı qərar əsasında verilmişdir. - Torpaqların alqı-satqısına dair aktdan görünür ki, İddiaçı tərəfindən Hökməli bələdiyyə orqanına 22.08.2005-ci il tarixdə torpaq sahəsi almaq barədə müraciət etmişdir. Ərizəyə Bələdiyyə orqanının iclasında baxılmış və Abşeron Hökməli bələdiyyə ərazisində 0.05 ha torpaq sahəsinin satılması barədə 24.08.2005-ci il tarixli 151 nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən Abşeron rayon Kapital Bankının **********0 saylı hesabına əvvəlcədən 420000 manat haqq ödənilmişdir. Göstərilən alqı-satqı aktı 09 fevral 2021-ci il tarixdə tərtib edilərək bələdiyyənin sədri və vətəndaş İddiaçı tərəfindən imzalanmışdır. - DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin 20.04.2021-ci il tarixli **********98 saylı məktubundan görünür ki, aparılan araşdırma zamanı Hökməli Bələdiyyəsi tərəfindən İddiaçı 0.05 ha torpaq sahəsinin 24 avqust 2005-ci il tarixdə, 151 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının 09 fevral 2021-ci il tarixdə verildiyi, ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin hazırkı ərizənizə əlavə edilmədiyi müəyyən edilmişdir. Torpaq sahəsinin satışının qanunamüvafiq qaydada həyata keçirilmədiyindən ərizənin icrasından imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırması qaydaları haqqında» Əsasnamənin 7, 10, 14-21, 23-25, 27-ci bəndlərində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə (DT və XK və İH memarlıq planlaşdırma bölməsinin rəyləri, torpaq sahəsinin plan və ölçüsü) baxaraq torpaq sahəsinin dəyəri ödənildikdən sonra 5 gün müddətində torpağın mülkiyyətə ayrılması barədə qərar qəbul edir. Bələdiyyə ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin alınması üçün öz qərarından çıxarışı və torpaq sahəsinin plan və ölçüsünü ərizəçiyə verir. Məhkəmə qeyd edir ki, iddiaçıya torpaq sahəsi satılması barədə bələdiyyə qərarı qəbul edilən vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə görə torpaqların alqı-satqısı zamanı müvafiq aktın tərtib olunması nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Torpaqların alqı-satqısı qaydaları»na Əlavədə torpaqların alqısatqısına dair aktın forması və məzmununa əsasən bələdiyyə orqanının nümayəndəsinin, torpaq alanın və rayon, şəhər torpaq şöbəsinin müdirinin iştirakı ilə akt tərtib olunur və həmin akt rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınır. İşdən görünür ki, ləğv edilmiş DTXK-nin Abşeron rayon şöbəsinin və rayon memarlıq xidmətinin rəyi ümumiyyətlə, mövcud deyildir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. İddiaçı sözügedən Qanunun 8.0.1 və 10.2.1-ci maddələrində nəzərdə tutulan əsas kimi Abşeron rayon Hökməli bələdiyyəsinin 24.08.2005-ci il tarixli 151 saylı qərarına istinad edir. Halbuki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə əsasən yerquruluşu torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi nəzərdə tutur (bənd 3); Həmin Məcəllənin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələrlə yaranır. - 65-ci maddəsinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir (bənd 2); Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (bənd 5); Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir (bənd 6); Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır (bənd 7); Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir (bənd 8). Beləliklə, göstərilən hüquq normalarının məzmunundan göründüyü kimi, qanunverici daşınmaz əmlak kimi torpaqların məqsədli təyinatını və hüquqi rejimini, yerquruluşu işlərinin aparılması qaydalarını, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi şərtlərini, o cümlədən istifadə hüququnu, torpaq sahəsi üzərində hüquqların yaranmasının ümumi əsaslarını və digər məsələləri dəqiq müəyyənləşdirmişdir İddiaçının torpaq sahəsi üzərində hüququnun müəyyən edilməsi üçün əsaslardan biri, yəni torpağın ayrılmasına dair qərar mövcud olsa da, torpağın satılmasına dair rayon memarlıq xidmətinin və Dövlət Torpaq və Xəritəçəkmə Kömitəsinin yerli şöbəsinin rəyləri alınmamışdır. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3). Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin İddiaçı verdiyi imtina cavabı mahiyyətcə qanuna zidd olmamışdır. NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1143/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1143/2021
22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver