Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1145/2021 29.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə qarşı “X3 və X4 ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə,ev 15 ünvanında yerləşən 67 saylı mənzildən pasport qeydiyyatından çıxarılma vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə,ev 15 ünvanında yerləşən 67 saylı mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində **********16-05101-093073 saylı reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi olan çıxarış əsasında ona məxsusdur. Yuxarıda qeyd edilən mənzilin iddiaçının mülkiyyətində olmasına baxmayaraq, o mülkiyyətində olan mənzil üzərində sərbəst sərəncam verə bilmir. Belə ki, mənzili alqı-satqı müqaviləsi əsasında aldığı şəxsdən öncəki sakinlər həmiun mənzildə pasport qeydiyyatında qalıblar. Həmin şəxslərin mənzildə formal qeydiyyatda qaldığına görə əlavə xərclər yaranır, mənzilin mülkiyyətçisi kimi həmin mənzildən sərəncam hüquqlarının həyata keçirilməsində çətinliklər meydana gəlir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsaslanaraq X3 və X4 pasport qeydiyyatından çıxarılması barədə Abşeron rayon Polis İdarəsinə rəsmi qaydada müraciət etməyinə baxmayaraq, Abşeron rayon Polis İdarəsi tərəfindən ona 22 aprel 2021-ci il tarixli imtina məktubu verilmiş və aidiyyatı üzrə məhkəməyə müraciət etməyi qeyd olunmuşdur. Ona görə də iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına nümayəndəsinin gəlməsini təmin etməmiş, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat üçüncü şəxslər X3 və X4 pasport qeydiyyatında olduqları mənzilə göndərilmiş, lakin məhkəmə zərfinin üzərində “bu ünvanda yaşamır” qeydi aparılaraq zərf məhkəməyə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş **********16-05101- 093073 saylı reyestr nömrəli çıxarışın surəti, cavabdehin imtina məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə,ev 15 ünvanında yerləşən 67 saylı mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində **********16-05101-093073 saylı reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi olan çıxarış əsasında İddiaçı məxsusdur. Hazırki iddia tələbi üzrə 3-cü şəxslər - X6 və X8 mənzilin əvvəlki sakinləridirlər və onlar qeyd olunan mənzildə formal olaraq pasport qeydiyyatdadırlar. Belə ki, həmin şəxslər qeyd olunan mənzili X1 satmış, sonuncu isə həmin mənzili İddiaçı satmışdır. Beləliklə, məhkəmə hesab edir ki, 3-cü şəxslər - X3 və X4 Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə,ev 15 ünvanında yerləşən 67 saylı mənzil üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmaqla İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. X3 və X4 İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə,ev 15 ünvanında yerləşən 67 saylı mənzildən pasport qeydiyyatından çıxarılması vəzifəsi Abşeron Rayon Polis İdarəsinə üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1145/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1145/2021
29.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver